Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-988/2022 15.04.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi İddiaçı2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: "xxxx" ASC Cavabdeh qarşı subroqaiya qaydasında zərərin əvəzinin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 700 manat məbləğində vurulmuş zərər və 30 manat məbləğində ödənilmiş dövlət rüsümunun, ümumilikdə 730 manat alınaraq iddiaçı "xxxx" ASC-nin hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi İddiaçı2 iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, «VAZ 21074» markalı, **-MZ-*** dövlət qeydiyyat nişanlı avtomobil 23.05.2020-ci ildən 23.05.2021-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə 23.05.2020-ci il tarixli PXA ********** nömrəli sığorta müqaviləsi bağlanmışdır. 2020-ci il iyulun 21-də Cavabdeh etibarnamə olmadan idarə etdiyi «VAZ 21074» markalı, **-MZ-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Xəzər rayonu, Binə sovxozu ərazisində «OPEL ASTRA» markalı, **-ZO-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Həmin hadisə ilə bağlı Xəzər DYPŞ-i tərəfindən 22.07.2020-ci il tarixində TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.1-ci (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) və 327.1-ci maddələri ilə təqsirli bilinmişdir. Avtomobillərin Texniki Xidmət Mərkəzi tərəfindən 24.07.2020-ci il tarixində verilmiş qüsur aktına əsasən hadisə nəticəsində «OPEL ASTRA» markalı, **-ZO-*** dövlət nömrə nişanlı avtomobillə 700 manat məbləğində zərər dəymişdir. İddiaçı tərəfindən 10.08.2020-ci il tarixdə həmin məbləğ zərəçəkmiş şəxs X2 ödənilmişdir. Qeyd olunanlara əsasən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN BPQMİ-nin MAPS şöbəsinin arayışından aydın olur ki, xx.xx.1990-cı il təvəllüdlü Cavabdeh ünvan 1 ünvanında pasport qeydiyyatındadır. İş materiallarına əlavə edilmiş Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, Xəzər rayon DYPŞ-nin bildirdirdiyinə əsasən, 21.07.2020-ci il tarixdə saat 17:30 radələrində Binə Sovxoz yolunda yol-nəqliyyat hadisəsi baş vermişdir. İş materiallarına əlavə edilmiş TP ******* saylı 22.07.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İXM-nin 332.1-ci və 327.1-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş 07.08.2020-ci il tarixli sığorta aktından görünür ki, "xxxx" ASC tərəfindən «VAZ 21074» markalı **-MZ-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini 23.05.2020-ci ildən 23.05.2021-ci il tarixədək 55000,00 manata sığortalamışdır. 21.07.2020-ci il tarixdə Bakı şəhəri, Binə sovxozu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 700 manat məbləğində zərər dəymişdir və həmin məbləğ sığorta ödənişi avtomobilin təmiri üçün X1 hesabına köçürülmüşdür. İş materiallarına əlavə edilmiş Qüsur aktından görünür ki, «OPEL ASTRA» markalı **-ZO-*** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyat hissələri və serviz xidməti ümumilikdə cəmi 700 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan AD№ 538670 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, «VAZ 21074» markalı **-MZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X3r. «Sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən Sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak Sığortası üzrə Sığorta ödənişini vermiş Sığortaçıya reqres qaydasında onun verdiyi Sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 916.1-ci maddəsinə əsasən əgər Sığortalı zərərin əvəzini ödəmək tələbini 3-cü şəxs qarşısında irəli sürə bilərsə, həmin tələb Sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini Sığortalıya ödəmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəklərinin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə nəqliyyat vasitələrində istifadə edilməsi nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Bu Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. İcbari sığortalar haqqında Azərbaycan Respublikasının Qanununun 25.1.3.-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, cavabdeh X4 məxsus «VAZ 21074» markalı, **-MZ-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə olmadan idarə etmiş və «OPEL ASTRA» markalı, **-ZO-*** dövlət nömrə nişanlı avtomobilə 700 manat məbləğində maddi ziyan yetirmişdir. Dəymiş ziyan sığorta təşkilatı tərəfindən X1 hesabına 700 manat məbləğində ödənilmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh avtomobili idarə etmək hüququ olmadığından vurulmuş zərəri ödəmək vəzifəsi Cavabdeh üzərinə qoyulmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hüquqa zidd əməl nəticəsində dəymiş zərər sığortaçı tərəfindən ödənildiyindən və həmin məbləğdə zərəri tələb etmə hüququ subroqasiya qaydasında "xxxx" ASC-yə keçdiyindən 700 manat məbləğində vurulmuş zərər və 30 manat məbləğində dövlət rüsumu Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh vurulmuş zərərin əvəzi 700 (yeddi yüz) manat və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №e-2(010)-988/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-988/2022
15.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver