Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-5613/2025 21.01.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddia tələbi.
1. İddiaçı "xxxx" ASC sadələşdirilmiş icraat qaydasında ərizəsi ilə məhkəməyə müraciət edərək 590 manat məbləğində sığorta ödənişinin, 30 manat məbləğində dövlət rüsumunun və 0,40 manat xidmət haqqının, cəmi 620,40 manat pulun Cavabdeh tutulub İddiaçı ASC-nin hesabına ödənilməsi haqqında qərar çıxarılmasını xahiş etmişdir. .
İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddiaçı "xxxx" ASC iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan və cavabdehin idarə etdiyi, İddiaçı ASC-də (bundan sonra ASC) “İcbari Sığorta” qaydasında sığortalanmış 99VX601 dövlət qeydiyyat nişanlı Renault MEGANE minik markalı ilə Şirəliyev Rafiq Cəmiyyət oğlunun idarə etdiyi, 99UP392 dövlət nömrə nişanlı Chevrolet Cruze markalı avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermişdir. Baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində Cavabdeh təqsirli bilinmiş və AR İXM-in 327.6-cı və 327.1 maddələri ilə inzibati məsuliyyətə cəlb edilmişdir. İddia ərizəsinə əlavə edilmiş PAZ********** saylı, xx.xx.2022-ci il tarixli sığorta şəhadətnaməsinin surətindən müəyyən olunur ki, 99VX601 dövlət qeydiyyat nişanlı Renault MEGANE minik markalı Cəmiyyət tərəfindən “İcbari Sığorta” qaydasında sığortalanmışdır. Baş vermiş hadisə ilə bağlı Bakı şəhəri DYPİ inzibati xəta haqqında iş üzrə araşdırma aparılmış, hadisəni törədən sürücü (cavabdeh) Cavabdeh barəsində AR İXM-nin 327.6-cı və 327.1-ci maddəsi ilə TP ******* qərar yazılmışdır. İddia ərizəsinə əlavə edilmiş "xxxx" ASC-nin qiymətləndirmə aktından müəyyən olunur ki, yolnəqliyyat hadisəsi nəticəsində 99UP392 dövlət nömrə nişanlı Chevrolet Cruze markalı nəqliyyat vasitəsinə dəymiş zərər 590 manat məbləğində müəyyən edilmişdir. İddia ərizəsinə əlavə edilmiş subroqasiya tələblərinin reyestrindən müəyyən olunur ki, vurulmuş zərərə görə 590 manat məbləğində sığorta ödənişinin ödənilməsi tələbi zərərçəkənin sığortaçısı "xxxx" ASC tərəfindən İddiaçı ASC qarşısında irəli sürülmüşdür. Yol-nəqliyyat hadisəsində zərərçəkən Şirəliyev Rafiq Cəmiyyət oğlunun idarə etdiyi Chevrolet Cruze (99UP392) avtonəqliyyat vasitəsinə dəyən zərəri həmin avtonəqliyyat vasitəsilə bağlı mülki məsuliyyəti icbari formada sığortalamış "xxxx" ASC sığortaçı tərəfindən 590 manat ödənilmişdir. Həmin sığortaçı ilə zərərvuranın mülki məsuliyyətinə görə öhdəlik daşıyan İddiaçı ASC arasında «qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair qaydalar» əsasında 590 manat mübahisəsiz tutulmuşdur. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.
3. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(010)- 5613/2025 saylı qərardadı ilə mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır.
Tərəflərin izahatları.
4. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada Cavabdeh məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə heç bir məlumat verməmişdir.
İş materialları.
6. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, Suraxanı rayon DYPŞ-nin bildirdiyinə əsasən, xx.xx.2023-cü il tarixdə saat 07:50 radələrində Hövsan yol-nəqliyyat hadisəsi baş vermişdir.
7. TP ******* saylı xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İXM-nin 327.1-ci və 327.6cı və maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 100 manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir.
8. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsinin surətindən müəyyən olunur ki, ** VX *** dövlət qeydiyyat nişanlı “Renault MEGANE” markalı avtonəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinə qədər PAZ********** saylı sığorta şəhadətnaməsi ilə sığortalanmışdır.
9. ZBT130094/23 saylı ödəniş aktından müəyyən olunur ki, "xxxx" ASC tərəfindən Şirəliyev Rafiq Cəmiyyət oğlunun hesabına 590 manat köçürülmüşdür.
10. Qiymətləndirmə aktının surətindən görünür ki, «Cehvrolet Cruze» markalı **-UP- *** dövlət qeydiyyat nişanlı avtomobil yekun qiymətləndirmə aktı üzrə cəmi 590 manat məbləğində qiymətləndirilmişdir.
11. Subroqasiya tələblərinin reyestrindən müəyyən olunur ki, vurulmuş zərərə görə 590 manat məbləğində sığorta ödənişinin ödənilməsi tələbi zərərçəkənin sığortaçısı "xxxx" ASC tərəfindən İddiaçı ASC qarşısında irəli sürülmüşdür.
İşin faktiki halları.
12. ** VX *** dövlət qeydiyyat nişanlı “Renault MEGANE” markalı avtonəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinə qədər PAZ********** saylı sığorta şəhadətnaməsi ilə sığortalanmışdır.
13. “Renault MEGANE minik” markalı, ** VX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə Hövsan qəsəbəsində idarə edilərkən Chevrolet Cruze markalı, **-UP-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş sonuncuya maddi zərər vurulmuşdur.
14. xx.xx.2023-cü il tarixdə tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarla hadisənin baş verməsində “Renault MEGANE minik” markalı, ** VX *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edən Cavabdeh təqsirli olduğu və hadisə yerindən yayınması müəyyən edilmiş, həmin şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə edilmişdir.
15. Hadisə nəticəsində, ödəniş aktına əsasən avtomobilə dəymiş zərər 590 manat məbləğində qiymətləndirilmiş və vurulmuş zərərə görə 590 manat məbləğində sığorta ödənişinin ödənilməsi tələbi zərərçəkənin sığortaçısı "xxxx" ASC tərəfindən İddiaçı ASC qarşısında irəli sürülmüşdür.
Tətbiq edilən hüquq.
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 21. Zərərin əvəzinin ödənilməsi. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 883. Sığorta və təkrarsığorta müqaviləsi. 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Maddə 936. Subroqasiya hüququ. 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1108. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
17. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu.
Maddə 23. Sığortaçının hüquq və vəzifələri. 23.1. Sığortaçının aşağıdakı hüquqları vardır: 23.1.6. sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək. Maddə 63. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə subroqasiya hüququ. 63.1.Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, 25-ci maddəsinə əlavə olaraq avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır.
18. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2022-ci il tarixli Qərarı.
Qanunvericilikdə nəzərdə tutulmuş digər təqsirsiz məsuliyyət növlərindən biri Mülki Məcəllənin 1108-ci maddəsinə uyğun olaraq yüksək təhlükə mənbəyinin fəaliyyəti nəticəsində vurulmuş zərərə görə yüksək təhlükə mənbəyinin sahibinin məsuliyyətidir... Şəxsin yüksək təhlükəli mənbəyin sahibi kimi məsuliyyətə cəlb edilməsi üçün ilkin şərt onun həmin mənbəyə mülkiyyət hüququnun, icarə hüququnun, nəqliyyat vasitəsini idarə etməyə dair etibarnaməsinin və s. olmasıdır. Qeyd edilənlər yüksək təhlükə mənbəyi sahibliyinin hüquqi əsasını təşkil edir. Digər zəruri şərt isə maddi şərt olmaqla yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmanı, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmanı və ondan yararlanmanı nəzərdə tutur. Maddi şərt təmin olunmadan şəxsin yüksək təhlükə mənbəyinin sahibi hesab olunması yolverilməzdir. O da nəzərə alınmalıdır ki, zərər yüksək təhlükə mənbəyinin fəaliyyəti zamanı məhz onun təhlükəli xüsusiyyətlərindən irəli gələrək baş vermiş olmalıdır. Beləliklə, ətrafdakılar üçün yüksək təhlükə mənbəyinin sahibi təqsirindən asılı olmayaraq həmin mənbəyin fəaliyyəti nəticəsində vurulmuş zərərin əvəzini ödəməyə borcludur.
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
20. Azərbaycan Respublikası Mərkəzi X1 29 iyun 2022-ci il tarixli, 25/2 saylı qərarı ilə təsdiq edilmiş“Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair” Qayda.
4. Sığorta hadisəsinin qeydə alınması 4.1. Sığorta ödənişinin verilməsi ilə bağlı sığorta tələbi zərərçəkənin sığortaçısına verilir. 4.2. Sığorta tələbi barədə müraciət daxil olduğu gün zərərçəkənin sığortaçısı tərəfindən həmin tələb Büronun elektron informasiya sistemi (bundan sonra – informasiya sistemi) vasitəsilə qeydiyyata alınır.
5. Zərərvuranın sığortaçısına subroqasiya tələbinin irəli sürülməsi 5.1. Zərərçəkənin sığortaçısı Qanuna uyğun olaraq sığorta ödənişini həyata keçirdikdən sonra zərərvuranın sığortaçısına qarşı subroqasiya hüququndan istifadə edir. 5.2. Zərərvuranın sığortaçısı subroqasiya tələbi irəli sürmüş zərərçəkənin sığortaçısı qarşısında sığorta ödənişinin Qanuna və bu Qaydaya uyğun olaraq həyata keçirilməsi üçün öhdəlik daşıyır. 5.3. Sığorta ödənişi verildikdən sonra zərərçəkənin sığortaçısı sığorta ödənişinin verilməsini təsdiq edən, qiymətləndirmənin nəticələrini əks etdirən və faydalanan şəxsin sığorta ödənişi məbləği ilə razı olduğunu təsdiq edən məlumatları və sənədlərin surətlərini iddia faylına daxil edir.
6. Subroqasiya tələblərinin reyestri 6.1. Büro subroqasiya tələblərini həftəlik əsasda (bazar ertəsindən bazar gününədək) toplayır və onların əsasında bu Qaydanın 7.2-ci bəndinə uyğun olaraq hər iştirakçının öhdəliyini hesablayaraq nettinqi həyata keçirir. 6.2. Subroqasiya tələbləri və nettinqin nəticəsi bu Qaydanın 2 nömrəli Əlavəsində müəyyən edilmiş formada hər bir iştirakçı üzrə formalaşdırılan subroqasiya tələblərinin reyestrində əks olunur.
7. Qarşılıqlı ödəmələrin həyata keçirilməsi qaydası 7.1. Zərərçəkənin sığortaçısı ilə zərərvuranın sığortaçısı arasında hesablaşmalar nağdsız formada həyata keçirilir. 7.2. Zərərvuranın sığortaçısının zərərçəkənin sığortaçı qarşısında öhdəliklərinin məbləği zərərçəkənin sığortaçısı tərəfindən zərərvuranın sığortaçısına qarşı irəli sürülmüş bütün subroqasiya tələblərinin orta məbləğlərinin cəminə bərabərdir. Orta məbləğlərin hesablanması qaydası Büronun üzvü olan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə fəaliyyət göstərmək hüququna malik sığortaçıların bağladığı kollektiv sazişlə müəyyən olunur.
10. Kollektiv saziş 10.1. Bu Qaydada nəzərdə tutulmuş subroqasiya tələbləri üzrə öhdəliyin icra edilməsi məqsədilə iştirakçılar və Büro arasında bu Qaydanın qüvvəyə mindiyi tarixdən ən geci 30 təqvim günü müddətində kollektiv saziş bağlanılır.
21. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.
Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda - 30 manat Məhkəmənin mövqeyi.
22. İşin faktiki hallarından görünür ki, xx.xx.2023-cü il tarixdə baş vermiş və başqa bir avtomobilə zərər dəyməsi ilə nəticələnmiş yol-nəqliyyat hadisəsində Cavabdeh təqsirli olduğu və hadisə yerindən yayınması müəyyən edilmişdir.
23. Cavabdeh “Renault MEGANE” markalı ** VX *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol-nəqliyyat hadisəsi baş vermiş və nəticədə nəticəsində “Chevrolet Cruze” markalı **-UP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 590 manat maddi zərər vurulmuşdur. "xxxx" ASC tərəfindən dəymiş zərərin əvəzi Şirəliyev Rafiq Cəmiyyət oğlunun hesabına 590 manat köçürülmüşdür. Hadisə nəticəsində, ödəniş aktına əsasən avtomobilə dəymiş zərər 590 manat məbləğində qiymətləndirilmiş və vurulmuş zərərə görə 590 manat məbləğində sığorta ödənişinin ödənilməsi tələbi zərərçəkənin sığortaçısı "xxxx" ASC tərəfindən İddiaçı ASC qarşısında irəli sürülmüşdür.
24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda (§ 18) istinad edilmiş qərarında qeyd edilir ki, qanunvericilikdə nəzərdə tutulmuş digər təqsirsiz məsuliyyət növlərindən biri Mülki Məcəllənin 1108-ci maddəsinə uyğun olaraq yüksək təhlükə mənbəyinin fəaliyyəti nəticəsində vurulmuş zərərə görə yüksək təhlükə mənbəyinin sahibinin məsuliyyətidir... Şəxsin yüksək təhlükəli mənbəyin sahibi kimi məsuliyyətə cəlb edilməsi üçün ilkin şərt onun həmin mənbəyə mülkiyyət hüququnun, icarə hüququnun, nəqliyyat vasitəsini idarə etməyə dair etibarnaməsinin və s. olmasıdır. Qeyd edilənlər yüksək təhlükə mənbəyi sahibliyinin hüquqi əsasını təşkil edir. Digər zəruri şərt isə maddi şərt olmaqla yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmanı, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmanı və ondan yararlanmanı nəzərdə tutur. Maddi şərt təmin olunmadan şəxsin yüksək təhlükə mənbəyinin sahibi hesab olunması yolverilməzdir.
25. Məhkəmə hesab edir ki, şəxsin hadisə yerindən yayınması iş materiallarında öz əksini tapmış, belə ki, cavabdeh hadisə yerindən yayınması barədə öz izahatını vermiş, onun barəsində tərtib olunacaq protokola dair hər hansı etirazı və iradı olmamışdır. Hazırkı iş üzrə Cavabdeh yüksək təhlükə mənbəyi (avtomobil) üzərində sahibliyinin hüquqi əsası olmuşdur. Bundan əlavə hadisə yerindən yayınma sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququnu yaradır. Bu səbəbdən iddiaçı "xxxx" ASC yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkənə ödədiyi 590 manat məbləğində sığorta ödənişini zərər vuran və hadisə yerindən yayınan avtomobilin sahibi Cavabdeh tələb etməkdə haqlı olmuşdur.
Məhkəmə xərcləri.
26. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 30 manat məbləğində dövlət rüsumu və 0.40 qəpik ödənilmişdir. Hansı ki, bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən iddia qiyməti 1.000 manatadək olduqda ödənilməli olan dövlət rüsumu məbləğinə uyğun olmuşdur.
27. Məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə uyğun olaraq ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və 0.40 qəpik məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
28. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 590 manat pul vəsaiti və 30 manat məbləğində dövlət rüsumu və 0,40 bank xidmət haqqı tutularaq "xxxx" ASC-nin hesabına ödənilməlidir.
29. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh 590 (beş yüz doxsan) manat pul vəsaiti və 30,40 (otuz manat, qırx qəpik) manat dövlət rüsumu və bank xidmət haqqı iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Leyla Talıbova