Məhkəmə qərarları › İş №e-2(010)-4727/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-4727/2023

20.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-4727/2023 20.12.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X1 qızının katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə (bundan sonra mətndə Cavabdeh1 MMC) qarşı “vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İş materialları

1. İddiaçı ilə "xxxx" MMC-nin (Cavabdeh1 MMC) direktoru Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixdə bağlanmış 14112 №-li podrat müqaviləsinə əsasən podratçı "xxxx" MMC müqavilədə göstərilən işləri icra etməyi və işlərin nəticəsini müqavilədə müəyyən olunmuş qaydada sifarişçi İddiaçı təqdim etməyi, sifarişçi isə işləri qəbul edib, müqavilə ilə müəyyən olunmuş qiymətini podratçıya ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.4.2-ci maddəsinə əsasən podratçı müqavilə ilə müəyyən edilmiş işləri xx.xx.2023-cü il tarixinədək yerinə yetirmək və işləri qəbul etmək üçün tam hazır vəziyyətdə sifarişçiyə təhvil verməlidir.

2. Tərəflər arasında bağlanmış sərbəst qiymətlərin razılaşdırılması protokoluna əsasən xx.xx.2022-ci il tarixli, 14112 №-li müqavilə üzrə mənzilin tam təmiri üçün 12480 manat qiymət müəyyənləşdirilmişdir.

3. Müqaviləyə əlavə olunmuş cədvəldən görünür ki, görüləcək işin dəyərinin 30%, 30%, 30% və 10% olmaqla ödənilməsi nəzərdə tutulmuş və ilkin olaraq 4000 manat avans "xxxx" MMC (Cavabdeh1 MMC)-nin direktoru Cavabdeh2 tərəfindən qəbul edilmişdir.

4. Ödəniş qəbzindən görünür ki, xx.xx.2022-ci il tarixli, 14112 №-li müqavilə üzrə 4000 manat avans "xxxx" MMC (Cavabdeh1 MMC)-nin direktoru Cavabdeh2 tərəfindən qəbul edilmişdir.

5. xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan müəyyən olunur ki, İddiaçı "xxxx" MMC-yə ödənilmiş 4000 manat pulun 5 gün müddətində tam ödənilməsi, əks təqdirdə borcun qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət edəcəyi barədə lazımi qaydada xəbərdarlıq edilmişdir.

6. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilərkən 60 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

İşin faktiki halları

7. İddiaçı ilə "xxxx" MMC-nin (Cavabdeh1 MMC) direktoru Cavabdeh2 arasında 08 dekabr 2022-ci il tarixli podrat müqaviləsinin bağlanması işin mübahisəsiz hallarıdır.

İddia tələbi

8. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı “vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş maddi ziyanın əvəzi olaraq 4.000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi 60 manat məbləğində pulun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını və cavabdelərin əməllərində cinayət əməlinin əlamətləri olduğu üçün barəsində xüsusi qərardad qəbul edilərək bu barədə prokurora xəbər verilməsini xahiş etmişdir.

Tərəflərin izahatları

9. Cavabdehlər Cavabdeh1 MMC ("xxxx" MMC) və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır.

10. İddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək və iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, Cavabdeh2 2021-ci ildən bəri müxtəlif şəxslərlə müqavilə bağlayaraq avans alır, ancaq sonradan həmin pulu götürüb yoxa çıxır və öhdəliyinə götürdüyü heç bir təmir işlərini yerinə yetirmir. Onun Babək prospektində, Mountin Plazada, Binəqədidə ofisləri olub. O, 12480 manat məbləğində müqavilə bağlayıb, 4000 manat avans alıb və qarşılığında müqavilə üzrə öhdəliyinə götürdüyü işləri yerinə yetirmir. Müqavilədə Cavabdeh1 MMC kimi qeyd edilsə də, VÖEN nömrəsini yazdıqda “A.Zirvə İnşaat” kimi yazılır. Dəfələrlə iddiaçı onun ofisinə gedib, əlaqə saxlamağa çalışsa da, heç bir nəticə əldə edilməyib. Yasamal rayon Polis İdarəsində materiallar toplanıb, hazırda 140.000 manat, bəlkə də daha çox məbləğdə dələduzluq faktı ilə bağlı şikayətlər yığılıb, lakin işin mülki xarakterli olmasını əsas götürərək cinayət işi açılmır. Cavabdeh də fəaliyyətini davam etdirir, hər gün sosial şəbəkələrdə yeni səhifələr açaraq özünü reklam edib müqavilələr bağlayır. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.

Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 389.3. Bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. Maddə 399. Müqavilənin qüvvəsi 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Maddə 752. Podrat müqaviləsi

752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 753. Muzd barəsində razılaşma 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Maddə 755. İşi şəxsən yerinə yetirmək vəzifəsi Podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur. Maddə 762. Podratın nəticələrini qüsursuz icra etmək vəzifəsi 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. 762.3. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. 762.4. Əgər üçüncü şəxslər sifarişçiyə qarşı heç bir hüquq irəli sürə bilmirlərsə, podratın nəticəsi üçüncü şəxslərin hüquqlarından və iddialarından azad sayılır. Maddə 769. Yerinə yetirilmiş iş üçün muzd ödənilməsi Əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Maddə 776. Podrat müqaviləsi üzrə iddia müddəti 776.1. Sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. 776.2. Əgər müqaviləyə əsasən iş hissə-hissə qəbul edilmişdirsə, qüsur barəsində tələb müddətinin axımı işin tam qəbul olunduğu gündən başlanır. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 427. Öhdəliyin icrası müddəti 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 427.4. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Sübutların mümkünlüyü Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106. İşdə iştirak edən şəxslərin izahatları 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Maddə 265. Məhkəmənin xüsusi qərardadları 265.4. Məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir.

13. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudov Rusiyaya qarşı iş üzrə» 26 iyul 2007-ci il tarixli Qərarı

Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68).

14. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarı

Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

15. N.Hacıyevin şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 2020-ci il 14 iyul tarixli Qərarı

Sübutların düzgün qiymətləndirilməsi qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Belə ki, məhkəmə qərarının əsaslı olması üçün o, məhkəmə iclasında mülki prosessual qanunvericiliyin prinsiplərinə və qaydalarına uyğun şəkildə hərtərəfli və tam araşdırılmış, iş üçün önəmli olan hallara əsaslanmalıdır. Bu səbəbdən məhkəmə qərarlarında sübutların qiymətləndirilməsinin nəticələri ətraflı və aydın şəkildə öz əksini tapmalı, sübutların qəbul edilməsinin və ya rədd olunmasının, hər hansı sübuta münasibətdə digər sübuta üstünlük verilməsinin səbəbləri və əsasları göstərilməli, yəni gəlinən nəticə və qənaət kifayət qədər əsaslandırılmalıdır.

16. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli Qərarı

Məhkəmə qətnaməsinin əsaslılığı ondan asılıdır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılsın, bu hallar sübut olunsun və qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlsin.

Məhkəmənin mövqeyi

17. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.

18. Belə ki, tərəflər arasında podrat müqaviləsi bağlanılmaqla Mülki Məcəllənin 386cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır.

19. Məhkəmə iclasında müəyyən edilmiş işin hallarından və tədqiq olunmuş sübutlardan göründüyü kimi, İddiaçı ilə "xxxx" MMC-nin (Cavabdeh1 MMC) direktoru Cavabdeh2 arasında bağlanmış podrat müqaviləsinə əsasən podratçı "xxxx" MMC müqavilədə göstərilən işləri icra etməyi və işlərin nəticəsini müqavilədə müəyyən olunmuş qaydada sifarişçi İddiaçı təqdim etməyi, sifarişçi isə işləri qəbul edib, müqavilə ilə müəyyən olunmuş qiymətini podratçıya ödəməyi öhdəsinə götürmüş və ilkin olaraq "xxxx" MMC-nin (Cavabdeh1 MMC) direktoru Cavabdeh2 4000 manat avans verilmişdir. Göründüyü kimi iddiaçı podrat müqaviləsinin bağlanmasından irəli gələn və muzdun verilməsindən ibarət hərəkəti icra etsə də, cavabdeh aldığı avans müqabilində öhdəliyini icra etməkdən yayınır və beləliklə podrat müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Halbuki, mülki qanunvericiliyin normalarına əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Yəni, müqavilə hansı məzmunda bağlanıbsa, həmin məzmunda da hüquqi nəticələr doğurur, bir şərtlə ki, Mülki qanunvericiliklə ziddiyyət təşkil etməsin. Cavabdeh iddiaçı ilə müqavilə bağlayaraq öhdəlik münasibətinin iştirakçısı olan zaman həmin müqavilənin doğuracağı hüquqi nəticələri qabaqcadan görmüş və dərk etmişdir. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Göründüyü kimi iddiaçının “muzd ödəmək”dən ibarət hərəkətinə qarşılıq olaraq, cavabdeh “işi icra etmək”dən ibarət iradə ifadəsi bildirsə də, öz vəzifəsini vicdanlı şəkildə icra etməmişdir. Halbuki, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Bu səbəbdən iddiaçı borcun qaytarılmasını tələb etməkdə haqlıdır.

20. Cavabdehlər barəsində xüsusi qərardad çıxarılması ilə bağlı məsələyə gəldikdə isə məhkəmə hesab edir ki, məhkəmə tərəfindən işə baxılarkən cavabdehlərin əməllərində cinayətin əlamətləri aşkara çıxmadığı üçün bu barədə xüsusi qərardad çıxarılmasına zərurət yoxdur. Çünki iş materialları araşdırılakən tərəflər arasında yalnız podrat müqaviləsi bağlanılmaqla həmin müqavilədən irəli gələn öhdəlik münasibətlərinin yarandığı müəyyən olunur.

Məhkəmə xərcləri

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

22. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

23. İddia təmin edildiyi üçün iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 60 manat məbləğində pul müştərək qaydada cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-dən ("xxxx" MMC) İddiaçı xeyrinə tutulmalıdır.

Məhkəmənin gəldiyi nəticə

24. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-dən ("xxxx" MMC) 4.000 manat məbləğində pul müştərək qaydada alınaraq İddiaçı ödənilməlidir.

25. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

qət etdi:

İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1ndən ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən) 4.000 (dörd min) manat məbləğində pul müştərək qaydada İddiaçı xeyrinə tutulsun. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 60 (altmış) manat məbləğində pul müştərək qaydada cavabdehlər Cavabdeh2 və Cavabdeh1ndən ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən) İddiaçı xeyrinə tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar