Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-5220/2024 04.12.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Məmmədov Tural Nurulla oğlu İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə yazılı icraat qaydasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi
1. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında) məhkəməyə müraciət edərək, Cavabdeh 90 manat məbləğində vurulmuş zərər və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun (cəmi 120 manat) alınaraq, iddiaçı "xxxx" ASC-nin hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin dəlilləri
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “Nissan Sunny” markalı, **-TZ-*** dövlət nömrə nişanlı avtomobil xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə xx.xx.2022-ci il tarixli PXA ********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. 2022-ci il fevralın 22-də Cavabdeh idarə etdiyi “Nissan Sunny” markalı, **-TZ-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Yasamal rayonu, A.Abbasov küçəsində “Mercedes C200” markalı, **-LX-*** dövlət nömrə nişanlı avtomobillərlə toqquşmuşdur. Cavabdeh hadisə yerindən yayınmışdır. Yasamal DYPŞ-in xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.6-cı (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə) və 327.1-ci maddələri ilə təqsirli bilinmişdir. Başqa sözlə, vurulmuş zərərin məhz cavabdehin təqsirli nəticəsində baş verməsi inzibati xəta haqqında qərarı ilə müəyyən edilərək, təsdiqini tapmışdır. "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixində verilmiş 894 nömrəli qiymətləndirmə aktına əsasən hadisə nəticəsində “Mercedes C200” markalı, **-LX-*** dövlət nömrə nişanlı avtomobilə 90 manat zərər dəymişdir. İddiaçı xx.xx.2022-ci il tarixində 90 manat məbləğində sığorta ödənişi zərərçəkmiş şəxs X1 ödəmişdir.
İş materialları
3. İcbari sığorta müqaviləsinə dair elektron məlumatın çıxarışından görünür ki, sığortaçı "xxxx" ASC ilə sığortalı X2 arasında “Nissan Sunny” markalı, **-TZ-*** dövlət nömrə nişanlı avtomobilin icbari sığorta olunması barədə xx.xx.2022-ci il tarixli, sığorta təminatının müddəti 12 ay olan PXA ********** №-li sığorta müqaviləsi bağlanmışdır.
4. İş materiallarında olan PXA108084 nömrəli sığorta aktının surətindən görünür ki, Cavabdeh idarə etdiyi “Nissan Sunny” markalı, **-TZ-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Yasamal rayonu, A.Abbasov küçəsində “Mercedes C200” markalı, **-LX-*** dövlət nömrə nişanlı avtomobil toqquşmuş və nəticədə “Mercedes C200” markalı, **-LX-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş 90 manat məbləğində zərər (Autobox MMC tərəfindən təqdim edilmiş qüsur aktına əsasən) sığortaçı tərəfindən zərərçəkmiş X1 ödənilmişdir.
5. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ******* nömrəli inzibati tənbehvermə haqqında qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.6-cı və 327.1-ci maddələri ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir.
6. İş materiallarında olan xx.xx.2022-ci il tarixli bildirişin surətindən görünür ki, Cavabdeh 90 manat məbləğində sığorta ödənişinin 7 iş günü ərzində "xxxx" ASC-nin hesabına ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
İşin faktiki halları
7. Cavabdeh idarə etdiyi və "xxxx" ASC tərəfindən sığortalanmış “Nissan Sunny” markalı, **-TZ-*** dövlət nömrə nişanlı avtomobil yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə “Mercedes C200” markalı, **-LX-*** dövlət nömrə nişanlı avtomobillə toqquşaraq sonuncuya 90 manat məbləğində dəyərləndirilən maddi ziyan vurmuşdur. İddiaçı sığorta şirkəti baş vermiş yol-nəqliyyat hadisəsində ziyan dəyən digər avtomobil üçün faydalanan şəxsə 90 manat məbləğində sığorta ödənişi etdiyini bildirir və hesab edir ki, cavabdeh hadisə yerindən yayınmaqla onların cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır.
Tətbiq edilən hüquq
8. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi
Maddə 284-1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
9. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 936. Subroqasiya hüququ 936.1 Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2 Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və hərəkətsizlikdir). 1096.2 Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
10. Azərbaycan Respublikası “İcbari Sığortalar haqqında” Qanun
Maddə 63. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə subroqasiya hüququ 63.1 Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır.
11. AR İnzibati Xətalar Məcəlləsi
Maddə 327. Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması. 327.6 Yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə - yüz manat məbləğində cərimə edilir.
Məhkəmənin mövqeyi
12. Məhkəmə iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia təmin edilməlidir.
13. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normasından göründüyü kimi, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Yəni, bu hüquqlar zərərçəkəndən sığortaçıya keçir. Cavabdeh tərəfindən idarə edilən “Nissan Sunny” markalı, **-TZ-*** dövlət nömrə nişanlı avtomobil yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə “Mercedes C200” dövlət qeydiyyat nişanlı avtomobilə ziyan vurulması işin mübahisəsiz halıdır. Belə ki, bu hal işə əlavə edilən sənədlərlə ilə müəyyən edilir. İş materiallarından o da görünür ki, ziyan cavabdehin təqsirli hərəkəti nəticəsində vurulmuşdur. İddiaçının cavabdehə qarşı subroqasiya hüququnu yaradan hal isə cavabdehin hadisə yerindən yayınması halıdır. Bu hal, cavabdehin barəsində tərtib edilmiş inzibati xəta haqqında qərarla öz təsdiqini tapır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı subroqasiya qaydasında cavabdehdən vurulan ziyanı geri tələb etməkdə haqlıdır. Vurulan ziyanın məbləğinə gəldikdə isə işə əlavə edilmiş sığorta aktından görünür ki, “Mercedes C 200” markalı, **-LX-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş 90 manat məbləğində zərər "xxxx" ASC tərəfindən zərərçəkmiş X1 ödənilmişdir.
Məhkəmə xərcləri
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
15. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
16. İddia təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
Məhkəmənin gəldiyi nəticə
17. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 90 manat məbləğində vurulmuş zərər və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməlidir.
18. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə,
qət etdi: İddia təmin edilsin. Cavabdeh 90 manat məbləğində vurulmuş zərər və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.