Məhkəmə qərarları › İş №e-2(010)-71/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-71/2025

11.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-71/2025 11.02.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi X8 oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların vəkili Vəkil2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi.

1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 İddiaçı 2022-ci ilin may ayından 2023-cü ilin yanvar ayınadək və Cavabdeh2 İddiaçı 2022-ci ilin iyun ayından 2022-ci ilin sentyabr ayınadək olan müddət aralığında müxtəlif məqsədlərlə aldıqları 12900 manat dəyərində qızıl-zinət əşyalarının məbləğinə mütənasib dəymiş ziyanın, eləcə də hüquqi yardım göstərilməsi məqsədilə vəkilə ödənilmiş 100 manat pulun, vəkilə iddiaçının nümayəndəsi qismində onu məhkəmə prosesində təmsil etməsi üçün etibarnamə verilməsinə çəkilmiş 17.25 manat pulun, ümumilikdə 13017.25 manat məbləğində pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh1 iddiaçıdan aldığı qızıl-zinət əşyalarına görə qalıq borc olaraq 5250 manat pulun tutulması, Cavabdeh2 iddiaçıdan əldə etdiyi qızıl-zinət əşyalarına görə qalıq borc olaraq 6550 manat pulun tutulması, cavabdehlərdən müştərək qaydada məhkəmə xərci olaraq ödənilmiş 101 manat dövlət rüsumu, vəkilə ödənilmiş hüquqi yardıma görə 100 manat, etibarnaməyə görə ödənilmiş 17.25 manat, cəmi 218.25 manat məhkəmə xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin dəqiqləşdirilməsi (həcminin azaldılması) barədə ərizə təqdim edərək, Cavabdeh1 5250 manat pulun tutularaq İddiaçı ödənilməsi, Cavabdeh2 6780 manat pulun tutularaq İddiaçı ödənilməsi, hüquqi yardım göstərilməsi məqsədilə vəkilə ödənilmiş 100 manat pulun, vəkilə iddiaçının nümayəndəsi qismində onu məhkəmə prosesində təmsil etməsi üçün etibarnamə verilməsinə çəkilmiş 17.25 manat pulun, dövlət rüsumu üçün ödənilmiş 130 manat olmaqla cəmi 247.17 manat pul vəsaitinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməsini xahiş etmişdir.

İddia tələbinin dəlilləri

4. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 2022-ci ilin may ayında İddiaçı ümumilikdə 111 qram 750 əyarlı qızıl-zinət əşyaları alaraq pulunu ödəyəcəklərini bildirmişlər, lakin bu günə kimi onun pulunu qaytarmamışlar. Qeyd edilən faktla əlaqədar olaraq Sabunçu RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı X9 tərəfindən İddiaçı müraciəti əsasında toplanmış xx.xx.2023-cü il tarixli, HK-1/2614 nömrəli material əsasında 17 noyabr 2023-cü il tarixli “Cinayət işinin başılanmasının rədd edilməsi haqqında” Qərar qəbul edilmişdir. Həmin Qərarda qeyd edilənlərə əsasən müəyyən edilmişdir ki, İddiaçı 1988-ci ildən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində həyət evində yaşayır. 1992-ci ildə həyat yoldaşı vəfat etdikdən sonra ailəsini dolandırmaq naminə qızıl alveri ilə məşğul olmağa başlamışdır. Onunla birgə qonşuluqda yaşayan Ulduz adlı qadın da bir neçə dəfə ondan qızıl-zinət əşyaları alaraq hissəli şəkildə pulunu ödəyib bitirmişdir. 2022-ci ilin may ayında köhnə qonşusu olan Ulduz və onun qızı Cavabdeh1 onun yaşadığı evə gələrək ev tikmək istədiyini demiş və əllərində pul olmadıqlarını bildirib ondan qızıl alaraq həmin qızıl-zinət əşyalarını lombarda qoyub nağd pul əldə etdikdən sonra tikintiyə davam etmək istədiklərini demişlər. Bu işdə onlara kömək etməyi xahiş etmişlər. Həmin vaxt onlarla razılaşmış və 51 qram 750 əyarlı italyan qızıllarını onlara vermişdir. Bir neçə ay sonra Ulduz və qızı Şəhanə onun yaşadığı evə gəlib yenidən qızıl-zinət əşyaları lazım olduğunu, eləcə də həmin qızılzinət əşyalarını sataraq qardaşının problemini həll edəcəklərini demişlər. Yenidən Şəhanə və anası Ulduza 750 əyarlı 31 qram qızıl-zinət əşyaları vermişdir. Sonuncu dəfə isə 2023cü ilin yanvar ayının əvvəllərində Şəhanə onun yaşadığı evə gəlib qardaşının səhhətində problem olduğunu deyib ona köməklik etməyi xahiş etmişdir. Eyni qayda olaraq yenidən Şəhanəyə 31 qram 750 əyarlı qızıl-zinət əşyaları vermişdir. İlk aldıqları qızıl-zinət əşyalarına görə cəmisi iki dəfə 500 manat, ümumilikdə isə 1000 manat pul ödəmişlər. Onlara qızıl verməkdə ehtiyat etdiyini bildirərkən Gürcüstan Respublikasında evləri olduğunu və həmin evi sataraq ona olan borclarını qısa zaman ərzində qaytaracaqlarını demişlər. Lakin bu günə kimi onun pulunu qaytarmaqdan yayınmışlar. Hal-hazırda Şəhanə və anası Ulduzun ona ümumilikdə 12900 manat pul borcu vardır. 17 noyabr 2023-cü il tarixli “Cinayət işinin başılanmasının rədd edilməsi haqqında” Qərara əsasən Cavabdeh1 Sabunçu Rayon Polis İdarəsində verdiyi izahatdan məlum olur ki, o, 2022-ci ilin dekabr ayının 31-də qonşuluqda yaşayan Dürdanənin evinə getmiş və qızıl alveri etdiyini bildiyi üçün ondan qızıl-zinət əşyaları alaraq satıb özü üçün təqaüd düzəltdirmək istəmişdir. Bu barədə Dürdanə ilə söhbət etdikdən sonra müvafiq razılığa gəlmişlər və ilkin olaraq ondan 12 qram türk qızılı götürmüşdür. Öz şəxsi məsrəflərinə istifadə etdikdən sonra xx.xx.2023cü il tarixində yenidən Dürdanənin yaşadığı evə gedərək ona qızıl lazım olduğunu demişdir. Eləcə də, Dürdanə ilə razılaşdıqdan sonra yenidən ondan 26 qram türk qızılı, 585 əyarlı qızıl-zinət əşyaları almışdır. Həmin qızıl-zinət əşyalarını Dürdanədən götürdükdən sonra yenidən lombarda qoyub borc olaraq pul götürmüşdür. Onunla da razılaşmışdır ki, aylıq olaraq hissəli şəkildə pulunu ödəyəcək, lakin maddi vəziyyətinin pis olması səbəbindən bir neçə ayı ödəyib qalan ayları ödəyə bilməmişdir. 2023-cü ilin dekabr ayından başlayaraq hissəli şəkildə aylıq 200 manat ödəyib, bir neçə ay ərzində Dürdanəyə olan pul borcunu tam şəkildə qaytaracağına söz vermişdir. Dürdanədən ümumilikdə 38 qram türk qızılı aldığı üçün ona 4180 manat pul borcunun olduğunu qeyd etmişdir. Həmçinin 17 noyabr 2023-cü il tarixli “Cinayət işinin başılanmasının rədd edilməsi haqqında” Qərara əsasən X1 Sabunçu Rayon Polis İdarəsində verdiyi izahatdan məlumdur ki, 2022-ci ildə lotereya oynadığı üçün maddi vəziyyəti aşağı olmuşdur. Belə bir qərara gəlmişdir ki, qonşuluqda yaşayan Dürdanə adlı qadından qızıl-zinət əşyası alaraq həmin qızıl-zinət əşyasını lombarda qoyub müəyyən qədər pul əldə etsin. Eləcə də, 2022ci ilin iyun ayında Dürdanənin yaşadığı evə gedib borc olaraq ondan qızıl-zinət əşyları istəmişdir. Həmin qızıl-zinət əşyalarını satıb borclarını verəcəyini və Dürdanəyə olan borcunu isə hissəli şəkildə ödəyəcəyini demişdir. Dürdanə onunla razılaşmış və 51 qram 750 əyarlı qızılı Dürdanədən almışdır. 2022-ci ilin sentyabr ayında isə yenidən Dürdanənin evinə getmiş və oğlu üçün aldıqları maşının kreditini verə bilmədiklərini və bu işdə onlara köməklik edib qızıl-zinət əşyası verməsini xahiş etmişdir. Həmin vaxt Dürdanə yenidən 23 qram 750 əyarlı qızıl-zinət əşyalarını ona vermişdir. Onunla razılaşmışdır ki, həmin qızılzinət əşyalarının pulunu da hissəli şəkildə ödəyəcəkdir. Sonradan maddi vəziyyətləri yaxşı olmadığı üçün Dürdanəyə olan pul borcunu ödəyə bilməmişdir. İddiaçı ümumilikdə 74 qram 750 əyarlı qızıl-zinət əşyaları almasını, onun 23 qramının 115 manatdan, 51 qramının isə 132 manatdan olmasını, ümumilikdə Dürdanəyə 9377 manat borcunun olduğunu bildirmişdir. Qeyd edilənlərə əsasən məlumdur ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən Sabunçu Rayon Polis İdarəsində verilmiş izahatlardan da göründüyü kimi onlar İddiaçı olan borc məbləğini özləri etiraf etmişlər. Hazırda cavabdehlərin etiraf etdikləri ümumilikdə 13557 manat pul məbləğindən az bir vəsait ödənilmiş və 12900 manat vəsaitin ödənilməsinə dair cavabdehlər tərəfindən hərəkətsizlik nümayiş etdirilməkdədir.

Tərəflərin izahatları.

5. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 bildirdi ki, iddianı müdafiə edir. Qəbzlərdən və ekspert rəyindən də görünür ki, cavabdehlərin özünün etiraf etdiyi hissədə də, onların irəli sürdüyü hissədə də iddia tələbinə əsasən də borcu var. Bütün mübahisəli məsələlər məhkəmə hazırlıq iclasında müzakirə olunub. Onların hazırki tələbi polis bölməsində tələb olunan məbləğdən də azdır. Hesab edir ki, Cavabdeh1 cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardakı izahatından fərqli izahat verir, tamamilə ayrı borc məbləğlərini bildirir. Lakin ortada sübut, əlyazma vardır. Ekspert əlyazmadakı imza nümunələrinə aydınlıq gətirib. AR MPM-in 77.1-ci maddəsinə görə Cavabdeh1 polisdə verdiyi izahatındakı məbləğlə əlyazma mətnindəki məbləğin arasında qalan fərqi hansı şəkildə ödəməsinə aid izahat verməlidir. Lakin buna aid nə aydınlıq gətirib, nə də sübut təqdim edib. O, bütün sübutları məhkəməyə təqdim etmişdir. Cavabdeh1 tərəfindən ayrı vaxtlarda, 900 manat və 100 manat ödənişlər edilmişdir. 900 manat və 100 manat ödənişlərdən başqa Cavabdeh1 məhkəməyə heç bir sübut təqdim etməmişdir. Cavabdeh1 tərəfindən iki dəfə, ayrılıqda 300 manat olmaqla, 600 manat ödənişin həyata keçirilməsini özləri etiraf etmişdirlər. Cavabdeh1 məhkəmə gedişatında ərizələrdəki imzanın ona məxsus olmadığını bildirirdi, lakin bu hal özünümüdafiə xarakteri daşıyır, çünki az məbləğdə borcun olması onun marağına daha çox uyğundur. Məhkəmə gedişatında 1000 manat borcun Cavabdeh1 tərəfindən ödənilməsi məsələsi ortaya çıxmışdı, onlar iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə buna da aydınlıq gətirmişdirlər.

6. Məhkəmə iclasında cavbadeh Cavabdeh2 bildirdi ki, onların iddiaçıya təxminən 4000 manata qədər borcu qalıb. İddiaçıya hər dəfəsində 600 manat olmaqla, iki dəfə pul vermişdir. 23 qram qızıldan 750 manat, 51 qram qızıldan 3000 manat vermişdir. Azər bəyə 900 manat pulu “ASAN Xidmət”-də vermişdir. X2 1250 manat pulu Şəhanə göndərib. O, bütün pulları iddiaçıya əlbəəl vermişdir. Dürdanədən 40 qram qızıl götürmüşdür və o qızılın dəyərindən əvvəlcə 1200 manat Habilə adlı şəxsin kartına göndərmişdir. Daha sonra da qalıq borcdan ödənişlər etmişdir. İddia tələbini qeyd olunan formada qəbul etmir.

7. Məhkəmə iclasında Cavabdeh1 bildirdi ki, o, üç dəfə 300 manat pulu X2 və cavabdehlərin vəkili Vəkil2 göndərmişdir. Polisdə iddiaçı gəldi, üzləşmə olanda onun 1200 manat verdiyini bildirdi. O, türk qızılı götürmüşdür, lakin iddiaçı italyan qızılı kimi hesablayıb. 1250 manat bir, 1000 manat da bir ödəniş etmişdir.

8. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vəkili Vəkil2 bildirdi ki, iddiaçı məbləğləri artıq göstərmişdir. Sonradan məhkəməyə təqdim olunmuş iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə də ödənilmiş məbləğlər nəzərə alınmayıb. Hazırda Ulduz xanımın borcu 4530 manat, Şəhanə xanımın borcu isə 2980 manatdır. Şahid kimi dindiriləcək şəxs əvvəlcə borcu qəbul edir, lakin sonra iddiaçının təsiri ilə məhkəməyə gəlməkdən yayınır. Habil adlı şəxs iddiaçı ilə yaxın münasibətdə olduğuna görə iddiaçının dediklərini deyir. Habil adlı şəxsin kartına göndərilmiş pullar iddiaçının istəyi ilə göndərilib. Polisdə iş noyabr ayında yekunlaşıb, 900 manat ödəniş dekabrda həyata keçirilib. Tərəflər arasında qızıl alış-verişi olmuşdur və bunun əsasında yaranan borc məbləği cavabdehlər tərəfindən ödənilmişdir. İş materialları.

9. xx.xx.2023-cü il tarixli əlyazmadan görünür ki, Cavabdeh2 İddiaçı olan 6780 manat borcunu oktyabr ayına qədər ödəyəcəyini qeyd etmişdir.

10. xx.xx.2023-cü il tarixli əlyazmadan görünür ki, Cavabdeh1 İddiaçı olan 6850 manat borcunu 10-cu aya qədər ödəyəcəyini qeyd etmişdir. Eyni zamanda əlyazmada aprel ayında 300 manat, may ayında 300 manat ödənildiyi göstərilmiş, dekabr.12.900 v yazısı qeyd edilmişdir.

11. 17 noyabr 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Cavabdeh1 bildirmişdir ki, İddiaçı yazdığı şikayət ərizəsi ilə tanış olmuşdur. 2022-ci ilin dekabr ayının 31-də qonşuluqda yaşayan Dürdanənin evinə getmiş və qızıl alveri etdiyini bildiyi üçün ondan qızıl- zinət əşyaları alaraq satıb özü üçün təqaüd düzəltdirmək istəmişdir. Bu barədə Dürdanə ilə söhbət etdikdən sonra müvafiq razılığa gəlmişlər və ilkin olaraq ondan 12 qram türk qızılı götürmüşdür. Həmin qızıl-zinət əşyalarını lombarda qoyaraq borc pul götürmüşdür. Öz şəxsi məsrəflərinə istifadə etdikdən sonra xx.xx.2023-cü il tarixdə yenidən Dürdanənin yaşadığı evə gedərək ona qızıl lazım olduğunu demişdir. Eləcədə, Dürdanə ilə razılaşdıqdan sonra yenidən ondan 26 qram türk qızılı, 585 əyarlı qızıl-zinət əşyaları almışdır. Həmin qızıl-zinət əşyalarını Dürdanədən götürdükdən sonra yenidən lombarda qoyub borc olaraq pul götürmüşdür. Onunla da razılaşmışdır ki, aylıq olaraq hissəli şəkildə pulunu ödəyəcək, lakin maddi vəziyətinin pis olması səbəbindən bir neçə ay ödəyib qalan ayları ödəyə bilməmişdir. 2023-cü ilin dekabr ayından başlayaraq hissəli şəkildə aylıq 200 manat ödəyib bir neçə ay ərzində Dürdanəyə olan pul borcunu tam şəkildə qaytaracağına söz vermişdir. Verdiyi sözü əməl etmədiyi təqdirdə Azərbaycan Respublikası qanunvericiliyinə əsasən məsuliyyət daşımağıma hazırdır. Əlavə olaraq Dürdanədən ümumilikdə 38 qram türk qızılı aldığı üçün ona 4180 manat pul borcunun olmasını, həmin məbləğdən 1200 manat ödədiyinə görə faktiki olaraq İddiaçı 2980 (iki min doqquz yüz səksən) manat pul borcunun qalmasını qeyd etmişdir. Araşdırma zamanı izahatı alınmış X4 bildirmişdir ki, İddiaçı yazdığı şikayət ərizəsi ilə tanış olmuşdur. 2022-ci ildə lotareya oynadığı üçün maddi vəziyyəti aşağı olmuşdur. Belə bir qərara gəlmişdir ki, qonşuluqda yaşayan Dürdanə adlı qadından qızıl-zinət əşyası alaraq həmin qızıl-zinət əşyasını lombarda qoyub müəyyən qədər pul əldə etsin. Eləcədə, 2022ci ilin iyun ayında Dürdanənin yaşadığı evə gedib borc olaraq ondan qızıl-zinət əşyaları istəmişdir. Həmin qızıl-zinət əşyalarını satıb borclarını verəcəyini və Dürdanəyə olan borcunu isə hissəli şəkildə ödəyəcəyini demişdir. Dürdanə onunla razılaşmış və 51 qram 750 əyarlı qızılı Dürdanədən almışdır. 2022-ci ilin sentyabr ayında isə yenidən Dürdanənin evinə getmiş və oğlu üçün aldıqları maşının kreditini verə bilmədiklərini və bu işdə onlara köməklik edib qızıl-zinət əşyası verməsini xahiş etmişdir. Həmin vaxt Dürdanə yenidən 23 qram 750 əyarlı qızıl-zinət əşyalarını ona vermişdir. Onunla razılaşmışdır ki, həmin qızılzinət əşyalarının pulunu da hissəli şəkildə ödəyəcəkdir. Sonradan maddi vəziyyətləri yaxşı olmadığı üçün Dürdanəyə olan pul borcunu ödəyə bilməmişdir. Əlavə olaraq İddiaçı ümumilikdə 74 qram 750 əyyarlı qızıl-zinət əşyaları almasını, onun 23 qramının 115 manatdan, 51 qramının isə 132 manatdan olmasını, ümumilikdə Dürdanəyə 9377 (doqquz min üç yüz yetmiş yeddi) manat borcunun olmasını, həmin məbləğdən 3750 manatını ödədiyi üçün faktiki olaraq ona olan pul borcunun 5627 (beş min altı yüz iyirmi yeddi) manat olmasını, qalan borcunun isə 2023-cü ilin dekabr ayının 25-dən başlayaraq aylıq 200 manat ödəməklə hissəli şəkildə ödəyəcəyini, verdiyim sözü əməl etmədiyi təqdirdə Azərbaycan Respublikası qanunvericiliyinə əsasən məsuliyyət daşımağıma hazır olmasını qeyd etmişdir.

12. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, X5 adlı şəxs Cavabdeh2 İddiaçı olan borcdan 900 manat qəbul etmiş və İddiaçı həmin 900 manatı almışdır.

13. İşə əlavə edilmiş (iş materialları, səh 67) ödəniş qəbzlərinin surətlərindən görünür ki, xx.xx.2023-cü il tarixdə 300 manat, xx.xx.2023-cü il tarixində 100 manat, xx.xx.2023-cü il tarixində 100 manat, xx.xx.2023-cü il tarixində 270 manat, xx.xx.2023-cü il tarixində 50 manat ödənişlər edilmişdir. Eyni zamanda, Məmmədov Habil adlı şəxsin kart hesabının surəti təqdim edilmişdir.

14. AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş e-2(010)-965/2024 saylı mülki işin 48-ci vərəqində Cavabdeh1 adından olan xx.xx.2023-cü il tarixli 6850 manata dair borc qəbzindəki yazılar (aprel -300 v, may -300 v... dekabr-12-900 v. Yazılarından başqa) və həmin qəbzin aşağı hissəsində “xx.xx.2023” rəqəmlərindən yuxarıdakı imza - Cavabdeh1 tərəfindən icra olunmuşdur.

İşin faktiki halları.

15. İşin faktiki halları ondan ibarətdir ki, iddiaçı hazırki iddia tələbində cavabdehlərlə aralarında qızıl alış-verişi olduğunu və onlara tələbdə qeyd etdiyi qızıl əşyaları təqdim etdiyini, ödənişlərin hissə-hissə edilməsi barədə razılığa gəldiklərini və cavabdehlərin həmin qızılların dəyərini ona ödəmələri barədə öz üzərilərinə öhdəlik götürdüklərini bildirir. Hazırda iddiaçı tərəf cavabdehlərin həmin qızılların qalıq dəyərini ona ödəmədiyini qeyd edir və iddia tələbinin təmin edilməsini xahiş edir. İddiaçı tələbin əsası kimi iş materiallarına əlavə edilmiş əlyazmalara, “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərar və ekspert rəyinə istinad edir. Cavabdehlər isə iddia tələbini qəbul etmir və iddiaçından aldıqları qızılların dəyərinin müəyyən hissəsini ödədiklərini bildirirlər. Tərəflər arasında mübahisəli hal qaytarılan borcun məbləği ilə bağlıdır. Belə ki, iddiaçı iş materiallarında olan əlyazmalara istinad edərək, orada qeyd edilən miqdarda borcların qaldığını iddia edir, cavabdehlər isə buna etiraz edərək əlyazmalarda qeyd ediləndən daha az məbləğdə borclarının qaldığını, onlarının bir hissəsinin digər şəxslər tərəfindən də ödənildiyini iddiaçının isə bu ödənişləri nəzərə almadığını bildirirlər. Cavabdehlər bu etirazlarında iş materiallarında olan qəbzlərin surətlərinə əsaslanırlar.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 568. Satıcının əşyanı vermək vəzifəsi 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Maddə 579. Əşyaların çeşidi 579.1. Əgər alğı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur. Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 601. Əşyanın hissə-hissə ödənilməsi 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübutetmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Məhkəmənin mövqeyi

18. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir.

19. Məhkəmə qeyd edir ki, tərəflər arasında qızıl alış-verişi ilə bağlı münasibətin olmasını hər iki tərəf qəbul edir. Belə ki, işin mübahisələndirilməyən hallarına görə iddiaçı cavabdehlərə qızıl əşyaları təqdim etmiş, cavabdehlər isə həmin qızılların dəyərini ödəməyi öz öhdələrinə götürmüşdür. Həmçinin, o da müəyyən edilir ki, cavabdehlər tərəfindən iddiaçıya müəyyən ödənişlər də edilmişdir. Mübahisəyə hansı maddi hüquq normalarının tətbiq edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Odur ki, bu xarakterli mübahisələrə baxılarkən tərəflərin söykəndikləri əqdin hüquqi nəticə yaradıb-yaratmaması müəyyən edilməlidir. Əqdin hüquqi nəticə doğurması onun etibarlı olmasından asılıdır. Əqd etibarsız olduqda isə tərəflər üçün hüquq və öhdəlik əmələ gətirmir (Mülki Məcəllə, maddə 337.4). Tərəflərin arasında olan münasibət alqı-satqı münasibətləri olmuşdur. Belə ki, artıq qeyd edildiyi kimi, cavabdehlər ayrı-ayrı vaxtlarda iddiaçıdan sonradan dəyərini ödəmək şərti ilə nisyə qızıl-zinət əşyaları götürmüşlər. Beləliklə, müəyyən olunur ki, hazırkı işdə tərəflərin münasibətləri mülki qanunvericiliyin alqı-satqı münasibətlərini tənzimləyən hüquq normalarına uyğundur. Həmin münasibətləri tənzimləyən maddi hüquq normalarına nəzər saldıqda müəyyən edilir ki, qanunvericilik bu tip əşyaların alqı-satqısı ilə bağlı imperativ müqavilə forması nəzərdə tutmamışdır. Deməli, hazırkı işdə tərəflər arasında qızılın satışı ilə bağlı şifahi alqı-satqı müqaviləsi mövcud olmuşdur.

20. Məhkəmə iddia tələbinin Cavabdeh1 5250 manat pulun tutularaq İddiaçı ödənilməsi hissəsinə münasibətdə bildirir ki, cavabdeh iddiaçıdan aldığı qızılların dəyərini ödədiyini və xx.xx.2023-cü il tarixli əlyazmada olan yazıların ona aid olmadığını bildirsə də, lakin iş materiallarında olan AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi xx.xx.2024cü il tarixli ekspert rəyindən göründüyü kimi həmin əlyazmada əks olunan yazıların Cavabdeh1 tərəfindən icra edildiyi qeyd edilmişdir. Məhkəmə ekspert rəyini mötəbər sübut kimi qəbul edir və ona tənqidi yanaşılması üçün əsas görmür. Həmin əlyazmadan aydın olur ki, “Cavabdeh1 İddiaçı olan 6850 manat borcunu 10-cu aya qədər ödəyəcəyini qeyd etmişdir. Eyni zamanda, əlyazmada aprel ayında 300 manat, may ayında 300 manat ödənildiyi göstərilmişdir”. Eyni zamanda, həmin qəbzdə dekabr.12. 900 v yazısı ilə bağlı araşdırma aparılarkən bu məbləğin X5 adlı şəxsin verdiyi 900 manat pul olduğu müəyyən edilmişdir, hansı ki, həmin məbləğ iddiaçı tərəfindən Cavabdeh1 borcundan çıxılmışdır. İddiaçı tərəf Cavabdeh1 borcundan ümumilikdə 1600 manat ödənildiyini bildirmiş və xx.xx.2023-cü il tarixli qəbzdə yazılan 6850 manat borcdan 1600 manatı çıxmaqla, yerdə qalan 5250 manat pulu tələb edir. Cavabdeh1 isə bildirir ki, onun iddiaçıya 2980 manat borcu qalmışdır. Məhkəmə qeyd edir ki, Cavabdeh1 iddiaçıya həmin qızıllara görə olan borcunu ödədiyini, yalnız 2980 manat borcunun qaldığını bildirsə də, lakin qeyd olunan halı təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, Cavabdeh1 etdiyi əlavə ödənişlərlə bağlı sübutetmə yükü onun üzərinə düşdüyündən və o bu barədə hər hansı sübut təqdim etmədiyindən, məhkəmə bu xüsusda Cavabdeh1 etirazını əsaslı hesab etmir.

21. Məhkəmə iddia tələbinin Cavabdeh2 6780 manat pulun tutularaq İddiaçı ödənilməsi hissəsinə münasibətdə isə bildirir ki, Cavabdeh2 xx.xx.2023-cü il tarixli əlyazmada əks olunan yazıların onun tərəfindən icra edildiyini inkar etmir. Deməli, Cavabdeh2 iddiaçıya götürdüyü qızılların müqabilində 6780 manat borclandığı müəyyən olunur. Lakin, bununla belə, Cavabdeh2 bildirir ki, o iddiaçıya müxtəlif vaxtlarda şəxsən verməklə, eyni zamanda X6 vasitəsiylə borcunu qaytarmış, onun təxminən 4000 manat borcu qalmışdır. Habil Məmmədov vasitəsilə 1250 iddiaçıya pul göndərmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh hər nə qədər iddiaçıdan aldığını etiraf etdiyi qızılların yarısının dəyərini ona ödədiyini qeyd etsə də, lakin bununla bağlı hər hansı sübut məhkəməyə təqdim etməmiş və yalnız formal mülahizələrə əsaslanmışdır. X6 adlı şəxsə verilən pul məbəği ilə bağlı qeyd edilməlidir ki, bu pulun həmin şəxs vasitəsi ilə iddiaçıya borc ödənişi kimi verilməsi halı təsdiq edilmir. Bu baxımdan məhkəmə hesab edir ki, tələb qeyd olunan hissədə də təmin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh1 iddiaçıya 5250 manat, Cavabdeh2 isə 6780 manat məbləğində borcunun qalması halı işin halları ilə öz təsdiqini tapır. Cavabdehlər borc məbləğləri üzrə müəyyən ödənişlər etdiklərini bildirsələr də, bu ödənişlərlə bağlı hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Azər Mustafayev adlı şəxsin məhkəmədə şahid kimi dindirilməsi ilə bağlı isə qeyd edilməlidir ki, həmin şəxs şahid kimi məhkəməyə çağırılsa da, lakin o, məhkəməyə gəlməkdən imtina etmişdir. Digər tərfədən isə, qeyd edilməlidir ki, həmin şəxs məhkəməyə şahid kimi gəlməkdən imtina etsə də, onun cavabdehlərə məxsus borc məbləğindən ödəniş edib-etməməsi ilə bağlı məsələdə qeyri-müəyyənlik qalmamışdır. Ona görə ki, iddiaçı tərəf həmin şəxsin Cavabdeh1 borcuna görə ümumilikdə 1000 manat ödədiyini etiraf etmişdir. Elə cavabdehlər də, həmin şəxsin qeyd edilən məbləğdə ödəniş etdiyini iddia edirdilər. Məhkəmə hər iki cavabdehin iddiaçıya əslində daha çox borc məbləğinin qaytarıldığı barədə bildirdiklərinə münasibətdə qeyd edir ki, prosessual qanunvericiliyin tələblərinə görə bu halları sübut etmək yükü cavabdehlərin üzərinə düşür. İstintaq orqanına verdikləri izahatlarda Cavabdeh1 İddiaçı 2980 manat borcunun olduğunu bildirmiş, Cavabdeh2 isə İddiaçı 5627 manat borcunun oldğunu bildirmişlər. Bununla belə, cavabdehlər iddiaçıya məhz istintaq orqanında qeyd etdikləri məbləğlərdə borclarının qalmasını hər hansı sübutla isbat edə bilməmişlər.

Məhkəmə xərcləri

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

23. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

24. İddia təmin edildiyi üçün iş üzrə ödənilmiş 130 manat dövlət rüsumu, hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 100 manat və etibarnamənin verilməsi üçün ödənilmiş 17.25 manat olmaqla cəmi 247.25 manat pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməli və iş üzrə keçirilmiş məhkəməxətşünaslıq ekspertizasının dəyəri olan 110 manat pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə

25. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh1 5250 manat pul vəsaiti tutularaq İddiaçı ödənilməli, Cavabdeh2 6780 manat pul vəsaiti tutularaq İddiaçı ödənilməli, iş üzrə ödənilmiş 130 manat dövlət rüsumu, hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 100 manat və etibarnamənin verilməsi üçün ödənilmiş 17.25 manat olmaqla cəmi 247.25 manat pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməli və iş üzrə keçirilmiş məhkəməxətşünaslıq ekspertizasının dəyəri olan 110 manat pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.

26. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi : İddia təmin edilsin. Cavabdeh1 5250 manat pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Cavabdeh2 6780 manat pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İş üzrə ödənilmiş 130 manat dövlət rüsumu, hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 100 manat və etibarnamənin verilməsi üçün ödənilmiş 17.25 manat olmaqla cəmi 247.25 manat pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. İş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının dəyəri olan 110 manat pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar