Məhkəmə qərarları › İş №e-2(010)-942/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-942/2023

27.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-942/2023 27.04.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədirliyi Quliyeva Leyla Məmməd qızının katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili X1 iştirakı ilə, Ərizəçi İddiaçı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin xahişi. Ərizəçi İddiaçı “hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Orconokidze Rayon XDSİK-nin arxiv fondu üzrə xx.xx.1986-cı il tarixli 24 saylı protokolunda ona ayrılan 23 nömrəli mənzilin Bakı şəhəri, Orconokidze rayonu Razin küçəsi ev 4, mənzil 21 kimi oxunulmasına dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, Azərbaycan SSR İK Bakı şəhər XDS-nin qərarına əsasən Bakı şəhəri, Orconokidze rayonu, Razin küçəsi ev 4-də yerləşən 5 otaqlı 21 № mənzil 03 mart 1986-cı il tarixli 226456 № orderlə ona və ailə üzvlərinə verilmişdir. Həmin tarixdən mənzil sahəsi onun sahibliyində olmuş, lakin mülkiyyət hüquqları rəsmi qeydə alınmamışdır. Hazırda o, mülkiyyət hüquqlarını qeydə aldırmaq üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə zəruri sənədləri toplayarkən, məlum olmuşdur ki, Orconokidze rayon XDSİK-nin protokolunda mənzilin nömrəsi düzgün qeyd edilməmişdir. Hazırki iddia ərizəsinə əlavə edilən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin 20 iyun 2022-ci il tarxili BA-03698-2022 saylı məktubuna əlavə edilən xx.xx.1986-cı il tarixli 24 nömrəli iclas protokolunda ona ayrılan mənzilin nömrəsi səhvən 23 kimi qeyd edilmişdir. Bu qeyd ediləni dəqiqləşdirmək üçün tərəfindən ərizə ilə yenə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Dövlət Arxivinin Bakı filialına məktubla müraciət edilmişdir. Müraciətinə qeyd edilən orqandan verilən xx.xx.2022-ci il tarixli BA- 06762-2022 saylı məktubda qeyd edilmişdir ki, “İddiaçı ev verilməsi barədə keçmiş Orconokidze Rayon XDSiK-nin arxiv fondu üzrə xx.xx.1986-cı il tarixli 24 saylı protokolu Dövlət Arxivinin Bakı filialınada mövcuddur. Lakin, həmin protokolda mənzilin nömrəsi 21 deyil 23 kimi qeyd edilmişdir. Protokolda hər hansı bir düzəlişlərin edilməsi səlahiyyətimiz daxilində deyildir.” Hazırki iddia ərizəsinə surəti əlavə edilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin arayışından da görünür ki, özü Bakı şəhəri, Qara-Çuxur Qəsəbəsi, Z.Şərifov küçəsi, ev 4 mənzil 21-də qeydiyyatdadır, qeydiyyat üçün əsas - Orconokidze Rayon XDSİK-nin xx.xx.1986-cı il tarixli 24 saylı protokoluna əsasən verilən 03 mart 1986cı il tarixli 226456 № orderdir. Lakin, orderin əsasını təşkil edən protokolda hər hansı bir düzəliş etmək mümkün olmadığından qeyd edilən yalnışlıq yalnız hüquqi əhəmiyyəti olan faktın məhkəmə tərəfindən tanınması yolu ilə aradan qaldırıla bilər. Bu səbəbdən də o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək və hüquqi əhəmiyyəti olan faktın məhkəmə qaydasında tanınması qərarına gəlmişdir. Tərəflərin izahatları. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili X5 ərizəni müdafiə edərək bildirdi ki, mübahisəli mənzil Azərbaycan SSR İK Bakı şəhəri XDS-nin 03 mart 1986-cı il tarixli qərarına əsasən 21 nömrəli mənzil 226456 nömrəli orderlə ərizəçiyə verilmişdir. O gündən indiyə kimi ərizəçi həmin ünvanda yaşayır, həmin mənzil onun sərəncamında və istifadəsindədir. Lakin, ərizəçi mülkiyyət hüququnu rəsmi reyestrdə qeydiyyata aldırmayıb. Ötən il öz hüquqlarını qeydə almaq üçün sənədlər toplayan zaman əldə etdikləri arxiv arayışından görünür ki, qeyd olunan mənzilin ünvanı faktiki 21 olsa da, rəsmi sənədlərdə 23 kimi qeydə alınıb. Təbii ki, bu hal gələcəkdə hüquqları qeydə alındığı zaman manelər yaradacaq. Sonra onlar növbəti ərizə ilə Milli Arxv İdarəsinə müraciət etsə də, 19 oktyabr 2022-ci il tarixli BA-06762-2022 nömrəli məktubdan görünür ki, həmin mənzilin nömrəsi protokolda 21 deyil, 23 kimi qeyd olunub, və həmin protokola düzəlişin edilməsi həmin orqanın səlahiyyəti daxilində deyil. Ona görə də, hazırki ərizə ilə məhkəməyə müraciət etmişlər. Nümayəndə əlavə olaraq bildirmişdir ki, həmin ünvanda 23 nömrəli mənzil üzərində mülkiyyət hüququ tanınıb və rəsmi reyestrə qeydiyyata alınmışdır, çıxarışı da vardır. Belə olan təqdirdə bir daha görünür ki, mənzilin ünvanı protokolda səhv qeyd olunub, əslində 23 deyil, 21 olmalıdır. İş materiallarına əlavə olunan yaşayış yeri barədə arayışdan da görünür ki, mənzilin ünvanı rəsmi reyestrdə ünvan 1d olunub, ərizəçi və onun ailə üzvləri qeydiyyatda olmaqla həmin mənzildə yaşayırlar. Ərizənin təmin olunmasını xahiş edir. İş üzrə maraqlı şəxs qismində cəlb edilmiş Maraqlı şəxs1məhkəməyə ərizə ünvanlayaraq məhkəmə baxışının onun nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı şəhər Ərazi Şöbəsi isə məhkəmə iclasının vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəyəmə məlumat verməmişdir. Onların nümayəndələrinin iştirakı olmadan mülki işin baxılması mümkün hesab edilmişdir. Şahidlərin izahatları. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 bildirdi ki, ərizəçinin qonşusudur. O, binanın 3-cü blokunda yaşayır, ərizəçi isə 2-ci blokda yaşayır. Mübahisəli mənzil Rəfiqə xanımın adınadır. Həmin mənzil ya 20, ya da 21 nömrəli mənzildir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 bildirdi ki, 1986-cı ildən hazıradək ərizəçi ilə qonşudur. O, binanın 1-ci blokunda 12 nömrəli mənzildə yaşayır. Mübahisəli mənzil Rəfiqə xanımın adınadır. Həmin mənzil 21 nömrəli mənzildir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 bildirdi ki, o, ərizəçi ilə qonşudur. Mübahisəli binaya 1 ildir ki, köçüb və 2-ci blokun 23-cü mənzilində yaşayır və həmin mənzilə çıxarış mövcuddur. Ərizəçinin mənzili ondan 1 mərtəbə aşağıdır. Həmin mənzil 21 nömrəli mənzildir. İş materialları. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ******* nömrəli xx.xx.2022-ci il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı, X10, X4, X7, X2 və X11 ünvan 2 ünvanında qeydiyyatdadırlar. Ərizəçinin müraciəti əsasında Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin AR Dövlət Arxivinin Bakı filialı tərəfindən 20 iyun 2022-ci il tarxili BA-03698-2022 saylı məktubuna əlavə edilən çıxarışdan - xx.xx.1986-cı il tarixli 24 nömrəli iclas protokolundan görünür ki, xx.xx.1986-cı il tarixdə X9 Orconokidze rayonunun 19-cu çağırışı iclasında İddiaçı ünvan 5, 4-cü mərtəbə, 23 saylı 5 otaqlı mənzilinə dair orderin yazılması qərara alınmışdır. Azərbaycan SSR Bakı şəhər Xalq Deputatlar İcraiyyə Komitəsi tərəfindən 03 mart 1986-cı ildə verilmiş 226456 nömrəli orderin surəti ilə müəyyən olunur ki, ünvan 5, 3-cü mərtəbə, 21 saylı 5 otaqlı mənzil İddiaçı ayrılmışdır. Həmin orderdə İddiaçı adı ilə yanaşı onun ailə üzvlərinin adları göstərilir. Ərizəçinin müraciəti əsasında Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin AR Dövlət Arxivinin Bakı filialı tərəfindən xx.xx.2022-ci il tarxili BA-06762-2022 saylı məktubda qeyd olunmuşdur ki, İddiaçı ev verilməsi barədə keçmiş Orconokidze Rayon XDS İK-nin (indiki Suraxanı) arxiv fondu üzrə xx.xx.1986-cı il tarixli 24 saylı protokolu Dövlət Arxivinin Bakı filialınada mövcuddur. Lakin həmin protokolda mənzilin nömrəsi 21 deyil, 23 kimi qeyd edilmişdir. Protokolda hər hansı bir düzəlişlərin edilməsi səlahiyyətimiz daxilində deyildir. Məhkəmə sorğusu əsasında Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin AR Dövlət Arxivinin Bakı filialı tərəfindən məhkəməyə ünvanlanan 03 mart 2023-cü il tarxili 3- 48-2F/2-01473/2023 saylı məktuba əlavə edilmiş X9 Orconokidze rayonunun 19-cu çağırışı iclasının xx.xx.1986-cı il tarixli 24 nömrəli protokoluna əsasən xx.xx.1986-cı il tarixdə İddiaçı ünvan 5, 4-cü mərtəbə, 23 saylı 5 otaqlı mənzilinə dair orderin yazılması qərara alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən qeydiyyat nömrəsi ********** olan xx.xx.2022-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 93,48 kv.m təşkil edən yaşayış evi tam xüsusi mülkiyyət hüququ ilə X3 adına rəsmiləşdirilmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq maddələri: Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər. 307.1. Məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. ...307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: ...307.2.11. qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 310. Ərizənin məzmunu və ərizəyə baxılması 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir.... Maddə 311. Məhkəmənin ərizə üzrə qətnaməsi. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Azərbaycan Respublikası Bakı şəhərinin bəzi rayon və qəsəbələrində, Ağdaş, Bərdə, Qobustan, İmişli, İsmayıllı, Yevlax, Gədəbəy, Goranboy, Lənkəran, Salyan, Füzuli, Xaçmaz, Cəlilabad rayonlarının bir sıra yaşayış məntəqələrinə yeni adlar verilməsi və inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli Qərar: ....Səbail rayonundakı Xanlar qəsəbəsinə Bibiheybət qəsəbəsi, Sabunçu rayonundakı Razın qəsəbəsinə Bakıxanov qəsəbəsi və Suraxanı rayonundakı Serebrovski qəsəbəsinə Qaraçuxur qəsəbəsi adları verilsin.... “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarı. ...13. Məhkəmələr nəzərə alsınlar ki, məhkəmə qaydasında müəyyən edilən hüquqi əhəmiyyətli faktların siyahısı qanunla məhdudlaşdırılmamışdır. Azərbaycan Respublikası MPM-in 307.2.11-ci maddəsində qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi də nəzərdə tutulmuşdur. Belə faktlar müəyyənləşdirilərkən müvafiq olaraq həmin münasibətləri tənzimləyən qanunvericilik normalarına ciddi riayət edilməsi və belə faktların məhkəmədən kənar qaydada nizamlanmasını nəzərdə tutan şərtlərə əməl edilibedilməməsi sübutlarla təsdiq olunmalıdır.... Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, xx.xx.1986-cı il tarixdə X9 Orconokidze rayonunun 19-cu çağırışı iclasında İddiaçı ünvan 5, 4-cü mərtəbə, 23 saylı 5 otaqlı mənzilin verilməsinə dair protokolunda müvafiq orderin yazılması qərara alınmışdır. 226456 nömrəli order verilərkən, ünvan müvafiq olaraq ünvan 5, 3-cü mərtəbə, 21 saylı 5 otaqlı mənzil kimi yazılmışdır. Bundan sonra mənzil sahəsi ərizəçinin və onun ailə üzvlərinin sahibliyində olmuş, lakin mülkiyyət hüquqları rəsmi qeydə alınmamışdır. Hal-hazırda Bakı şəhəri, Orconokidze rayonu – Suraxanı rayonu, Serbrovski qəsəbəsi – Qaraçuxur qəsəbəsi, Razin küçəsi isə - Z.Şərifov küçəsi adlandırılır. Ərizəçi mülkiyyət hüquqlarını qeydə aldırmaq üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə zəruri sənədləri toplayarkən, məlum olmuşdur ki, Orconokidze rayon XDSİK-nin protokolunda mənzilin nömrəsi düzgün qeyd edilməmişdir. İş materialları və şahid ifadələri ilə təsdiq olunur ki, Bakı şəhəri, Serebrovski qəsəbəsi, Razin küçəsi, 4 nömrəli ev, 23 saylı mənzil protokolda Bakı şəhəri, Serebrovski qəsəbəsi, Razin küçəsi, 4 nömrəli evin, 21 saylı mənzil kimi yazılmalı idi. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Orconokidze rayon XDSİK-nin protokolunda ünvan 6 ünvanında yerləşən 21 nömrəli mənzilinin nömrəsi düzgün qeyd edilmədiyindən, həmin mənzilin rəsmi qeydə alınması mümkün olmamışdır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Orconokidze Rayon XDS İK-nin arxiv fondu üzrə xx.xx.1986-cı il tarixli 24 saylı protokolunda ərizəçi İddiaçı ayrılan 23 nömrəli mənzil, Bakı şəhəri, Orconokidze rayonu Razin küçəsi ev 4, mənzil 21 kimi oxunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 311, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Orconokidze Rayon XDS İK-nin arxiv fondu üzrə xx.xx.1986-cı il tarixli 24 saylı protokolunda ərizəçi İddiaçı ayrılan 23 nömrəli mənzil, Bakı şəhəri, Orconokidze rayonu Razin küçəsi ev 4, mənzil 21 kimi oxunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və ya Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar