Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-5457/2021 10.11.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X2 iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “qüsurlu məmulatların qaytarılması” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “qüsurlu məmulatların qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən onunla Cavabdeh arasında bağlanmış podrat müqaviləsinə əsasən Abşeron rayonu, Quşçuluq sovxozu ərazisində 0.2 ha torpaq sahəsində inşa etdiyi tikilinin – hasarın və evin kürsüsünün sökülərək, həmin tikililərə istifadə edilmiş materialların – mişar daşları və armaturların ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki: “Abşeron rayonu, Abşeron Quşçuluq sovxozu ərazisində 0.2 ha torpaq sahəsində ümumi sahəsi 80 m2 olan fərdi yaşayış evinin tam tikintisi ilə əlaqədar mənimlə Cavabdeh arasında podrat müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən 05.01.2018-ci ildən başlayaraq, 05.12.2021-ci ilədək Cavabdeh tərəfindən ödəniş edilməli və 11.11.2019-cu il tarixə qədər mən Abşeron rayonu, Abşeron Quşçuluq sovxozu ərazisində 0.2 ha torpaq sahəsində ümumi sahəsi 80 m2 olan fərdi yaşayış evinin tikintisini başa çatdırıb Cavabdeh təhvil verməli idim. İşin icrası zamanı Cavabdeh mənə müraciət edərək, maddi vəziyyətinin pisləşməsi nəticəsində qrafik üzrə mütəmadi ödəniş edə bilməyəcəyini və ödənişi sərbəst qaydada etmək istədiyini bildirmişdir. Mən onunla razılaşmış, onun öz öhdəsinə götürdüyü öhdəliyi yerinə yetirmək iqtidarında olmamasını gördüyümə görə mən də işləri edilən ödənişlərə uyğun aparmağa başlamış, buna baxmayaraq, 2019-cu ilin mart ayınadək həmin torpaq sahəsinin hasarını və evin kürsüsünü tikmişdim. Mən cavabdehdən müqavilə üzrə ödəniş etməsini tələb etdikdə isə cavabdeh tikintinin qüsurlu olmasını əsas gətirib, mənə qarşı məhkəmədə iddia qaldırmış, məndən müqavilə üzrə aldığı 8600 manat, öhdəliklərini icra etmədiyi üçün kirayə haqqı olaraq ödədiyi 3000 manat, mənəvi zərər olaraq qiymətləndirdiyi 25000 manat, ümumilikdə 36000 manat pulun, həmçinin ödədiyi 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Mən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə Cavabdeh qarşı “müqaviləyə xitam verilməsi və maddi zərərin ödənilməsi” tələbi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mənimlə Cavabdeh arasında bağlanmış podrat müqaviləsinə xitam verilməsi və cavabdehdən mənə vurulmuş 4200 manat məbləğində pul vəsaitinin alınaraq mənə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdim. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 28.02.2020-ci il tarixli qətnaməsi ilə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə Cavabdeh iddia tələbləri qismən təmin edilmiş, məndən 8600 manat və 30 manat dövlət rüsumu tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Qarşılıqlı iddia ərizəsi təmin edilməmişdir. Yəni mənim podrat müqaviləsi üzrə bir sıra tikinti işləri aparmağıma, hasarı və evin kürsüsünü tikib başa çatdırmağıma, bunun üçün isə bir çox tikinti materialları istifadə etməyimə baxmayaraq, məhkəmə sifarişçiniin mənə ödədiyi pulu qaytarmaq vəzifəsini mənim öhdəmə qoymuşdur. Məhkəmə əsas kimi isə mənim tərəfimdən aparılan tikinti işlərinin tikinti-texniki normalarına uyğun olmamasını göstərmişdir. Məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20.12.2019-cu il tarixli, 22847 saylı rəyinə əsasən tədqiqat Abşeron rayonu, Quşçuluq sovxozu ərazisində yerləşən, Cavabdeh Həzrət oğlunun mülkiyyətində olan 0.025 ha torpaq sahəsində cavabdeh İddiaçı tərəfindən aparılmış tikinti işləri üzrə aparılmışdır. Tədqiqat obyektinə tərəflərin iştirakı ilə baxış keçirilmiş və ölçü işləri aparılmışdır. İddiaçı ilə Cavabdeh arasında 25.10.2017-ci il tarixdə bağlanmış müqaviləyə əsasən, Abşeron rayonu, Quşçuluq sovxozu ərazisində yerləşən Cavabdeh mülkiyyətində olan 0.025 ha torpaq sahəsində 70 m2 ölçüdə fərdi yaşayış evinin tam tikintisini öhdəsinə götürmüşdür. Baxış zamanı tədqiq olunan tikilinin sahəsi müəyyən olunur: 1 saylı tikilinin sahəsi 21.6 m2 (3.0 x 7.2); 1 saylı tikilinin sahəsi 4.60 m2 (2.0 x 2.3); 1 saylı tikilinin sahəsi 10.8 m2 (3.1 x 3.5); 1 saylı tikilinin sahəsi 25.8 m2 (1.2 x 2.0 + 3.5 x 6.7), cəmi 62.8 m2. Baxış keçirilən zaman inşa olunmuş yarımçıq tikilinin xarici divarları 40 sm ölçüdə, 80 sm hüdürlükdə, daxili divarları 20 sm qalınlığında, 60 sm hündürlükdə mişar daşı ilə hörülmüşdür. Xarici divarların bünövrəsinə 14 mm ölçüdə atılaraq 20 x 50 sm ölçüdə beton tökülmüş, daxili divarların bünövrəsinə yastısına 1 sıra mişar daşı düzülmüşdür. Həyətyanı torpaq sahəsi 60 m uzunluğunda, 1 m hündürlüyündə mişar daşı ilə hörülmüş, bünövrəsinə yastısına 1 sıra mişar daşı düzülmüşdür. Tədqiq olunan ünvanda aparılmış tikinti-təmir işlərinin dəyərini müəyyən etmək məqsədilə hal-hazırkı bazar qiymətlərinə uyğun qiymət normaları tətbiq olunmaqla smeta tərtib olunmuşdur. Aparılan hesablamalar nəticəsində tədqiq olunan ünvanda aparılmış tikinti-təmir işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 2730.1 manat məbləğində müəyyən olunmuşdur. Göründüyü kimi hər bir halda qeyd edilən müqaviləyə əsasən mənim tərəfimdən tikinti materialları sərf edildiyinə görə mənim tikinti materiallarını tikinti sahəsindən aparmaq hüququm yaranmışdır. Hesab edirəm ki, mənimlə Cavabdeh Həzrət oğlu arasında bağlanmış podrat müqaviləsinə əsasən mənim inşa etdiyim tikili sökülərək həmin tikiliyə istifadə edilmiş materiallar, mişar daşları və armaturlar mənə qaytarılmalıdır”. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş iddiaçının vəkili Nümayəndə iddianı müdafiə edərək bildirmişdir ki, tərəflər arasında bağlanmış podrat müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə məxsus torpaq sahəsində bir sıra tikinti işləri aparılmış, lakin sonradan aralarında mübahisə yarandığından cavabdeh aparılmış tikinti işlərinə görə iddiaçıya ödədiyi pulu geri tələb etmiş, bununla bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfindən tikintinin qüsurlu olduğu müəyyən edilərək iddia qismən təmin edilmiş, iddiaçıdan cavabdehin xeyrinə 8600 manat məbləğində pul tutulması qət edilmişdir. Həmin qətnamədən də görünür ki, iddiaçı tərəfindən müəyyən tikinti işləri aparılmış, lakin bu tikintinin qüsurlu olduğu müəyyən edildiyinə görə ödənilmiş pulun geri qaytarılması qət edilmişdir. Hansı ki, həmin tikinti işləri üçün iddiaçı tərəfindən 2730 manat dəyərində işlər görülmüş, müxtəlif tikinti materialları, mişar daşları, armaturlar alınmışdır. Cavabdehin ödədiyi pulun iddiaçı tərəfindən geri qaytarılması qət edilsə də iddiaçı tərəfindən aparılmış 2730 manat dəyərində tikinti işlərinin dəyəri ona ödənilməmiş, nə də iddiaçı tərəfindən tikinti üçün alınmış materiallar geri qaytarılmamışdır. İddiaçı hazırda cavabdehdən 2730 manat dəyərində olan həmin tikinti materiallarını tələb edir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmənin hazırkı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nə iddiaçı, nə də vəkili məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Belə olan halda məhkəmə işə iddiaçının və vəkilinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmənin əvvəlki iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinin səbəbi məhkəmə qətnaməsi ilə ona 8600 manat məbləğində pul ödəməyə borclu olmasıdır. Belə ki, iddiaçı həmin qətnamənin icrasını uzatmaq məqsədilə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edib. Əslində isə iddiaçının qüsurlu tikinti apardığını bildikdən dərhal sonra atası (cavabdehin) onun yanına gedərək iddiaçı ilə görüşmüş, xərclərini hesablayıb qalan pulu qaytarmağı ona təklif etmişdir. Lakin iddiaçı buna razı olmadığından məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı tərəfindən tələb edilən tikinti materialları isə hazırda mövcud deyil. Belə ki, iddiaçı 4-5 sıra daş hasar tikmiş, bünövrə qoymuş, tikinti qüsurlu olduğundan və bu barədə məhkəmə qətnaməsi çıxdığından o, 2021-ci ildə bu hasarı və bünövrəni sökmüşdür. Söküntüdən sonra salamat qalan daşların bir hissəsi oğurlanmış, qalan daşlar isə yararsız vəziyyətə düşmüşdür. Bu daşların heç biri hazırda mövcud deyil. Bunu iddiaçı özü də bilir. Onun məqsədi məhkəmə qətnaməsi əsasında ona ödəməli olduğu puldan yayınmaqdır. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. Cavabdeh hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə əvvəlki məhkəmə iclasında verilmiş izahatları nəzərə alıb, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb belə qənaətə gəlir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 28.02.2020-ci il tarixli, 2(010)-134/2020 saylı qətnaməsindən görünür ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə Cavabdeh ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə İddiaçı qarşı “maddi və mənəvi zərərin ödənilməsi”nə dair tələbi qismən təmin edilmiş, İddiaçı 8600 manat və 30 manat dövlət rüsumunun tutularaq Cavabdeh ödənilməsi, ilk iddia tələbinin qalan hissədə təmin edilməməsi, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə İddiaçı ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə Cavabdeh qarşı “müqaviləyə xitam verilməsi və maddi zərərin ödənilməsi” tələbinin təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pulun İddiaçı alınaraq Məhkəmə Ekspertiza Mərkəzinə köçürülməsi qət edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 16.05.2021-ci il tarixli, 2(102)- 3173/2021 saylı qərarından görünür ki, cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7214/2020 nömrəli iş üzrə 12.10.2020-ci il tarixli qətnaməsi (hansı ki, bu qətnamə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 28.02.2020-ci il tarixli, 2(010)-134/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır) mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı və Cavabdeh arasında ilk dəfə 15.03.2017-ci il tarixdə podrat müqaviləsi bağlanmış, bu müqaviləyə əsasən, Sifarişçi (Cavabdeh) Abşeron rayonu, Abşeron Quşçuluq sovxozu ərazisində 0.025 ha (müqavilədə 0.2.5 ha kimi yazılsa da iş materiallarından 0.025 ha olduğu görünür) torpaq sahəsində ümumi sahəsi 80 m2 olan fərdi yaşayış evinin tikintisini Podratçıya (İddiaçı) sifariş etmiş, Podratçı işlərin müqaviləyə, eləcə də tikinti qaydalarına uyğun, keyfiyyətlə yerinə yetirilməsini və tikintinin 11.11.2019-cu il tarixdə başa çatdırılmasını, Sifarişçi isə ödəniş cədvəlinə uyğun olaraq aylıq ödənişlər etməyi öz üzərinə götürmüşdür. 25.10.2017-ci il tarixdə tərəflər arasında yeni podrat müqaviləsi bağlanmış, bu müqavilə ilə əvvəlki müqavilədə tikiləcək evin ölçüsü azaldılaraq 70 m2 ölçüsündə tikilməsi, tikintinin 06.06.2018-ci il tarixdə başa çatması müəyyən edilmişdir. Lakin bu müqavilə ilə bağlı tərəflər arasında mübahisə yaranmış, müqavilə üzrə sifarişçi Cavabdeh podratçı İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tikintinin keyfiyyətsiz aparılması və vaxtında başa çatdırılmaması əsası ilə müqavilə üzrə ödədiyi bütün pulu cavabdeh İddiaçı geri tələb etmişdir. Öz növbəsində İddiaçı da Cavabdeh qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək aralarında bağlanmış müqaviləyə xitam verilməsi və ona dəymiş maddi zərərin ödənilməsini tələb etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 28.02.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh iddiası qismən – müqavilə üzrə ödədiyi 8600 manat məbləğində pul tələbi hissəsində təmin edilmiş, qarşılıqlı iddia isə təmin edilməmişdir. Qətnamədən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti, eləcə də kassasiya şikayəti təmin edilməmiş, qətnamə qanuni qüvvəsini almışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 28.02.2020-ci il tarixli qətnaməsi ilə iş üzrə verilmiş ekspert rəyi əsasında müəyyən edilmiş və sonradan işə baxan yuxarıı instansiya məhkəmələri tərəfindən təkrarlanmışdır ki, tərəflər arasında bağlanmış podrat müqaviləsinə əsasən podratçı İddiaçı tərəfindən tikilməli olan fərdi yaşayış evi yarımçıq olduğu üçün podrat müqaviləsində nəzərdə tutulmuş tikinti işləri faktiki olaraq icra olunmamışdır. Həmçinin, müəyyən edilmişdir ki, binanın dayanıqlılığına təsir edən bünövrə tikinti-texniki normalara uyğun tikilməmişdir. Beləliklə, podrat müqaviləsi üzrə podratçı İddiaçı sifarişi keyfiyyətsiz və yarımçıq yerinə yetirdiyi, bu səbəbdən sifarişçi Cavabdeh müqavilə üzrə ödədiklərini geri tələb etməkdə haqlı olduğu qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edildiyindən bu hallar hazırkı iş üzrə yenidən sübuta yetirilmir və məhkəmə tərəfindən mübahisələndirilmədən tanınır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23.02.2016-cı il tarixli Qərarı). Elə iddiaçı da bu halı, yəni müqaviləni qüsurlu və keyfiyyətsiz icra etdiyini mübahisələndirməmiş, bununla belə həmin müqavilə üzrə podratçı kimi tərəfindən yerinə yetirilmiş tikinti-təmir işləri zamanı istifadə edilmiş tikinti materiallarını tələb etmişdir. İddiaçı bu zaman yuxarıda qeyd edilmiş məhkəmə qətnaməsində də istinad edilən ekspert rəyinə istinad edərək həmin rəydə onun tərəfindən aparılmış tikinti-təmir işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyərinin 2730.1 manat məbləğində müəyyən edildiyini bildirmişdir. Yəni iddiaçı podrat müqaviləsini qüsurlu icra etdiyini, tikinti işlərini keyfiyyətsiz şəkildə həyata keçirdiyini qəbul edir, sadəcə olaraq, tikintidə istifadə etdiyi tikinti materiallarının qaytarılmasını tələb edir. Məhkəmə mübahisənin mahiyyəti üzrə həllinə keçməzdən əvvəl tələbin qeyridəqiqliyini iddiaçının diqqətinə çatdırmağı zəruri hesab edir. Belə ki, iddia ərizəsinin xahiş hissəsindən görünür ki, iddiaçı müvafiq tikintiyə istifadə edilmiş materialların – mişar daşları və armaturların ona qaytarılmasını tələb etmişdir. Lakin iddiaçı nəzərə almamışdır ki, cavabdehdən tələb etdiyi bu əşyalar əvəzedilən daşınar əşyalardır və mütləq say, ölçü və ya çəki ilə ifadə edilərək tələb edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 135.7-ci maddəsinə əsasən, başqa əşyalardan yalnız özlərinə xas əlamətlərə görə ayrılmış fərdi-müəyyən əşyalar əvəzedilməz əşyalar sayılır. Növ əlamətlərinə görə fərqlənən, dövriyyədə adətən say, ölçü və ya çəki ilə müəyyənləşdirilən daşınar əşyalar əvəzedilən əşyalar sayılır. Təkcə bu hal belə iddianın təmin edilməsini istisna etməyə kifayət etsə də məhkəmə iddianın hüquqi əsasının olub-olmamasına münasibət bildirməyi zəruri hesab edir. Bunun üçün isə tərəflər arasında məhz podrat müqaviləsi bağlandığına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin “podrat” adlanan 39-cu fəslinin müddəalarının və öhdəlik anlayışının nəzərdən keçirilməsi əhəmiyyətlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəllənin: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 390.1. Fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. 753.4. Müqavilədə nəzərdə tutulmayan və sifarişçi tərəfindən yerinə yetirilməsi tələb edilməyən işlər ödənilmir. Tələb edildikdə podratçı belə işlərin nəticələrini aradan qaldırmalıdır. Əgər o bunu ağlabatan müddət ərzində etməzsə, sifarişçi onları podratçının hesabına aradan qaldıra bilər. Bundan başqa, podratçı bütün digər zərər üçün sifarişçi qarşısında məsuliyyət daşıyır. 756.1. Əgər sifarişçi yerinə yetirilmiş işi qəbul etməzsə, podratçı yerinə yetirilməmiş işin haqqını və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Sifarişçi işin yerinə yetirilməsi üçün zəruri hərəkətləri icra etmədiyi halda da zərərin əvəzini ödəməyə borcludur. 759.2. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. 760.1. Əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri nəticəsində baş verməyən və ya həmin hərəkətlərlə bağlı olmayan səbəbə görə xitam verilirsə, podratçı işlər qurtaranadək müqaviləyə elə tərzdə xitam verməlidir ki, sifarişçi işləri başqa şəkildə və bərabər və ya daha əlverişli şərtlərlə ala bilsin. Bu zaman podratçı yerinə yetirilmiş işin haqqının ödənilməsini tələb edə bilər, bu şərtlə ki, sifarişçinin əvvəl görülmüş işlərə hansısa marağı olsun. 760.2. Əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilirsə, podratçı yerinə yetirilmiş işin haqqını və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. 762.3. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. 763.3. Əgər podratçı yeni məmulat hazırlayarsa, sifarişçidən qüsurlu məmulatı qaytarmağı tələb edə bilər. 767.1. Əgər podratçı işi öz materialları ilə icra edirsə, keyfiyyətsiz materiallar üçün məsuliyyət daşıyır. Göründüyü kimi qanunvericiliklə podratçının yerinə yetirilməmiş işin haqqını, zərərin əvəzinin ödənilməsini və ya qüsurlu məmulatı tələb edə bilməsi hüququ bir neçə halla şərtləndirilmişdir: sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə (yalnız sifarişçinin həmin işlərə hansısa marağı olduğu halda) (759.2); podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri nəticəsində baş verməyən və ya həmin hərəkətlərlə bağlı olmayan səbəbə görə xitam verilirsə (yalnız sifarişçinin əvvəl görülmüş işlərə hansısa marağı olduğu halda) (760.1); podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilirsə (760.2); qüsurlu məmulat hazırlayan podratçı yeni məmulat hazırlayıb, qüsurlu məmulatı sifarişçidən tələb edərsə (763.3). Tərəflər arasında bağlanmış podrat müqaviləsinə nə onlar arasında əldə edilmiş razılıq, nə də məhkəmə tərəfindən xitam verilməsə (ləğv edilməsə) də məhz sifarişçi Emil Mirzəyevin iddia ərizəsi əsasında işə məhkəmədə baxılması və podratçı İddiaçı sifarişi keyfiyyətsiz yerinə yetirdiyi aşkar edilərək sifarişçi tərəfindən ona ödənilmiş bütün pulun məhkəmə qətnaməsi ilə geri qaytarılmasının qət edilməsi ilə müqavilənin faktiki olaraq sifarişçi X1 təşəbbüsü ilə xitam verildiyi nəticəsinə gəlmək olar. O da nəzərə alınmalıdır ki, sifarişçinin bu təşəbbüsü göstərməsinə bilavasitə podratçı İddiaçı hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən hallar səbəb olmuşdur. Belə olan halda iddiaçının podratçı kimi yerinə yetirilməmiş işin haqqını və ya zərərin əvəzinin ödənilməsini tələb edə bilməsi yalnız Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 759.2-ci maddəsinə əsaslana bilərdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 759.2-ci maddəsinə əsasən, əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Lakin məhkəmə hesab edir ki, hazırkı işin xüsusi halları nəzərə alındıqda iddiaçının bu maddəyə əsaslanan tələbinin əsassız olduğu aydın olur. Belə ki, ilk növbədə, həmin maddədən görünür ki, podratçı bu halda yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər. Göründüyü kimi bu maddə ilə qüsurlu məmulatın (hazırkı halda tikinti materiallarının) tələb edilməsi müəyyən edilmir, sadəcə olaraq yerinə yetirilmiş işin haqqının tələb edilməsindən bəhs edilir. Bu hissədə xüsusi qeyd edilməlidir ki, tərəflər arasında olan əvvəlki məhkəmə mübahisəsinin gedişində hazırkı iş üzrə İddiaçı qarşılıqlı iddia ərizəsi ilə ona vurulmuş maddi zərər adı altında yerinə yetirilmiş işlərin haqqını ilk iddiaçı Cavabdeh tələb etmiş, lakin onun qarşılıqlı iddiası təmin edilməmişdir. Sonradan məhkəməyə hazırkı iddia ərizəsi ilə müraciət edən İddiaçı yerinə yetirilmiş işlərin haqqını yox, hansısa qeyri-dəqiq tikinti materiallarını tələb etməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olması əsası ilə iddianın yolverilməz hesab edilməsinin qarşısını almaq cəhdi ilə izah edilə bilər. Digər tərəfdən, İddiaçı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 759.2-ci maddəsində göstərilən əsasla tikinti materiallarını tələb etməsi mümkün olsa idi belə, bu maddə hazırkı mübahisənin hüquqi əsasını təşkil edə bilməzdi. Belə ki, maddədə açıq şəkildə qeyd edilir ki, podratçı o şərtlə yerinə yetirilmiş işin haqqını tələb edə bilər ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Hazırkı işdən isə müəyyən edilir ki, sifarişçi Cavabdeh podratçı İddiaçı tərəfindən görülmüş işlərə o dərəcədə marağı olmamışdır ki, İddiaçı tikdiyi qüsurlu yarımtikilini sökmüşdür. Ekspert rəyinə əsasən, tikintinin bünövrəsinin dayanıqsız olduğu nəzərə alındıqda, sifarişçi kimi Cavabdeh bu hərəkəti tamamilə başa düşüləndir. Belə olan halda podratçı İddiaçı tərəfindən yerinə yetirilmiş işlərə sifarişçi Cavabdeh hansısa marağının olması istisna edilir. Nəzərə alınmalıdır ki, iddiaçı bu “marağ”ı yalnız sifarişçinin söküntüdən sonra yararlı vəziyyətdə qalmış tikinti materiallarından istifadə etməsi ilə izah edə bilərdi ki, bu halda da bunu sübut etmək hər bir halda iddiaçının üzərinə düşməli idi. İddiaçı isə nəinki bu halı təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim etmiş, artıq yuxarıda qeyd edildiyi kimi əvəzedilən əşya kimi tikinti materiallarının sayı, ölçüsü ilə bağlı zəruri məlumatları belə təqdim edə bilməmişdir. Halbuki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmçinin, MPM-in 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Son olaraq, məhkəmə iddiaçı tərəfindən iddia ərizəsində Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 763-cü maddəsinə mübahisənin hüquqi əsası kimi istinad edildiyini nəzərə alaraq, iddiaçının diqqətin çatdırır ki, həmin maddədə söhbət qüsurlu məmulat hazırlayan podratçının yeni məmulat hazırladığı halda sifarişçidən qüsurlu məmulatı qaytarmağı tələb edə bilməsindən gedir. Hazırkı işdə İddiaçı tərəfindən qüsurlu məmulatın əvəzinə yeni məmulat hazırlaması kimi bir hal olmadığından iddia ərizəsində qeyd ediləndən fərqli olaraq, bu maddə heç bir halda iddianın hüquqi əsasını təşkil edə bilməzdi. Göründüyü kimi İddiaçı hazırkı iddia tələbinin heç bir hüquqi əsası yoxdur və bu səbəbdən iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində isə göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Beləliklə, məhkəmə hesab edir ki, yuxarıda qeyd olunanlara əsasən İddiaçı Cavabdeh qarşı “qüsurlu məmulatların qaytarılması” tələbinə dair iddia təmin edilməməlidir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “qüsurlu məmulatların qaytarılması” tələbinə dair iddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №e-2(010)-5457/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-5457/2021
10.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver