Məhkəmə qərarları › İş №e-2(010)-5583/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-5583/2025

30.01.2026 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-5583/2025 30.01.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, X8 qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh (təvəllüdü xx.xx.1989-cu il) azyaşlı uşağı X4 (təvəllüdü xx.xx.2019-cu il) ilə birlikdə Bakı şəh, Suraxanı ray, Zığ qəs, Zığ şossesi küçəsi, ev 3A, mənzil 5-dən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixində İddiaçı iddia həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh (təvəllüdü xx.xx.1989-cu il) azyaşlı uşağı X4 (təvəllüdü xx.xx.2019-cu il) ilə birlikdə ünvan 1-dən istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh iddiaçının hüquqi yardım üçün ödədiyi 900 manat və dövlət rüsumu qismində ödədiyi 100 manat, cəmi 1000 manat pul məbləğinin tutularaq İddiaçı ödənilməsi bаrədə qətnаmə qəbul edilməsini хаhiş еtmişdir. İddia tələbinin əsaslandırılması. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Suraxanı ray., Zığ qəs.,Zığ şossesi küçəsi,ev 3A, mənzil 5 Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş çıxarışa əsasən tam pay hüququ ilə ona məxsusdur. Həmin evi ona atası X6 xx.xx.2020-ci ildə bağışlamışdır, mənzil bağışlanan zaman cavabdeh də buna razılığını bildirmişdir. Cavabdeh onun qardaşıdır. 8 idən çoxdur ki, mənzildə yaşamır, ailəsi ilə birlikdə onun mülkiyyətində olan mənzilin yerləşdiyi küçədə alqı-satqı nəticəsində mülkiyyətinə əldə etdiyi mənzilə 8 il bundan əvvəl köçüb ailəsi və uşaqları ilə yaşamağa başlamışdır. Həmin vaxtdan cavabdeh onun mülkiyyətində olan mənzildən istifadə etməmişdir. Cavabdeh mübahisəli mənzildən uzun müddət (8 ildən çox müddətində) və davamlı olaraq könüllü istifadə etməmişdir, çünki onun mənzildəki yaşayış sahəsinə olan ehtiyacı olmamışdır və mənzillə bağlılığını da itirmişdir. 2016-cı ildən cavabdehin yaşayış yeri onun mülkiyyətində olan mənzil olmamışdır və mənzildə onun heç bir əşyası da yoxdur. Hazırda cavabdehin mənzilində qeydiyyatda qalması onun mənzilə mülkiyyətçi kimi sərəncam vermək, öz mülahizəsinə uyğun istifadə etmək hüquqlarını pozur. Belə ki, ona məxsus olan evini satmaq, bağışlamaq, ipoteka qoymaq və digər məqsədlər üçün cavabdehin razılığı tələb olunur, halbuki 8 ildən çoxdur ki, cavabdeh özünə məxsus olan başqa bir mənzildə yaşayır, cavabdehin mənzildə qeydiyyatda qalması onun mülkiyyətçi kimi hüquqlarının həyata keçirilməsinə maneə yaratdığından cavabdehin onun mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxarılmasını istəyir. Tərəflərin izahatları. Əvvəlki məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək bildirmişdir ki, mənzil iddiaçıya bağışlananda cavabdehin razılığı olub, bununla bağlı notarial təstiqli sənəd iş materiallarına əlavə olunmuşdur. Sorğu göndərilmiş və cavabdehin adına mənzil olduğu aşkar olunmuşdur. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, o, məhkəmə iclaslarına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şahidlərin ifadələri. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, iddiaçı və cavabdeh qardaşı uşaqlarıdır. İddiaçının qardaşı, yəni cavabdeh evlənib mübahisəli mənzildən 2017-ci ildən çıxıb. Hər iki tərəflə münasibəti var. Cavabdeh hazırda təzə ev tikdirib, orada yaşayır. İddiaçının yaşadığı ev iddiaçının mülkiyyətindədir. Tərəflərin atası, yəni qardaşı sağdır, hazırda rayondadır. Hesab edir ki, kimsə cavabdehə təsir göstərdiyindən, cavabdeh qeydiyyatdan çıxmaq istəmir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, iddiaçı onun atasıdır. Cavabdeh 9 ildir ki, mübahisəli mənzildə yaşamır. Cavabdeh hazırda öz evində tək yaşayır. Cavabdehin yaşadığı mənzil onlara yaxın yerləşir. Cavabdeh həmin mənzildə hazırda tək yaşayır, çünki boşanıb. Cavabdehin qaldığı bina evidir və mübahisəli mənzildə əşyası yoxdur. Cavabdeh uzun müddətdir ki, onlara, yəni mübahisəli mənzilə gəlmir. Əvvəllər ayda 1 dəfə, 2-3 aydan bir qonaq kimi gəlirdi. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, iddiaçı həyat yoldaşıdır. Cavabdeh yoldaşına məxsus, yəni mübahisəli mənzildə yaşamır və 2017-ci ildən mübahisəli mənzildən çıxıb. Cavabdeh qonşuluqda yaşayır, mübahisəli mənzildə əşyası yoxdur. Cavabdeh uzun müddətdir ki, onlara, yəni mübahisəli mənzilə gəlmir, əvvəllər isə qonaq kimi gəlirdi. İş materialları. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (Asan 6) tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş ******* saylı “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışdan görünür ki, xx.xx.1980-ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında xx.xx.2002-ci il tarixdən qeydiyyatdadır. Həmin ünvanda İddiaçı ilə birlikdə xx.xx.1953-cü il təvəllüdlü X6, xx.xx.2009-cu il təvəllüdlü X5, xx.xx.1986-cı il təvəllüdlü Şahid3, xx.xx.2006-cı il təvəllüdlü Şahid2, xx.xx.2019-cu il təvəllüdlü X4, xx.xx.1989-cu il təvəllüdlü Cavabdeh da qeydiyyatdadırlar. 2 saylı Bakı “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiqlənmiş xx.xx.2020-ci il tarixli 4Ə-117 reyestr nömrəli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsinin notarial qaydada təsdiqlənmiş surətinə əsasən, hədiyyə verən – X6 ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 81.91 kv.m., yaşayış sahəsi 47.21 kv.m. olan mənzilin tam mülkiyyət üzrə ona məxsus hissəsindən (tam hissə) hədiyyə alanın - İddiaçı mülkiyyətinə verir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR X9 ********** qeydiyyat nömrəli Çıxarışının surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 76.61 kv.m. olan xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan mənzilə tam pay olmaqla İddiaçı hüquq sahibidir. Həmin mənzil tam pay olmaqla İddiaçı adına xx.xx.2020-ci il tarixində qeydiyyata alınmışdır. "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli 13-13/2-1/16-15484/2025 saylı məktubundan görünür ki, Cavabdeh məxsus mənzillərə abonent kodlarının nə vaxtdan verilməsi ilə bağlı "xxxx" ASC-yə daxil olmuş xx.xx.2025-ci il tarixli, E040889/25 saylı sorğuya baxılmışdır. Bununla əlaqədar bildirilmişdir ki, **********H0006 nömrəli abunə kodu Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ yolu küçəsi ev 3, 6 saylı mənzilə məxsusdur və xx.xx.2024-cü ildə Cavabdeh adına qeydiyyata alınmışdır. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X9 xx.xx.2025-ci il tarixli 3-53-3/2- 10044/2025 saylı məktubundan görünür ki, xx.xx.2025-ci il tarixli, E040889/25 saylı məktuba baxılmışdır. Bununla əlaqədar bildirilmişdir ki, vətəndaş Cavabdeh adına qeydə alınan **********060 nömrəli abonent kodunun məlumatları (abonent kodu, ünvanlar, müqavilə tarixi .sayğac nömrəsi) təqdim olunur. X2 haqqında xx.xx.2025-ci il tarixli EM-1283VK-54275/25 saylı Müqavilədən görünür ki, İddiaçı ilə 9 saylı Vəkil Bürosu – vəkil Nümayəndə arasında hüquqların müdafiəsinə dair müqavilə imzalanmışdır. Həmin müqavilənin 1.1-ci maddəsinə əsasən, Bu müqaviləyə görə vəkil ona həvalə edilən tapşırıq əsasında hüquqi yardım göstərməyi, müraciət edən şəxs isə hüquqi yardıma görə haqq ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.1-ci maddəsinə əsasən, hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla 900 manat müəyyən olunur və başqa razılaşma yoxdursa bir qayda olaraq müqavilə bağlandığı vaxtda ödənilir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli ödəniş ödəniş qəbzlərinin surətindən görünür ki, İddiaçı 9 saylı Vəkil Bürosuna 500 və 400 manat olmaqla, cəmi 900 manat ödəniş etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı № ******* Çıxarışından görünür ki, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 51.3 kv.m. olan xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan mənzilə tam pay olmaqla Cavabdeh hüquq sahibidir. Həmin mənzil tam pay olmaqla Cavabdeh adına xx.xx.2018-ci il tarixində ********** nömrə ilə qeydiyyata alınmışdır. AN-İ seriyalı, ******* nömrəli, xx.xx.2017-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsindən görünür ki, satıcı X7 ona məxsus Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ yolu küçəsi, ev 3H ünvanında mülkiyyətində olan torpaq sahəsində yerləşən ümumi sahəsi 847.7 kv.m. olan fərdi yaşayış evinin tam mülkiyyət üzrə ona məxsus hissəsindən cəmi 49.8 kv.m. olan hissəni alıcı Cavabdeh satmışdır. Satıcı daşınmaz əmlakı qırx min manat qiymətinə alıcıya satmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzinə əsasən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsində iddia qaldırmaq üçün iddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.... Maddə 157. Mülkiyyətin müdafiəsi 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər... Maddə 228. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.3. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ alğı-satqının, girovun və icarənin müstəqil predmeti ola bilməz. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. 228.4. Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 115. İşə baxılması ilə əlaqədar məsrəflər 115.0. İşə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.6. vəkillərə etdikləri kömək üçün ödənilən xərclər; Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.... Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokol Həmin Protokolun 1-ci maddəsinə əsasən, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 9. Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: ... 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında;... “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli qərarı. Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən, 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli Qərarı.

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır.

2. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. İşin faktiki hallarından göründüyü kimi, DƏDRX tərəfindən verilmiş xx.xx.2020-ci il qeydiyyat tarixli Çıxarışa əsasən, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ yolu küçəsi, ev 3A ünvanında yerləşən ümumi sahəsi 76.61 kv.m. olan 5 saylı mənzil İddiaçı mülkiyyətindədir. Cavabdeh iddiaçının qardaşıdır. Mübahisəli mənzilin əvvəlki mülkiyyətçisi tərəflərin atası olmuş, həmin əmlak 2001-ci ildən onun mülkiyyətinə daxil olmuş, 2002-ci ildə isə o vaxt yetkinlik yaşına çatmamış cavabdeh həmin mənzilə öz atası tərəfindən köçürülmüş və bu əsasla onun yaşayış sahəsindən istifadə hüququ formalaşmışdır. xx.xx.2020-ci il tarixli bağışlama müqaviləsi ilə mənzil tərəflərin atalarından iddiaçının mülkiyyətinə keçmiş, lakin cavabdehin həmin mənzil üzrə əvvəldən yaranmış istifadə hüququ saxlanılmışdır. Hazırda iddia tələbi cavabdehin azyaşlı uşağı X4 ilə birlikdə ünvan 1-dən istifadə hüquqlarının itirilmiş hesab edilməsi, cavabdehdən iddiaçının hüquqi yardım üçün ödədiyi 900 manat və dövlət rüsumu qismində ödədiyi 100 manat, cəmi 1000 manat pul məbləğinin tutularaq iddiaçıya ödənilməsindən ibarətdir. Belə ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Tələbin cavabdehin Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ şossesi küçəsi, ev 3A, ünvanında yerləşən 5 saylı mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, işin faktiki hallarından görünür ki, cavabdehin həmin mənzil üzrə istifadə hüququ mövcud olmuşdur. Lakin cavabdehin uzun müddət olmaqla mənzili könüllü olaraq tərk etməsi və faktiki olaraq başqa ünvanda daimi yaşaması iş materiallarında olan sənədlər, şahid ifadələri və digər sübutlarla təsdiq olunur. Eyni zamanda, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh mülkiyyətində Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ yolu küçəsi, ev 3H, 6 saylı mənzil vardır. Həmçinin, xx.xx.2019-cu il təvəllüdlü X4 cavabdehin yetkinlik yaşına çatmayan övladı olduğundan, o da valideyn ilə bir yerdə yaşamalıdır. Məhkəmə onu da qeyd edir ki, iddiaçı cavabdehə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiya təklif etməmişdir. Yuxarıda qeyd edilmiş Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli Qərarına əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin mübahisəli mənzil üzrə istifadə hüququ mövcud olmuşdur, lakin yaşayış sahəsinə faktiki ehtiyacının aradan qalxması, başqa daşınmaz əmlaka malik olması və uzun müddət mübahisəli mənzildən istifadə etməməsi həmin hüququn itirilmiş hesab edilməsi üçün hüquqi əsaslar yaradır. Bu səbəbdən cavabdehin və onun azyaşlı övladının mübahisəli mənzil üzrə istifadə hüquqlarına kompensasiya ödənilmədən xitam verilməsi əsaslıdır. Bu baxımdan məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan, cavabdeh və onun uşağının iddiaçının mülkiyyətində olan yaşayış sahəsində istifadə hüquqlarına xitam verilməlidir. Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Tələbin 900 manat məbləğində hüquqi yardım xərcinin cavabdehdən tutulması hissəsində məhkəmə qeyd edir ki, iş materiallarından görünür ki, İddiaçı 9 saylı vəkil bürosuna X2 ilə bağlı 900 manat məbləğində pul ödəmişdir. Məhkəmə hesab edir ki, vəkil bürosuna ödənilmiş 900 manat yuxarıda qeyd edilmiş mülki prosessual qanunvericilikdə nəzərdə tutulan işə baxılması ilə əlaqədar məsrəflər siyahısına ad edildiyindən, həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilmiş qanunvericiliyinin tələblərinə görə, iddiaçı onun tərəfindən ödənilmiş dövlət rüsumunu tələb etməkdə haqlı olmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, 100 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh (təvəllüdü xx.xx.1989-cu il) azyaşlı uşağı X4 (təvəllüdü xx.xx.2019-cu il) ilə birlikdə ünvan 1dən istifadə hüquqlarının itirilmiş hesab edilməli, Cavabdeh iddiaçının hüquqi yardım üçün ödədiyi 900 manat və dövlət rüsumu qismində ödədiyi 100 manat, cəmi 1000 manat pul məbləğinin tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Məcəlləsinin 216-220, 227, 233, 357, 358, 360 və 362-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh (təvəllüdü xx.xx.1989-cu il) azyaşlı uşağı X4 (təvəllüdü xx.xx.2019-cu il) ilə birlikdə ünvan 1-dən istifadə hüquqları itirilmiş hesab edilsin. Cavabdeh iddiaçının hüquqi yardım üçün ödədiyi 900 manat və dövlət rüsumu qismində ödədiyi 100 manat, cəmi 1000 manat pul məbləği tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar