Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-505/2024 08.02.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, Musayeva Aysel Xaliddin qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. İddia tələbi
1. İddiаçı İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Cavabdeh “Volkswagen Tiguan” markalı, ** XF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 655 manat pulun və ödənilmiş 30.40 manat dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(010)- 5359/2023 nömrəli qərardadı ilə işə iddia icraatında baxılması qərara alınmışdır.
İddia tələbinin əsaslandırıldığı hallar
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2017-ci il tarixdə Cavabdeh tərəfindən idarə olunan “Daewoo Gentra" markalı, ** AB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yol-nəqliyyat hadisəsi törədərək, Shirshova Yelena tərəfindən idarə olunan “Volkswagen Tiguan" markalı, ** XF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər yetirmişdir. “Atəşgah" Sığorta Şirkəti öz növbəsində dəymiş zərəri aradan qaldıraraq, iş materiallarına da əlavə edilmiş sığorta aktına və ödəniş tapşırığına əsasən, “Volkswagen Tiguan” markalı, ** XF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 655 manat sığorta ödənişi həyata keçirmişdir. xx.xx.2017-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh hadisə yerindən yayındığına görə ona qarşı subroqasiya hüququ yaranmışdır. Belə ki, Cavabdeh təqsirli olması iş materiallarına əlavə edilmiş Xətai DYPŞ-nin inzibati tənbeh vermə haqqında qərarında da əks olunmuşdur. Hadisə yerini tərk etməsinə görə İXM-nin 327.6-cı maddəsi ilə təqsirli bilinərək, 100 manat məbləğində cərimə olunmuşdur.Hesab edirlər ki, 655 manat pul Cavabdeh iddiaçı “Atəşgah" Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır.
4. İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi xx.xx.2024-cü il tarixində məhkəməyə iddia ərizəsinə düzəliş barədə ərizə ilə müraciət edərək, texniki səhv səbəbi ilə məhkəməyə təqdim edilmiş iddia ərizəsi və pretenziyada hadisə tarixi yerinə sığorta müqaviləsinin qüvvəyə minmə tarixinin (xx.xx.2017) qeyd edildiyini, iş materiallarında olan polis orqanlarının sənədlərinə əsasən, hadisənin xx.xx.2018-ci ildə baş verdiyini bildirmiş və məhkəmədən bu halın nəzərə alınmasını xahiş etmişdir.
Tərəflərin izahatları
5. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş iddiaçının nümayəndəsi məhkəməyə elektron ərizə ilə müraciət edərək işlərin çoxluğu ilə bağlı üzrlü səbəblərdən bu iş üzrə məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə baxış iclasının iştirakları olmadan keçirilərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qismən qəbul edərək bildirmişdir ki, sözügedən hadisə 7 il əvvəl baş vermişdir. Sığorta şirkətinin işi dəymiş ziyanın ödənilməsi olmalıdır. İndi həmin ziyanın ondan tələb edilməsinin səbəbi isə ona məlum deyildir. Çünki o, hər il sığorta haqqı ödəyir. Hadisə gecə saat 2-də baş vermişdir. Hadisənin baş verməsi zamanı hadisə yerində heç kim olmamışdır. O, qarşı tərəfə nömrəsini vermiş və məsələnin ertəsi gün həll edilməsini söyləmişdir. Lakin qarşı tərəf müvafiq yerlərə müraciət edəcəyini bildirmiş və sonradan ondan bu qədər məbləğ tələb edilmişdir. Dəymiş ziyanla bağlı ondan bu məbləğdə pul tələb edildiyini məhkəmə bildirişi aldıqdan sonra bilmişdir.
İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar
7. xx.xx.2018-ci il tarixli, 049381 nömrəli sığorta aktından görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən “Volkswagen” markalı, ** XF *** dövlət qeydiyyat nişanlı avtomobilə xx.xx.2018-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərlə bağlı 655 manat məbləğində sığorta ödənişi edilməsi müəyyən edilmişdir.
8. “Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə” xx.xx.2018-ci il tarixli hesabatın surətindən görünür ki, , “Wolkswagen Tiguan” markalı, ** XF *** dövlət qeydiyyat nişanlı avtomobilə ehtiyat hissələri və görüləcək işlərə görə xidmətin məbləği yekun olaraq 655 manat müəyyən edilmişdir.
9. xx.xx.2018-ci il tarixli, TP seriyalı, 515620 nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixdə, saat 15:00-da Xətai rayonu ərazisində “Daewoo Gentra” markalı, ** AB *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 100 manat məbləğində cərimə edilmişdir.
10. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışın surətindən müəyyən olunur ki, xx.xx.2018-ci il tarixdə saat 15:00 dəqiqədə S.Vəzirov küçəsində **-AB-*** dövlət qeydiyyat nişanlı “Daewoo Gentra” minik markalı avtonəqliyyat tərəfindən yol nəqliyyat hadisəsi baş vermişdir. Avtonəqliyyat vasitəsinin mülkiyyətçisi "xxxx" ASC, hadisə baş verdiyi anda sürücüsu etibarnamə əsasında Cavabdeh olmuşdur.
11. xx.xx.2018-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfidən Shirshova Yelenaya 655 manat məbləğində sığorta ödənişi edilmişdir.
12. xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh zərər məbləğinin 10 iş günü müddətində şirkətə ödənilmədiyi təqdirdə iddia ərizəsi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
13. xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən İddiaçı Sığorta Şirkəti ASC tərəfindən məhkəməyə ərizə ilə müraciət etmək üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1099.1 Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Maddə 1114.1. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur
15. “İcbari sığortalar” Azərbaycan Respublikasının Qanunu Maddə 25. İcbari sığorta üzrə subroqasiya hüququnun yaranmasının əsasları. Maddə 25.2. Bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Maddə 63. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə subroqasiya hüququ. Maddə 63.1. Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır.
16. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
17. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu
Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri: 8.1.1. iddia qiyməti 1.000 manatadək olduqda - 30 manat.
Məhkəmənin mövqeyi
18. Məhkəmə iddia ərizəsini, cavabdehin izahatını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir.
19. Belə ki, iş materialları ilə müəyyən olunur ki, "xxxx" ASC-yə məxsus İddiaçı Sığorta Şirkəti ASC tərəfindən icbari sığorta növü ilə sığortalanmış “Daewoo Gentra” markalı ** AB *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edən sürücü Cavabdeh təqsirli olaraq törətdiyi yol-nəqliyyat hadisəsindən sonra hadisə yerindən yayındığına görə həmin hadisəsi nəticəsində vurulmuş zərərə görə sığortaçı tərəfindən sığorta ödənişlərini zərərçəkmiş şəxsə ödənilməsi təsdiq olunduğundan məhkəmə qeyd olunan qanunvericilik aktı normalarına əsaslanaraq hesab edir ki, sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı subroqasiya hüququ yaranmışdır.
20. Yuxarıda qeyd edilmiş qanunvericilik normalarından göründüyü kimi sığortaçının subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Bununla belə nəzərə alınmalıdır ki, istənilən növ mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə zərərvuranın hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və zərərvuranın təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir.
21. Məhkəmə hesab edir ki, Cavabdeh baş vermiş hadisə ilə əlaqədar təqsirliliyi barəsində tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərarla və işdə olan digər sübutlarla təsdiq edilmişdir. Bununla da iddia tələbinin hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirilir. Belə ki, iddia tələbinin hüquqi əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında, bir tərəfə digər tərəfdən icranı, yəni nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir.
Məhkəmə xərcləri
22. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
23. İş materiallarından görünür ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu və 0.40 manat məbləğində bank xidməti haqqı ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə uyğun olmuşdur.
24. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumu və bank xidmət haqqı da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə
25. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, mülki iş üzrə tədqiq olunmuş sübutlar məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 655 manat məbləğində sığorta ödənişi, 30 manat məbləğində dövlət rüsumu və 0.40 manat məbləğində bank xidməti haqqı tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.
26. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh 655 (altı yüz əlli beş) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat məbləğində dövlət rüsumu və 0.40 (qırx qəpik) manat məbləğində bank xidməti haqqı tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fəridə Rzayeva