Məhkəmə qərarları › İş №e-2(010)-726/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-726/2024

06.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-726/2024 06.02.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X1 qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları.

1. İcbari sığorta müqaviləsinə dair məlumat və PXA91974 nömrəli sığorta aktının surətindən görünür ki, “X2” markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilə qədər "xxxx" ASC tərəfindən icbari sığortalanmışdır. xx.xx.2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində “Khazar SD” markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 280 manat təşkil edir.

2. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışın surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə Cavabdeh idarə etdiyi “X2” markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" MMC-yə məxsus olan və İsmayılov Elşən Allahverdi oğlu tərəfindən idarə olunan “Khazar SD” markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur.

3. Cavabdeh tərəfindən verilən izahatdan görünür ki, xx.xx.2021-ci il tarixdə saat təqribən 21:35 radələrində özünə məxsus etibarnamə ilə idarə etdiyi “X2” markalı, **-ER- *** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Baku Medical”-ın yanında olan dairədən Xalqlar istiqamətində hərəkətdə olan zaman sağ zolaqda qəfldən sağ tərəfdən hərəkətdə olan avtomaşın onun maşınının sağ qabaq hissəsini vurub bir qədər qarşıda dayanmışdır. O, avtomobili saxlamış və yerə düşən zaman digər avtomobildən də dörd nəfər kişi düşüb ona yaxınlaşmışdır. Sürücü onunla danışanda içkili olduğunu hiss etmişdir. Bundan sonra o, avtomobilə əyləşmiş və maşında az yaşlı uşaq olduğundan hara müraciət etməli olduğunu bilməmiş, bu səbəbdən avtomobili sürüb getmişdir.

4. Bakı DYPİ tərəfindən tərtib olunan xx.xx.2021-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş xx.xx.2021-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci və 327.6-cı (əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə; yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə) maddələrində nəzərdə tutulan inzibati xətaları törətdiyinə görə 100 manat məbləğində cərimə olunmuşdur.

5. "xxxx" MMC tərəfindən tərtib olunan xx.xx.2021-ci il tarixli qiymətləndirmə aktının surətindən görünür ki, “Khazar SD” markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobilə 280 manat məbləğində zərər dəymişdir.

6. xx.xx.2021-ci il tarixli sığorta ödənişinin alınması üçün plastik ödəmə kartının təhviltəslim aktının surətindən görünür ki, "xxxx" ASC tərəfindən İsmayılov Elşən Allahverdi oğluna sığorta ödənişinin alınması üçün plastik ödəmə kartı təhvil verilmişdir.

7. xx.xx.2022-ci il tarixli cari hesabdan çıxarışın surətindən görünür ki, "xxxx" ASC tərəfindən xx.xx.2021-ci il tarixdə ödənişin təyinatı PXA91974 olmaqla hesaba 280 manat məbləğində pul vəsaiti köçürülmüşdür.

8. "xxxx" ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, cavabdehdən “Khazar SD” markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin subroqasiya qaydasında ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

9. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət edilən zaman 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

İddia tələbi.

10. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı pul tələbi barədə kiçik iddiaya dair iş üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 280 manat məbləğində vurulmuş zərər və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun (cəmi 310 manat) alınaraq iddiaçı "xxxx" ASC-nin hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

11. İddiaçı ərizəni onunla əsaslandırmışdır ki, “X2” markalı, **-ER-*** dövlət nömrə nişanlı avtomobil xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə xx.xx.2021-ci il tarixli PXA ********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. xx.xx.2021-ci il tarixdə Cavabdeh idarə etdiyi “X2” markalı, **- ER-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsində “Khazar SD” markalı, **-PY-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Cavabdeh hadisə yerindən yayınmışdır. Həmin hadisə ilə bağlı Bakı DYPİ tərəfindən xx.xx.2021-ci il tarixində İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında tərtib edilmiş xx.xx.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.6-cı (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə) və 327.1-ci maddələri ilə təqsirli bilinmiş və məsuliyyətə cəlb edilmişdir. "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixində verilmiş 1807 nömrəli qiymətləndirmə aktına əsasən hadisə nəticəsində “Khazar SD” markalı, **-PY-*** dövlət nömrə nişanlı avtomobilə 280 manat məbləğində ziyan dəymişdir. İddiaçı xx.xx.2021-ci il tarixində 280 manat məbləği zərərçəkmiş şəxs İsmayılov Elşən Allahverdi oğluna ödəmişdir.

12. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbi barədə kiçik iddiaya dair iş üzrə sadələşdirilmiş icraat qaydasında materiala iddia icraatı qaydasında baxılması qərara alınmışdır.

Tərəflərin izahatları.

13. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməsə də, məhkəməyə ərizə ilə müraciət edərək, iddia ərizəsinə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılaraq, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

14. Cavabdeh məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında qeyd etdi ki, iddia ərizəsində onun yol-nəqliyyat hadisəsi yerindən yayındığı qeyd edilsə də, əslində o hadisə yerindən yayınmamış, əksinə qarşı tərəfin sürücüsü ilə də həmin vaxt danışmışdır. Barəsində 100 manat məbləğində inzibati cərimə təyin olunmuş və həmin cəriməni də ödəmişdir. İddianın təmin olunmamasını xahiş edərək iddia təmin olunduğu halda ərizədə göstərilən pul vəsaitini 1 il ərzində hissə-hissə ödəyə biləcəyini qeyd etdi.

Tətbiq edilən hüquq.

15. Azərbaycan Respublikası Müki Məcəlləsi

Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Maddə 936.2 Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

16. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu

Maddə 25.1.8. Bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Maddə 63.1. Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Məhkəmənin mövqeyi.

18. Məhkəmə cavabdehi dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir.

19. Belə ki, iddiaçının iddiasının əsası kimi istinad etdiyi sığortalanmış “X2” minik markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobilin, “Khazar SD” markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması və bunun nəticəsində sonuncu avtomobilə zərər dəyməsi, cavabdehin hadisə yerindən yayınması iş materialları ilə sübut olunur.

20. Bununla da, sığortalanmış “X2” minik markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Khazar SD” markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində sonuncu avtomobilə vurulmuş ziyanın iddiaçı tərəfindən aradan qaldırılması üçün 280 manat məbləğində pul vəsaiti ödənilmişdir.

21. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı subroqasiya qaydasında cavabdehdən 280 məbləğində pul vəsaitini tələb etməkdə haqlıdır.

22. Sadalananlara əsasən məhkəmə hesab edir ki, yol nəqliyyat hadisəsi avtomobil Cavabdeh tərəfindən idarə edilərkən törədildiyindən, cavabdeh isə hadisə yerindən yayındığından, zərərin ödənilməsi ilə bağlı məsuliyyət Cavabdeh üzərinə qoyulmalıdır.

23. Beləliklə, yuxarıda təsvir olunanlarla iddiaçı tərəfindən icbari sığorta növü ilə sığortalanmış “X2” minik markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən sürücü Cavabdeh təqsirli olaraq törətdiyi yol-nəqliyyat hadisəsindən sonra hadisə yerindən yayındığından həmin hadisəsi nəticəsində vurulmuş zərərə görə sığortaçı tərəfindən sığorta ödənişlərini zərərçəkmiş şəxsə ödənilməsi təsdiq olunduğundan məhkəmə qeyd olunan qanunvericilik aktı normalarına əsaslanaraq hesab edir ki, sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı subroqasiya hüququ yaranmışdır.

24. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış, öz qətnaməsini məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır.

Məhkəmə xərcləri.

25. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı 30 manat dövlət rüsumu ödəmişdir.

26. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

27. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissəsinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia isə təmin edildiyindən, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

28. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.

29. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q ə t e t d i:

İddia tələbi təmin edilsin. Cavabdeh 280 (iki yüz səksən) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar