Məhkəmə qərarları › İş №e-2(010)-5851/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-5851/2025

18.12.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-5851/2025 18.12.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ünvan 1 ünvanında yerləşən 35 nömrəli mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi və qətnamənin cavabdehin həmin ünvandan pasport qeydiyyatından çıxarılması üçün əsas olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB" yaşayış sahəsi, ev 129, mənzil 35 xüsusi mülkiyyət hüququ ilə iddiaçının mülkiyyətindədir. Həmin mənzil 20 avqust 2023-cü il tarixdə X2 tərəfindən iddiaçıya bağışlanmışdır. Bağışlama müqaviləsi dövlət qeydiyyatına alınmış və iddiaçıya hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən (reyestr nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2023) çıxarış verilmişdir. Cavabdeh uzun müddətdir ki, Azərbaycanda yaşamır. 2018-ci il tarixdə Azərbaycan Respublikası vətəndaşı pasportunun alınması ilə əlaqədar Azərbaycana gəlmiş və Balaca xanım Məhərrəmova tərəfindən Bakı şəhəri, ünvan 2 ünvanına qeydiyyata düşməsinə razılıq verilmişdir. Cavabdeh iddiaçının əmisidir və əmlak iddiaçıya nənəsi X2 tərəfindən bağışlanmamışdan qabaq, sonuncu oğlunun həmin mənzilə qeydiyata salınmasına razılıq vermişdir. Cavabdeh 2018-ci il tarixdə özünə şəxsiyyət vəsiqəsi aldıqdan sonra, yenidən Ukrayna Respublikasına getmiş və bu müddət ərzində Azərbaycana qayıtmamışdır. İşin materiallarına əlavə edilmiş və Ukrayna Respublikası ərazindən Elman Məhərrəmovun adına verilmiş 03 iyul 2023-cü il tarixli etibarnamədən görünür ki, Cavabdeh Ukrayna Respublikası, Dnepropetrovsk vilayəti, Krivoy Roq şəhəri, Tuxaçevski küçəsi, ev 44, mənzil 76 ünvanında qeydiyyatdadır. Hazırda Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən daşınmaz əmlak iddiaçı tərəfindən satılmaq istəsə də, cavabdehin orada pasport qeydiyyatında olması onun mülkiyyət hüquqlarını məhdudlaşdırmaqdadır. Tərəflərin izahatları Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə baxış iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarına əlavə edilən sənədlər və onlar əsasında təsdiq edilən faktlar xx.xx.2004-cü il tarixli, AZ-İ seriyalı, 469201 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, İddiaçı (atası X3, anası X5) xx.xx.2004-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. X2 (Hədiyyə verən) və İddiaçı (Hədiyyə alan) arasında xx.xx.2023-cü il tarixdə notarial qaydada bağlanmış 4Ə-1762 reyestr nömrəli daşınmaz əmlakın bağışlanmasına dair müqavilədən müəyyən olunur ki, “Hədiyyə verən” ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 89.88 m2 olan 35 nömrəli mənzilin tam mülkiyyət üzrə ona məxsus olan tam hissəni “Hədiyyə alan”ın mülkiyyətinə verir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, **********02-05101-093103 reyestr nömrəli, ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 89.88 m2 olan 35 nömrəli mənzil İddiaçı mülkiyyətindədir və həmin mənzil üzərində sonuncunun xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə ********** nömrə ilə qeydə alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan müəyyən olunur ki, İddiaçı ünvan 1, mənzil 35 ünvanında qeydiyyatdadır (Qeydiyyatda olan digər şəxslər - ... xx.xx.1965-ci il təvəllüdlü Cavabdeh...). xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin faktiki halları ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 89.88 m2 olan 35 nömrəli mənzil iddiaçının mülkiyyətindədir və həmin mənzil üzərində sonuncunun xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə ********** nömrə ilə qeydə alınmışdır. Cavabdeh ünvan 4 ünvanında yerləşən 35 nömrəli mənzilin hazırkı mülkiyyətçisinin, yəni iddiaçının əmisi, mənzilin keçmiş mülkiyyətçisinin isə oğludur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mənzil Məcəlləsi 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi İşin faktiki hallarından görünür ki, ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 89.88 m2 olan 35 nömrəli mənzil iddiaçının mülkiyyətindədir və həmin mənzil üzərində sonuncunun xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə ********** nömrə ilə qeydə alınmışdır. Mübahisəli mənzil iddiaçının xüsusi mülkiyyətinə xx.xx.2023-cü il tarixli, 4Ə-1762 reyestr nömrəli bağışlama müqaviləsinə (iddiaçının nənəsi tərəfindən ona bağışlanmışdır) əsasən keçmişdir. Hazırda iddiaçı hesab edir ki, hazırda onun xüsusi mülkiyyətində olan mənzildə heç vaxt yaşamayan və həmin mənzilin yerləşdiyi ünvanda formal qeydiyyatda olan cavabdehin, yəni əmisinin istifadə hüququ itirilmiş hesab edilməli və onun əmlak hüquqlarının məhdudlaşdırılmasına səbəb olan maneələr aradan qaldırılmalıdır. Məhkəmə hesab edir ki, hazırkı mübahisənin düzgün həlli baxımından mənzildən istifadə hüququna dair normalar nəzərdən keçirilməli, cavabdehin həmin mənzilə istifadə hüququnun olub-olmaması müəyyən edilməlidir. Belə ki, mənzil və mülki qanunvericiliyin tələblərinə əsasən şəxsin digər şəxslərə məxsus yaşayış sahəsindən istifadə etməsinə haqq qazandıran qanuni hallar mövcud olmalı, eyni zamanda həmin hallar zaman və istifadə baxımından öz qüvvəsini itirməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Tərəflər arasındakı mövcud mübahisəli hüquq münasibətləri 2023-cü il tarixdə əmələ gəldiyindən həmin münasibətlərə xx.xx.2009-cu il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Hazırkı iş üzrə cavabdeh mübahisəli mənzilin keçmiş mülkiyyətçisinin oğlu, yəni ailə üzvü olsa da, onun sözügedən mənzildən istifadə hüququnun yaranması qanunla istisna edilir. Belə ki, işin faktiki hallarından görünür ki, cavabdehin mübahisəli mənzilə qeydiyyatı formal əhəmiyyətə malik olmuş və cavabdeh həmin yaşayış sahəsində heç vaxt yaşamamış, bir sözlə mənzilə, yəni yaşayış sahəsinə olan ehtiyacını həmin mənzildən istifadə etməklə qarşılamamışdır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsi yaşayış sahəsinin mülkiyyətçisinin bütün ailə üzvlərinin deyil, yalnız onunla birlikdə yaşayan ailə üzvlərinin yaşayış sahəsinə istifadə hüququnun mövcudluğunu tanıyır. Cavabdehin həmin mənzildə heç vaxt yaşamaması, mübahisəli mənzilə dair qeydiyyatının formal xarakter daşıması və yaşayış sahəsinə ehtiyacını həmin mənzildən istifadə etməklə qarşılamaması onu deməyə əsas verir ki, cavabdehin sözügedən mənzildən istifadə hüququ ümumiyyətlə yaranmamışdır. Obyektiv cəhətdən mövcud olmayan bu və ya digər hüququn isə məhkəmə qaydasında itirilmiş hesab edilməsi hər hansı əhəmiyyət kəsb etmir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Hazırkı mübahisə həll edilərkən iddiaçının məhkəməyə hansı məqsədlə müraciət etməsi nəzərə alınmalıdır. Belə ki, cavabdehin mənzildə pasport qeydiyyatda qalması iddiaçıya mülkiyyət hüquqlarını həyata keçirməyə məhdudiyyət yaradır. İddiaçı iddia irəli sürməklə mülkiyyət hüququnun həyata keçirilməsinə olan məhdudiyyətlərin aradan qaldırılmasına nail olmağa çalışmışdır. Məhkəmə hesab edir ki, iddiaçının iddiası əsassız hesab edilsə belə, cavabdehin istifadə hüququ olmadığından və hazırda mənzildə yaşamadığı üçün hazırkı qətnamə cavabdehin iddiaçıya məxsus mənzildən pasport qeydiyyatından çıxarılması üçün əsas hesab edilməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Cavabdehin evdən istifadə hüququnun olmadığının müəyyən edilməsi barədə qətnamə həmin müddəanın məqsədi baxımından istifadə hüququna xitam verilməsi barədə qətnaməyə bərabər tutulur və cavabdehin qeydiyyatdan çıxarılmasına əsas verir. Qeyd olunanlar cavabdehi yaşayış yeri üzrə qeydiyyatdan çıxarmağa səlahiyyəti olan dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin iddiaçıya və həmin dövlət orqanına izah edilməsidir. Məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının cavabdehə qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Bu qətnamə Cavabdeh ünvan 4 ünvanında yerləşən 35 nömrəli mənzildən qeydiyyatdan çıxması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar