Məhkəmə qərarları › İş №e-2(010)-968/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-968/2022

11.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-968/2022 11.08.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Maqsudov İsa Sabir oğlunun katibliyi, iddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X5, Cavabdeh iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Cavabdeh qarşı "subroqasiya qaydasında pul tələbi" barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti Cavabdeh qarşı "subroqasiya qaydasında pul tələbi" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4999 (dörd min doqquz yüz doxsan doqquz) manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 70,40 (yetmiş manat 40 qəpik) manat dövlət rüsumunun Dövlət Sığorta Kommersiya Şirkətinin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixdə saat 00:20 radələrində Bakı şəhəri, Qara Qarayev prospekti ərazisində Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən icbari sığorta növü ilə sığortalanmış, X6 məxsus və etibarnamə əsasında Cavabdeh tərəfindən idarə olunarkən “Chevrolet Cruz” markalı, ** UD *** dövlət qeydiyyat nişanlı avtomobil “Mercedes Benz” markalı, ** CO *** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz C280” markalı, ** UD *** dövlət qeydiyyat nişanlı və “Changan Alsvin 3” markalı, ** PT *** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşaraq həmin avtomobillərə maddi zərər vurmuş və daha sonra hadisə yerindən yayınmışdır. Bakı şəhər DYPŞ-nin xx.xx.2021-ci il tarixli İXP ******* nömrəli protokoluna əsasən baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh qanunvericiliyin tələblərini pozduğuna görə Azərbaycaan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı (hadisə yerindən yayınma) maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Qiymətləndirmə aktında göstərilmişdir ki, “Mercedes Benz”’ markalı, ** CO *** dövlət qeydiyyat nişanlı avtomobilə 1960 (min doqquz yüz altmış), “Mercedes Benz C280” markalı, ** UD *** dövlət qeydiyyat nişanlı avtomobilə 930 (doqquz yüz otuz) və “Changan Alsvin 3” markalı, ** PT *** dövlət qeydiyyat nişanlı avtomobilə 2109 (iki min yüz doqquz) manat məbləğində maddi zərər vurulmuşdur. Bununla əlaqədar olaraq, 3586, 3744 və 3355 saylı işlərə dair sığorta aktları tərtib edilməklə sığorta müqaviləsində və şəhadətnaməsində nəzərdə tutulmuş qaydada sığorta hesablamaları həyata keçirildikdən sonra Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən faydalanan şəxslər X7 930 (doqquz yüz otuz) manat, X8 1960 (min doqquz yüz altmış) manat və X1 2109 (iki min yüz doqquz) manat olmaqla ümumilikdə 4999 (dörd min doqquz yüz doxsan doqquz) manat məbləğində sığorta ödənişləri həyata keçirilmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək iş üzrə keçirilmiş ekspertiza rəyinə uyğun olaraq cavabdehdən 4539 (dörd min beş yüz otuz doqquz) manat pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 70,40 (yetmiş manat 40 qəpik) manat dövlət rüsumunun tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X9 iddia tələbini müdafiə edərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməiyini bildirərək göstərdi ki, Məhkəmə iclasında Cavabdeh iddia tələbləri ilə razılaşmayaraq izahatında göstərdi ki, 14 mart 2021-ci il tarixdə saat 00:20 radələrində Bakı şəhəri, Qara Qarayev prospektində X6 məxsus və etibarnamə əsasında idarə etdiyi “Chevrolet Cruz” markalı, ** UD *** dövlət qeydiyyat nişanlı avtomobillə yol-nəqliyyat hadisəsi törətsə də, iddia tələbində qeyd olunmuş “Mercedes Benz” markalı, ** CO *** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz C280” markalı, ** UD *** dövlət qeydiyyat nişanlı və “Changan Alsvin 3” markalı, ** PT *** dövlət qeydiyyat nişanlı avtomobillərə zərər heç bir halda 4099 manat miqdarında təşkil edə bilməz, bundan xeyli az olmuşdur. İş üzrə keçirilmiş ekspertizanın nəticələri ilə də razılaşmır və öz mövqeyində israrlıdır ki, vurulmuş zərərin həcmi şişirdilmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, X6 məxsus olan “Chevrolet Cruze” markalı **- UD-*** dövlət qeydiyyat nişanlı avtomobili 16 sentyabr 2020-ci il tarixdən 16 sentyabr 2021-ci ilə kimi Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən icbari sığortalamışdır. İş materialları ilə müəyyən olunur ki, Cavabdeh 14 mart 2021-ci il tarixdə saat 00:20 radələrində Bakı şəhəri, Qara Qarayev prospekti ərazisində X6 məxsus olan və etibarnamə əsasında idarə “Chevrolet Cruze” markalı **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol-nəqliyyat hadisəsi törətmiş və “Mercedes Benz” markalı, ** CO *** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz C280” markalı, ** UD *** dövlət qeydiyyat nişanlı və “Changan Alsvin 3” markalı, ** PT *** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşaraq həmin avtomobillərə maddi zərər vurmuş və daha sonra hadisə yerindən yayınmışdır. Bakı şəhər DYPŞ-nin xx.xx.2021-ci il tarixli İXP ******* nömrəli protokoluna əsasən baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh qanunvericiliyin tələblərini pozduğuna görə Azərbaycaan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı (hadisə yerindən yayınma) maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. İş materiallarına əlavə edilmiş 3586, 3744 və 3355 saylı sığorta aktlarından müəyyən olunur ki, müvafiq sığorta şəhadətnaməsı və sığorta müqaviləsində nəzərdə tutulmuş qaydada sığorta hesablamaları həyata keçirildikdən sonra Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən faydalanan şəxslər X4 930 manat, X8 1960 manat və X2 2109 manat, cəmi 4999 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Məhkəmə baxışı zamanı keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 10 iyun 2022-ci il tarixli 9/2835 №-li ekspert Rəyi ilə, nəzəri hesablama yolu ilə “Azərsığorta” tərəfindən tərtib edilmiş xx.xx.2021-cu il tarixli qüsur aktındakı məlumatlara əsasən, avtohissələrin qiymətləri nəzərə alınmaqla 1997-ci il buraxılışlı “Mersedes Benz C280” markalı, ** UD *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 930 manat; “Azərsığorta” tərəfindən tərtib edilmiş xx.xx.2021-cu il tarixli qüsur aktındakı məlumatlara əsasən, avtohissələrin qiymətləri nəzərə alınmaqla “Mersedes Benz C200” markalı, ** CO *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 1760 manat; “Pitstop” tərəfindən tərtib edilmiş qüsur aktındakı məlumatlara əsasən, avtohissələrin qiymətləri nəzərə alınmaqla “Changan Alsvin 3” markalı, ** PT *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 1849 manat müəyyən edilmişdir. Beləliklə də, yuxarıda təsvir olunanlarla 16 sentyabr 2021-ci tarixdə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən icbari sığorta ilə sığortalanmış, X6 məxsus olan və etibarnamə əsasında Cavabdeh tərəfindən idarə olunan “Chevrolet Cruze” markalı **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobil törədilmiş yol-nəqliyyat hadisəsi zamanı vurulmuş zərərlə əlaqədar iddiaçı tərəfindən cəmi 4999 manat məbləğində pul vəsaitinin (sığorta ödənişinin) ödənildiyi müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ həmin Məcəllənin 936.6 maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərər görə məsuliyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2 maddəsinə əsasən faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.2-ci maddəsinə əsasən həmin Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisənin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Həmin Qanunun 63.1-ci maddəsinə görə bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır Beləliklə də, yuxarıda təsvir olunanlarla Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən icbari sığorta növü ilə sığortalanmış “Chevrolet Cruze” markalı **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobilini etibarnamə əsasında idarə edən sürücü Cavabdeh təqsirli olaraq törətdiyi yol-nəqliyyat hadisəsindən sonra hadisə yerindən yayındığına görə həmin hadisəsi nəticəsində vurulmuş zərərə görə sığortaçı tərəfindən sığorta ödənişlərini zərərçəkmiş şəxslərə ödənilməsi təsdiq olunduğundan məhkəmə qeyd olunan qanunvericilik aktı normalarına əsaslanaraq hesab edir ki, sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı subroqasiya hüququ yaranmışdır. Bununla əlaqədar məhkəmə Cavabdeh hadisə yerindən yayınmaması barədə dəlilləri ilə bağlı qeyd edir ki, cavabdeh hadisənin onun təqsiri nəticəsində baş verməsini mübahisələndirməmişdir. Cavabdehin digər bir dəlili isə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş zərərin məbləğinin iddiaçı, eləcə də ekspertiza tədqiqatə nəticəsində düzgün müəyyən olunmaması ilə bağlı olsa da, məhkəmə qeyd edir ki, cavabdeh zərərin daha az miqdarda olmasına dair dəlil irəli sürsə də mötəbər olan və işin digər materialları ilə təsdiq olunan sübutlar təqdim etməmişdir. Belə olan halda məhkəmə ekspertiza tədqiqatının nəticələrini mötəbər sübut kimi qəbul edir. İddiaçı, iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 70,40 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 70,40 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Həmçinin iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair 10 iyun 2022-ci il tarixli bildirişindən görünür ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat təşkil edir. Ona görə də məhkəmə hesab edir ki, 100 manat ekspertiza xərci cavabdehdən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944SVVİFT BİK CTREAZ 22, büdcə təsnifatının kodu : 142595, büdcə səviyyəsinin kodu: 3 hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 4539 manat məbləğində sığorta ödənişi və 70,40 manat məbləğində ödənilmiş dövlət rüsumu - cəmi 4609,40 manat məbləğində pul vəsaiti iddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin xeyrinə tutulsun. Məhkəmə-əmtəəşunaslıq ekspertizasının dəyəri qismində 100 (yüz) manat Cavabdeh alınaraq dövlət büdcəsinə, göstərilən hesaba keçirilsin: X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22 Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar