Məhkəmə qərarları › İş №e-2(010)-4400/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-4400/2023

22.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-4400/2023 22.12.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi

1. İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 26000 manat əsas, 36000 manat maddi zərər,1000 manat mənəvi zərər və ödənilən 279 manat dövlət rüsumu olmaqla cəmi 63279 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin dəlilləri

2. Cavabdeh ilə aralarında 2021-ci ilin noyabr ayında 10000, 2022-ci ilin yanvar ayında 10000, 2022-ci ilin fevral ayında 10000 və 2022-ci ilin aprel ayında 10000 manat pul almışdır. Ayrı-ayrı vaxtlarda olmaqla cəmi 14000 (on üç min) manat pul qaytarmışdır. Dəfələrlə etdiyi xəbərdarlıqlara və üzərindən xeyli müddət keçməsinə baxmayaraq ona borcunu qaytarmamışdır.

Tərəflərin izahatları

3. Məhkəmə iclasında İddiaçı iddia tələbində qeyd olunanlara uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi.

4. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbində qeyd olunanlara uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, cavabdehə ümumi olaraq ödənilmiş 40.000 manat pulun 20.000 manatını iddiaçı öz tanışından faizi ilə birlikdə qaytarmaq şərti ilə borc götürmüşdür və cavabdeh borcunu vaxtında qaytarmadığına görə iddiaçı məcbur olub, tanışından götürdüyü 20.000 manat borcu, əlavə olaraq həmin borca hesablanmış 16000 manat faizi qaytarmışdır. Hesab edir ki, həmin faiz məbləği də cavabdehdən tutulmalıdır.

5. Cavabdeh nümayəndəsi və vəkili iddia tələbini qismən edərək, bildirir ki, sübutları olmasa belə idddiaçı tərəfə 29900 manat pulu geri qaytarmışdır. Ancaq hazırda dəlil təqdim edə bilmədiklərindən bu halı sübut edə bilmirlər. İş materialları

6. xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, araşdırma zamanı Cavabdeh Bakı şəhər Nəsimi RPŞ-də izahat verərək bildirmişdir ki, iddiaçı Bakı şəhərində müxtəlif apteklərdə və 2006-cı ildən Nəsimi rayonu Fizuli küçəsi 53-də yerləşən "Elit" aptekdə 2022-cı ilin dekabr ayına kimi əczaçı kimi işləmişdir O, həmin aptekdə sonradan baş əzcaçı işləmiş və onun özü dərman alıb satışı ilə məşğul olumuşdur. O, "Elit" aptekdə "Hepatit" dərmanlarını Türkiyə Respublikasından, Misirdən bır başa gətirib satmışdır O, uzun müddət müştərisi olan İddiaçı iş görmək məqsədilə maddi sıxıntıları olduğu uçun pul istəmişdir O, İddiaçı aldığı pulun müqabilində aya 10 faiz pul ödəyəcəkmiş. İddiaçı onunla razılaşmış və 2021-ci ilin noyabr ayında gətirib işlədiyi aptekdə 10000 manat pul, 2022-ci ilin yanvar ayında 10000 manat, 2022 ci ilin yanvar ayında 10000 manat pul, 2022-ci ilin aprel ayında 10000 manat pul vermişdir O, İddiaçı ümumilikdə 40000 manat pul almışdır. O, pulları aldığı dövrdən sonra ümumilikdə İddiaçı 29900 manat pul qaytarmışdır.

7. xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Cavabdeh barəsində olan HK-1/779 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir.

8. xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan hesabdan çıxarışdan görünür ki, cavabdeh iddiaçıya bank vasitəsi ilə müxtəkif vaxtlarda ödənişlər etmişdir.

9. “Whatsapp” online platformasında aparılmış yazışmaların çıxarışlarından görünür ki, cavabdeh 40000 manat pul almış və müxtəlif vaxtlarda qismən ödənişlər etmişdir.

İşin faktiki halları

10. İşin məhkəmə tərəfindən araşdırılan hallarından aydın olur ki, tərəflər arasında işgüzar münasibətlər mövcud olmuşdur. Bu iş birliyi çərçivəsində iddiaçı sonradan qazanc əldə etmək məqsədilə cavabdehə 40.000 manat məbləğində pul vermiş, cavabdeh də öz növbəsində bu məbləğə xarici ölkələrdən dərman preparatları gətirib, daxili bazarda satmalı, əldə edilən gəlirin müəyyən hissəsini iddiaçı ilə bölməli imiş. İşin hallarından, tərəflər arasında aparılan yazışmalardan belə müəyyən edilir ki, bu iş birliyi planlaşdırıldığı üzrə getməmiş, müəyyən müddət sonra iddiaçı verdiyi pulu geri istəmişdir. İddiaçının bildirdiyinə görə cavabdehə verdiyi məbləğin 20.000 manatını tanışından faizi ilə qaytarmaq şərti ilə borca götürmüş, cavabdeh ona 14000 manat qaytarmış, qalan pulu qaytarmadığına görə məcbur olub avtomobillərini satmaqla, tanışına borca götürdüyü 20.000 manatı və ona hesablanmış 16000 manat faizi qaytarmışdır. Hazırda, 16.000 manat faiz məbləği də daxil olmaqla, qalan məbləğin, eyni zamanda mənəvi ziyanın cavabdehdən tutulmasını istəyir. Cavabdeh tərəf iddiaçıdan 40.000 manat pulun alındığını etiraf edir, bununla yanaşı iddiaçıya 29000 manat qaytarıldığını bildirməklə yanaşı, bunun sübutunun onlarda olmadığını bildirir. Faiz məbləğinə isə ümumilikdə etiraz edir, etirazını da onunla əsaslandırır ki, birincisi bu hal öz təsdiqini sübutlarla tapmır, ikincisi iddiaçının faizə pul götürməsi onlara aid olan məsələ deyil.

Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 385. Öhdəlik anlayışı 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 422. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1 Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübutetmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82. Sübut etməkdən azad olmaq üçün əsaslar 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

13. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 oktyabr 2008-ci il tarixli 07 saylı Qərarı. «İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir…Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır… Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır.». Məhkəmənin mövqeyi

14. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.

15. Məhkəmə qeyd edir ki, tərəflər arasında işgüzar münasibətin olması, həmin münasibət çərçivəsində iddiaçının cavabdehə ayrı-ayrı vaxtlarda olmaqla, ümumilikdə 40000 manat məbləğində pul vəsaiti verilməsi, sonradan cavabdehin iddiaçıya 14000 manat qaytarması işin müəyyən edilən hallarıdır. Belə ki, iddiaçı cavabdehin ona 14000 manat qaytardığını bildirir. Məhkəmə hazırkı mübahisəyə öhdəlik münasibətlərini tənzimləyən hüquq normalarının tələbləri baxımından qiymət verərək qeyd edir ki, iddiaçı tərəfindən cavabdehə qazanc əldə edilməsi məqsədi ilə verilən pulun qaytarılmayan hissəsinin cavabdehdə qalmasını şərtləndirən hər hansı hüquqi əsas yoxdur. Ona görə ki, tərəflər arasında şifahi olsa da, iş birliyi mövcud olmuş və bu iş birliyi bitmişdir. Tələb edilən pulun məbləğinə gəldikdə isə, qeyd edilməlidir ki, iddiaçının cavabdehə faktiki olaraq verdiyi 40000 manat pulun 14000 manat hissəsi İddiaçı ödənilmiş, cəmi 26000 manat məbləğində pul vəsaiti qalmışdır. Cavabdeh tərəf daha çox ödəniş etdiyini bildirsə də, özünün də qeyd etdiyi kimi bununla bağlı hər hansı sübut mövcud deyildir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia tələbi əsas borca aid hissədə təmin edilməli və Cavabdeh 26000 manat pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir.

16. Məhkəmə qeyd edir ki, iddia tələbi üzrə 36000 manat maddi zərərin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində əsaslı deyildir. Belə ki, tələb edilən 36000 manat borcun 20000 manat hissəsini iddiaçı tanışından aldığı və sonradan öz vəsaiti hesabına qaytardığı məbləğ olması ilə əsaslandırır. Qeyd edilməlidir ki, həmin məbləğ əsas məbləğ kimi qeyd edilmiş 26000 manat məbləğin tərkibinə daxildir və məhkəmə həmin əsas məbləğin cavabdehdən iddiaçının xeyrinə tutulmasını qət etmişdir. Yerdə qalan, faiz məbləği kimi qeyd edilmiş 16000 manata gəldikdə isə məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən bu faiz məbləğini tələb etməsi əsassızdır. Ona görə ki, iddiaçının qeyd edilən məsələ ilə bağlı hər hansı bankdan və ya kredit təşkilatından tələbdə bildirdiyi məbləğdə pul götürməsi halı və nəticədə cavabdehin ödənişləri gecikdirdiyinə görə onun da, kreditora faiz ödəməsi halı sübut olunmur. Ona görə də, məhkəmə hesab edir ki, ididaçı maddi zərər kimi 16000 manat pulu cavabdehdən tələb etməkdə haqlı deyildir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki-Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM sübutların toplanması və verilməsi yükünü sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. 17.Tələbin mənəvi zərər hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, tələb bu hissədə əsaslı deyildir. Belə ki, artıq qeyd edildiyi kimi, tərəflər arasında işgüzar münasibətlər mövcud olmuş və sonradan işlər planlaşdırıldığı kimi getməmişdir. Bunun fonunda iddiaçının cavabdehdən mənəvi zərər tələb etməsi əsaslı deyildir. Ona görə ki, iddiaçı tərəfindən 40000 manat pul cavabdehə birgə qazanc əldə edilməsi məqsədi ilə verilmişdir. Ticarət fəaliyyətinin müəyyən risklərlə bağlı fəaliyyət olduğunu iddiaçı hər bir halda bilməli idi. Digər tərəfdən, cavabdehin iddiaçıya məxsus pulu qəsdən qaytarmaması, onun işgüzar nüfuzuna hansısa şəkildə ziyan vurması halı da iş materialları ilə müəyyən edilmir. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə mənəvi ziyan tutulması üçün heç bir əsas yoxdur. Məhkəmə xərcləri

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

19. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

20. Məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən iş üzrə ödənilmiş 168 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

Məhkəmənin gəldiyi nəticə

21. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 26000 manat borc pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 168 manat hissəsi tutularaq İddiaçı ödənilməlidir.

22. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh 26000 (iyirmi altı min) manat məbləğində pul (əsas məbləğ) İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 168 manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar