Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-595/2025 14.07.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil və Cavabdeh iştirakları ilə, İddiаçı İddiaçı Cavabdeh qarşı “ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.
1. İddiаçı İddiaçı Cavabdeh qarşı “ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən ünvan 1 ünvanında yerləşən 27 nömrəli mənzildən ½ hissədə İddiaçı payının real (naturada) ayrılması, bu mümkün olmadıqda isə qeyd olunan mənzilin açıq hərracdan satılması, satışdan əldə edilmiş vəsaitin paylara mütənasib surətdə bölüşdürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddia tələbi onunla əsaslandırmışdır ki, İddiaçı və Cavabdeh birgə nikahı dövründə əldə edilmiş ünvan 1 ünvanında yerləşən 27 nömrəli mənzildə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2787/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən ½ hissədə olmaqla payları müəyyən olunmuş, qeyd olunan qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1001/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. xx.xx.2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin qeyd olunan qətnaməsi icra olunaraq, ünvan 1 ünvanında yerləşən 27 nömrəli mənzildə ½ hissədə olmaqla iddiaçı və cavabdehin paylarının olmasına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Hal-hazırda qeyd olunan mənzil ½ hissədə olmaqla iddiaçı və cavabdehin paylı mülkiyyətindədir. Paylı mülkiyyətdə olan mənzilin bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri barədə iddiaçı və cavabdeh arasında razılığın əldə olunması mümkün deyil. Paylı mülkiyyətdə olan mənzilin hazırkı real bazar dəyəri 120000 manat təşkil edir. Odur ki, payın real (naturada) bölgüsü mümkün olmazsa, iddiaçı cavabdeh tərəfindən mənzildəki payına görə 60000 manat kompensasiya verilməklə paylı mülkiyyət hüququna xitam verilməsinə razıdır.
Tərəflərin izahatları.
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.
4. Məhkəmənin iclasında iştirak etmiş Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, iddia ərizəsində yazılıb ki, guya iddiaçıya mənzildə yaşamağa icazə vermir. Əksinə, əvvəlcədən razıdır ki, iddiaçı gəlib həmin mənzildə yaşasın. Lakin, iddiaçı mənzildə yaşamaq istəmir. O, əslində mənzili sataraq pulunu bölməyə də etiraz etmir. Amma bu satışın hazırda yox, mənzilin qiyməti qalxdıqdan sonra baş tutmasını istəyir. Ona görə ki, binanın qarşısında park salınması və metro stansiyası açılması ilə bağlı yaxın gələcəkdə mənzilin qiymətinin qalxması gözlənilir. Ona görə də, iddiaçıya təklif etmişdir ki, mənzilin qiymətinin qalxmasını gözləsin. Hazırda iddiaçının tələb etdiyi kompensasiyanı ödəməyə maddi imkanı yoxdur. Həmçinin, mənzilin hərracdan satışa çıxmasına da razı deyil. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etdi.
İş materialları.
5. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışdan görünür ki, **********58-05101-093016 reyestr nömrəli, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 69.54 m2 olan, 27 nömrəli mənzil İddiaçı və Cavabdeh ümumi paylı mülkiyyətindədir və həmin mənzil üzərində hər birinin 1/2 hissədə olmaqla payları xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır.
6. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-2787/2023 nömrəli qətnamədən görünür ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-4041/2022 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək ünvan 1 ünvanında yerləşən 27 nömrəli mənzil üzərində ½ hissədə İddiaçı, ½ hissədə Cavabdeh paylarının müəyyən edilməsi qət edilmişdir.
7. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-1001/2024 nömrəli qərarından görünür ki, Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-2787/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
8. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş 03/25 nömrəli mütəxəssis rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən 27 nömrəli mənzilin hazırkı bazar dəyəri 104000 manat təşkil edir.
İşin faktiki halları.
9. ünvan 1 ünvanında yerləşən 27 nömrəli mənzilin 1/2 hissəsi İddiaçı, 1/2 hissəsi Cavabdeh mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.
Tətbiq edilən hüquq.
10. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 213. Ümumi mülkiyyət anlayışı və onun əmələ gəlməsi əsasları. 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Maddə 221. Ümumi paylı mülkiyyət hüquqlarına xitam verilməsi. Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər.
11. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə” xx.xx.2024-cü il tarixli, 02/2024 nömrəli qərardadı.
17. Paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi və ya mülkiyyətçinin əşyadakı payının ayrılması – bu məsələləri nizamlayan Mülki Məcəllənin 220 və 221-ci maddələrinin məzmunundan belə nəticəyə gəlmək olar ki, bölünmə və ayrılma anlayışları eynilik təşkil etməməklə, fərqli hüquqi mexanizmləri nəzərdə tutur. Paylı mülkiyyətdə olan əşyadan mülkiyyətçilərin birinin (və ya bir neçəsinin) payının ayrılması proseduru Mülki Məcəllənin 220.3-220.6-cı maddələri, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi ilə əşya üzərində iştirakçıların paylı mülkiyyət hüquqlarına xitam verilməsi proseduru isə 221-ci maddəsi ilə tənzimlənir.
19. Qeyd olunan hüquqi prosedurlar arasındakı fərq isə ondan ibarətdir ki, paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi maddənin başlığından da göründüyü kimi, bütün hallarda həmin şəxslərin əşya üzərində ümumi paylı mülkiyyət hüquqlarına xitam verilməsi ilə nəticələnir. Bu baxımdan əşyanın bölünməsi halı üçün Mülki Məcəllənin 221-ci maddəsində onun fiziki bölgüsü və hərracdan satışından ibarət iki ardıcıl hüquqi mexanizm müəyyən edilmişdir. Həmin maddə bütün paylı mülkiyyətçilər əşyanın bölünməsi ilə bağlı həmfikir olsalar da, aralarında paylı mülkiyyət hüququna xitam verilməsinin növü və ya forması (fiziki bölgü, hərracdan satış və s.) ilə bağlı mübahisə olduğu və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qaldığı, yəni ümumiliyin davam etdirilməsinin mümkün olmadığı hallarda tətbiq edilməlidir. Məsələn, bütün payçıların əşyanın paylarına uyğun bölünməsini tələb etdikləri və ya iki payçıdan biri, üç payçıdan ikisi ayrılmaq istədiyi hallarda əşyanın bölünməsi mexanizmi işə düşür.
60. Odur ki, əşyanın ilkin satış qiyməti ilə bağlı qətnamənin icrası mərhələsində yaranacaq yeni mübahisələrin və tərəflərin sui-istifadə hallarının qarşısının alınması məqsədilə məhkəmə paylı mülkiyyətdə olan əşyanın müəyyən etdiyi bazar qiyməti ilə ilkin satış qiymətini qətnamənin icra qaydası kimi onun nəticə hissəsində göstərməli və izah etməlidir ki, qətnamənin icrası mərhələsində paylı mülkiyyətdə olan əşyanın bazar qiymətinin əhəmiyyətli dərəcədə dəyişməsi səbəbindən tərəflər MPM-in 231-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamənin icra qaydasının dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ilkin satış qiymətini yenidən müəyyənləşdirə bilərlər.
62. Mülki Məcəllənin 221-ci maddəsinin məzmunundan müəyyən olunur ki, əgər iştirakçılar (paylı mülkiyyətçilər) arasında ümumi paylı mülkiyyət hüququna xitam verilməsi növünə (fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi) dair razılıq olmazsa və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qalarsa, yəni ümumiliyin davam etdirilməsi mümkün olmazsa, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi yuxarıda qeyd olunduğu kimi payın ayrılmasından fərqli olaraq aşağıdakı iki mərhələdən ibarətdir: 1) ümumi paylı mülkiyyətdə olan əşyanın naturada (fiziki) bölgüsü; 2) əşyanın məhkəmə qərarı ilə hərracdan satılması.
64. Bu araşdırmanın nəticəsində əşyanın naturada bölgüsünün mümkün olmadığı müəyyən edilərsə, məhkəmə iddiaçıların tələbi əsasında ikinci mərhələyə keçid etməklə əşyanın hərracdan satılmasını qət etməlidir. İddiaçıların əşyanın hərracdan satılmasını tələb etmədikləri halda isə digər tərəfin bununla bağlı qarşılıqlı tələbi yoxdursa, məhkəmə araşdırması yekunlaşdırılmaqla iddia rədd olunmalı və onlara gələcəkdə yalnız ikinci mərhələ üzrə iddia qaldırmaq hüquqları izah edilməlidir.
65. Ümumi mülkiyyətdə olan əşyadan payın ayrılması prosedurundan fərqli olaraq, əşyanın bölünməsi halında kompensasiya ödənilməsi mərhələsi olmadığından, əşya üzərində mülkiyyəti davam etdirmək niyyətində olan digər payçıların mülkiyyət hüquqlarının qorunması məqsədilə Mülki Məcəllənin 221-ci maddəsində qapalı hərracı ehtiva edən yalnız paylı mülkiyyətin iştirakçıları üçün hərracın keçirilməsi imkanı nəzərdə tutulmuşdur.
66. Hərracın forması tərəflərin mövqeləri nəzərə alınmaqla məhkəmə tərəfindən müəyyən olunmalıdır. Məhkəmə araşdırması zamanı bütün mülkiyyətçilərin və ya onlardan ən azı birinin əşya üzərində tam mülkiyyət hüququnu əldə etmək niyyətinin olduğu müəyyən edilərsə, qətnamənin nəticə hissəsində əvvəlcə yalnız paylı mülkiyyətin iştirakçıları üçün hərracın keçirilməsi, əşya həmin hərracda mülkiyyətçilərdən biri və ya bir neçəsi tərəfindən əldə edilmədiyi halda isə açıq hərracdan satılmalı olması göstərilməlidir.
12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 220. Qətnamənin məzmunu. 220.6. Məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir.
Məhkəmənin mövqeyi.
13. İşin faktiki hallarından göründüyü kimi, ünvan 1 ünvanında yerləşən 27 nömrəli mənzil iş üzrə tərəflərin paylı mülkiyyətindədir. Belə ki, həm iddiaçının, həm də cavabdehin mənzil üzərində 1/2 hissədə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Hazırda İddiaçı tələb edir ki, paylı mülkiyyətdə olan bu mənzil üzərində paylar naturada ayrılsın, bu mümkün deyilsə, mənzil açıq hərracdan satışa çıxarılsın və satışdan əldə edilmiş vəsait paylara uyğun bölünsün. Cavabdeh isə mənzilin hərraca çıxarılmasına etiraz edir.
14. Məhkəmə ilk növbədə qeyd edir ki, hazırkı iddia tələbi paylı mülkiyyətdə olan əşyadan payın ayrılmasına yox, paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsinə yönəlmişdir. Ona görə ki, əşya iki paydan ibarətdir və bu vəziyyətdə iddiaçının payının ayrılması cavabdehin payının tək qalmasına səbəb olacağından ümumiliyin davam etdirilməsi mümkün olmayacaqdır. Nəzərə alınmalıdır ki, Ali Məhkəmənin yuxarıda istinad edilmiş qərardadında da müəyyən edildiyi kimi, ümumi paylı mülkiyyət hüquqlarına xitam verilməsini nəzərdə tutan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 221-ci maddəsi...payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qaldığı, yəni ümumiliyin davam etdirilməsinin mümkün olmadığı hallarda tətbiq edilməlidir. Məsələn, bütün payçıların əşyanın paylarına uyğun bölünməsini tələb etdikləri və ya iki payçıdan biri, üç payçıdan ikisi ayrılmaq istədiyi hallarda əşyanın bölünməsi mexanizmi işə düşür.
15. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı iş üzrə mübahisəli məsələyə paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi qaydaları tətbiq edilməlidir. Üstəlik, bu zaman nəzərə alınmalıdır ki, məhkəmə bu qaydanı tətbiq etməkdə iddia tələbinə bağlı deyil. Belə ki, yuxarıda istinad edilmiş qərardadda da qeyd edildiyi kimi, məhkəmə iddiaçının çatmaq istədiyi hüquqi nəticənin ümumi mülkiyyətdə olan əşyadan payın ayrılması və ya əşyanın bölünməsindən ibarət olduğunu müəyyən edərsə, həmin tələbin qanuni əsasını təşkil edən Mülki Məcəllənin müvafiq olaraq 220.3-220.6-cı və 221-ci maddələrini tətbiq etməklə mübahisəni həll etməlidir.
16. Odur ki, hazırkı işdə mübahisənin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 221-ci maddəsində müəyyən edilmiş qaydada həll edilməli olduğu nəticəsinə gələn məhkəmə yenə yuxarıda göstərilmiş qərardada istinadla qeyd edir ki, Mülki Məcəllənin 221-ci maddəsinin məzmunundan müəyyən olunur ki, əgər iştirakçılar (paylı mülkiyyətçilər) arasında ümumi paylı mülkiyyət hüququna xitam verilməsi növünə (fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi) dair razılıq olmazsa və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qalarsa, yəni ümumiliyin davam etdirilməsi mümkün olmazsa, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi yuxarıda qeyd olunduğu kimi payın ayrılmasından fərqli olaraq aşağıdakı iki mərhələdən ibarətdir: 1) ümumi paylı mülkiyyətdə olan əşyanın naturada (fiziki) bölgüsü; 2) əşyanın məhkəmə qərarı ilə hərracdan satılması.
17. Hazırkı işdən görünür ki, iş üzrə tərəflərin ümumi paylı mülkiyyətində olan əşya ünvan 1 ünvanında yerləşən 27 nömrəli mənzildən ibarətdir. Həmin mənzilin texniki cəhətdən paylı mülkiyyətçilərin ideal paylarına uyğun real bölgüsünün təmin edilməsi mümkün olmadığından ümumi paylı mülkiyyətdə olan əşyanın naturada bölgüsü məsələsinin həlli üçün məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi prosessual qənaət prinsipinin tələbləri baxımından məqsədəmüvafiq deyil. Bu baxımdan məhkəmə belə hesab edir ki, hazırkı iş üzrə ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi üçün ikinci mərhələ - əşyanın məhkəmə qərarı ilə hərracdan satılması – tətbiq edilməlidir.
18. Bununla bağlı məhkəmə yenə Azərbaycan Respublikasının Ali Məhkəməsinin əlaqəli qərardadına istinadla qeyd edir ki, ümumi mülkiyyətdə olan əşyadan payın ayrılması prosedurundan fərqli olaraq, əşyanın bölünməsi halında kompensasiya ödənilməsi mərhələsi olmadığından, əşya üzərində mülkiyyəti davam etdirmək niyyətində olan digər payçıların mülkiyyət hüquqlarının qorunması məqsədilə Mülki Məcəllənin 221-ci maddəsində qapalı hərracı ehtiva edən yalnız paylı mülkiyyətin iştirakçıları üçün hərracın keçirilməsi imkanı nəzərdə tutulmuşdur. Hərracın forması tərəflərin mövqeləri nəzərə alınmaqla məhkəmə tərəfindən müəyyən olunmalıdır. Məhkəmə araşdırması zamanı bütün mülkiyyətçilərin və ya onlardan ən azı birinin əşya üzərində tam mülkiyyət hüququnu əldə etmək niyyətinin olduğu müəyyən edilərsə, qətnamənin nəticə hissəsində əvvəlcə yalnız paylı mülkiyyətin iştirakçıları üçün hərracın keçirilməsi, əşya həmin hərracda mülkiyyətçilərdən biri və ya bir neçəsi tərəfindən əldə edilmədiyi halda isə açıq hərracdan satılmalı olması göstərilməlidir.
19. Məhkəmə hesab edir ki, hərrac ilk növbədə qapalı - yalnız paylı mülkiyyətin iştirakçıları ilə keçirilməli, əşya həmin hərracda mülkiyyətçilərdən biri tərəfindən əldə edilmədiyi halda isə açıq hərracdan satılmalıdır.
20. Hərraca çıxarılacaq mənzilin ilkin satış qiymətinə gəldikdə isə məhkəmə ilk növbədə Azərbaycan Respublikasının Ali Məhkəməsinin əlaqəli qərardadında ortaya qoyulmuş mövqeyə uyğun olaraq qeyd edir ki, əşyanın ilkin satış qiyməti ilə bağlı qətnamənin icrası mərhələsində yaranacaq yeni mübahisələrin və tərəflərin sui-istifadə hallarının qarşısının alınması məqsədilə məhkəmə paylı mülkiyyətdə olan əşyanın müəyyən etdiyi bazar qiyməti ilə ilkin satış qiymətini qətnamənin icra qaydası kimi onun nəticə hissəsində göstərməlidir.
21. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş 03/25 nömrəli mütəxəssis rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən 27 nömrəli mənzilin hazırkı bazar dəyəri 104000 manat təşkil edir.
22. Məhkəmə müvafiq rəyin rəsmi reyestrdə qeydiyyatdan keçmiş qiymətləndirici şirkət tərəfindən tədqiqat obyektinə baxış keçirilməklə verildiyini, rəyin verilməsinə gətirib çıxaran tədqiqat prosesinin rəydə geniş şəkildə təsvir edildiyini, rəyə tədqiqat obyekti olan mənzillə eyni ərazidə yerləşən təxminən eyni ölçüyə malik olan mənzillərin cari satış qiymətləri ilə bağlı analoji məlumatlar əlavə edildiyini və cavabdeh tərəfindən məhkəməyə rəyin əsaslılığını və qanuniliyini şübhə altına alacaq hər hansı başqa dəlil təqdim edilmədiyini nəzərə alaraq, mübahisəli mənzilin ilkin satış qiymətinin müstəqil qiymətləndiricinin rəyinə müvafiq olaraq 104000 manat məbləğində müəyyən edilməli olduğu nəticəsinə gəlir.
23. Bu zaman məhkəmə, Azərbaycan Respublikasının Ali Məhkəməsinin müvafiq qərardadına uyğun olaraq izah edir ki, qətnamənin icrası mərhələsində paylı mülkiyyətdə olan əşyanın bazar qiymətinin əhəmiyyətli dərəcədə dəyişməsi səbəbindən tərəflər MPMin 231-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamənin icra qaydasının dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ilkin satış qiymətini yenidən müəyyənləşdirə bilərlər.
24. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, tərəflərin ümumi paylı mülkiyyətində olan mənzil 104000 manat ilkin satış qiyməti ilə ilk növbədə qapalı - yalnız paylı mülkiyyətin iştirakçıları ilə - hərraca çıxarılmalı, əşya həmin hərracda mülkiyyətçilərdən biri tərəfindən əldə edilmədiyi halda isə açıq hərracdan satılaraq satışdan əldə edilmiş vəsait payçıların paylarına uyğun bölünməlidir. Bu isə iddianın qismən təmin edilməsi deməkdir.
Məhkəmə xərcləri.
25. İş materiallarından görünür ki, iddiaçı müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Hansı ki, bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanununun 8.2-ci maddəsi ilə müəyyən edilmiş qiymətləndirilməyən iddia ərizələri ilə məhkəməyə müraciət edilərkən ödənilməli dövlət rüsumu məbləğinə uyğun olmuşdur.
26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən iddiaçının ödədiyi 100 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
27. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, ünvan 1 ünvanında yerləşən 27 nömrəli mənzil 104000 (yüz dörd min) manat ilkin satış qiyməti ilə ilk növbədə qapalı – yalnız paylı mülkiyyətin iştirakçıları ilə (İddiaçı və Cavabdeh) hərraca çıxarılmalı və mənzil qapalı hərracda mülkiyyətçilərdən biri tərəfindən əldə edilmədiyi halda açıq hərracdan satılaraq satışdan əldə edilmiş vəsait payçıların paylarına uyğun bölünməlidir.
28. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ: İddia qismən təmin edilsin. ünvan 1 ünvanında yerləşən 27 nömrəli mənzil 104000 (yüz dörd min) manat ilkin satış qiyməti ilə ilk növbədə qapalı – yalnız paylı mülkiyyətin iştirakçıları ilə (İddiaçı və Cavabdeh) hərraca çıxarılsın. Mənzil qapalı hərracda mülkiyyətçilərdən biri tərəfindən əldə edilmədiyi halda açıq hərracdan satılaraq satışdan əldə edilmiş vəsait payçıların paylarına uyğun bölünsün. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.