Məhkəmə qərarları › İş №e-2(010)-5451/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-5451/2021

28.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-5451/2021 28.10.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “sığorta məbləğinin subraqasiya qaydasında tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi Cavabdeh subroqasiya qaydasında iddiaçı "xxxx" ASC-nin xeyrinə dəymiş ziyana görə 298,88 (iki yüz doxsan səkkiz manat səksən səkkiz qəpik) manat sığorta ödənişinin, ödənilmiş 20,40 (iyirmi manat qırx qəpik) manat dövlət rüsumunun tutulması. Hazırki iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 284-1 Mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə həmin Məcəllənin 23-1-ci fəslinə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1 Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2 Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3 Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-5.4. Tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə, habelə iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa məhkəmə işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır. 284-6.1 Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraatda işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə qeyd edir ki, mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdehə poçt vasitəsi ilə “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququ, eləcə də digər prosessual hüquq və vəzifələrin izahı haqqında bildiriş və iddia ərizəsinin surəti göndərilmiş, lakin bugünə kimi cavabdehin iddia ərizəsinə etirazı məhkəməyə daxil olmamışdır. Qeyd edilənləri, eləcə də iddiaçının təqdim etdiyi sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq, məhkəmə iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “sığorta məbləğinin subraqasiya qaydasında tutulması” tələbi üzrə ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edir. İddia tələbinin dəlilləri “Bakı 4 №-li yol istismari’ MMC-nin istifadəsində olan sürücü Cavabdeh tərəfindən idarə olunan 90 L 461 dövlət qeydiyyat nişanlı Mst 544 markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış ** JH *** dövlət qeydiyyat nişanlı İveco Crealis markalı avtonəqliyyat vasitəsinə 07.04.2020-ci il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı DYP əməkdaşları tərəfindən sürücü Cavabdeh barəsində TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuş və sürücü cərimə edilmişdir. "xxxx" MMC tərəfindən tərtib olunmuş zərər aktına əsasən ** JH *** dövlət qeydiyyat nişanlı İveco Crealıs markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi 298,96 (iki yüz doxsan səkkiz manat doxsan altı qəpik) manat müəyyən edilmişdir. "xxxx" ASC-nin 30.10.2020-ci il tarixli sığorta aktına əsasən dəymiş ziyan üzrə 298,88 (iki yüz doxsan səkkiz manat səksən səkkiz qəpik) manat məbləğində sığorta ödənişinin zərərçəkən avtonəqliyyat vasitəsinin təmiri üçün ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Köçürülmə həyata keçirildikdən sonra zərərvuran şəxsin mülki məsuliyyətinin icbari sığortasının olmadığı müəyyənləşdirilmişdir. Sığorta tərəfindən sığortalıya ödənilmiş 298,88 (iki yüz doxsan səkkiz manat səksən səkkiz qəpik) manat məbləğində vəsaitin "xxxx" ASC-nin bank hesabına ödənilməsi barədə cavabdehə müvafiq bildiriş göndərilmiş lakin, cavabdeh dəymiş zərər məbləğini ödəməkdən yayınmışdır. Mülki hüquq pozuntusu (delikt) cavabdeh "xxxx" MMC-nin işçisi Cavabdeh tərəfindən törədilmiş və sonuncunun təqsirli və hüquqazidd əməli nəticəsində sığortalanmış avtomobilin sahibinə maddi zərər yetirilmişdir. İş materiallarına əlavə edilmiş: İXP ******* saylı 07.04.2020-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-cı maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. TP ******* saylı 07.04.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından müəyyən olunur ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 manat məbləğində cərimə olunmuşdur. "xxxx"un 5866 saylı 07.04.2020-ci il tarixli zərər aktından müəyyən olunur ki, ** JH *** dövlət qeydiyyat nişanlı İveco Crealıs markalı avtonəqliyyat vasitəsinə ümumilikdə 298,88 manat məbləğində ziyan dəymişdir. 25.09.2020-ci il tarixli Sığorta aktından görünür ki, "xxxx" MMC ** JH *** dövlət qeydiyyat nişanlı İveco Crealıs markalı avtonəqliyyat vasitəsini 01.06.2019-cu il tarixdən 31.05.2020-ci il tarixədək müddətə 206948,51 manata sığortalamışdır. 07.04.2020-ci il tarixdə Nərimanov rayonu, Z.Bünyatov prospektində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı zərər dəymiş əmlak, zərərçəkən şəxs olmamışdır. 298,88 manat sığorta ödənişi avtobusun təmiri üçün "xxxx" MMC-nin hesabına köçürülmüşdür. "xxxx" ASC tərəfindən 09.04.2021-ci il tarixdə “Bakı 4 №-li yol istismarı" MMC-yə və Cavabdeh ünvanladığı məktubundan görünür ki, "xxxx" MMC-nin istifadəsində olan, sürücü Cavabdeh tərəfindən idarə olunan 90 L 461 dövlət qeydiyyat nişanlı Mst 544 markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış ** JH *** dövlət qeydiyyat nişanlı İveco Crealıs markalı avtonəqliyyat vasitəsinə 07.04.2020-ci il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən 298,88 (iki yüz doxsan səkkiz manat səksən səkkiz qəpik) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Subroqasiya hüququna əsasən 298,88 manat məbləğində vəsaitini 15 gün təqvim günü ərzində "xxxx" ASC-nin hesabına ödənilməsi xahiş olunmuşdur. Tətbiq olunan hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 1096 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1114.1. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Məhkəmənin mövqeyi Məhkəmə iclasında toplanmış sübutlarla müəyyən edilmişdir ki, “Bakı 4 №-li yol istismari’ MMC-nin istifadəsində olan, sürücü Cavabdeh tərəfindən idarə olunan 90 L 461 dövlət qeydiyyat nişanlı Mst 544 markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış ** JH *** dövlət qeydiyyat nişanlı İveco Crealıs markalı avtonəqliyyat vasitəsinə 07.04.2020-ci il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı DYP əməkdaşları tərəfindən sürücü Cavabdeh barəsində TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuş və sürücü cərimə edilmişdir. "xxxx" MMC tərəfindən tərtib olunmuş zərər aktına əsasən ** JH *** dövlət qeydiyyat nişanlı İveco Crealıs markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi 298,96 (iki yüz doxsan səkkiz manat doxsan altı qəpik) manat müəyyən edilmişdir. "xxxx" ASC-nin 30.10.2020-ci il tarixli sığorta aktına əsasən dəymiş ziyan üzrə 298,88 (iki yüz doxsan səkkiz manat səksən səkkiz qəpik) manat məbləğində sığorta ödənişinin zərərçəkən avtonəqliyyat vasitəsinin təmiri üçün ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Köçürülmə həyata keçirildikdən sonra zərərvuran şəxsin mülki məsuliyyətinin icbari sığortasının olmadığı müəyyənləşdirilmişdir. Sığorta tərəfindən sığortalıya ödənilmiş 298,88 (iki yüz doxsan səkkiz manat səksən səkkiz qəpik) manat məbləğində vəsaitin "xxxx" ASC-nin bank hesabına ödənilməsi barədə cavabdehə müvafiq bildiriş göndərilmiş, lakin cavabdeh dəymiş zərər məbləğini ödəməkdən yayınmışdır. Sadalanan xüsusatlara və qanuvericilik aktı normalarına istinadən məhkəmə hesab edir ki, iddiaçı “PAŞA Sıgorta” Sığorta Sığorta ACS-nin Cavabdeh subroqasiya qaydasında zərərin əvəzini ödəmək tələbi əmələ gəlmişdir. Odur ki, iddia təmin edilməli və Cavabdeh 298,88 (iki yüz doxsan səkkiz manat səksən səkkiz qəpik) manat məbləğində vəsait tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Məhkəmə xərcləri “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.1.2 İddia qiyməti 500 manatadək olduqda 20 manat, 500 manatdan artıq olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, dövlət rüsumu və bank xərclərinə görə 20,40 (iyirmi manat qırx qəpik) manat məbləğdə pul vəsaiti cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 14.2 və 77.1-ci maddələrini nəzərə almışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və AR MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 298,88 (iki yüz doxsan səkkiz manat səksən səkkiz qəpik) manat və məhkəmə xərclərinə görə 20,40 (iyirmi manat qırx qəpik) manat olmaqla, ümumilikdə 319,28 (üç yüz on doqquz manat iyirmi səkkiz qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar