Məhkəmə qərarları › İş №e-2(010)-5311/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-5311/2024

03.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-5311/2024 03.12.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Fəridə İslam qızı, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi. İddia tələbi İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – "xxxx" ASC) Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməsinə müraciət edərək, cavabdehdən 900 manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki halları "xxxx" MMC-yə məxsus buraxılış ili 2014-cü il olan “Ford Fusion” minik markalı, **- PS-*** dövlət qeydiyyat nişanlı avtomobil PXA********** nömrəli, xx.xx.2022-ci il tarixli icbari sığorta müqaviləsi ilə "xxxx" ASC tərəfindən sığortalanmışdır. Qeyd olunan avtomobil xx.xx.2023-cü il tarixində ”Kia Cerato” minik markalı, **-XB-*** dövlət qeydiyyat nişanlı avtomobillə, xx.xx.2023-cü il tarixində isə “Toyota Prius” minik markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. İddia ərizəsi və ona etirazın dəlilləri a)iddia ərizəsinin dəlilləri İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərində Cavabdeh idarə etdiyi və iddiaçı tərəfindən PXA********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “Ford Fusion” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobil “Kia Cerato” markalı, **-XB-*** dövlət qeydiyyat nişanlı və “Toyota prius” markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonunculara maddi zərər dəymişdir. DYPŞ-nin əməkdaşı tərəfindən tərtib edilmiş TP ******* və TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6, 327.1 və 332.1-ci maddələri (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınması, etibarnamə olmadan nəqliyyat vasitəsinin idarə edilməsi) nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Tərtib edilmiş qüsur aktında göstərilmişdir ki, “Toyota prius” markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərər 290 manat təşkil edir. Həmçinin, “Kia Cerato” markalı, **-XB-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərər 610 manat təşkil edir. Bununla əlaqədar olaraq, "xxxx" ASC tərəfindən iş üzrə PXA1326882/3 və PXA**********/23 saylı sığorta aktı tərtib edilməklə zərərçəkənə dəymiş zərərə görə ümumilikdə 900 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri Cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətə iddiaya dair əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri göndərməsi barədə məlumatlandırılmışdır. Cavabdehin iddia tələbinə qarşı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. İş materiallarına əlavə edilmiş sənədlər PXA********** nömrəli, xx.xx.2022-ci il tarixli icbari sığorta müqaviləsindən müəyyən olunur ki, "xxxx" MMC-yə məxsus buraxılış ili 2014-cü il olan “Ford Fusion” minik markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdə 12 ay müddətinə əmlaka vurulan zərərə görə 5000 manat məbləğində sığortalanmışdır. Dəymiş zərərə dair hesabatdan müəyyən olunur ki, “Toyota Prius” minik markalı, **- AG-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər (işçilik + ehtiyat hissələri) 290 manat məbləğində müəyyən edilmişdir. TP ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan müəyyən olunur ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə, saat 18:30-da DSK yolu ərazisində “Ford Fusion” minik markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmiş və nəticədə barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir Cavabdeh Bakı şəhəri Binəqədi RPİ DYPŞ-də verdiyi izahatın məzmunundan müəyyən olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Cavabdeh xx.xx.2023-cü il, saat 18:30 radələrində idarə etdiyi “Ford Fusion” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobillə DSK yoluna bitişik ərazidən geri-geri hərəkətdə olan zaman DSK yolu ilə hərəkətdə olan “Toyota Prius” markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı avtomaşının sağ yan hissəsi ilə toqquşmuş, hadisə zamanı bədən xəsarəti alan olmamışdır. xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından müəyyən olunur ki, "xxxx" ASC tərəfindən vurulmuş zərərin əvəzi olaraq "xxxx" MMC-yə ZAİ-2336İ23 nömrəli sığorta aktına əsasən 290 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. xx.xx.2024-cü il tarixli, xx/xx-1011 nömrəli xəbərdarlıqdan müəyyən olunur ki, Cavabdeh subroqasiya qaydasında ödənilmiş 297.77 manat məbləğində pul vəsaitinin 7 (yeddi) iş günü müddətində "xxxx" ASC-yə ödənilməli olması bildirilmiş, əks təqdirdə iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan müəyyən olunur ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə, saat 22:30-da Parlament prospekti ərazisində “Ford Fusion” minik markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmiş və nəticədə barəsində 100 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş 502 nömrəli qiymətləndirmə aktından müəyyən olunur ki, “Kia Cerato” minik markalı, **-XB-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər (işçilik + ehtiyat hissələri) 610 manat məbləğində müəyyən edilmişdir. "xxxx" ASC tərəfindən tərtib olunmuş PXA132688 nömrəli sığorta aktından müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Parlament prospektində baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə sığortalanmış “Kia Cerato” minik markalı, **-XB- *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 610 manat məbləğində müəyyən edilmiş və sığorta ödənişi avtomobilin təmiri üçün X1 hesabına köçürülmüşdür. xx.xx.2023-cü il tarixli, 05/01-55 nömrəli xəbərdarlıqdan müəyyən olunur ki, Cavabdeh subroqasiya qaydasında ödənilmiş 610 manat məbləğində pul vəsaitinin 7 (yeddi) iş günü müddətində "xxxx" ASC-yə ödənilməli olması bildirilmiş, əks təqdirdə iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. xx.xx.2024-cü il tarixli, xx/xx-1011 nömrəli xəbərdarlıqdan müəyyən olunur ki, Cavabdeh subroqasiya qaydasında ödənilmiş 297.77 manat məbləğində pul vəsaitinin 7 (yeddi) iş günü müddətində "xxxx" ASC-yə ödənilməli olması bildirilmiş, əks təqdirdə iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. xx.xx.2024-cü il tarixli, **********36 nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən məhkəməyə ərizə ilə müraciət edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Maddə 936.3. Faydalanan şəxs sığorta ödənişini aldıqda subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir. Maddə 936.4. Faydalanan şəxs zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri sığortaçıya verməkdən imtina etdikdə sığortaçı sığorta ödənişi verməkdən zərərvuran şəxsdən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir. Maddə 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Maddə 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2 Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1108.1 Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Maddə 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu 23.1 Sığortaçının aşağıdakı hüquqları vardır: 23.1.6 sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək; 25.1 Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.8 Bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda. 63.1 Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır Məhkəmənin mövqeyi və gəldiyi nəticə Məhkəmə iş materiallarını nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, tədqiq edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sübutlarla müəyyən edildi ki, Cavabdeh xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixlərində müvafiq olaraq Parlament prospekti və DSK yolu ərazisində "xxxx" ASC-də mülki məsuliyyəti PXA********** saylı müqavilə ilə icbari sığorta olunmuş, "xxxx" MMC-nin mülkiyyətində olan “Ford Fusion” minik markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərək qəza törətmiş və “Toyota Prius” minik markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı və “Kia Cerato” minik markalı, **-XB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinə zərər vurmuşdur. Baş vermiş hadisələr ilə bağlı Bakı şəhəri Binəqədi rayon DYPŞ və Bakı şəhəri DYPİ-də inzibati xəta haqqında iş üzrə araşdırma aparılmış, hadisələri törədən sürücü Cavabdeh barəsində AR İXM-nin 327.2, 327.6 və 332.1-ci maddələri ilə TP ******* və TP5526361 nömrəli qərar qəbul edilərək, sürücü ümumilikdə 140 manat məbləğində cərimə edilmişdir. "xxxx" ASC tərəfindən “Toyota Prius” minik markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulmuş zərərin əvəzi olaraq ödəniş tapşırığı əsasında "xxxx" MMCyə 290 manat məbləğində, “Kia Cerato” minik markalı, **-XB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulmuş zərərin əvəzi olaraq 610 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Cavabdehin təqsiri, yəni onun inzibati xətalara yol verməsi, həmçinin faydalanan şəxslərin zərərvuran şəxs-cavabdehə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya-iddiaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçdiyindən və işdə bunun əksini təsdiq edən sübutlar olmadığına görə iddia tələbi təmin edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh inzibati xətaları törətməkdə təqsirli bilindiyindən, hüquqa zidd əməllər nəticəsində dəymiş zərər sığortaçı tərəfindən zərəkçəkmişə ödənildiyindən və həmin məbləğdə zərəri tələb etmə hüququ subroqasiya qaydasında "xxxx" ASC-yə keçdiyindən 900 manat məbləğində vurulmuş zərər və 30 manat məbləğində dövlət rüsumu Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 384-6.1, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 900 (doqquz yüz) manat məbləğində pul və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fəridə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar