Məhkəmə qərarları › İş №e-2(010)-4879/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-4879/2025

12.11.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-4879/2025 12.11.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon Məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “mülkiyyət hüququna kompensasiya verilməklə xitam verilməsi, mənzili boşaldılaraq təhvil verilməsi” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı MTK cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “mülkiyyət hüququna kompensasiya verilməklə xitam verilməsi, mənzili boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 4 saylı mənzilə dair cavabdehlərdən Cavabdeh2 mülkiyyət və istifadə hüquqlarına, digər cavabdehlər Cavabdeh3 və Cavabdeh1 istifadə hüquqlarına xitam verilməklə mənzilin cavabdehlər tərəfindən boşaldılması; İddiaçı MTK-ya təhvil verilməsi; mənzilin sökülməsi; İddiaçı MTK tərəfindən ünvan 2 ünvanında tikiləcək çoxmərtəbəli yaşayış binasında olan yeni təmirli mənzilin Cavabdeh2 mülkiyyətinə verilməsi, yeni təmirli mənzil təhvil verilənədək İddiaçı MTK tərəfindən Cavabdeh2 aylıq kirayə haqqının ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 4 saylı mənzilə dair cavabdehlərdən Cavabdeh2 mülkiyyət və istifadə hüquqlarına, digər cavabdehlər Cavabdeh3 və Cavabdeh1 istifadə hüquqlarına xitam verilməklə mənzilin cavabdehlər tərəfindən boşaldılması; İddiaçı MTK-ya təhvil verilməsi; mənzilin sökülməsi; İddiaçı MTK tərəfindən ünvan 2 ünvanında tikiləcək çoxmərtəbəli yaşayış binasının “E” blokunun 9-cu mərtəbəsində yerləşən 352 nömrəli 66.8 kv.m ümumi sahədən ibarət yeni təmirli mənzilin Cavabdeh2 mülkiyyətinə verilməsi, yeni təmirli mənzil təhvil verilənədək İddiaçı MTK tərəfindən Cavabdeh2 400 manat məbləğində aylıq kirayə haqqının ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırılması. İddia tələbi onunla əsaslandırılmışdır ki, AR Bakı şəhər İcra Hakimiyyətinin Başçısının "Yeni çoxmənzilli yaşayış kompleksinin tikintisi məqsədilə torpaq sahəsinin icarə əsasında istifadəyə verilməsi haqqında" xx.xx.2022-ci il tarixli, 276 nömrəli Sərəncamı ilə Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli, 1/1209 nömrəli, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2022-ci il tarixli, MİHO/2.1-2- 2022-7699 nömrəli, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmək Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli, **********22 nömrəli razılıq məktubları və "Azərdövlətlayihə" Dövlət Baş Layihə İnstitutunun xx.xx.2022-ci il tarixli rəyi nəzərə alınaraq, ünvan 3 ünvanlarda, yerquruluşlu planında göstərilən koordinatlar daxilində yerləşən 1.24 ha torpaq sahəsi həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında İddiaçı MTK tərəfindən tənzimlənməsi və məhəllədaxili paylayıcı qaz xətti ilə bağlı məsələlərin həll edilməsi şərti ilə yeni çoxmənzilli yaşayış kompleksinin tikintisi üçün icarə əsasında İddiaçı MTK-nın istifadəsinə verilmişdir. AR FHN Tikintidə X4 Agentliyi AZƏRDÖVLƏTLAYİHƏ Azərbaycan Dövlət Baş Layihə İnstitutunun xx.xx.2022-ci il tarixli rəyi ilə cavabdehin mənzilinin yerləşdiyi 7 saylı evində (binada) gücləndirmə və bərpa işlərinin aparılması texniki cəhətdən səmərəsiz hesab olunmuşdur. "Bina və qurğuların yükdaşıyan inşaat konstruksiyalarının müayinəsi Qaydaları"na əsasən hal-hazırda insanların olması üçün təhlükənin mövcud olduğu, tikinti konstruksiyalarının yükdaşıma qabiliyyətinin və istismar göstəricilərinin zəifləməsi səbəbindən bina texniki cəhətdən yolverilməz kimi qiymətləndirilir. AR Əmlak Məslələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin xx.xx.2023-cü il tarixli çıxarışı ilə Bakı şəhəri, Suraxanı rayonu, Ə.Mehbalıyev küçəsi, 5 ünvanında yerləşən 1.2217 ha torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2022-ci il tarixli, 276 nömrəli Sərəncamı və xx.xx.2023-cü il tarixli 1737 saylı icra müqaviləsinə əsasən İddiaçı MTKya icarəyə verilmişdir. Həmin ünvanda yerləşən 5 saylı bina artıq İddiaçı MTK tərəfindən sökülmüş və yerində hündürmərtəbəli bina tikilmişdir. Sökülən 5 saylı evin mənzillərin mülkiyyətçilərinə aylıq kirayə haqqı ödənilməklə kirayəyə çıxarılmış və hal-hazırda binada son təmir işləri yekunlaşmaqdadır. Həmin binanın sakinləri yeni tikilən binada mənzillərlə təmin olunacaq və bununla bağlı artıq rəsmi müqavilələr də imzalanmışdır. Tikinti işlərin davamı olaraq 7 və 9 saylı binaların da sökülərək yerində yeni binaların tikintisi nəzərdə tutulmuşdur. Bununla bağlı həmin binalarda yerləşən mənzillərin mülkiyyətçiləri ilə ilkin razılaşmalar əldə olunmuşdur və tikinti işlərinin başlanılması ilə əlaqədar sakinlər kirayəyə çıxardılacaqdır. Lakin cavabdeh mülkiyyət hüquqlarından sui-istifadə etməklə süni maneə yaratmaq niyyətindədir. Belə ki, Cavabdeh2 məxsus 4 saylı mənzil 1 otaqdan ibarət olmaqla 34.4 kv.metrdən ibarət olan yaşayış sahəsinə malik bir evdir. İddiaçı həmin mənzilin sahəsini 20% əlavəsini hesablamaqla, həmçinin əlavə yardımcı tikililərini (eyvan,dəhliz və.s) nəzərə almaqla ona yeni tikiləcək binadan mənzil verməyi və həmin mənzil Cavabdeh2 verilənə qədər ona ağlabatan məbləğdə aylıq kirayə haqqı ödəməyə də hazır olduğunu qeyd etmişdir. Bununla bağlı cavabdehin nümayəndəsi kimi oğlu ilə söhbət aparılmış, lakin razılıq əldə edilə bilməmişdir. Belə ki, cavabdeh mənzilin əvəzində iki mənzil tələb etmişdir. Cavabdehlərin kompensasiya tələbləri çox yüksəkdir və ədalətli deyildir. Həmçinin, cavabdehlərə təklif edilən və həmin ərazidə gələcəkdə inşa ediləcək çoxmərtəbəli yaşayış binasında yerləşən mənzilin ümumi dəyəri cavabdehlərin bu günkü gün yaşadıqları və istifadə etdikləri həmin mənzilin dəyərindən ən azı 2 dəfə çox olacaqdır. Çünki cavabdehlərin hal-hazırda yaşadıqları mənzilin yerləşdiyi binanın 100 ilə yaxın yaşı var, iddiaçı isə onlara tam təmirli bütün yaşayış şəraiti ilə təmin edilmiş yeni və daha böyük mənzil verəcəkdir. Hesab edilir ki, cavabdehlər iddiaçıdan əlavə pul tələb etməklə mülkiyyət və istifadə hüquqlarından sui-istifadə etmişdir. Tərəflərin izahatları. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək bildirmişdir ki, X2 mübahisəli mənzilin mülkiyyətçisidir, lakin orada yaşamır. Hazırda həmin ünvanda onun oğlu və qızı yaşayırlar. Mənzil qəzalı binada yerləşir. Onun sökülməsi üçün müvafiq orqanlardan icazələr alınmışdır. İddianın təmin olunmasını xahiş edir. İş üzrə cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Belə olan halda məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materialları. Bakı Şəhər Mənzil Kommunal Təsərrüfat Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 137 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilən 426 saylı xx.xx.2025-ci il tarixli arayışın surətindan görünür ki, xx.xx.1973-cü il təvəllüdlü Cavabdeh2 ünvan 5 ünvanında qeydiyyatdadır. Ondan başqa xx.xx.1998-ci il təvəllüdlü Cavabdeh3 və xx.xx.2002-ci il təvəllüdlü Cavabdeh1 da həmin ünvanda qeydiyyatdadırlar. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyi “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, ünvan 6 ünvanlarda yerləşən binaları AzDTN 1.7-1 “Bina və qurğuların yükdaşıyan inşaat konstruksiyalarının müayinəsi Qaydaları”na əsasən hal-hazırda insanların olması üçün təhlükənin mövcud olduğu, tikinti konstruksiyalarının yükdaşıma qabiliyyətinin və istismar göstəricilərinin zəifləməsi səbəbindən texniki cəhətdən yolverilməz kimi qiymətləndirilmiş, həmin binalarda gücləndirmə və bərpa işlərinin aparılmasının texniki cəhətdən səmərəsiz hesab olunduğu müəyyən edilmişdir. Bakı şəhər İcra Hakimiyyətinin Başçısı Eldar Əzizovun xx.xx.2022-ci il tarixli, 276 nömrəli “Yeni çoxmənzilli yaşayış kompleksinin tikintisi məqsədilə torpaq sahəsinin icarə əsasında istifadəyə verilməsi” haqqında sərəncamından görünür ki, ünvan 7 ünvanlarda, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 1.24 ha torpaq sahəsinin həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında İddiaçı tərəfindən tənzimlənməsi və məhəllədaxili paylayıcı qaz xətti ilə bağlı məsələlərin həll edilməsi şərti ilə yeni çoxmənzilli yaşayış kompleksinin tikintisi üçün İddiaçı icarə əsasında istifadəsinə verilməsi qərara alınmış, Sifarişçiyə sahəni yerində qəbul etməsi, onun sanitar vəziyyətinə nəzarət etməsi; Sahənin zəbt olunmasının, yaşıllıqların qanunsuz məhv edilməsinin qarşısının alınmasını təmin etməsi; Azərbaycan Respublikası "Torpaq Məcəlləsi"nin 66, 67 və 68-cİ maddələrinin tələblərinə uyğun olaraq, torpaq sahəsinə dair icarə hüququnun yaranması üçün Bakı Şəhər İcra Hakimiyyəti nəzdində “İnterservis” Müdiriyyəti ilə 3 ay müddətində torpaq icarə müqaviləsinin bağlanmasını təmin etməsi; Torpaq sahəsinə dair icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını təmin etməsi; Tikinti işlərinə başlamazdan əvvəl obyektin tikinti layihəsinə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 X1 Ekspertiza Baş İdarəsinin müsbət rəyinin, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən tikinti işlərinə başlanılması üçün əsas olan obyektin tikintisinə icazənin alınmasını təmin etməsi; Bu Sərəncamdan irəli gələn digər sənədləşmə işlərinin qanunvericiliyin tələblərinə uyğun şəkildə aparıtmasına təmin etməsi tapşırılmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsi tərəfindən verilmiş A № 915367 nömrəli, xx.xx.2023-cü il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev küçəsi, 5 ünvanında yerləşən 1.24 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsinin hüquq subyekti Dövlət, icarəçi isə İddiaçı Mənzil Tikinti Kooperatividir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev küçəsi, 5 ünvanında yerləşən 1.2217 ha torpaq sahəsi İddiaçı MTK-nın xeyrinə icarə yüklülüyü ilə yüklü edilmişdir. (BŞİH Başçısının xx.xx.2022-ci il tarixli 276 saylı sərəncamı və xx.xx.2023-cü il tarixli 1737 saylı icarə müqaviləsinə əsasən). Qeydiyyat tarixi: xx.xx.2023-cü il. İş materiallarına Bakı şəhəri, ünvan 8 ünvanlarda yerləşən yaşayış binalarının fotoşəkillərinin surəti əlavə olunmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli Çıxarışdan görünür ki, ümumi sahəsi 34.4 kv.m olan ünvan 9 ünvanında yerləşən 4 saylı mənzil Cavabdeh2 mülkiyyətindədir və həmin mənzil üzərində onun xüsusi mülkiyyət hüququ ********** qeydiyyat nömrə ilə, xx.xx.2017-ci il tarixdə qeydə alınmışdır. İş materiallarında olan İddiaçı MTK-nın sənədinin surətindən görünür ki, ünvan 10 ünvanında tikiləcək çoxmərtəbəli yaşayış binasının “E” blokunda yerləşən sahəsi 66.80 kv.m. olan 2 otaqlı yeni təmirli mənzilin planı qeyd olunmuşdur. Açıq mənbələrdən (yeniemlak.az) əldə edilən məlumata görə, müvafiq ərazidə oxşar yaşayış sahələrin kirayə haqqı 150 – 300 manat təşkil edir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Maddə 43. Mənzil hüququ İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. İİ. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Maddə 71. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı[34] İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır... Vİ. Azərbaycan Respublikası ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir. Vİİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Azərbaycan Respublikasının Şəhərsalma Və Tikinti Məcəlləsi Maddə 3. Bu Məcəllədə istifadə olunan əsas anlayışlar 3.0.20. tikinti obyektinin yenidən qurulması (rekonstruksiyası) – obyektin mövcud təyinatının dəyişdirilməsi və ya istismar keyfiyyətinin müasirləşdirilməsi məqsədilə müvafiq layihə əsasında yeni texnologiyaların tətbiqi, yaxud yeni bina və ya qurğuların inşası, o cümlədən mühəndis-kommunikasiya təminatı xətlərinin quraşdırılması ilə bağlı tikintiquraşdırma və buraxılış-sazlama işlərinin yerinə yetirilməsi; Maddə 4. Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi və istiqamətləri 4.1. Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin (bundan sonra - mədəni irs obyektləri) qorunmasından ibarətdir. 4.2. Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətləri aşağıdakılardır: 4.2.1. Azərbaycan Respublikası ərazisinin və ərazi hissələrinin planlaşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin və ərazilərin dayanıqlı inkişafının təmin edilməsi; 4.2.2. Azərbaycan Respublikası ərazisində insan üçün əlverişli və sağlam yaşayış, iş və istirahət mühitinin yaradılması baxımından fərqlərin azaldılması və tədricən aradan qaldırılması; 4.2.3. mənzil fondunun inkişaf strategiyasının müəyyən edilməsi; 4.2.4. tikinti kompleksinin inkişaf strategiyasının müəyyən edilməsi, təbii tikinti ehtiyatlarından səmərəli istifadənin təmin olunması; 4.2.5. şəhərsalma və tikinti fəaliyyətinin hüquqi və iqtisadi tənzimlənməsi; 4.2.6. şəhərsalma və tikintiyə dair normativ sənədlər sisteminin yaradılması (tikintinin texniki reqlamentlərinin təsdiq edilməsi də daxil olmaqla) və təkmilləşdirilməsi; 4.2.7. ətraf mühitin mühafizəsinin və ekoloji təhlükəsizliyin təmin edilməsi. Maddə 17. Ərazi planlaşdırılmasının təyinatı 17.1. Bu Məcəllənin ərazi planlaşdırılmasına dair müddəaları Azərbaycan Respublikasının bütün ərazisinin, o cümlədən ərazi hissələrinin (regionların, inzibati ərazi vahidlərinin), şəhərlərin və başqa yaşayış məntəqələrinin ərazilərinin planlaşdırılması, həmin ərazilərdəki torpaqların tikinti və ya digər məqsədlər üçün istifadəsi ilə bağlı münasibətləri tənzimləyir. 17.2. Ərazi planlaşdırılması dövlət ehtiyacları və ya şəhərsalmanın məqsədləri baxımından həyata keçirilir. 17.3. Ərazi planlaşdırılması şəhərsalmanın nizamlı inkişafını və torpaqların sosial baxımdan ədalətli istifadəsini təmin etməli, ictimaiyyətin rifahına uyğun olmalı, insan üçün əlverişli və sağlam ətraf mühitin təşəkkül tapmasına, həyat üçün zəruri təbii əsasların qorunmasına və inkişaf etdirilməsinə xidmət etməlidir. 17.4. Yerin təkindən və torpaqdan qənaətlə və səmərəli istifadə olunmalıdır. Kənd təsərrüfatı, meşə və yaşayış məqsədləri üçün istifadə edilən ərazilər başqa məqsədlər üçün yalnız əsaslandırılmış zəruri ölçüdə nəzərdə tutulmalı və istifadə edilməlidir. 17.5. Ərazi planlaşdırılması sənədlərinin hazırlanması zamanı ictimai və fərdi maraqlar ədalətli şəkildə tarazlaşdırılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 16. Mülki hüquqların həyata keçirilməsinin məhdudlaşdırılması. 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 152.6 Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir... Maddə 560. Hüquqdan sui-istifadənin qadağan edilməsi 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır... Azərbaycan Respublikası Mənzil Məcəlləsi. Maddə 5. Mənzil toxunulmazlığı hüququnun təmin edilməsi 5.3. Bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimin yaşadığı sahədən istifadə hüququ, o cümlədən kommunal xidmətlərdən istifadə etmək hüququ məhdudlaşdırıla bilməz. Maddə 18. Yaşayış fondunun istifadəsi və saxlanılmasına, yaşayış sahələrinin müəyyən edilmiş tələblərə uyğunluğuna dövlət nəzarəti Mülkiyyət formasından asılı olmayaraq mənzil fondunun istifadəsi və saxlanılmasına, habelə yaşayış sahələrinin və kommunal xidmətlərin müəyyən edilmiş tələblərə uyğunluğuna dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunmuş qaydada həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.... Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.... Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokol Həmin Protokolun 1-ci maddəsinə əsasən, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Kozacıoğlu Türkiyəyə qarşı” iş üzrə 19 fevral 2009-cu il tarixli Qərarının 64-cü bəndində məhkəmə qeyd etmişdir ki, müvafiq milli qanunvericiliyə əsasən kompensasiya şərtləri mübahisələndirilən tədbirin zəruri ədalətli balans yarardığını və xüsusilə də, ərizəçinin üzərinə həddindən artıq yük qoyub qoymadığı qiymətləndirmək üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar olaraq, məhkəmə bundan öncə qət etmişdir ki, mülkiyyətin onun dəyərinə uyğun məbləğ ödənilmədən müsadirə olunması, bir qayda olaraq, qeyri-mütənasib müdaxilədir. Lakin, 1 saylı Protokolun 1-ci maddəsi bütün hallarda tam kompensasiya hüququna zəmanət vermir. Qanuni “ictimai maraq” məqsədlərini özgəninkiləşdirilən əmlakın tam bazar dəyərinin ödənilməsindən daha az əhəmiyyətli hesab etmək olar. Həmin Qərarın 65-ci bəndində müəyyən edilmişdir ki, bu halda, müdaxilənin qanunilik tələbinə cavab verdiyi və özbaşına olmadığının artıq müəyyən edilməsi faktını nəzərə alaraq, tam kompensasiyanın ödənilməməsi, eo ipso (bununla) ərizəçinin əmlakının alınmasını, xüsusilə də bu tədbirin ölkənin mədəni irsinin mühafizəsi proqramı kontekstndə həyata keçirildiyini nəzərə alaraq, qanunazidd etmir. Buna görə də, bu halda ərizəçiyə kompensasiyanın ödənməsi üçün milli hakimiyyət orqanlarının əsaslandığı meyar və mexanizmlərin zəruri ədalətli tarazlığı pozub pozmadığı və ərizəçi üçün qeyrimütənasib və həddindən artıq yük yaradıb yaratmadığını müəyyən etmək qalır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 04 aprel 2014-cü il tarixli Qərarında qeyd edilmiş hüquqi mövqe: Konstitusiya Məhkəməsinin Plenumu Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququna mümkün məhdudiyyətlərin hədlərinin müəyyən edilməsini vacib hesab edir, mülkiyyət hüququnun məhdudlaşdırılmasının əsasları Konstitusiyada və beynəlxalq aktlarda təsbit edilmiş və bu hüququn əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər. Bununla əlaqədar, nəzərə alınmalıdır ki, Konstitusiya mülkiyyət hüququnu təsbit etməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hüdudlarını (hədlərini) müəyyən etmişdir (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71 -ci maddəsinin İİ hissəsi, "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2020-ci il Qərarında qeyd edilmiş hüquqi mövqe: Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib hesab edir ki, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyrimümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, işin faktiki hallardan görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli, 276 nömrəli “Yeni çoxmənzilli yaşayış kompleksinin tikintisi məqsədilə torpaq sahəsinin icarə əsasında istifadəyə verilməsi” haqqında sərəncamı ilə ünvan 7 ünvanlarda, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 1.24 ha torpaq sahəsinin həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında İddiaçı tərəfindən tənzimlənməsi və məhəllədaxili paylayıcı qaz xətti ilə bağlı məsələlərin həll edilməsi şərti ilə yeni çoxmənzilli yaşayış kompleksinin tikintisi üçün İddiaçı icarə əsasında istifadəsinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyi “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, ünvan 6 ünvanlarda yerləşən binaları AzDTN 1.7-1 “Bina və qurğuların yükdaşıyan inşaat konstruksiyalarının müayinəsi Qaydaları”na əsasən hal-hazırda insanların olması üçün təhlükənin mövcud olduğu, tikinti konstruksiyalarının yükdaşıma qabiliyyətinin və istismar göstəricilərinin zəifləməsi səbəbindən texniki cəhətdən yolverilməz kimi qiymətləndirilmiş, həmin binalarda gücləndirmə və bərpa işlərinin aparılmasının texniki cəhətdən səmərəsiz hesab olunduğu müəyyən edilmişdir. Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli Çıxarışdan görünür ki, ümumi sahəsi 34.4 kv.m olan ünvan 9 ünvanında yerləşən 4 saylı mənzil Cavabdeh2 mülkiyyətindədir. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 həmin ünvanda qeydiyyatda olmaqla, yaşayırlar. İddiaçı həmin ünvanda yerləşən 4 saylı mənzilə dair cavabdehlərdən Cavabdeh2 mülkiyyət və istifadə hüquqlarına, digər cavabdehlər Cavabdeh3 və Cavabdeh1 istifadə hüquqlarına xitam verilməklə mənzilin cavabdehlər tərəfindən boşaldılması və iddiaçıya təhvil verilməsi, mənzilin sökülməsi, İddiaçı MTK tərəfindən ünvan 2 ünvanında tikiləcək çoxmərtəbəli yaşayış binasının “E” blokunun 9-cu mərtəbəsində yerləşən 352 nömrəli 66.8 kv.m ümumi sahədən ibarət yeni təmirli mənzilin Cavabdeh2 mülkiyyətinə verilməsi, yeni təmirli mənzil təhvil verilənədək İddiaçı MTK tərəfindən Cavabdeh2 400 manat məbləğində aylıq kirayə haqqının ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlərdən Cavabdeh3 məhkəmə iclasında ifadə verərək razı olmadığını, daha böyük ölçüdə olan ikiotaqlı mənzilini tələb etdiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, iş materiallarında olan “Azərdövlətlayihə” DBLİ-nin rəyindən də göründüyü kimi, sözügedən binalar tikinti konstruksiyalarının yükdaşıma qabiliyyətinin və istismar göstəricilərinin zəifləməsi səbəbindən texniki cəhətdən yolverilməz kimi qiymətləndirilmişdir. Beləliklə, istismar müddəti keçmiş, qəzalı mənzildə cavabdehlərin yaşamağa davam etməsi onların həyat və sağlamlıqlarına ciddi təhlükə olmaqla yanaşı, cavabdehlərin müvafiq MTK-nın təklifini qəbul edərək yaşayış sahəsindən çıxmamaları ərazidə standartlara uyğun, yeni yaşayış binasının tikilməsi ilə bağlı sərəncamın icrasına maneçilik yaradır. Məhkəmə qeyd edir ki, mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir. Lakin bu hüquq mütləq olmayıb, konstitusion məqsədlərin – vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qorunması kimi dəyərlərin təminatı üçün məhdudlaşdırıla bilər. Ona görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Həmçinin, məhkəmə qeyd edir ki, Konstitusiyanın 43-cü maddəsində təsbit olunmuş mənzil hüququ hər kəsin qanunla müəyyən edilmiş şərtlərə əməl etməklə daimi yaşayış sahəsinə malik olmasını və həmin sahədən maneəsiz istifadə edə bilməsini ifadə edir. Mənzil hüququnun əsas xüsusiyyəti mənzil münasibətləri iştirakçılarının bu hüququ öz mülahizələrinə və qanuni mənafelərinə uyğun, azad və sərbəst həyata keçirmələrinin mümkünlüyündən ibarətdir. Bu maddənin İİ hissəsi isə mənzil hüququnun reallaşdırılması üçün dövlət hakimiyyəti orqanlarını istiqamətləndirir ki, dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac versin, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görsün. Bütün bunlar onu deməyə əsas verir ki, cavabdehlərin yaşayış üçün tam yararsız, insan həyatı üçün təhlükəli və qəzalı vəziyyətdə olan mənzillərdən çıxarılması ilk növbədə onlar üçün həyati vacib məsələdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsinədək və hazırkı iş üzrə iddia ərizəsinin verilməsindən sonra hal-hazıradək olan müddətdə mübahisənin məhkəmədən kənar həlli üçün yetərincə hərəkətlər etmiş, cavabdehlərə əlverişli təkliflər etmişdir. Məhkəmə qeyd edir ki, cavabdehlərin yaşayış üçün yararsız, insan həyatı üçün təhlükəli vəziyyətdə olan mənzildən çıxarılması ilk növbədə onlar üçün həyati vacib məsələdir. Hansı ki, binanın yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında cavabdehlərə mənzillərinin sahəsinə 32.4 kv.m. əlavə sahə olmaqla yeni mənzil verilməklə, habelə yeni çoxmərtəbəli yaşayış binası tikilənədək onlarla birlikdə yaşayan ailə üzvlərinin müvəqqəti olaraq kirayə edilmiş mənzildə yerləşdirilmələri üçün 400 manat məbləğində kirayə haqq ödənilməsi öhdəliyini iddiaçı öz üzərinə götürür. Bu halda nəzərə alınır ki, açıq mənbələrdən əldə edilən məlumata görə, müvafiq ərazidə oxşar yaşayış sahələrin kirayə haqqı 150 – 300 manat təşkil edir. Bundan başqa, yuxarıda qeyd olunan Sərəncamı icra edən İddiaçı MTK tərəfindən cavabdeh şəxslərin mülkiyyət hüququ tanınır, qorunur, onlar tərəfindən cavabdehlərin mülkiyyət hüququnun pozuntusu hallarına yol verilməmişdir, cavabdehlərə müvafiq olaraq mülkiyyət və istifadələrində olan əmlakın əvəzləşdirilməsi üçün ədalətli təkliflər edilir. Bu isə, cavabdehlərin öz mülkiyyət və istifadələrində olan yaşayış sahələrindən qanunsuz və əsassız olaraq çıxarılmaları kimi qəbul edilə və qiymətləndirilə bilməz. Məhkəmə əlavə olaraq onu da vurğulayır ki, cavabdeh şəxslərin qeyd edilən hərəkətləri məhz hüquqdan sui-istifadədir, cavabdehlər qanunla tanınan və qorunan mülkiyyət hüquqlarından cəmiyyətə ziyan vuran şəkildə sui-istifadə edirlər ki, onların bu hüquqdan suiistifadələrinə yol verilməməli, bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarında müəyyən edilmiş müddəalar da rəhbər tutulmalıdır. Bu sui-istifadə isə cavabdehlərin mənzillərə görə müvafiq MTK-dan əsassız olaraq real olmayan əvəzləşdirilməsini tələb etmələrində, tikinti konstruksiyalarının yükdaşıma qabiliyyətinin və istismar göstəricilərinin zəif olduğu, yaşayış üçün tam yararsız və qəzalı olan mənzildən təyinatı üzrə istifadə etməmələrində ifadə olunur. Belə ki, normativ boşluqlar və ya mülkiyyətçilərlə razılığın əldə edilməməsi halları digər şəxslərin hüquqlarının pozulmasına, tikinti və yenidənqurma proseslərinin əsassız ləngiməsinə səbəb ola bilər. Belə halların qarşısının alınması üçün alternativ kompensasiya mexanizmlərinin – o cümlədən yaşayış sahəsinin yenidən qurulması dövründə müvəqqəti kirayə xərclərinin qarşılanması kimi üsulların – tətbiqi Konstitusiya Məhkəməsinin vurğuladığı mütənasiblik yanaşmasına uyğundur. Bu cür təkliflər mənzil hüququnun mahiyyətində dayanan “maneəsiz istifadə”, “normal yaşayış şəraiti” və “ədalətli balans” prinsiplərinin təmin edilməsinə xidmət edir və mülkiyyətçinin daimi yaşayış sahəsindən qeyri-mütənasib şəkildə məhrum olunmamasına yönəlmiş çevik kompensasiya forması kimi qiymətləndirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki mübahisə baxımından iddiaçının hazırki tələblə çıxış etməsi cavabdehlərin mülkiyyət hüquqlarına müdaxilə hesab edilə bilməz. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməli, ünvan 1 ünvanında yerləşən 4 saylı mənzilə dair cavabdehlərdən Cavabdeh2 mülkiyyət və istifadə hüquqlarına, digər cavabdehlər Cavabdeh3 və Cavabdeh1 istifadə hüquqlarına xitam verilməklə mənzilin cavabdehlər tərəfindən boşaldılmalı; İddiaçı MTK-ya təhvil verilməli; mənzil sökülməli; İddiaçı MTK tərəfindən ünvan 2 ünvanında tikiləcək çoxmərtəbəli yaşayış binasının “E” blokunun 9-cu mərtəbəsində yerləşən 352 nömrəli 66.8 kv.m ümumi sahədən ibarət yeni təmirli mənzil Cavabdeh2 mülkiyyətinə verilməli, yeni təmirli mənzil təhvil verilənədək İddiaçı MTK tərəfindən Cavabdeh2 400 manat məbləğində aylıq kirayə haqqı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Məcəlləsinin 216-220, 227, 233, 357, 358, 360 və 362-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən 4 saylı mənzilə dair cavabdehlərdən Cavabdeh2 mülkiyyət və istifadə hüquqlarına, digər cavabdehlər Cavabdeh3 və Cavabdeh1 istifadə hüquqlarına xitam verilməklə mənzil cavabdehlər tərəfindən boşaldılsın; İddiaçı MTK-ya təhvil verilsin; mənzil sökülsün; İddiaçı MTK tərəfindən ünvan 2 ünvanında tikiləcək çoxmərtəbəli yaşayış binasının “E” blokunun 9-cu mərtəbəsində yerləşən 352 nömrəli 66.8 kv.m ümumi sahədən ibarət yeni təmirli mənzil Cavabdeh2 mülkiyyətinə verilsin, yeni təmirli mənzil təhvil verilənədək İddiaçı MTK tərəfindən Cavabdeh2 400 manat məbləğində aylıq kirayə haqqı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar