Məhkəmə qərarları › İş №e-2(010)-56/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-56/2023

25.06.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-56/2023 25.06.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndələri X6 və nümayəndə (vəkili) Nümayəndə, Cavabdeh1 və X2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və X4 qarşı “mənzilin naturada bölünməsi, payların ayrılması, mənzilin açıq hərracdan satılması və dəyərinin bölünməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilin naturada bölünərək, ona məxsus payın ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək mübahisəli ünvan 2 ünvanında yerləşən mənzilin ekspertiza rəyinə əsasən naturada bölgüsü mümkün olmadığına əsaslanaraq 3 otaqlı, 2 otağın iddiaçının tam mülkiyyətində olan Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsi ev 29 mənzil 61 ünvanındakı mənzilin açıq hərracda satılıb, dəyərinin iddiaçı və cavabdeh arasında bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, o, ünvan 1 ünvanda ümumi sahəsi 21,4 kv.m olan iki otağın mülkiyyətçisidir. Mənzilin o bir otağı isə cavabdehlərin mülkiyyətindədir. Mənzil paylı mülkiyyətdə deyil. Bunu təsdiq edən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən ******* saylı çıxarış verilmişdir. Belə ki, o, Cavabdeh2 oğlu X9 ilə rəsmi nikahda olmuşdur. Həmin nikahdan bir övladı X7 dünyaya gəlmişdir. Daha sonra bəzi səbəblərə görə ailədaxili mübahisələr olmuş və X10 ilə aralarında olan nikahn münasibətlərinə xitam verilmişdir. Digər cavabdehlər Cavabdeh1 onun qayını, Cavabdeh2 ilə X8 isə onun keçmiş qayınanası və qayınatasıdır. 1994-cü ildə hazırki cavabdehlərə qarşı ünvan 3 ünvanlı mənzillərin bölünməsi, 61 saylı mənzilin iki otağının ona verilməsi və icarə müqaviləsinin bağlanması barədə iddia tələbi ilə Suraxanı Rayon Məhkəməsinə müraciət etmiş və 19 iyul 1994-cü il tarixli qətnaməsilə əsasən iddiası təmin olunmuşdur. Daha sonra, yəni 2011-ci ildə mülkiyyət hüququnu təsdiq edən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş ******* saylı çıxarışla mənzilə mülkiyyət hüququ əldə olunmuşdur. 2013-cü ildə isə ona və qızına qarşı Suraxanı Rayon Məhkəməsində mübahisəli mənzildən istifadə hüququnun itirilmiş, icarə müqaviləsinin pozulmuş hesab edilməsi, reyestrdən çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi barədə iddia qaldırmış, lakin ona qarşı iddia 12 mart 2013-cü il tarixli 2(010)-37/2013 saylı qətnamə ilə rədd olunmuş, həmin qətnamədən verilən apelyasiya şikayəti Bakı Apelyasiya Məhkəməsinin 2(103)-2945/2013 saylı 13 iyun 2013cü il tarixli qətnaməsi ilə təmin olunmamışdır. Lakin cavabdehlər bu günə qədər onun öz mülkiyyətində olan mənzildən istifadə etməyə imkan vermirlər. Dəfələrlə ona məxsus otaqların qapısını sındırmış, əşyalarını çıxarıb, öz əşyalarını yerləşdirmiş, hətta otaqlardan yun qurutmaq üçün istifadə etmişlər. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndə X12 iddia tələbinin müdafiə edərək bildirmişdir ki, cavabdehlər tərəfindən iddiaçıya həmin mənzildə yaşamağa ciddi maneələr törədilmişdir. Belə ki, həmin mənzilin iki yaşayış otağı İddiaçı mülkiyyətindədir. Həmin mənzil Suraxanı rayon xalq məhkəməsinin 19 iyul 1994-cü il tarixli qətnaməsi ilə İddiaçı və X5 verilmişdir. Belə ki, məhkəmənin qətnaməsi ilə 61/63 saylı mənzillərin şəxsi hesabları bölünərək 61 sayiı mənzilin 9,21 kv.metr və 12,2 kv.metr sahəsi olan 2 otağı İddiaçı verilmiş, həmin mənzilin 17,3 kv.m olan otağı isə cavabdehlərin istifadəsində qalmışdır. Hazırda onlar həmin mənzildən istifadə edə bilmirlər. Onlar cavabdehlərdən 35000 manat pul tələb etmələrinə baxmayaraq, cavabdehlər onlara cəmi 5000-10000 manat kompensasiya verə biləcəklərini bildirmişlər. Odur ki, hazırkı iddianın təmin olunması barədə qətnamə qəbul edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndələri (vəkili) Nümayəndə iddia tələbinin müdafiə edərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, o, evin satılmasına ümumiyyətlə razı deyildir. Belə ki, o iddiaçıya 15000 manat məbləğində kompensasiya təklif etmiş, lakin iddiaçı bu məbləğə razı olmamış, ondan 20000 manat məbləğində kompensasiya tələb etmişdir. İddiaçı həmin evin açarlarının olmasına baxmayaraq, uzun illərdir həmin evə gəlmir və orada da yaşamır. Hal-hazırda həmin mənzildə onun bacısı uşaqları və anası 10 nəfər ailə üzvü birlikdə yaşayır. Mübahisəli evin satılmasına etiraz edir, belə ki, mübahisəli evin bir otağı atasının mülkiyyətindədir. Onun atası Cavabdeh2 isə xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh X8 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçı mübahisəli evdə yaşaya bilməz. Belə ki, həmin evdə o və qızının övladları yaşayır. O həmin mənzillə bağlı yenidən iddia qaldırmaq fikrindədir. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçıların izahatını dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsi, 29 saylı evin, 61 saylı mənzilin ümumi sahəsi 21.4 kv.m, yaşayış sahəsi 21,4 kv.m, yaşayış otaqlarının sayı 2 xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 22 dekabr 2011-ci ildə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Bakı Apelyasiya Məhkəməsinin 13 iyun 2013-cü il tarixli 2(103)-2945/2013 saylı qətnaməsinin surətindən görünür ki, Suraxanı Rayon Məhkəməsinin 12 mart 2013-cü il tarixli 2(010)-37/2013 saylı qətnaməsindən iddiaçılar X11, X8 və Cavabdeh1 Yunis oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Suraxanı Rayon Məhkəməsinin 12 mart 2013-cü il tarixli 2(010)-37/2013 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 10/447 saylı ekspertiza rəyindən görünür ki, rəyin təsviri hissəsində qeyd olunanları nəzərə alaraq, ünvan 1 ünvanında yerləşən mənzilin 2 otaq, y/s-21.4 kv.m olan hissəsinin naturada ayrılması yalnız təcrid mənzillər şəklində aparılmalı, yəni bölgü zamanı tərəflərin hər birinin sərəncamında bərabər ölçüdə yaşayış (yataq) və yardımçı (mətbəx, dəhliz, ayaqyolu, hamam və s.) otaqların və bu otaqlara ayrı-ayrılıqda giriş-çıxış yolunun olmalı olduğunu nəzərə aldıqda, İnşaat Norma və Qaydalarının 2.08.01.89-nun bəndlərinə və metodik əsasların Məhkəmə Tikinti-X3 Metodlarının tələblərinə uyğun qaydada naturada paylara uyğun bölünməsinin texniki cəhətdən mümkün olmadığı müəyyən edilir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin maddənin 4-cü hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətdən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqları Əsas Azadlıqların müdafiəsi haqqında X1 1 saylı Protokolun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla Beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvesiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Avropa Məhkəməsinin “Skollo İtaliyaya qarşı” işində şərh verilərək göstərilmişdir ki, mülkiyyət hüququna istənilən müdaxilə zamanı ədalətli tarazlıq və ağlabatan mütənasiblik təmin edilməli, bu zaman istifadə edilən vasitələr mülkiyyətdən məhrum etmə tədbirinin məqsədinə mütənasib olmalıdır. «Mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncü qayda təsdiq edilir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir.» Mülkiyyət hüququna Azərbaycan Respublikası Konstitusiyası və qanunları ilə təminat verməklə yanaşı, bu hüquqa «İnsan hüquqları və Əsas Azadlıqların müdafiəsi haqqında» 1950-ci il Avropa Konvensiyasına aid Protokolun (Paris 20.İİİ.1952) 1-ci maddəsilə təminat verilir. Konvensiyaya aid Protokolun (bu Protokol qeyri rəsmi olaraq 1 saylı Protokol da adlandırılır) 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa Konvensiyasına dair (20 mart 1952-ci il tarixli) 1 saylı Protokolun 1-ci maddəsində hər bir fiziki və hüquqi şəxsin mülkiyyət hüququna təminat verilir. Avropa Məhkəməsinin «Marks Belçikaya qarşı» işində şərh verilərək göstərilmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir». Göründüyü kimi, istər Azərbaycan Respublikası Konstitusiyası, istərsə də Konvensiyaya aid 1 saylı Protokolun 1-ci maddəsi hər kəsin mülkiyyət hüququna təminat verməklə, hər kəsin qanunla nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilməsini qadağan etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Qanunun mənasına görə mülkiyyətçi mülkiyyətində olan əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir və bu hüququn dövlət tərəfindən tanınmaqla yanaşı qorunmasına da təminat verilir. Mülki Məcəllənin 220.3.-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4.-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarına əsasən Mülki Məcəllənin 220.6-ci maddəsində ümumi əmlakın bölünməsi ilə bağlı məhkəmənin həmin əmlakın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edilməsi səlahiyyəti nəzərdə tutulmuşdur. Məhkəmə tərəfindən belə qərarın qəbul edilməsi bütün paylı mülkiyyətçilərin razılığının alınması ilə şərtləndirilməmişdır. Həmin maddənin mənasına görə belə qərar paylı mülkiyyətçilərin birinin iddiası əsasında da qəbul edilə bilər. Mülkiyyətçilərin razılığı olmadan əmlakın hərracdan satılması barədə məhkəmənin qərar qəbul etməsi mülkiyyət hüququnun məhdudlaşdırılması (mülkiyyət hüququna müdaxilə) baxımından təhlil olunmalıdır. Mülki Məcəllənin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsi, ev 29, 61 saylı mənzilin ümumi sahəsi 21.4 kv.m, yaşayış sahəsi 21,4 kv.m, yaşayış otaqlarının sayı 2 xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında qeydiyyata alınmışdır. İddiaçı ünvan 1 ünvanında yerləşən mənzilin naturada bölünərək, ona məxsus payın ayrılmasını xahiş etmişdir. İş materiallarından və ekspertiza rəyindən müəyyən olunmuşdur ki, ünvan 1 ünvanında yerləşən mənzilin 2 otaq, y/s-21.4 kv.m olan hissəsinin naturada ayrılması yalnız təcrid mənzillər şəklində aparılmalı, yəni bölgü zamanı tərəflərin hər birinin sərəncamında bərabər ölçüdə yaşayış (yataq) və yardımçı (mətbəx, dəhliz, ayaqyolu, hamam və s.) otaqların və bu otaqlara ayrı-ayrılıqda giriş-çıxış yolunun olmalı olduğunu nəzərə aldıqda, İnşaat Norma və Qaydalarının 2.08.01.89-nun bəndlərinə və metodik əsasların Məhkəmə Tikinti-X3 Metodlarının tələblərinə uyğun qaydada naturada paylara uyğun bölünməsinin texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, payın ayrılması tələb olunan yaşayış evinin paylara uyğun, naturada təcrid evlər şəklində ayrılması (bölünməsi) mümkün olmadığından iddiaçının paylı mülkiyyətdə olan həmin mənzildən payının ayrılmasını və onun istifadəsinə, sahibliyinə verilməsi barədə iddia tələbi təmin olunmamalıdır. Daha sonra İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək mübahisəli ünvan 2 ünvanında yerləşən mənzilin ekspertiza rəyinə əsasən naturada bölgüsü mümkün olmadığına əsaslanaraq 3 otaqlı, 2 otağın iddiaçının tam mülkiyyətində olan Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsi ev 29 mənzil 61 ünvanındakı mənzilin açıq hərracda satılıb, dəyərinin iddiaçı və cavabdeh arasında bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, Konstitutsiya Məhkəməsi qeyd etdiyi kimi məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkün olduğundan, lakin hal-hazırda iddiaçı digər mülkiyyətçiyə kompensasiya təklif etdiyini bildirsə də, təqdim olunmuş sübutlardan digər mülkiyyətçinin kim olması müəyyən olunmur. Cavabdeh2 isə xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə iddia tələbinin təmin olunması qeyri-mümkündür. Ekspertiza tədqiqatının dəyəri – 50 (əlli) manat İddiaçı tutularaq dövlət büdcəsinə ödənilməlidir. MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddiaçının tələbini təmin etmədiyindən ödənilmiş rüsumu onun özünə aid edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddiaçı cavabdehlər Cavabdeh1 və X4 qarşı “mənzilin naturada bölünməsi, payların ayrılması, mənzilin açıq hərracdan satılması və dəyərinin bölünməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Ekspertiza tədqiqatının dəyəri – 50 (əlli) manat İddiaçı tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar