Məhkəmə qərarları › İş №e-2(010)-759/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-759/2023

25.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-759/2023 25.04.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X2 iclas katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi (vəkili) Vəkil və X1 iştirakları ilə, İddiаçı İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiаçı İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərərək məhkəmədən 2200 manat məbləğində pul, 700 manat məbləğində hüquqi yardım xərci və 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki: “Aramızda bağlanmış xx.xx.2022ci il tarixli kirayə müqaviləsinə əsasən cavabdeh Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsi, ev 14 ünvanında yerləşən 53 nömrəli mənzili (yeni qaydalarla Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsi, ev 52, M16, m1) mənə kirayəyə vermişdir. Həmçinin cavabdeh müqavilədən kənar olmaqla qeyri-rəsmi qaydada depozit kimi 2200 manat məbləğində pul almışdır. Mənzildə olan bəzi problemlərlə bağlı mən müqaviləyə xitam verməyim haqqında Cavabdeh xəbərdarlıq etdikdən sonra o, qeyri-rəsmi qaydada məndən depozit kimi aldığı 2200 manat məbləğində pulu müxtəlif bəhanələr gətirərək, qeyri-qanuni olaraq həmin pulu mənə geri qaytarmaqdan imtina edir. Bununla bağlı aramızda uzun müddət davam edən danışıqlar aparılsa da, heç bir nəticə əldə etmək mümkün olmamış və cavabdeh məndən depozit kimi aldığı 2200 manat məbləğində pulu geri qaytarmaqdan imtina etmişdir. Bununla da cavabdeh ona aid olmayan pul vəsaitini mənə geri ödəməməklə əsassız olaraq varlanmışdır. Bu isə mənim hüquqlarımın kobud şəkildə pozulmasından başqa bir şey deyil. Qeyd edilən səbəbdən mən yaranmış problemin həlli üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışam. Qeyd edilənlərə əsasən hesab edirəm ki, əsassız olaraq varlandığı üçün 2200 manat məbləğində pul, 700 manat məbləğində hüquqi yardım xərci və 30 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq mənə verilməlidir”. Tərəflərin izahatları.

3. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, cavabdehlə aralarında bağlanmış kirayə müqaviləsinə əsasən mənzilə yerləşmişdir. Lakin bir müddət sonra görmüşdür ki, mənzilin hamam otağında unitazdan tökülən su “trap”dan çıxır və yerə yayılır. O, bu barədə məlumat verdikdən sonra gəlib düzəltsələr də, heç bir dəyişiklik olmamış, problem olduğu kimi qalmışdır. Bu səbəbdən hamam otağından istifadə edə bilməmiş, əl-üzünü belə mətbəxdə yumaq məcburiyyətində qalmışdır. Mənzildə bundan əlavə də problemlər olmuşdur. Əgər cavabdeh mənzildə olan bu problemlər barədə əvvəlcədən ona məlumat versə idi, o, ümumiyyətlə bu müqaviləni bağlamazdı. Bütün bu səbəblərdən sonradan müqaviləni ləğv etmək qərarına gəlmiş, ödədiyi depoziti cavabdehdən tələb etmişdir. Lakin cavabdeh depoziti qaytarmaqdan imtina etmişdir. O, cavabdehə hətta təklif etmişdir ki, depozitin yarısını özündə saxlayıb, qalanını qaytarsın. Ancaq cavabdeh buna da razı olmamışdır. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.

4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

İş materialları.

6. Kirayə verən Cavabdeh və kirayəçi İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 01 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, Kirayəyə verən ünvan 1 ünvanında yerləşən mənzili Kirayəçinin istifadəsinə verir. Kirayəçi hazırkı müqavilənin şərtlərinə əsasən kirayə mənzilin istifadəsi üzrə müəyyən edilmiş kirayə haqqını Kirayəyə verənə ödəməyi öhdəsinə götürür. Kirayəyə verən təhvil aldığı bütün əşyalar, mebellər və məişət texnikalarını aldığı kimi saz və istifadəyə yararlı şəkildə geri təhvil verməlidir. Geriyə təhvil verən zaman evə, əşyalara, mebellər və məişət texnikalarına hər hansı ziyan vurulduğu, itki və ya digər qüsur aşkarlanarsa, qoyulan depozit hesabına həmin qüsurlar aradan qaldırılacaqdır. Əgər qoyulan depozit vurulmuş zərərin qarşılanmasına kifayət etməzsə, kirayəçi tərəfindən həmin zərərin aradan qaldırılması üçün əlavə ödəniş edilməlidir. Kirayə müqaviləsinin sonunda kirayəçi tərəfindən məznil kirayə verənə qaytarılan zaman hər hansı çatışmazlıq və ya qüsur aşkarlanmazsa qoyulan depozit tam həcmdə kirayəçiyə qaytarılır. Kirayə haqqı hər ay üçün 1100 manat təşkil edir. Kirayəçi 2 aylıq kirayə haqqını 2200 manat əvvəlcədən depozit qismində kirayəyə verənə ödəyir.

7. Kirayə verən Cavabdeh və kirayəçi İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli kirayə müqaviləsinin surətindən görünür ki, Cavabdeh ünvan 2 yeni qaydalarla: AZ1025, Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsi, 52, M16, m1 ünvanında yerləşən, ümumi sahəsi 67.7 m2 olan mənzilin tam mülkiyyət üzrə ona məxsus hissəsindən tam hissəsini kirayəyə verir. Kirayəyə verilən əmlak ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə Cavabdeh verilmiş **********09- 05301-093438 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə 67.7 m2 Cavabdeh məxsusdur. Kirayə müddəti xx.xx.2023-cü il tarixədək müəyyən edilir. Kirayəyə götürən İddiaçı Kirayəyə verən Cavabdeh aylıq 1100 manat kirayə haqqı ödəyir.

8. xx.xx.2022-ci il tarixli kirayə müqaviləsinə xitam verilməsi haqqında xəbərdarlıqdan görünür ki, İddiaçı Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli kirayə müqaviləsinə xx.xx.2022-ci il tarixində xitam verəcəyi barədə xəbərdar etmişdir. Bu səbəbdən də xx.xx.2022-ci il tarixdə saat 10:00-da mənzilin təhvil alınmasını, notariusda müqaviləyə xitam verilməsini və eyni zamanda mənzil üçün Cavabdeh ödənilmiş 2200 manat məbləğində depozitin ona geri ödənilməsini xahiş etmişdir.

9. Üç ədəd qəbzdən görünür ki, Cavabdeh hesabına xx.xx.2022-ci il tarixdə hər qəbzdə 1000 manat olmaqla, cəmi 3000 manat məbləğində pul köçürülmüşdür.

İşin faktiki halları.

10. İddiaçı (Kirayəçi) və Cavabdeh (Kirayəyə verən) arasında bağlanmış xx.xx.2022ci il tarixli kirayə müqaviləsinə əsasən Kirayəyə verən ünvan 2 ünvanında yerləşən mənzilini aylıq 1100 manat kirayə haqqı qarşılığında Kirayəçinin istifadəsinə vermiş, müqavilədə Kirayəçinin iki aylıq kirayə haqqını (2200 manat) əvvəlcədən depozit kimi Kirayəyə verənə ödəməli olduğu qeyd edilmişdir.

11. İddiaçı (Kirayəçi) və Cavabdeh (Kirayəyə verən) arasında notariat qaydasında bağlanmış xx.xx.2022-ci il tarixli kirayə müqaviləsinə əsasən Kirayəyə verən ünvan 2 (ünvan 3 ünvanında yerləşən mənzilini aylıq 1100 manat kirayə haqqı qarşılığında Kirayəçinin istifadəsinə vermiş, müqavilənin müddəti xx.xx.2023-ü il tarixədək müəyyən edilmişdir.

12. İddiaçı xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubu ilə Cavabdeh müraciət edərək kirayə götürdüyü mənzildə yaşamaq üçün şərait olmadığını, müvafiq problemlər barəsində məlumat verilməsinə baxmayaraq bu problemlərin aradan qaldırılmadığını, bu səbəbdən müqaviləni ləğv etmək məcburiyyətində qaldığını bildirmiş, xx.xx.2022-ci il tarixdə mənzilin təhvil alınmasını, notariat qaydasında bağlanmış müqaviləyə xitam verilməsini, eyni zamanda ödənilmiş 2200 manat məbləğində depozitin geri qaytarılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq.

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi. 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.7. Əsassız varlanma. Maddə 135. Əşya hüququnun obyektləri. 135.7. Başqa əşyalardan yalnız özlərinə xas əlamətlərə görə ayrılmış fərdi-müəyyən əşyalar əvəzedilməz əşyalar sayılır. Növ əlamətlərinə görə fərqlənən, dövriyyədə adətən say, ölçü və ya çəki ilə müəyyənləşdirilən daşınar əşyalar əvəzedilən əşyalar sayılır. Maddə 146. Daşınmaz əmlaka hüququn əmələ gəlməsi. 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Maddə 329. Əqdlərin formaları. 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Maddə 331. Yazılı əqd. 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Maddə 337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 351. Əqdlərin etibarsızlığı zamanı təsdiqetmənin əhəmiyyəti. 351.1. Əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 394. Daşınmaz əşyanın özgəninkiləşdirilməsi barədə müqavilənin bağlanması qaydası. Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Maddə 675. Əmlak kirayəsi müqaviləsi. Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Maddə 1091. Əsassız varlanma anlayışı. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

14. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli Qərarı.

Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Qeyd olunmalıdır ki, əhəmiyyətsiz əqd üzrə yalnız əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər. Qeyd edildiyi kimi, əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Məhz bu halda əhəmiyyətsiz əqd üzrə şəxs digər tərəfə qarşı tələb hüququnu reallaşdıraraq, Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir il müddət ərzində əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı iddia verə bilər. Yəni həmin maddədə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqdin icrası nəticəsində yaranmış əsassız varlanma halları ilə bağlı tələblər üçün keçərlidir. Beləliklə, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

16. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi.

Məhkəmənin mövqeyi.

17. İşin faktiki hallarından da göründüyü kimi İddiaçı və Cavabdeh arasında daşınmaz əmlaka istifadə hüququnun verilməsinə dair münasibətlər (kirayə münasibətləri) olmuşdur. Belə ki, tərəflər arasında biri notarial, digəri sadə yazılı qaydada olmaqla iki kirayə müqaviləsi bağlanmışdır. Kirayəçinin hazırda tələb etdiyi iki aylıq kirayə haqqı məbləğində depozit ödəməsi ilə bağlı şərt sadə yazılı qaydada bağlanmış kirayə müqaviləsində nəzərdə tutulmuşdur.

18. Halbuki daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (Azərbaycan Respublikasının Mülki Məcəlləsi, maddə 146.1). Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir (Azərbaycan Respublikasının Mülki Məcəlləsi, maddə 394).

19. Buna baxmayaraq, tərəflər arasında bağlanmış kirayə müqavilələrindən biri (iddiaçının 2200 manat məbləğində depozit ödəməsinin nəzərdə tutulduğu) sadə yazılı formada bağlanmışdır. Bu isə o deməkdir ki, tərəflər arasında sadə yazılı formada bağlanmış həmin kirayə müqaviləsi əhəmiyyətsiz əqd olmuşdur. Çünki müqavilə bu cür müqavilələr üçün qanunla müəyyən edilmiş formada (notarial) bağlanmamışdır.

20. Məhkəmə bu əqdin mübahisə edilən yox, məhz əhəmiyyətsiz əqd olması nəticəsinə ona görə gəlir ki, bu əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsızdır. Təsadüfi deyil ki, ilkin müqavilənin formasına dair qaydalara əməl edilməməsinin onun əhəmiyyətsizliyinə səbəb olması (Mülki Məcəllə, maddə 402.2); yazılı formada bağlanmaq da daxil olmaqla tələblərə uyğun bağlanmayan girov müqaviləsinin əhəmiyyətsiz sayılması (Mülki Məcəllə, maddə 280.4), bank əmanəti müqaviləsinin yazılı formasına riayət edilməməsinin bu müqavilənin etibarsızlığına səbəb olması və belə müqavilənin əhəmiyyətsiz sayılması (Mülki Məcəllə, maddə 946.2), bank hesabı müqaviləsinin yazılı formasına riayət edilməməsinin bu müqavilənin etibarsızlığına səbəb olması və belə müqavilənin əhəmiyyətsiz sayılması (Mülki Məcəllə, maddə 955.2) birbaşa qanunla müəyyən edilmişdir.

21. Bənzər şəkildə daşınmaz əmlaka istifadə hüququnun verilməsinə dair müqavilənin notariat qaydasında təsdiq edilmə qaydasına riayət edilməməsinin kirayə müqaviləsinin etibarsızlığına səbəb olması və bu müqavilənin əhəmiyyətsiz sayılması qəbul edilməlidir. Bu halda isə Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda (§ 14) istinad edilmiş qərarında ortaya qoyulmuş hüquqi mövqeyə uyğun olaraq, əhəmiyyətsiz əqd üzrə əldə edilmiş əvəzedilən əşya olan pulun cavabdehin əsassız varlanmasına səbəb olduğu müəyyən edilir. Yəni hazırkı tələbin hüquqi əsasını əhəmiyyətsiz əqd üzrə əldə edilmiş pul hesabına əsassız varlanmış cavabdehdən onu əsassız varlandıran pulun tələb edilməsi təşkil edir. Məhkəmə bu hissədə onu da qeyd edir ki, tərəflər arasında sonradan (xx.xx.2022-ci il tarixdə) bağlanmış kirayə müqaviləsi notarial qaydada bağlandığından həmin müqavilə etibarlı olmuşdur.

22. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş üç ədəd ödəniş qəbzindən görünür ki, iddiaçının depozit ödəməsinin nəzərdə tutulduğu və sadə yazılı formada bağlanmış kirayə müqaviləsinin bağlandığı gün (xx.xx.2022-ci il tarixdə) Cavabdeh hesabına 3000 manat məbləğində pul köçürülmüşdür.

23. Bundan əlavə, tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş kirayə müqaviləsini kirayə verənin (cavabdehin) nümayəndəsi kimi bağlamış X6 tərəfindən Cavabdeh hazırkı iddiaya münasibətini əks etdirən yazılı izahat məhkəməyə təqdim edilmişdir. Həmin yazılı izahatda qeyd edilmişdir ki, cavabdeh iddiaçıdan iki aylıq kirayə haqqı məbləğində depoziti götürmüş, bundan sonra iddiaçı mənzilə yerləşmiş, lakin sonradan müqavilə şərtlərini pozmuş, mənzilə verdiyi depozitdən də artıq məbləğdə zərər vuraraq mənzildən çıxmışdır. Bu səbəbdən iddia əsassızdır.

24. Məhkəmə bu yazılı izahatın məhkəməyə cavabdeh, yaxud onun səlahiyyətli nümayəndəsi tərəfindən təqdim edilmədiyini nəzərə alaraq həmin izahatı iş üzrə sübut kimi qəbul etməsə də, izahatı məhkəməyə təqdim edən şəxsin cavabdehin etibarnamə üzrə nümayəndəsi kimi onun adından notariat qaydasında təsdiq edilmiş kirayə müqaviləsi bağlamış şəxs olduğunu nəzərə alaraq, həmin izahatın məzmununu göstərməyi zəruri hesab etmişdir.

25. Bütün bu qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh əhəmiyyətsiz kirayə müqaviləsi üzrə depozit kimi əldə etdiyi 2200 manat məbləğində pul hesabına əsassız varlanmışdır. Hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edən iddiaçı isə əhəmiyyətsiz əqd üzrə cavabdehə qarşı tələb hüququnu reallaşdırmış, əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı iddia qaldırmışdır.

26. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı iddia əsaslı iddiadır və əhəmiyyətsiz kirayə müqaviləsi üzrə əldə etdiyi 2200 manat məbləğində pul hesabına əsassız varlanmış Cavabdeh həmin pulu İddiaçı qaytarmalıdır.

Məhkəmə xərcləri.

27. İddia tələbindən görünür ki, iddiaçı həm də hüquqi yardım üçün ödədiyini iddia etdiyi 700 manat məbləğində pulu cavabdehdən tələb etmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən 700 manat məbləğində pul köçürməsi edilmişdir.

28. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.6-cı maddəsinə əsasən, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir.

29. Bundan başqa, iş materiallarına əlavə edilmiş qəbzlərdən görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən 49 manat məbləğində dövlət rüsumu da ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddianın qiymətinə uyğun olmuşdur.

30. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən və iddia təmin edildiyindən məhkəmə hesab edir ki, həm iddiaçı tərəfindən vəkilə hüquqi yardım üçün ödənilmiş 700 manat məbləğində pul, həm də ödənilmiş 49 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

31. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2200 manat məbləğində pul, 700 manat məbləğində hüquqi yardım xərci və 49 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir.

32. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh 2200 (iki min iki yüz) manat məbləğində pul, 700 (yeddi yüz) manat məbləğində hüquqi yardım xərci və 49 (qırx doqquz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar