Məhkəmə qərarları › İş №e-2(011)-1071/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1071/2024

31.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1071/2024 31.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş maddi və mənəvi ziyana görə “mənzilə axıdılmış suyun cavabdehin hesabına aradan qaldırılması, maddi və mənəvi zərərin ödənilməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:

1. Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi, bina 1B, 122 saylı mənzili iddiaçının, Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi, bina 1B, 124 saylı mənzili isə cavabdehin mülkiyyətindədir.

2. Mübahisə cavabdehin mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, S.Ə.ünvan 1 ünvanda yerləşən 122 saylı mənzilə su axması nəticəsində dəymiş zərərlə bağlı yaranmışdır.

İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri:

3. İddiaçı cavabdeh tərəfindən vurulmuş maddi ziyanın əvəzi olaraq 20000 manat pulun, mənəvi zərərin əvəzi olaraq 2000 manat pulun və məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş 156 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barəbarədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

4. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvan küçəsi, bina 1 B, 7-ci blok, 4-cü mərtəbə 1B mənzilin 122 mənzil onun mülkiyyətindədir. Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvan küçəsi, bina 1 B, 7-ci blok, 5-ci mərtəbə yerləşən 124 mənzilin mətbəxindən su krantının nasazlığı səbəbindən su axıdılmışdır. Həmin suyun axıdılması nəticəsində onun mənzilinə xeyli miqdarda ziyan dəymişdir. Bunun nəticəsində mətbəxt, dörd gözlü qaz sobası, döşəmə parketi, divarı, tavanı yararsız hala düşmüşdür. Baş verənlərlə bağlı sözügedən mənzilin sahibi cavabdehə məlumat verilsə də o, suyun axıdılmasının qarşısının alınması ilə bağlı heç bir tədbir görməmişdir. İddiaçı ona məxsus olan əmlaka cavabdeh tərəfindən qəsdən vurulmuş zərərin aradan qaldırılması üçün gördükləri tədbirlər hamısı nəticəsiz qaldığı üçün o, məhkəməyə müraciət edib qeyd olunan qanunsuzluğun məhkəmə qətnaməsi ilə aradan qaldırılması məcburiyyətində qalmışdır. Mənzilin yerləşdiyi "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin sədrinin və binada yaşayan digər şəxslərin iştirakı ilə xx.xx.2023-cü il tarixdə tərtib edilmiş aktdan da görünür ki, cavabdehə məxsus qeyd olunan mənzildən axıdılan məişət tullantıları suyu ona məxsus evə axıdılmış və bunun nəticəsində mənzilinə xeyli miqdarda maddi zərər vurulmuşdur. Bundan başqa, cavabdeh tərəfindən mülkiyyətinə vurulmuş zərər nəticəsində mənəvi sarsıntı və iztirab, cavabdehin vurduğu ziyanı ödəməkdən boyun qaçırması nəticəsində psixoloji sarsıntı keçirmişdir.

b) Cavabdehin iddia ərizəsinə etirazın dəlilləri:

5. Cavabdeh iddia ərizəsinə etirazını yazılı şəkildə təqdim etməmişdir.

Məhkəmə iclasında verilən izahatlar:

6. İddiaçının vəkili və nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi.

7. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

8. Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

9. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

10. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

11. Maddə 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

12. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

13. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

14. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

İşə baxan məhkəmənin mövqeyi:

15. Məhkəmə iddiaçının vəkili və nümayəndəsinin izahatını dinləyib, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir.

16. Qeyd edilən müddəaların mənasından aydın olur ki, zərərin vurulmasına səbəb olan əməlin qanuna zidd olması, zərər vuran şəxsin təqsirli (qəsd və ya ehtiyyatsızlığı) olması, zərərçəkənə ziyan və zərər vurulması və təqsirkar şəxsin əməli ilə (ziyan və ya zərər vurulmasına gətirib çıxaran) nəticə arasında səbəbli əlaqənin olması əməlin mülki hüquq pozuntusu olmasını şərtləndirən əsaslardır. Yalnız bu halda, şəxs törətdiyi mülki hüquq pozuntusu üçün məsuliyyət daşıyır.

17. İşin mübahisəsiz hallarından da görünür ki, iddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvan küçəsi, bina 1 B, 7-ci blok, 4-cü mərtəbə 1B saylı evin 122 saylı mənzilinə su axıdılmışdır. Belə ki, Bakı şəhəri Xətai rayonu "xxxx" MMMC tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş Aktda cavabdehin yaşadığı 124 saylı mənzildən iddiaçının yaşadığı 122 saylı mənzilə su axıdılması qeyd edilmişdir.

18. Həmçinin, işin bu halı Məhkəmə Ekspertiza Mərkəzinin 3-16-16/2-10/2150 saylı, xx.xx.2024-cü il tarixli rəyi ilə də müəyyən edilmişdir. Belə ki, ekspert tərəfindən iddiaçının mənzilinə baxış keçirilmiş və müəyyən edilmişdir ki, mənzilin mətbəx və yaşayış otağı tikilisinin konstruktiv elementlərində (tavan, divar və s.) qüsurların əmələ gəldiyi, həmin qüsurların su sızmaya xarakterik olduğu müşahidə edilmişdir.

19. Qeyd edilənlərdən də göründüyü kimi, iddiaçının mənzilinə cavabdehin yaşadığı mənzildən su axması və bunun nəticəsində iddiaçının mənzilinə ziyan dəyməsi iş materialları ilə sübuta yetirilir.

20. İddiaçının mənzilinə ziyanın dəyməsində cavabdehin təqsirinin olubolmamasına gəldikdə isə, məhkəmə qeyd edir ki, cavabdeh özünə məxsus mənzildən, habelə mənzildə yaşamasının təmin edilməsi üçün bütün zəruri vasitələrdən istifadə etməsi nəticəsində üçüncü şəxslərə dəymiş hər bir zərərə görə məsuliyyət daşıyır. Təsadüfü deyil ki, qanunvericilik hər bir şəxsin mülkiyyətindən istədiyi kimi istifadə etmək imkanını tanımaqla bərabər, bu hüququn həyata keçirilməsi zamanı qonşuların və üçüncü şəxslərin hüquqlarının pozulmamasını da nəzərə almışdır (AR MM-nin 152.5-ci maddəsi).

21. Şərh edilən halları nəzərə alaraq məhkəmə cavabdehin mənzilindən iddiaçının mənzilinə su axma nəticəsində zərərin dəyməsində cavabdehin təqsirli olması qənaətinə gəlir.

22. Lakin məhkəmə hesab edir ki, iddia tələbi mənzilə dəymiş zərərin 20000 manat olması hissəsində qismən əsaslıdır.

23. Belə ki, Məhkəmə Ekspertiza Mərkəzinin 3-16-16/2-10/2150 saylı, xx.xx.2024cü il tarixli rəyinə əsasən, Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvan küçəsi, bina 1 B, 7-ci blok, 4-cü mərtəbə 1B mənzilin 122 saylı mənzilinə su axması nəticəsində dəymiş zərərin aradan qaldırılması üçün yerinə yetirələcək təmir işlərinin dəyəri hal-hazırkı bazar qiymətinə uyğun olaraq təqribən 2270 manat müəyyən olunur.

24. Məhkəmə hesab edir ki, iddiaçıya məxsus mənzilə su axması nəticəsində dəymiş ziyanın ümumilikdə 2270 manat məbləğində olması iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə xüsusi bilik tələb edən elm sahəsinin mütəxəssislərinin rəyi ilə müəyyən edildiyindən, eləcə də iddiaçının vəkili və nümayəndəsi də ekspert rəyi ilə razı olduğunu bildirdiyindən dəymiş ziyanın real həcmi 2270 manat cavabdeh tərəfindən tam həcmdə iddiaçıya ödənilməlidir.

25. İddiaçıyın mənəvi zərər çəkməsi ilə bağlı məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarında qeyd edilir ki, mülki qanunvericilikdə şəxsin ölümü və ya sağlamlığına zərər yetirilməsi ilə əlaqədar mənəvi zərərin ödənilməsi əsaslarını müəyyən edən konkret hüquq normasının nəzərdə tutulmaması bu barədə iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz və belə tələb Mülki Məcəllənin 23-cü maddəsinə əsaslanmaqla mənəvi zərərin ödənilməsi qaydasında irəli sürülə bilər.

26. İşin mübahisəsiz halları ilə müəyyən edilir ki, cavabdehin təqsirindən iddiaçının yaşadığı Mənzilə su axmış və Mənzilə ziyan dəymişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarında da deyilir ki, mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər.

27. Habelə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarında göstərilir ki, şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.

28. Beləliklə, məhkəmə hesab edir ki, şərh edilən hallar iddiaçının Mənzilinə su axma nəticəsində zərər dəyməsi, onun Mənzilindəki bir sıra avadanlıqların istifadəyə yararsız hala gəlməsi nəticəsində onun psixoloji stress və emosional gərginlik formada mənəvi zərər çəkməsi barədə nəticəyə gəlməyə tam əsas verir.

29. Lakin məhkəmə hesab edir ki, iddiaçının ona mənəvi zərərin dəyməsinə görə tələb etdiyi pul məbləği qismən təmin edilməlidir.

30. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən Qərarında qeyd edilir ki, şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Məhkəmələr mənəvi zərərə görə təzminat müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar. Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır.

31. Məhkəmə işin hallarını və Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyi nəzərə alaraq qeyd edir ki, cavabdehin də maddi imkanlarını da nəzərə alaraq, iddiaçının xeyrinə ona dəymiş mənəvi zərərin əvəzi olaraq cavabdehdən 200 manat pulun tutulmasını mütənasib hesab edir.

32. Məhkəmə hesab edir ki, 156 manat məbləğində dövlət rüsumu və 50 manat məbləğində ekspert xərci iddianın təmin olunması nisbətində (iddia ümumi tələbin 11 faizi nisbətində təmin olunmuşdur) tərəflərə aid edilməlidir.

33. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. 2270 manat maddi ziyan, mənəvi ziyanın əvəzi olaraq 200 manat məbləğində pul vəsaiti və 17,16 manat dövlət rüsumu, cəmi 2487,16 manat manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 138,84 manat hissəsi iddiaçıya aid edilsin. Ekspert tədqiqatının dəyəri kimi hesablanmış 50 manat məbləğində pulun 5,50 manat hissəsi Cavabdeh, 44,50 manat hissəsi isə İddiaçı tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar