Məhkəmə qərarları › İş №e-2(010)-459/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-459/2025

10.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-459/2025 10.09.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, X2 iclas katibliyi ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi

1. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1250 manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 33 manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin dəlilləri

2. xx.xx.2023-cü il tarixində, saat 08:20 radələrində Bakı şəhəri, Kürdəxanı qəsəbəsi ərazisində Cavabdeh idarə etdiyi və PXA********** saylı sığorta şəhadətnaməsi ilə X1 mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “Tofaş Şahin” markalı, **-NT- *** dövlət qeydiyyat nişanlı avtomobil “X8” markalı, **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi zərər dəymişdir. DYPŞ-nin əməkdaşı tərəfindən tərtib edilmiş TP ******* №-li İnzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6, 327.1-ci maddələri “yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınması) nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. “Auto Box” tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli Qüsur aktında göstərilmişdir ki, “X8” markalı, **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərər 1250.00 (bir min iki yüz əlli) manat təşkil edir. Bununla əlaqədar olaraq, "xxxx" ASC tərəfindən iş üzrə PXA133206 saylı sığorta aktı tərtib edilməklə zərərçəkənə dəymiş zərərə görə 1250.00 (bir min iki yüz əlli) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Cavabdehə ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında geri ödənilməsinə dair ilkin bildiriş göndərilmiş, lakin cavabdeh tələb olunan məbləği şirkətin hesabına ödəməkdən yayınmışdır.

Tərəflərin izahatları

3. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

4. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İş materialları

5. PXA********** nömrəli X1 Mülki Məsuliyyətinin İcbari Sığorta Müqaviləsindən görünür ki, “Tofaş Şahin” markalı, **-NT-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022ci il tarixdən xx.xx.2023-cü il tarixədək Xalq Sığorta Açıq Səhmdar Cəmiyyətində icbari qaydada sığorta olunmuşdur.

6. xx.xx.2023-cü il tarixli İnzibati tənbehvermə haqqında qərarın surətindən görünür ki, “Tofaş Şahin” markalı, **-NT-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh AR İXM-nin 327.2 və 327.6-cı maddəsində nəzərdə tutulan inzibati xətalanı törətdiyindən 100 manat məbləğində cərimə edilmişdir.

7. “Auto Box” tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş qüsur aktına əsasən, “X8” markalı, **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobillə dəyən zərər 1250 manat məbləğində müəyyən edilmişdir.

8. PXA133206 nömrəli sığorta aktından görünür ki, “Auto Box” tərəfindən hesablanmış 1250 manat zərər məbləği X4 ödənilmişdir.

9. Xalq Sığorta ASC-nin xx.xx.2023-cü il tarixli, 05/01-941 saylı məktubundan görünür ki, Cavabdeh 1250 manat məbləğində subroqasiya qaydasında yaranmış ödənişin "xxxx" ASC-nin hesabına ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət ediləcəcəyi barədə xəbərdarlıq edilmişdir.

10. X3 xx.xx.2025-ci il tarixli 189 saylı rəyindən görünür ki, “X8” markalı, **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobillə dəyən zərər 820 manat məbləğində müəyyən edilmişdir.

İşin faktiki halları

11. İşin müəyyən edilmiş halları ondan ibarətdir ki, hazırki iş üzrə Cavabdeh idarə etdiyi “Tofaş Şahin” markalı, **-NT-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə “X8” markalı, **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1250 manat məbləğində dəyərləndirilən maddi ziyan vurmuşdur. İddiaçı sığorta şirkəti zərərin aradan qaldırılması üçün 1250 manat məbləğində sığorta ödənişi etmişdir. Hazırkı iddia tələbində iddiaçı “X8” markalı, **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün ödənilən 1250 manat məbləğində sığorta ödənişinin subroqasiya qaydasında cavabdehdən tələb edir. Tələbini onunla əsaslandırır ki, qəzanın baş verməsində Cavabdeh təqsirkar olmuşdur və o, qəza baş verdikdən sonra hadisə yerindən yayınmışdır. Cavabdeh 06 yanvar 2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iddia tələbini qismən qəbul etdiyini bildirmiş və qeyd etmişdir ki, dəymiş ziyan məbləği cəmi 200 manat təşkil edə bilərdi.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 936. Subroqasiya hüququ 936.1 Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2 Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və hərəkətsizlikdir). 1096.2 Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

13. Azərbaycan Respublikası “İcbari Sığortalar haqqında” Qanun

Maddə 63. X1 mülki məsuliyyətinin icbari sığortası üzrə subroqasiya hüququ 63.1 Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır.

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Məhkəmənin mövqeyi

15. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir.

16. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normasından göründüyü kimi, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Yəni, bu hüquqlar zərərçəkəndən sığortaçıya keçir. Cavabdeh idarə etdiyi “Tofaş Şahin” markalı, **-NT-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə yol nəqliyyat hadisəsi törətməklə “X8” markalı, **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan vurulması işin mübahisəsiz halıdır. Belə ki, bu hallar işə əlavə edilən sənədlərlə müəyyən edilir. İddiaçının cavabdehə qarşı subroqasiya hüququnu yaradan hal isə Cavabdeh “Tofaş Şahin” markalı, **-NT-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə qəza törətməsi və qəza törətdikdən sonra hadisə yerindən yayınmasıdır. Bu hallar Cavabdeh barəsində tərtib edilmiş inzibati xəta haqqında qərarla öz təsdiqini tapır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı subroqasiya qaydasında cavabdehdən vurulan ziyanı geri tələb etməkdə haqlıdır. Vurulan ziyanın məbləğinə gəldikdə isə işə əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən “X8” markalı, **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə 1250 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İş üzrə müstəqil qiymətləndirmə təyin edilmiş və X3 xx.xx.2025-ci il tarixli 189 saylı rəyindən görünür ki, “X8” markalı, **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobillə dəyən zərər 820 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə rəyə tənqidi yanaşılması üçün əsas görmür və hesab edir ki, 820 manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Məhkəmə xərcləri

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

18. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

19. Məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən, iş üzrə ödənilmiş 33 manat dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib hissəsi 30 manat Cavabdeh tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməli və iş üzrə keçirilmiş müstəqil qiymətləndirmənin dəyəri olan 300 manat pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası “X5”-nin hesabına ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə

20. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 820 manat məbləğində pul və iş üzrə ödənilmiş 33 manat dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib hissəsi 30 manat tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməli və iş üzrə keçirilmiş müstəqil qiymətləndirmənin dəyəri olan 300 manat pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası “X5”-nin hesabına ödənilməlidir.

21. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 820 manat pul vəsaiti tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İş üzrə ödənilmiş 33 manat dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib hissəsi 30 manat Cavabdeh tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İş üzrə keçirilmiş müstəqil qiymətləndirmənin dəyəri olan 300 manat pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası “X5”-nin hesabına ( kod 201218, VÖEN **********, SWİFT kod AİİBAZ2X, M/h AZ37NABZ********************, VÖEN **********, Hesab AZ64AİİB400900C**********208) ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar