Məhkəmə qərarları › İş №e-2(010)-81/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-81/2025

14.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-81/2025 14.11.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “ödənilmiş sığorta məbləğinin geri alınması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “ödənilmiş sığorta məbləğinin geri alınması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilmiş 22000 manat sığorta ödənişinin, 156.40 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2013-cü il tarixində ** CX *** dövlət qeydiyyat nişanlı “Toyota Prado” markalı avtonəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən M-MİC- 0469/13 saylı şəhadətnamə ilə sığortalı Cavabdeh və faydalanan şəxs qismində "xxxx" QSCnin Sumqayıt filialı “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmışdır. xx.xx.2016-cı və xx.xx.2016-cı il tarixlərində X7 təşkilatçığı ilə X14 və X8 tərəfindən Abşeron rayonu, Saray qəsəbəsi, yeni məhəllə ərazisində fərdi evin həyətində dayanmış vəziyyətdə olan ** CX *** dövlət qeydiyyat nişanlı “Toyota Prado” markalı avtonəqliyyat vasitəsi yandırılmış və nəticədə Cavabdeh məxsus, "xxxx" QSC-nin Sumqayıt filialının girovunda olan avtonəqliyyat vasitəsinə zərər vurulmuşdur. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən 22050 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Subroqasiya hüququ ilə əlaqədar xx.xx.2023-cü il tarixində "xxxx" ASC tərəfindən X9, X5 və X11 qarşı subroqasiya tələbi irəli sürülmüş, lakin müəyyən olunmuşdur ki, xx.xx.2022-ci il tarixində ********* saylı cinayət işi üzrə Abşeron RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı X1 vasitəsi ilə dəymiş zərərə görə 22000 manat məbləğində ödəniş X4 qohumu X10 tərəfindən Cavabdeh təkrar ödənilmişdir. Göründüyü kimi cavabdeh (sığortalı) Cavabdeh baş vermiş hadisə üzrə sığorta ödənişindən əlavə olaraq zərərvuranlardan 22000 manat məbləğində vəsait aldığından "xxxx" ASC-ni subroqasiya hüququndan məhrum edilmişdir. Belə olan halda cavabdehə qarşı bildiriş ünvanlanmış və cavabdehə ödənilmiş sığorta məbləği geri tələb olunmuşdur. Cavabdeh tələb olunan məbləği "xxxx" ASC-nin bank hesabına geri ödəməkdən yayınmışdır. Sığortalıya verilməli olan sığorta ödənişi məbləği icbari sığorta ödənişi məbləğində azaldılmalı idi, lakin cavabdeh bu halı gizlətmiş və nəticəsində iddiaçı artıq pul vəsaiti ödəməli olmuşdur. Beləliklə, "xxxx" ASC tərəfindən zərərçəkənə ödənilmiş 22000 manat məbləğində vəsait əsassız varlanma ilə geri tutulmalıdır. Cavabdehin nümayəndəsi və vəkilinin vəsatəti. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəməyə xx.xx.2025-ci il tarixdə vəsatət ilə müraciət edərək, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, X8 tərəfindən ödənilən 22.000 manat və sığorta ödənişi olaraq köçürülən 22.050 manat vəsaitin eyni və ya oxşar rəqəmlər olması əsası kimi Cavabdeh sığorta şirkətindən iki qat ödəniş alması əsassız varlanma kimi qiymətləndirilməməlidir. Belə ki, Mülki qanunvericiliyə görə predmetindən asılı olmayaraq əgər tərəflər arasındakı mübahisə və tələb hüququ yaranıbsa demək ki, hüquqi əsas vardır və əsassız varlanmadan söhbət gedə bilməz. Görünən odur ki, hadisəyə görə 22000 manat Rəvan Süleymanov, 22050 manat sığorta ödənişi və avtomobilin yararsız vəziyyətdə satılmış dəyəri 10000 manat olmaqla, cəmi 54050 manat pul vəsaiti Cavabdeh ödənmişdir. Lakin nəzərə alınmalıdır ki, Cavabdeh 2016-cı ildə dəyəri təxminən 60000 və ya 70000 manat həcmində olan “X20" markalı avtomobili yararsız vəziyyətdə 10000 manata satmışdır. Tərəflərin izahatları. İddiaçının etibarnamə üzrə nümayəndəsi X12 xx.xx.2025-ci il tarixdə elektron ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının iştirakları olmadan keçirilib iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında bildirmişdir ki, onların fokusu avtomobilə dəymiş maddi ziyandır. Cavabdehin kredit müqaviləsi çərçivəsində təqsirləndirilən şəxslərə qarşı tələbinə toxunmurlar. Avtomobilə dəymiş maddi ziyana görə Cavabdeh həm sığorta şirkətindən həm də təqsirləndirilən şəxsdən analoji məbləğ almışdır. Hesab edir ki, cavabdeh bir hadisəyə görə yalnız bir dəfə vəsait əldə etməli idi. İki dəfə ödəniş alması cavabdehin əsassız varlanmasıdır. Qeyd edir ki, cavabdehə ödəniş etmişdilər. İddia müddəti ilə bağlı qeyd edir ki, iddia əsassız varlanma ilə bağlı olduğuna görə pulun nə vaxt ödənilməsinə baxılmalıdır. Hesab edir ki, onlar müddəti ötürməmişdirlər. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil bildirmişdir ki, iddia müddəti tətbiq olunmalıdır. Sığorta əməliyyatları 2016-cı ildə baş vermişdir. Müqavilə öhdəlikləri üzrə iddia müddəti 3 il təşkil edir. İddianın rədd olunması üçün əsas deyil. Başqa əsaslar var. Sığorta şirkəti 22000 manat ödəniş etmişdir. Qeyd edir ki, iddiaçı tərəf hazırda məhz 22000 manatın qarşı tərəfdən alındığını bildirmişdir. Bildirir ki, Sığorta şirkəti sığorta ödənişi aldıqdan sonra təqsirləndirilən şəxsdən pul alınmamalı olduğunu qeyd edir. 3 şəxs tərəfindən ayrı vaxtlarda həyətə basqın olmuşdur. Şəxslərdən biri Londonda olduğuna görə barədə cinayət işi dayandırılıb. Hesab edir ki, cavabdehin qarşı tərəfdən pul almaq hüququ var. Belə ki, cavabdehə maddi və mənəvi zərər dəymişdir. Ona görə də, təqsirləndirilən şəxslərə qarşı bu iddianı qaldıra bilərdilər. Qeyd edir ki, cavabdeh sığorta ödənişi almadan öncə mülki iddia qaldırmışdır, sadəcə rüsum ödənilmədiyinə görə iş baxılmamış qalmışdır. Sumqayıt Şəhər Məhkəməsində Cavabdeh və onun atası təqsirləndirilən şəxslərə qarşı iddia qaldırmışdır. Təqsirləndirilən şəxslərin müəyyən edilməsi ilə bağlı iş uzanmışdır. İddianın rədd olunmasını xahiş edir. İş materialları. "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış məktubdan görünür ki, subroqasiya hüququ ilə əlaqədar xx.xx.2023-cü il tarixində "xxxx" ASC tərəfindən X9, X5 və X11 qarşı subroqasiya tələbi irəli sürülmüş, lakin müəyyən olunmuşdur ki, xx.xx.2022-ci il tarixində ********* saylı cinayət işi üzrə Abşeron RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı Mehralı imanı verdi Elbrus oğlunun vasitəsi ilə dəymiş zərərə görə 22000 manat məbləğində ödəniş X4 qohumu X10 tərəfindən Cavabdeh təkrar ödənilmişdir. "xxxx" ASC-nin xx.xx.2016-cı il tarixli sığorta aktından görünür ki, sığortalı Cavabdeh məxsus “Toyota Prado” markalı, ** CX *** dövlət qeydiyyatlı nömrəli avtomobil "xxxx" ASC tərəfindən fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası şəhadətnaməsi növündə xx.xx.2013-cü il tarixdən xx.xx.2018-ci il tarixədək sığortalanmış, sığorta dəyəri 30200 manat, azadolma məbləği isə 840 manat kimi təyin edilmişdir. xx.xx.2016-cı il tarixdə Bakı şəhər, Abşeron rayon, Saray qəsəbəsində 3-cü şəxsin qanunazidd hərəkəti nəticəsində “Toyota Prado” markalı, ** CX *** dövlət qeydiyyat nömrəli avtonəqliyyat vasitəsinə 22890 manat məbləğində maddi zərər vurulmuş və ödənilməli olan sığorta ödənişinin miqdarı 22050 manat məbləğində müəyyən edilmişdir. Qeyd olunan avtomobil eyni risk üzrə iki dəfə ardıcıl zərərə məruz qaldığından 840 manat azadolma məbləği çıxılmaqla 22050 manat məbləğində sığorta ödənişi faydalan şəxs Maraqlı şəxs QSCnin bank hesabına köçürülmüşdür. xx.xx.2016-cı il tarixli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC tərəfindən Maraqlı şəxs QSC-nin AZ64ACAB******************** №-li hesabına 22050 manat məbləğində ** CX *** nömrəli avtomobilə görə sığorta ödənişi edilmişdir. xx.xx.2016-cı il tarixli "xxxx" Şirkətinin qüsur aktından görünür ki, sığortaçı "xxxx" ASCnin sifarişi əsasında 2011-ci il buraxılışlı “Toyota Prado” markalı **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən zərərin aradan qaldırılması üçün lazım olan ehtiyat hissələrinin qiyməti 19330 manat və servis xidmətinin dəyəri isə 3560 manat olmaqla, ümumi dəymiş zərərin miqdarı cəmi 22890 manat məbləğində hesablanmışdır. 160270231 nömrəli cinayət işi üzrə xx.xx.2023-cü il tarixli ittiham aktının surətindən görünür ki, zərərşəkmiş şəxs Cavabdeh dəymiş 21955 manat maddi ziyan təqsirləndirilən şəxs X8 tərəfindən tam ödənilmişdir. Abşeron Rayon Məhkəməsinin 1(012)-565/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 iyun 2016-cı il tarixli 7775 saylı rəyinə əsasən, iş materiallarında olan “Universal Servisin” xx.xx.2016-cı il tarixli qüsur aktı ilə təzə avtomobillərin qiymətləri nəzərə alınmaqla nəzəri hesablama yolu ilə “Tayota Prado” markalı ** CX *** dövlət qeydiyyat nişanlı avtomobilin dəyişilməli hissələrin qiymətləri hadisə baş verən tarixə ümumilikdə 18435 manat, təmir bərpa işləri ümumilikdə 3520 manat müəyyən olunmuşdur. Həmin qərarı ilə, X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5 və 186.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdiyindən X4 CM- nin 32.5 və 186.2.2-ci maddələri üzrə törətdiyi cinayət təqibinə xitam verilmişdir. xx.xx.2022-ci il tarixli qəbzin surətindən görünür ki, Abşeron RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis kaptanı X6 22000 manat məbləğində maddi ziyanı zərərçəkmiş şəxs olan Cavabdeh ödənilməsi üçün təqsirləndirilən şəxs X4 qohumu X2 təhvil almışdır. AB № 889015 Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Toyota Prado” markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdehdur. M-MİC-0469/13 nömrəli “Fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortalanması” şəhadətnaməsinin surətindən görünür ki, “Toyota Prado” markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2013-cü il tarixdən xx.xx.2018-ci il tarixədək "xxxx" ASC tərəfindən sığortalanmışdır. Sığortalı - Cavabdeh, faydalanan şəxs - Maraqlı şəxs QSC-dir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 21. Zərərin əvəzinin ödənilməsi. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 372. İddia müddəti anlayışı 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373. İddia müddətləri 373.1. Ümumi iddia müddəti on il təşkil edir. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə 380. İddia müddəti axımının kəsilməsi 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Maddə 883. Sığorta və təkrarsığorta müqaviləsi. 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır..... Maddə 884. Sığorta münasibətlərinin subyektləri 884.1. Sığorta münasibətləri sığortalının və ya sığorta olunanın əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, qanunla qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə bağlı olan əmlak mənafelərinin müdafiəsi sahəsində risklərin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanır.https://e-qanun.az/framework/46944 884.2. Sığorta və ya təkrarsığorta müqaviləsinin tərəfi olan, yaxud belə müqavilənin həyata keçirilməsi üzrə hüquqlara və (və ya) vəzifələrə malik olan şəxslər sığorta münasibətlərinin subyektləridir... ...884.6. Faydalanan şəxs icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişi verilməli olan şəxsdir. Sığorta müqaviləsində faydalanan şəxs qismində başqa şəxs nəzərdə tutulmamışdırsa, sığortalı və (və ya) sığorta olunan faydalanan şəxs sayılır. 884.6–1. Əmlak sığortası üzrə sığorta hadisəsi nəticəsində zərər dəymiş əmlakla bağlı sığorta marağı olan istənilən şəxs həmin əmlakın mülkiyyətçisi olub-olmamasından asılı olmayaraq zərərçəkən sayılır. Maddə 909. Faydalanan şəxsin təyin edilməsi 909.1. Sığortalı sığorta müqaviləsi bağlayarkən istənilən şəxsi (şəxsləri) faydalanan şəxs kimi təyin etmək, habelə sığorta hadisəsi baş verənədək onu dəyişdirmək hüququna malikdir. Girov və lizinq münasibətlərinin şərti kimi tətbiq edilən sığorta müqavilələri üzrə faydalanan şəxs (şəxslər) müvafiq olaraq girov saxlayanın və ya lizinq verənin razılığı ilə təyin edilə və ya dəyişdirilə bilər. 909.2. Girov qoyulan əmlakın sığortası müqaviləsində girov saxlayan yalnız sığorta ödənişinin verilməsi anında borclunun (girov qoyanın) ona olan borc məbləği həddində ödəniş almaq hüququna malik olan faydalanan şəxs kimi tanına bilər. Maddə 922. Sığorta hadisəsi 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 922.2. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. 922.3. Sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır. Maddə 924. Sığorta hadisəsinin təsdiqi 924.1. Sığortaçı (və ya təyin edilmiş müstəqil ekspert, yaxud sığorta sahəsində yardımçı fəaliyyət göstərən şəxs) sığorta hadisəsinin baş verməsi faktını təsdiq edən və (və ya) sığorta ödənişinin həcminin müəyyənləşdirilməsi üçün lazım olan sənədləri və məlumatları bu Məcəllənin 924.2-ci maddəsi nəzərə alınmaqla, sığortalıdan tələb etmək hüququna malikdir. 924.2. Sığorta hadisəsi hesab edilə bilən, qanunvericiliyə uyğun olaraq araşdırılması və ya qeydə alınması tələb olunan hadisələr barədə səlahiyyətli dövlət orqanlarına belə hadisələrin baş verməsi faktını və (və ya) səbəbini, habelə nəticələrini təsdiq edən sənədin alınması üçün yazılı sorğu vermək sığortaçının və ya onun nümayəndəsinin vəzifəsidir. 924.3. Səlahiyyətli dövlət orqanları sığortaçının və ya onun nümayəndəsinin yazılı sorğusuna əsasən, sığorta hadisəsi ilə əlaqədar tələb olunan, yayılması “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan olunmayan istənilən məlumatı sorğunun daxil olduğu tarixdən etibarən 10 gün müddətində təqdim etməlidirlər. Maddə 925. Zərərin qiymətləndirilməsi 925.1. Sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. 925.6. Əmlakın tam məhv olması dedikdə, həmin əmlakın sığorta hadisəsindən əvvəlki vəziyyətə çatdırılması üçün təmiri və ya bərpasına tələb olunan xərclərin sığorta müqaviləsində müəyyən edilmiş həddən çox olması başa düşülür. Maddə 926. Sığorta ödənişi 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 926.2. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. 926.3. Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir.... Maddə 936. Subroqasiya hüququ 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.https://e-qanun.az/framework/46944 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.3. Faydalanan şəxs sığorta ödənişini aldıqda subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir. 936.4. Faydalanan şəxs zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri sığortaçıya verməkdən imtina etdikdə sığortaçı sığorta ödənişi verməkdən zərərvuran şəxsdən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir. 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Maddə 1091. Əsassız varlanma anlayışı 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq üçün müddətin keçməsi Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.... Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır... Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.... Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.... “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda- 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İşin faktiki hallarından görünür ki, “Toyota Prado” markalı, ** CX *** dövlət qeydiyyatlı nömrəli avtomobil "xxxx" ASC tərəfindən xx.xx.2013-cü il tarixdən xx.xx.2018-ci il tarixədək sığortalanmışdır. Sığorta şəhadətnaməsi (müqaviləsi) üzrə sığortalı şəxs Cavabdeh, faydalanan şəxs isə Maraqlı şəxs QSC olaraq müəyyən edilmişdir. Sığortalı Cavabdeh məxsus “Toyota Prado” markalı, ** CX *** dövlət qeydiyyatlı nömrəli avtomobilə xx.xx.2016-cı il tarixində zərər vurulmuşdur və bu hal sığorta hadisəsi kimi qiymətləndirilmişdir. Bununla bağlı, "xxxx" ASC tərəfindən 24 iyun 2016cı il tarixində faydalanan şəxs Maraqlı şəxs QSCnin bank hesabına 22050 manat məbləğində sığorta ödənişi ödəmişdir. Hazırda, iddiaçı "xxxx" ASC Cavabdeh ödənilmiş 22000 manat sığorta ödənişinin tutulmasını tələb edir və tələbini onunla əsaslandırır ki, Cavabdeh zərər vuran şəxsdən (X3) 22000 manat pul vəsaiti almış, bununla da iddiaçını həmin şəxsə qarşı subroqasiya hüququndan məhrum etmiş və nəticədə əsassız varlanmışdır. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında etiraz edərək bildirmişdir ki, həmin pul vəsaiti maşına vurulmuş zərərə görə deyil, cavabdehə vurulmuş maddi və mənəvi zərərə görə alınmışdır. Bundan başqa, iddia müddəti ötürüldüyündən, iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Cavabdeh məxsus 50CX010 dövlət qeydiyyat nişanlı “Toyota Prado” markalı nəqliyyat vasitəsi 2016cı il tarixində üçüncü şəxslər tərəfindən yandırılmışdır, lakin zərər vuran şəxslər istintaqdan gizlənmiş və nəticədə yalnız xx.xx.2023-cü il tarixində Abşeron Rayon Məhkəməsinin qərarı ilə X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5 və 186.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdiyindən X4 CM-nin 32.5 və 186.2.2-ci maddələri üzrə törətdiyi cinayət təqibinə xitam verilmişdir. İş materialları ilə müəyyən edilir ki, avtomobilə 22890 manat məbləğində zərər dəymişdir. Həmin qərar və cinayət işinin digər materialları – ittiham aktı və ödəniş barədə qəbz əsasında müəyyən edilir ki, Cavabdeh X4 qohumu tərəfindən maddi ziyanın əvəzi kimi 22000 manat məbləğində ödəniş edilmişdir. Cavabdeh özü ödənişi almasını etiraf etmiş, lakin həmin vəsaitin digər məqsədlər üçün də istifadə oluna biləcəyini irəli sürmüşdür. Məhkəmə qeyd edir ki, cavabdehin irəli sürdüyü arqument inandırıcı deyil, çünki təqdim edilmiş sənədlərdə ödənişin məhz nəqliyyat vasitəsinə dəymiş maddi zərərin əvəzini ödəmək məqsədilə həyata keçirildiyi açıq şəkildə göstərilmişdir. Beləliklə, məhkəmə qənaətə gəlir ki, "xxxx" ASC Cavabdeh ödənilmiş 22000 manat sığorta ödənişinin geri alınmasını tələb etməkdə haqlı olmuşdur. Belə ki, iş materiallarından da göründüyü kimi, Cavabdeh sığorta şəhadətnaməsində faydalanan şəxs qismində Maraqlı şəxs QSC-nı qeyd edtmişdir, "xxxx" ASC isə həmin faydalanan şəxsə 22000 manat ödəmişdir. Halbuki, "xxxx" ASC bu ödənişi etmədiyi halda, banka avtomobilə görə pulun ödənilməsi öhdəliyi Cavabdeh daşıyacaqdır. Sonradan cavabdeh eyni məbləği zərərvuran şəxsdən almaqla, iddiaçını zərər vuran şəxsə qarşı subroqasiya hüququndan məhrum etmiş və göstərilənlərə əsasən Cavabdeh əsassız varlanmışdır. Beləliklə, məhkəmə iddia tələbinə münasibətdə qeyd edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, artıq işin halları ilə müəyyən edilmişdir ki, cavabdeh əsassız varlanmışdır və iddiaçı əsassız varlanma nəticəsində cavabdeh tərəfindən ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlı olmuşdur. Məhkəmə cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia müddətinin ötürülməsi ilə bağlı vəsatətinə münasibətdə qeyd edir ki, hazırki iş üzrə ödənilmiş məbləğin geri alınması iddiaçının – "xxxx" ASC-nin əsassız varlanma nəticəsində yaranmış hüququna əsaslanır. Əsassız varlanma üçün (kəsici) müddət qanunvericiliklə 2 il kimi müəyyən edilmişdir. İş materiallarından da görünür ki, zərər vuran şəxslər istintaqdan gizlənmiş və nəticədə yalnız xx.xx.2023-cü il tarixində cinayət təqibinə xitam verilməsi barədə qərar qəbul edilmişdir. Məhz bu qərarı ilə dəqiq müəyyən edilir ki, zərərvuran şəxs tərəfindən cavabdehə pul ödənilmişdir. İddiaçı isə bu əsaslardan çıxış edərək xx.xx.2024-cü il tarixində məhkəməyə müraciət etmişdir. Nəticədə, məhkəmə hesab edir ki, vəsatət əsassızdır. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 22000 manat məbləğində sığorta ödənişi və 0.40 manat dövlət rüsumunun ödənilməsinə görə xidmət haqqı tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Məhkəmə xərcləri. İş materiallarından görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun iddianın təmin edilən hissəsinə mütənasib olan 156 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 357, 358, 360 və 362-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 22000 manat məbləğində sığorta ödənişi, 156 manat dövlət rüsumu və 0,40 manat dövlət rüsumunun ödənilməsinə görə xidmət haqqı iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar