Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-486/2025 26.02.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında tələb edilməsinə” dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddia tələbi.
1. İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 1650 manat pul vəsaitinin və 37 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddiaçı "xxxx" ASC iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə saat 15:00 radələrində Bakı şəhəri, Qarçuxur qəsəbəsi ərazisində Cavabdeh tərəfindən idarə olunan və PXA********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “VAZ” markalı, **-EO-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz” markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticə sonuncuya maddi zərər dəymişdir. Suraxanı rayon DYPŞ-nin əməkdaşı tərəfindən tərtib edilmiş TP5555756 № İnzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.3, 511.1.3, 332.2 və 334.3-cü maddələri ilə (sürücülük hüququ olmadan) nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. "xxxx" MMC tərəfindən təqdim edilmiş Qiymətləndirmə aktında göstərilmişdir ki, “Mercedes Benz” markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərər 1650 manat təşkil edir. Bununla əlaqədar olaraq, "xxxx" ASC tərəfindən iş üzrə PXA133427 saylı sığorta aktı tərtib edilməklə zərərçəkənə dəymiş zərərə görə 1650 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir.
Tərəflərin izahatları.
3. İddiaçı "xxxx" ASC-nin hüquqşünası Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasında nümayəndənin iştirakı olmadan mülki işə baxılaraq qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir.
İş materialları.
5. DİN-in BMPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır.
6. PXA133427 saylı sığorta aktından görünür ki,xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilə kimi Sığortalanmış “VAZ” markalı ** EO *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022ci il tarixdə Bakı şəhəri, Qaraçuxur qəsəbəsində “Mercedes Benz” markalı ** ET *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Dəymiş maddi zərərin ümumi məbləği 1650 manat dəyərində müəyyənləşdirilmişdir və sığorta ödənişi ödənilmişdir.
7. xx.xx.2022-ci il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Mercedes Benz” markalı ** ET *** nişanlı dövlət qeydiyyat nömrə nişanlı avtomobilə maddi zərər dəymişdir. Dəymiş maddi zərərin ümumi məbləği 1650 manat dəyərində müəyyənləşdirilmişdir.
8. PXA********** saylı xx.xx.2022-ci il tarixli İcbari Sığorta Müqaviləsinə dair məlumatın surətindən görünür ki, sığortaçı "xxxx" ASC tərəfindən “VAZ” markalı, **-EO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi əmlaka vurulan zərərə görə 5000 (beş min) manat sığorta məbləği həddində avtomobil sığortasını həyata keçirmişdir.
9. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, Suraxanı rayon DYPŞ tərəfindən bildirilmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 15:00 dəqiqədə Qaraçuxur qəsəbəsində yol nəqliyyat hadisəsi baş vermişdir. Yol-nəqliyyat hadisəsinin növü toqquşmadır.
10. İnzibati Tənbeh vermə haqqında TP5555756 qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İXM-nin maddəsində nəzərdə tutulmuş 327.3, 511.1.3, 332.1, 332.2 və 334.3-cü maddəsində nəzərədə tutulmuş inzibati xətanı törətmişdir.
İşin faktiki halları.
11. xx.xx.2022-ci il tarixli İcbari Sığorta Müqaviləsinə əsasən sığortaçı "xxxx" ASC tərəfindən “VAZ” markalı, **-EO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi əmlaka vurulan zərərə görə 5000 (beş min) manat sığorta məbləği həddində avtomobil sığortasını həyata keçirmişdir.
12. xx.xx.2022-ci il tarixdə saat 15:00 radələrində Bakı şəhəri, Qarçuxur qəsəbəsi ərazisində Cavabdeh tərəfindən idarə olunan və PXA********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “VAZ” markalı, **-EO-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz” markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticə sonuncuya maddi zərər dəymişdir.
13. TP5555756 № İnzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.3, 511.1.3, 332.1, 332.2 və 334.3-cü maddələri ilə (nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan) nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir
14. xx.xx.2022-ci il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Mercedes Benz” markalı ** ET *** nişanlı dövlət qeydiyyat nömrə nişanlı avtomobilə maddi zərər dəymişdir. Dəymiş maddi zərərin ümumi məbləği 1650 manat dəyərində müəyyənləşdirilmişdir.
Tətbiq edilən hüquq.
15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 21. Zərərin əvəzinin ödənilməsi. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 883. Sığorta və təkrarsığorta müqaviləsi. 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Maddə 936. Subroqasiya hüququ. 936.1. 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı. 1096.1. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1108. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
16. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu.
Maddə 23. Sığortaçının hüquq və vəzifələri. 23.1. Sığortaçının aşağıdakı hüquqları vardır: 23.1.6. sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək. Maddə 25. İcbari sığorta üzrə subroqasiya hüququnun yaranmasının əsasları 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
18. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.
Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi
Məhkəmənin mövqeyi.
19. İşin faktiki hallarından görünür ki, xx.xx.2022-ci il tarixdə baş vermiş və başqa bir avtomobilə zərər dəyməsi ilə nəticələnmiş yol nəqliyyat hadisəsində Cavabdeh təqsirli olduğu və nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsini idarə etməsi müəyyən edilmişdir.
20. Sığorta hadisəsi zamanı sürücünün nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsini idarə etməsi “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.3.-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququnu yaradır. Belə olan halda iddiaçı "xxxx" ASC yolnəqliyyat hadisəsi nəticəsində zərər dəymiş avtomobilə görə ödədiyi 1650 manat məbləğində sığorta ödənişini Cavabdeh tələb etməkdə haqlı olmuşdur.
Məhkəmə xərcləri.
21. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 37 manat məbləğində dövlət rüsumu ödəmişdir. Hansı ki, bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən iddia qiyməti 1.000 manatadək olduqda ödənilməli olan dövlət rüsumu məbləğinə uyğun olmuşdur.
22. Məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə uyğun olaraq ödənilmiş 37 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
23. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh “Mercedes Benz” markalı, **-ET-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə dəymiş zərərin əvəzi 1650 manat və 37 manat məbləğində dövlət rüsumu tutularaq "xxxx" ASC-nin hesabına ödənilməlidir.
24. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh “Mercedes Benz” markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobillə dəymiş zərərin əvəzi 1650 (bir min altı yüz əlli) manat və 37 (otuz yeddi) manat məbləğində dövlət rüsumu tutularaq "xxxx" ASC-nin hesabına ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən Leyla Talıbova