Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-810/2022 23.02.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı etibarnaməyə xitam verilməsinin etibarsız hesab edilməsi və həmin etibarnamənin hüquqi qüvvəsinin bərpa edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı 19 mart 2014-cü il tarixdə verilmiş Abşeron rayonu 1 saylı Notariat Kontorunun xüsusi notariusu X1 tərəfindən təsdiq edilmiş 7E/4076 reyestr nömrəli etibarnaməyə xitam verilməsinin etibarsız hesab edilməsi və həmin etibarnamənin hüquqi qüvvəsinin bərpa edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Əzizov X3 Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Torpaq Hərrac və Müsabiqə Komissiyası tərəfindən keçirilən 20 fevral 2014-cü il tarixli hərracda formal olaraq, yəni İddiaçı adından və onun maliyyə vəsaiti ilə iştirak edərək qalib olmuşdur. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Torpaq Hərrac və Müsabiqə Komissiyası tərəfindən 4725 nömrə ilə qeydiyyat alınmış 20 fevral 2014-cü il tarixdə keçirilmiş Hərrac və hərracın yekunlarına dair -000010635 nömrəli Şəhadətnamə və Torpaqların alqı-satqısına dair müqavilə ilə Cavabdeh öz adına ƏMDK yanında DƏDRX-ın 4 saylı Abşeron rayon Ərazi İdarəsi tərəfindən verilmiş 12.02.2014-cü il tarixli dövlət reyestrindən Çıxarış əldə etmişdir. Bununla da cavabdeh Abşeron rayon Aşağı Güzdək ərazisində yerləşən 5 ha torpaq sahəsinə formal olaraq mülkiyyət hüququ əldə etmişdir. Cavabdeh həmin Çıxarışı iddiaçıya təhvil vermişdir. Cavabdeh tərəfindən İddiaçı 19.03.2014-cü il tarixdə səlahiyyətləri başqa şəxsə verilə bilən 20 illik baş etibarnamə vermişdir. Hansı ki, həmin etibarnamə əsasında əmlaka dair bütün sərəncamlar həyata keçirilə bilərdi. Bundan sonra, yəni 20.03.2014-cü il tarixdə cavabdeh razılıq ərizəsi ilə özü bu faktı etiraf edərək hərrac və alqı-satqı zamanı bütün maliyyə xərclərinin iddiaçının çəkdiyini, onun razılığı ilə adına rəsmiləşdirildyini, bu səbəbdən iddiaçıya etibarnamə verdiyini, həmin etibarnaməni həmin torpaq sahəsinin satılması və ya digər şəxslərin adına keçirilməsi üçün verdiyini bildirmişdir. Eyni zamanda cavabdehin həyat yoldaşı 19.03.2014-cü il tarixdə notarial qaydada razlıq ərizəsi verərək həmin torpaq sahəsinin satılmasına, bağışlanmasına etiraz etmədiyini bildirmişdir. Cavabdeh yoldaşı adından həmin tarixdə etibarnamə almışdır. Tərəflər arasında münasibətlər yaxşı olsa da, son zamanlar pozulmuşdur. Cavabdeh şəxs iddiaçının adına verdiyi etibarnaməni və yoldaşının adından verdiyi razılıq ərizəsini iddiaçıya məlumat vermədən ləğv etdirmişdir. Daha sonra polis orqanlarına yalan məlumat verərək çıxarışın itməsini bildirmiş, bu barədə müvafiq arayış əldə etmiş və öz adına yeni çıxarış almışdır. Halbuki çıxarışın əsli iddiaçıda olmuş və bunu cavabdeh bilmişdir. İddiaçı 13.09.2021-ci il tarixdə onun adına verilən etibarnamə ilə torpağı digər şəxsin adına keçirmək istəyərkən, etibarnamənin ləğv olunduğu barədə məlumat əldə etmişdir. Bu vaxtdan iddiaçı aldadıldığını və hüquqlarının pozulduğunu bilmişdir. Göründüyü kimi Abşeron rayon Aşağı Güzdək ərazisində yerləşən 5 ha torpaq sahəsi faktiki olaraq iddiaçıya məxsusdur. Cavabdeh adına olan bütün sənədləşmələr formal xarakter daşıyır. Hərrac keçirilərkən və daha sonra bütün maliyyə dəstəyi iddiaçı tərəfindən ödənilmişdir. Hərracın dəyərinin ödənilməsi belə həmin vaxt bələdiyyə əməkdaşı olmuş şəxs tərəfindən iddiaçıdan alınaraq ödənilmişdir. Qeyd olunanlara əsasən Cavabdeh tərəfindən İddiaçı 19 mart 2014-cü il tarixdə verilmiş Abşeron rayonu 1 saylı Notariat Kontorunun xüsusi notariusu X1 tərəfindən təsdiq edilmiş 7E/4076 reyestr nömrəli etibarnaməyə xitam verilməsinin etibarsız hesab edilməsi və həmin etibarnamənin hüquqi qüvvəsinin bərpa edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi Vəkil ərizə ilə məhkəməyə müraciət edərək üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini və məhkəmə baxış iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıdakılara əsasən təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 19.03.2014-cü il tarixli etibarnamənin surətindən müəyyən olunur ki, Cavabdeh İddiaçı etibarnamə vermiş və həmin etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun butün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək, əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, mirası qəbul etməyi və yaxud ondan imtina etməyi, bütün şəxslərdən, müəssisələrdən, idarələrdən, təşkilatlardan, o cümlədən bank orqanlarından poçtdan ve teleqraflardan bütün əsaslar üzrə ona çatası əmlakı, pulu, əmanəti, qiymətli kağızları, eləcə də sənədləri almağı, bank orqanlarında olan hesablar uzrə sərəncam verməyi, poçt, teleqraf, qiymətli və digər hər cür məktubları və baratları almağı, bütun dövlət idarələrində, kooperatıv və ictimai təşkilatlarda onun adından ərizə verməyi, işləri aparmağı, qanunla iddiaçıya, cavabdehə, üçüncü şəxsə, zərərçəkmişə verilmiş bütun hüquqlarla, o cümlədən işi sülh yolu ilə qurtarmaq, iddia tələblərini bütünlüklə və ya qismən etiraf etmək, yaxud onlardan imtina etmək, iddia predmetinin dəyişməsi, məhkəmənin qərarından şikayət edilməsi, əmlakı və ya pulu almaq hüququ ilə icra vərəqəsi təqdım etmək hüquqlarına malik olmaqla bütün məhkəmə orqanlarında ona aid olan mülki işləri aparmağı, bu tapşırığın yerinə yetlrllməsi ilə əlaqədar digər hərəkətləri etməyi etibar etmişdir. Etibarnamə 19.03.2034-cü ilədək verilmiş və həmin etibarnamə üzrə səlahiyyətlər başqa şəxslərə verilə bilər. İş materiallarına əlavə olunmuş Elektron notariat avtomatlaşdırılmış informasiya sistemindən çıxarışdan müəyyən olunur ki, Cavabdeh tərəfindən İddiaçı 19.03.2014-cü il tarixdə verilmiş etibarnamə 24.09.2018-ci il tarixdə ləğv edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X2 daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş 12.04.2014-cü il tarixli çıxarışın surətindən müəyyən edilir ki, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən 5.0 ha torpaq sahəsi Cavabdeh mülkiyyətindədir. Mülki Məcəllənin 362.1.-ci bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Mülki Məcəllənin 365.1.-ci maddəsinə əsasən etibarnamənin qüvvəsinə etibarnaməni vermiş şəxs tərəfindən onun ləğv edilməsi nəticəsində xitam verilir. Həmin Məcəllənin 366.1.-ci maddəsinə əsasən etibarnamə vermiş və sonradan onu ləğv etmiş şəxs bu barədə etibarnamə verilmiş şəxsi, habelə etibarnaməni qarşılarında təmsil edilmək üçün verdiyi ona məlum üçüncü şəxsləri xəbərdar etməyə borcludur. Bu Məcəllənin 365.1.5 və 365.1.7-ci maddələrində nəzərdə tutulan əsaslara görə etibarnaməyə xitam verildiyi hallarda etibarnaməni vermiş şəxsin hüquq varisləri üzərinə də eynilə bu cür vəzifə qoyulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə uyğun olaraq, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair 23.02.2016-cı il tarixli qərarına əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 80, 81 və 88-ci maddələri). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). Mülki Prosessual Məcəllənin 216.1-ci maddəsinə əsasən, işi mahiyyəti üzrə həll edən birinci instansiya məhkəməsinin aktı qətnamə formasında çıxarılır. Həmin Məcəllənin 217-ci maddəsinə müvafiq olaraq, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin əsaslılığı ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 11 iyul 1997-ci il tarixli 2 saylı Qərarında qeyd etmişdir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Konstitusiya Məhkəməsinin Plenumu göstərilənləri nəzərə alaraq qeyd edir ki, məhkəmə qətnaməsinin əsaslılığı ondan aslıdır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılsın, bu hallar sübut olunsun və qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlsin. Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinə görə, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Qeyd olunan maddənin tələblərinə görə, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Məhkəmə hesab edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyə görə bir şəxs üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə vəkalət verə bilər və həmin vəkaləti ləğv etmək hüququna malikdir. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Cavabdeh İddiaçı etibarnamə vermiş və həmin etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun butün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla lcazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək, əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, mirası qəbul etməyı və yaxud ondan İmtina etməyi, bütün şəxslərdən, müəssisələrdən, idarələrdən, təşkılatlardan, o cümlədən bank orqanlarındnn poçtdan ve teleqraflardan bütün əsaslar üzrə ona çatası əmlakı, pulu, əmanəti, qiymətli kağızları, eləcə də sənədləri almağı, bank orqanlarında olan hesablar uzrə sərəncam verməyi, poçt, teleqraf, qiymətli və digər hər cür məktubları və baratları almağı, bütun dövlət idarələrində, kooperatıv və ictimai təşkilatlarda onun adından ərizə verməyl, işləri aparmağı, qanunla iddiaçıya, cavabdehə. üçüncü şəxsə, zərərçəkmişə verılmiş bütun hüquqlarla, o cümlədən İşi sülh yolu ilə qurlarmaq, iddia tələblərini bütünlüklə və ya qismən etiraf etmək, yaxud onlardan imtlna etmək, iddia predmetinin dəylşməsi, məhkəmənin qərarından şikayət edilməsi, əmlakı və ya pulu almaq hüququ ilə icra vərəqəsi təqdım etmək hüquqlarına malik olmaqla bütün məhkəmə orqanlarnda ona aid olan mülki işləri aparmağı, bu tapşırığın yerinə yetlrllməsi ilə əlaqədar digər hərəkətləri etməyi etibar etmişdir. Etibarnamə 19.03.2034-cü ilədək verilmişdir. Həmin etibarnamə üzrə səlahiyyətlər başqa şəxslərə verilə bilər. Cavabdeh tərəfindən İddiaçı 19.03.2014-cü il tarixdə verilmiş etibarnamə 24.09.2018-ci il tarixdə ləğv edilmişdir. Beləliklə iş materiallarından müəyyən olunmuşdur ki, Cavabdeh tərəfindən İddiaçı üçüncü şəxslər qarşısında təmsil olunması ilə bağlı etibarnamə verilmiş və həmin etibarnamə sonradan cavabdeh tərəfindən ləğv edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən verilmiş etibarnamə bir müddət sonra onun özü tərəfindən ləğv olunması mülki qanunvericiliyin tələbinə zidd deyildir, belə ki, qanunvericilik ona belə bir səlahiyyət vermişdir ki, öz iradə ifadəsinə əsasən etibarnaməni vermiş şəxs onu istənilən vaxt ləğv etmək səlahiyyətinə də malikdir. Beləliklə məhkəmə hesab edir ki, etibarnaməyə xitam verilməsinin etibarsız hesab olunması və etibarnamənin hüquqi qüvvəsinin bərpası tərəfin iradə ifadəsinə və mülki qanunverciliyin tələbinə zidd olduğundan məhkəmə hesab edir ki, iddia tələbi təmin oluna bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddiaçı Cavabdeh qarşı etibarnaməyə xitam verilməsinin etibarsız hesab edilməsi və həmin etibarnamənin hüquqi qüvvəsinin bərpa edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Leyla Talıbova
Məhkəmə qərarları › İş №e-2(010)-810/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-810/2022
23.02.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver