Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-620/2025 26.02.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında tələb edilməsinə” dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddia tələbi.
1. İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 1600 manat pul vəsaitinin və 36 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddiaçı "xxxx" ASC iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il saat 04:04 radələrində Bakı şəhəri, R.Rüstəmov küçəsi ərazisində Cavabdeh tərəfindən idarə olunan "xxxx" ASC tərəfindən PXA********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “Hyundai Sonata” markalı, **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobil “Qaz 33021” markalı, **-NS- *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, nəticədə sonuncuya maddi zərər dəymişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-543/2021 saylı qərarına əsasən müəyyən olunmuşdur ki, Cavabdeh yol-nəqliyyat hadisəsi törədərkən sürücülük hüququ olmamışdır. “Avtomobillərin Texniki Xidmət Mərkəzi” tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli Qüsur aktında göstərilmişdir ki, “Qaz 33021” markalı, **-NS-*** dövlət nömrə nişanlı avtomobilə vurulmuş maddi zərər 1600 manat təşkil edir. Bununla əlaqədar olaraq "xxxx" ASC tərəfindən iş ürə PXA115730 saylı sığorta aktı tərtib edilməklə zərərçəkmişə dəymiş zərərə görə 1600 manat məbləğində sığorta ödənişi ödənilmişdir. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.
Tərəflərin izahatları.
3. İddiaçı "xxxx" ASC-nin hüquqşünası Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasında nümayəndənin iştirakı olmadan mülki işə baxılaraq qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir.
İş materialları.
5. xx.xx.2022-ci il tarixli, xx/xx-1987 nömrəli Xalq Sığorta tərəfindən Cavabdeh göndərilmiş məktubdan görünür ki, yuxarıda qeyd olunanlar və hadisə zamanı nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə edilməsi nəzərə alınaraq 1600 manat məbləğində sığorta ödənişi subroqasiya qaydasında "xxxx" ASC-nin aşağıda qeyd olunan bank hesabına və ya Milli Ön aparatlarından 7 iş günü ərzində könüllü ödənilməsi təklif olunmuş, əks təqdirdə qeyd olunan məbləğ məhkəmə qaydasında tələb ediləcək bu zaman yaranacaq əlavə məhkəmə və vəkil xərcləri tutulacaqdır.
6. PXA115730 sığorta aktından görünür ki, sığortalanmış “Hyundai Sonata” markalı 90- RJ-102 dövlət qeydiyyat nişanlı avtomobil “QAZ” markalı **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Dəymiş maddi zərərin ümumi məbləği 1600 manat dəyərində müəyyənləşdirilmiş və X1 ödənilmişdir.
7. “Avtomobillərin Texniki Xidmət Mərkəzi” tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli Qüsur aktında göstərilmişdir ki, “Qazel” markalı, **-NS-*** dövlət nömrə nişanlı avtomobilə vurulmuş maddi zərər 1600 manat təşkil edir.
8. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-543/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 263-1.1 və 307.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 01(bir) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə 02(iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 06(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307.1-ci maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinin tələblərinə əsasən təyin olunmuş əsas cəzaları qismən toplamaqla, əlavə cəzanı isə tam birləşdirməklə Cavabdeh qəti olaraq 02(iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01(bir) il 02 (iki) ay müdddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cavabdeh 21 may 2020-ci tarixdən həbsdə saxlanılması nəzərə alınaraq cəzasını çəkmiş hesab edilmiş, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və dərhal məhkəmə iclas zalından həbsdən azad edilmişdir. Həmin hökmlə müəyyən olunmuşdur ki, Cavabdeh Bakı şəhər DYPİ-nin qərarı ilə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi sürücülük hüququndan məhrum edilmişdir.
İşin faktiki halları.
9. xx.xx.2020-ci il saat 04:04 radələrində Bakı şəhəri, R.Rüstəmov küçəsi ərazisində Cavabdeh tərəfindən idarə olunan "xxxx" ASC tərəfindən PXA********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “Hyundai Sonata” markalı, **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobil “Qaz 33021” markalı, **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, nəticədə sonuncuya maddi zərər dəymişdir.
10. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-543/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 263-1.1 və 307.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmişdir. Həmin hökmlə müəyyən olunmuşdur ki, Cavabdeh Bakı şəhər DYPİ-nin qərarı ilə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi sürücülük hüququndan məhrum edilmişdir.
11. Qüsur aktına əsasən, “Qazel” markalı, **-NS-*** dövlət nömrə nişanlı avtomobilə vurulmuş maddi zərər 1600 manat təşkil edir.
12. PXA115730 sığorta aktından görünür ki, sığortalanmış “Hyundai Sonata” markalı 90- RJ-102 dövlət qeydiyyat nişanlı avtomobil “QAZ” markalı **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Dəymiş maddi zərərin ümumi məbləği 1600 manat dəyərində müəyyənləşdirilmiş və X1 ödənilmişdir.
Tətbiq edilən hüquq.
13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 21. Zərərin əvəzinin ödənilməsi. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 883. Sığorta və təkrarsığorta müqaviləsi. 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Maddə 936. Subroqasiya hüququ. 936.1. 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı. 1096.1. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1108. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
14. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu.
Maddə 23. Sığortaçının hüquq və vəzifələri. 23.1. Sığortaçının aşağıdakı hüquqları vardır: 23.1.6. sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək. Maddə 25. İcbari sığorta üzrə subroqasiya hüququnun yaranmasının əsasları 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır.
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
16. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.
Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi
Məhkəmənin mövqeyi.
17. İşin faktiki hallarından görünür ki, xx.xx.2020-ci il tarixdə baş vermiş və başqa bir avtomobilə zərər dəyməsi ilə nəticələnmiş yol nəqliyyat hadisəsində Cavabdeh təqsirli olduğu və nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsini idarə etməsi müəyyən edilmişdir.
18. Sığorta hadisəsi zamanı sürücünün nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsini idarə etməsi “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.3.-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququnu yaradır. Belə olan halda iddiaçı "xxxx" ASC yolnəqliyyat hadisəsi nəticəsində zərər dəymiş avtomobilə görə ödədiyi 1600 manat məbləğində sığorta ödənişini Cavabdeh tələb etməkdə haqlı olmuşdur.
Məhkəmə xərcləri.
19. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 36 manat məbləğində dövlət rüsumu ödəmişdir. Hansı ki, bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən iddia qiyməti 1.000 manatadək olduqda ödənilməli olan dövlət rüsumu məbləğinə uyğun olmuşdur.
20. Məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə uyğun olaraq ödənilmiş 36 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
21. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh QAZ “33021” markalı, **-NS-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə dəymiş zərərin əvəzi 1600 (bir min altı yüz) manat və 36 (otuz altı) manat məbləğində dövlət rüsumu tutularaq "xxxx" ASC-nin hesabına ödənilməlidir.
22. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh “QAZ 33021” markalı, **-NS-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə dəymiş zərərin əvəzi 1600 (bir min altı yüz) manat və 36 (otuz altı) manat məbləğində dövlət rüsumu tutularaq "xxxx" ASC-nin hesabına ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən Leyla Talıbova