Məhkəmə qərarları › İş №e-2(010)-4527/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-4527/2025

30.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-4527/2025 30.10.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1954.13 manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği, 39.94 manat dövlət rüsumu, ümumilikdə 1994.07 manat tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddia tələbi onunla əsaslandırılmışdır ki, "Mercedes Benz 210D yük" markalı, ** LM *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh xx.xx.2022-ci il tarixində saat 16:50 radələrində Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti ilə hərəkət edən zaman ara məsafəsinin düzgün seçilməsi qaydalarını pozmuş, nəticədə "xxxx" ASC-də "Avtonəqliyyat vasitələrinin könüllü sığortası" növü üzrə sığortalanmış "Audi Q5 minik" markalı, ** DS *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, qeyd olunan hadisə ilə bağlı Bakı Şəhər DYPİ tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, TP ******* saylı qərar ilə "Mercedes Benz 210D yük" markalı, ** LM *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı (ara məsafəsinin düzgün seçilməsi qaydalarının pozulması) törətməkdə təqsirli bilinmişdir. Beləliklə, qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində "xxxx" ASC-də "avtonəqliyyat vasitələrinin könüllü sığortası" növü üzrə sığortalanan "Audi Q-5 minik" markalı, ** DS *** dövlət qeydiyyat nişanlı avtomobilə 7041.10 manat maddi zərər dəymişdir. MİB220055 saylı sığorta şəhadətnaməsinə və AKS220183 saylı, xx.xx.2022-ci il tarixli sığorta ödənişi aktına əsasən "xxxx" ASC tərəfindən 6741.10 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. "Mercedes Benz 210D yük" markalı, ** LM *** dövlət qeydiyyat nişanlı avtomobilin "avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" növü üzrə sığortası "xxxx" ASC-də olmuşdur. "xxxx" ASC-yə "avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" növü üzrə sığorta ödənişin edilməsi üçün müraciət edilmiş və müvafiq sığorta şirkətindən sığorta hadisəsi üzrə 4786.97 manat ödəniş həyata keçirilmişdir. Bundan sonra, sığorta hadisəsi üzrə vurulmuş zərərə görə təqsirkar şəxsin üzərində qalan hissə 1954.13 manat təşkil etmişdir. Tərəflərin izahatları. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə “Elektron Məhkəmə” sistemi vasitəsilə xx.xx.2025-ci il tarixli elekron ərizə ünvanlayaraq, məhkəmə iclaslarının iştirakları olmadan keçirilməsini, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəblərini məhkəməyə bildirməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, AKS220183 saylı sığorta ödənişi aktından görünür ki, sığortalı X3 məxsus “Audi Q5” markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobil “Kasko” növündə sığortlanmış və sığorta dəyəri 98500 manat təyin edilmişdir. xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, H.Əliyev prospektində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində sığortalanmış nəqliyyat vasitəsinə dəymiş zərərin məbləği 7041.10 manat, sığorta ödənişinin məbləği isə 6741.10 manat təşkil etmişdir. Sığortaçının yaranmış subroqasiya hüququ üzrə subroqasiya tələbinin məbləği 6741.10 manat təşkil etmişdir. İş materiallarında olan MİP220055 nömrəli, xx.xx.2022-ci il tarixli avtomobil sığorta şəhadətnaməsindən görünür ki, "xxxx" ASC – “Sığortaçı”, X6 – “Sığortalı” olmaqla bağlanmış həmin sığorta şəhadətnaməsinə əsasən, “Audi Q5” markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta haqqı 2857 manat olmaqla “avtokasko” riskindən sığortalanmışdır. Azadolma məbləği 300 manat kimi müəyyən edilmişdir. Sığorta müddəti: xx.xx.2022-xx.xx.2023. "xxxx" MMC tərəfindən tərtib edilmiş Qüsur aktında göstərilmişdir ki, “Audi Q5” markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərər EHT – Arxa bamperin sağ otrajateli - 465 manat, Arxa bamperin sol otrajateli - 465 manat, Sağ stop - 850 manat, Baqaj qapısının orta kantı - 360 manat, Q5 yazı - 70 manat, T5 TFSİ quattro yazısı - 140 manat, Arxa bamperin alt spoyleri - 1250 manat, Səs boğucunun arxa qazanı - 1300 manat, , Arxa qazanın qoruyucusu - 125 manat, Səs boğucunun arxa qazanın xamutu - 150 manat; İşçilik – Dəmirçi - Baqaj qapısının, arxa panelin təmiri, Baqaj qapısının s/y, Arxa səs boğucu qazanın dəyişdirilməsi – 802.4 manat, Rəngsaz - Baqaj qapısı, arxa bamper, arxa panel – 885 manat, Armatur - Arxa bamperin s/y + təmiri, Baqaj qapısının s/y, Baqajın içinin s/y – 660.8 manat, Elektrik – Elektron diaqnostika – 35.4 manat olmaqla, ümumilikdə ehtiyat hissələrinə 10% endirim tətbiq edilməklə cəmi 7041.1 manat təşkil edir. “Rabitəbank” tərəfindən verilən xx.xx.2022-ci il tarixli, PS**********8 nömrəli qəbzin surətindən görünür ki, X9 tərəfindən 300 manat "xxxx" ASC-yə ödənilmişdir. xx.xx.2023-cü il tarixli Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığota hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 16:50 dəqiqədə Bakı şəhərində yol-nəqliyyat hadisəsi baş vermişdir. Yol-nəqliyyat hadisəsi baş verən zaman təqsirkar “Mercedes Benz 210D yük” markalı, **-LM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh, olmuşdur. Zərərçəkən “Audi Q5” markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin sürücüsü X6 olmuşdur. 4880553 nömrəli, xx.xx.2022-ci il tarixli X12 Protokolun surətindən görünür ki, “Mercedes Benz 210D yük” markalı, **-LM-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü Cavabdeh İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “X14 haqqında Qərar”ın surətindən görünür ki, Cavabdeh “Mercedes Benz 210D yük” markalı **-LM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən, AR İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Yol nəqliyyat hadisəsinin sxemindən görünür ki, 1-ci nəqliyyat vasitəsi – “Toyota Prius” markalı, **-OY-*** dövlət qeydiyyat nişanlı avtomobil, 2-ci nəqliyyat vasitəsi – “Mercedes Benz 210D yük” markalı, **-LM-*** dövlət qeydiyyat nişanlı avtomobil və 3-cü nəqliyyat vasitəsi – “Audi Q5” markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobil ara məsafəsinin düzgün seçilməməsi nəticəsində toqquşmuşdur. Hadisə nəticəsində 1-ci nəqliyyat vasitəsinin qabaq hissəsi, 2-ci nəqliyyat vasitəsinin qabaq və arxa hissəsi, 3-cü nəqliyyat vasitəsinin arxa hissəsi əzilmişdir. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Audi Q5” markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobil X1 mülkiyyətindədir. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mercedes Benz 210D yük” markalı, **-LM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X2r. Nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamənin surətindən görünür ki, “Nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamə” markalı, ** LM *** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyətçisi X4 tərəfindən xx.xx.2020-ci il tarixindən xx.xx.2027-ci il tarixədək nəqliyyat vasitəsini idarə etmək üçün Cavabdeh oğluna etibar edilmişdir. İş materiallarında olan fotoşəkillərin surətindən görünür ki, X3 məxsus “Audi” markalı **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi zədəlidir. Bakı şəhər DYPİ-nin polis kapitanı X8 tərəfindən verilmiş Nəqliyyat vasitələrinin zədələnməsi barədə 007908 nömrəli arayışın surətindən görünür ki, xx.xx.2022-ci il tarixində saat 16.50-də Bakı şəhəri, Heydər Əliyev prospektində baş vermiş yol-nəqliyyat hadisəsindən X7 idarə etdiyi “Toyota Prius” markalı **-OY-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsi, Cavabdeh idarə etdiyi “Mercedes Benz 210D yük” markalı, **-LM- *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa və ön hissəsi, X3 məxsus “Audi” markalı **- DS-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi xarici əzintilər almışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" MMC-nin hesabına "xxxx" ASC tərəfindən 5967.04 manat sığorta ödənişi köçürülmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" MMC-nin hesabına "xxxx" ASC tərəfindən 1074.07 manat sığorta ödənişi köçürülmüşdür. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 21. Zərərin əvəzinin ödənilməsi. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 883. Sığorta və təkrarsığorta müqaviləsi. 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır..... Maddə 884. Sığorta münasibətlərinin subyektləri 884.1. Sığorta münasibətləri sığortalının və ya sığorta olunanın əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, qanunla qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə bağlı olan əmlak mənafelərinin müdafiəsi sahəsində risklərin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanır.https://e-qanun.az/framework/46944 884.2. Sığorta və ya təkrarsığorta müqaviləsinin tərəfi olan, yaxud belə müqavilənin həyata keçirilməsi üzrə hüquqlara və (və ya) vəzifələrə malik olan şəxslər sığorta münasibətlərinin subyektləridir... ...884.6. Faydalanan şəxs icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişi verilməli olan şəxsdir. Sığorta müqaviləsində faydalanan şəxs qismində başqa şəxs nəzərdə tutulmamışdırsa, sığortalı və (və ya) sığorta olunan faydalanan şəxs sayılır. 884.6–1. Əmlak sığortası üzrə sığorta hadisəsi nəticəsində zərər dəymiş əmlakla bağlı sığorta marağı olan istənilən şəxs həmin əmlakın mülkiyyətçisi olub-olmamasından asılı olmayaraq zərərçəkən sayılır. Maddə 897. İcbari sığorta 897.1. İcbari sığortanın həyata keçirilməsi icbari sığorta qanunları ilə tələb olunur...https://e-qanun.az/framework/46944 Maddə 922. Sığorta hadisəsi 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 922.2. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. 922.3. Sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır. Maddə 924. Sığorta hadisəsinin təsdiqi 924.1. Sığortaçı (və ya təyin edilmiş müstəqil ekspert, yaxud sığorta sahəsində yardımçı fəaliyyət göstərən şəxs) sığorta hadisəsinin baş verməsi faktını təsdiq edən və (və ya) sığorta ödənişinin həcminin müəyyənləşdirilməsi üçün lazım olan sənədləri və məlumatları bu Məcəllənin 924.2-ci maddəsi nəzərə alınmaqla, sığortalıdan tələb etmək hüququna malikdir. 924.2. Sığorta hadisəsi hesab edilə bilən, qanunvericiliyə uyğun olaraq araşdırılması və ya qeydə alınması tələb olunan hadisələr barədə səlahiyyətli dövlət orqanlarına belə hadisələrin baş verməsi faktını və (və ya) səbəbini, habelə nəticələrini təsdiq edən sənədin alınması üçün yazılı sorğu vermək sığortaçının və ya onun nümayəndəsinin vəzifəsidir. 924.3. Səlahiyyətli dövlət orqanları sığortaçının və ya onun nümayəndəsinin yazılı sorğusuna əsasən, sığorta hadisəsi ilə əlaqədar tələb olunan, yayılması “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan olunmayan istənilən məlumatı sorğunun daxil olduğu tarixdən etibarən 10 gün müddətində təqdim etməlidirlər. Maddə 925. Zərərin qiymətləndirilməsi 925.1. Sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. 925.2. Sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir. 925.3. Sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert tərəfindən aparılır. 925.4. Sığorta hadisəsinin araşdırılması və zərərin qiymətləndirilməsi üçün təyin olunan müstəqil ekspertlər və sığorta sahəsində yardımçı fəaliyyət göstərən şəxslər bununla bağlı sığortaçının malik olduğu bütün hüquqlardan istifadə edə bilərlər.... Maddə 926. Sığorta ödənişi 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 926.2. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. 926.3. Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir. 926.4. Sığorta hadisəsi nəticəsində bir neçə zərərçəkən müəyyən edildikdə, bu Məcəllənin 927.3-cü maddəsinin tələbi nəzərə alınmaqla, onlardan sığorta tələbi ilə müraciət etmiş hər hansı biri faydalanan şəxs kimi tanınır. Maddə 936. Subroqasiya hüququ 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.https://e-qanun.az/framework/46944 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.3. Faydalanan şəxs sığorta ödənişini aldıqda subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir. 936.4. Faydalanan şəxs zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri sığortaçıya verməkdən imtina etdikdə sığortaçı sığorta ödənişi verməkdən zərərvuran şəxsdən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir.... Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. ... Maddə 1108. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.... Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.... Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır... Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.... Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.... Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi: Maddə 327. Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması 327.1. Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə 40 manat məbləğində cərimə edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə ilk növbədə qeyd edir ki, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. İş materialları ilə müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən sığorta ödənişi ödənilmiş “Audi Q5” markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Mercedes Benz 210D yük” markalı, **-LM-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, nəticədə xx.xx.2022ci il tarixli “X14 haqqında Qərar”ı ilə Cavabdeh təqsirli olduğu müəyyən edilmişdir. Cavabdeh həmin qərarı mübahisələndirməmişdir. “Audi Q5” markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyilmiş zərər 7041.1 manat kimi qiymətləndirilmişdir. Həmin məbləğdən 300 manat azadolma məbləğı sığorta olunan tərəfindən, 4786.97 manat isə "avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" növü üzrə müvafiq sığorta şirkəti tərəfindən həyata keçirilmişdir. Qalan 1954.07 manat iddiaçı "xxxx" ASC tərəfindən öz vəsaiti hesabına ödənilmişdir. Belə olan halda, cavabdehin təqsirli hərəkətləri nəticəsində baş vermiş sığorta hadisəsinə görə zərərçəkmiş şəxsə qalan məbləğ - 1954.13 manat sığorta ödənişi edən iddiaçı ödədiyi sığorta ödənişi məbləğini cavabdehdən subroqasiya qaydasında tələb etməkdə haqlı olmuşdur. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1954.13 manat məbləğində sığorta ödənişi tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Məhkəmə xərcləri. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iddia qiymətinə mütənasib dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun iddianın təmin edilən hissəsinə mütənasib olan 39.94 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 358, 360 və 362-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1954.13 manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği, 39.94 manat dövlət rüsumu, ümumilikdə 1994.07 manat pul vəsaiti tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar