Məhkəmə qərarları › İş №e-2(010)-5108/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(010)-5108/2021

03.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-5108/2021 03.09.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən-Suraxanı rayon Məhkəməsinin hakimi Talıbova Leyla Oruc qızı İddiaçı Bakı şəhəri Nəsimi Bələdiyyəsinin Cavabdeh MMC-yə qarşı bələdiyyənin ərazisində mehmanxana, sanatoriya və turizm xidməti göstərən şəxslərdən alınan ödənişin hesabatının təqdim olunması və ödənişin tələb edilməsinə dair iddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bakı şəhəri Nəsimi Bələdiyyəsinin Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC tərəfindən Bakı şəhəri Nəsimi rayonu, Rəşid Behbudov küçəsi 59 ünvanda fəaliyyət göstərən “AF HOTEL” mehmanxanasına dair 2018-2019-cu illər üzrə “ Bələdiyyə ərazisində mehmanaxa, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən alınan ödənişin hesabatı”nın bələdiyyəyə təqdim olunması və 2018-2019-cu illər üzrə yerli ödənişlərin qeyd olunan firma tərəfindən Bakı şəhəri Nəsimi bələdiyyəsinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarını araşdıraraq hesab edirəm ki, iddiaçı Bakı şəhəri Nəsimi Bələdiyyəsinin Cavabdeh MMC-yə qarşı bələdiyyənin ərazisində mehmanxana, sanatoriya və turizm xidməti göstərən şəxslərdən alınan ödənişin hesabatının təqdim olunması və ödənişin tələb edilməsinə dair mülki iş məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26.1.-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən, aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 saylı, 18.09.2020-ci il tarixli qərarının 3-cü bəndində qeyd olunur ki, məhkəmələr nəzərə almalıdır ki, iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə (ümumi və ya kommersiya məhkəməsi üzrə) düzgün verilməməsi əsası, ərazi aidiyyətindən fərqli olaraq iddia ərizəsinin geri qaytarılması üçün əsas ola bilməz. Belə ki, MPM-in 152.1.3-cü maddəsinə əsasən əgər iş məhz ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Qeyd olunan prosessual hüquq normalarının tələblərinə uyğun olaraq məhkəmələrə izah edilir ki, iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə düzgün verilməməsi zamanı iddia ərizəsinin geri qaytarılması deyil, onun məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilməlidir. Bununla yanaşı nəzərə alınmalıdır ki, MPM-in 32.7-ci maddəsi ilə bir məhkəmədən digərinə göndərilmiş işin onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməli olması ilə bağlı müddəa, məhkəmənin həmin işin aidiyyəti üzrə göndərilməsinə dair qərardadla razılaşmayaraq, işin göndərən məhkəməyə geri qaytarılmasını qadağan edən norma kimi qəbul edilməlidir. Yəni, bu norma heç də aidiyyəti üzrə göndərilmiş işin onu qəbul edən məhkəmə tərəfindən iddia ərizəsinin MPMin 149, 150-ci maddələrinin tələblərinə cavab verməməsi əsası ilə MPM-in 152-ci maddəsinə istinad etməklə tərəfə geri qaytarılmasının qarşısını almır. Məhkəmələr tərəfindən işlərin aidiyyəti üzrə göndərilməsi zamanı MPM-in 10-1-ci maddəsinin tələblərinə riayət edilməsi baxımından kağız daşıyıcılarında olan iş materiallarının elektron sənədə çevrilməsi ilə bağlı “Elektron məhkəmə” informasiya sisteminin imkanlarından istifadənin zəruriliyi də diqqətdən kənarda qalmamalıdır. Həmin qərarın 23-cü bəndində qeyd olunur ki, mübahisə tərəflərindən birinin dövlət orqanı və bələdiyyə olduğu halla bağlı isə məhkəmələrə izah edilməlidir ki, qanunvericiliyin tələbinə görə dövlət və bələdiyyə orqanları hakimiyyət səlahiyyətlərini icra etməkdən başqa mülki dövriyyənin bərabər hüquqlu subyektləri qismində malların (işlərin və xidmətlərin və s.) dövlət və bələdiyyə vəsaiti hesabına alınmasında, sahibkarlıq subyektləri ilə mülki hüquqi əqdlərin bağlanmasında, həmçinin investisiya fəaliyyətinin həyata keçirilməsində eyni ilə digər hüquqi şəxslər kimi iştirak edə bilərlər. Bu zaman sahibkarlıq subyektləri tərəfindən dövlət orqanlarına və bələdiyyələrə qarşı və ya sonuncuların sahibkarlıq subyektlərinə qarşı tələbləri mahiyyət etibarı ilə iqtisadi məzmunlu olduğundan, habelə bu tələblərdən irəli gələn mübahisələrə tətbiq edilən maddi hüquq normalarının sahibkarlıq fəaliyyətini tənzimləyən normalara aid olduğundan həmin mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, irəli sürülmüş tələb sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olduğundan iddiaçı Bakı şəhəri Nəsimi Bələdiyyəsinin Cavabdeh MMC-yə qarşı bələdiyyənin ərazisində mehmanxana, sanatoriya və turizm xidməti göstərən şəxslərdən alınan ödənişin hesabatının təqdim olunması və ödənişin tələb edilməsinə dair mülki iş məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44, 263, 264, 267-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Bakı şəhəri Nəsimi Bələdiyyəsinin Cavabdeh MMC-yə qarşı bələdiyyənin ərazisində mehmanxana, sanatoriya və turizm xidməti göstərən şəxslərdən alınan ödənişin hesabatının təqdim olunması və ödənişin tələb edilməsinə dair mülki iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar