Məhkəmə qərarları › İş №e-2(010)-5375/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-5375/2023

19.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-5375/2023 19.12.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi ilə İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Cavabdeh qarşı “subroqasiya qaydasında” pul tələbinə dair işə sadələşdirilmiş qaydada baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1400 manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 34,40 manat məbləğində dövlət rüsümunun, ümumilikdə 1434,40 manat vəsaitin alınaraq iddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə, saat 18:00 radələrində Bakıxanov qəsəbəsi ərazisində Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsi” ilə sığortalanmış, etibarnamə əsasında Cavabdeh tərəfindən idarə olunan “Mercedes Benz C180 minik” markalı, ** CB *** dövlət qeydiyyat nişanlı avtomobillə “Porsche Cayenne minik” markalı, ** DX *** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, nəticədə sonuncuya maddi ziyan dəymişdir. Sözügedən sığorta hadisəsi ilə bağlı tərtib olunmuş qüsur aktına uyğun olaraq “Porsche Cayenne minik” markalı, ** DX *** dövlət qeydiyyat nişanlı avtomobilə 1400 (min dörd yüz) manat məbləğində zərər dəydiyi müəyyən edilmiş və həmin məbləğdə sığorta ödənişi Şirkət tərəfindən zərərçəkmiş şəxsin bank hesabına tam olaraq köçürülmüşdür. AR DİN Sabunçu DYP tərəfindən qəbul olunmuş İnzibati tənbeh vermə haqqında TP4952437 nömrəli Qərara əsasən, hadisə ilə əlaqədar “Mercedes Benz C180 minik” markalı, ** CB *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.6-cı (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə) maddəsi ilə müəyyən edilmiş inzibati xətaları törətməkdə təqsirli hesab edilərək inzibati cərimə edilmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh hadisə yerindən yayındığı üçün cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır. Pretenziya qaydasında vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə baxmayaraq Cavabdeh tərəfindən hər hansı vəsait ödənilmədiyinə görə törətdiyi mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərin əvəzi olaraq 1400 (min dörd yüz) manat məbləğində sığorta ödənişi Şirkət tərəfindən zərərçəkənə ödənildiyindən, Şirkətin “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə uyğun olaraq Cavabdeh həmin məbləğdə pulu geriyə tələb etmək (subroqasiya) hüququ vardır. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin məlumatlarından aydın olur ki, xx.xx.1966-cı il təvəllüdlü Cavabdeh ünvan 1 ünvanında pasport qeydiyyatındadır. İş materiallarına əlavə edilmiş TP ******* saylı xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İXM-nin 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 100 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli 08586 №-li sığorta ödənişi ilə aktdan görünür ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən “Mercedes Benz C180 minik” markalı, ** CB *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini xx.xx.2021-ci ildən xx.xx.2022-ci il tarixədək 55000 manata sığortalamışdır. xx.xx.2022-ci il tarixdə saat 18:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində Cavabdeh tərəfindən idarə olunan, “Mercedes Benz C180 minik” markalı, ** CB *** dövlət qeydiyyat nişanlı avtomobil, Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən “Azərsığorta” DSKŞ növü ilə sığortalanmış, “Porsche Cayenne minik” markalı, ** DX *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq nəticədə sonuncu avtomobilə 1400 manat maddi zərər dəymişdir. İş materiallarına əlavə edilmiş dəymiş zərərin hesablanması aktından görünür ki, “Porsche Cayenne minik” markalı, ** DX *** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyat hissələri və serviz xidməti ümumilikdə cəmi 1400 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli 35909 saylı ödəniş tapşırığından görünür ki, Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən vurulmuş zərərin əvəzi olaraq 1400 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh zərər məbləğinin şirkətə ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. «Sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən Sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak Sığortası üzrə Sığorta ödənişini vermiş Sığortaçıya reqres qaydasında onun verdiyi Sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 916.1-ci maddəsinə əsasən əgər Sığortalı zərərin əvəzini ödəmək tələbini 3-cü şəxs qarşısında irəli sürə bilərsə, həmin tələb Sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini Sığortalıya ödəmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəklərinin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə nəqliyyat vasitələrində istifadə edilməsi nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Bu Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. İcbari sığortalar haqqında Azərbaycan Respublikasının Qanununun 25.1.-ci maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.8. Bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda. Həmin Qanunun 63.1.-ci maddəsinə əsasən Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, 25-ci maddəsinə əlavə olaraq avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Cavabdeh tərəfindən idarə olunan “Mercedes Benz C180 minik” markalı, ** CB *** dövlət qeydiyyat nişanlı avtomobillə “Porsche Cayenne minik” markalı, ** DX *** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, nəticədə sonuncuya maddi ziyan dəymişdir. Sözügedən sığorta hadisəsi ilə bağlı tərtib olunmuş qüsur aktına uyğun olaraq “Porsche Cayenne minik” markalı, ** DX *** dövlət qeydiyyat nişanlı avtomobilə 1400 (min dörd yüz) manat məbləğində zərər dəydiyi müəyyən edilmiş və həmin məbləğdə sığorta ödənişi Şirkət tərəfindən zərərçəkmiş şəxsin bank hesabına tam olaraq köçürülmüşdür. Cavabdeh yol nəqliyyat hadisəsi yerindən yayındığına görə Azərbaycan Respublikasının İXM-nin 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 100 manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh inzibati xətanı törətməkdə təqsirli bilindiyindən, hüquqa zidd əməl nəticəsində dəymiş zərər sığortaçı tərəfindən zərəkçəkmişə ödənildiyindən və həmin məbləğdə zərəri tələb etmə hüququ subroqasiya qaydasında Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə keçdiyindən 1400 manat məbləğində vurulmuş zərər və 34.40 manat məbləğində dövlət rüsumu Cavabdeh iddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə(hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 1400 (bir min dörd yüz) manat sığorta ödənişi məbləği və ödənilmiş 34,40 (otuz dörd manat, qırx qəpik) manat dövlət rüsumu iddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar