Məhkəmə qərarları › İş №e-2(011)-11/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-11/2024

09.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-11/2024 09.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsi və onun dəlilləri: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə1 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya dəymiş maddi ziyana görə 9.138 manat, mənəvi zərərə görə 2.000 manat və 123 manat ödənilmiş dövlət rüsumu – cəmi 11.261 manat pulun Cavabdeh alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh iddiaçının keçmiş gəlinidir. Cavabdeh iddiaçının oğlu X3 ilə 2014-cü ildə ailə həyatı quraraq iddiaçıya məxsus tam təmirli mənzildə yaşamağa başlamışlar. Qısa müddət orada yaşadıqdan sonra ABŞ-a səfər etmişlər və orada yaşamağa başlamışlar. 2019-cu ilin sonunda iddiaçının oğlu ilə cavabdeh arasında yaranmış mübahisə nəticəsində cavabdeh Azərbaycana gəlmiş və iddiaçının mənzilində yaşamağa başlamışdır. Elə iddiaçının mənzilində yaşadığı ilk günlərdən mənzilə zərər vurmuşdur və daha sonra isə qapı kilidini dəyişərək iddiaçının mənzildən istifadəsinə imkan verməmişdir. Pandemiya ilə əlaqədar məhkəmə işləri uzansa da onlar 2020-ci ilin iyun ayında boşanmışlar. İddiaçı gəlininin mənzildən istifadə hüququnun itirilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmənin qətnaməsinə əsasən cavabdehin mənzildən istifadə hüququna xitam verilmiş və onun evdən çıxarılması qət edilmişdir. Qeydiyyatdan çıxarılmasına baxmayaraq cavabdeh uzun müddət orada yaşamağa davam etmişdir. 2022-ci ilin yanvar ayının 15-i evi təhvil almağa gedərkən mənzilin yararsız halda olduğunu görmüşdür. Belə ki, evin işıq, istilik və su sistemləri dağıdılmış, otaqlarda mövcud olan divar kağızları qəsdən cırılmışdır. Bundan əlavə mənzilin otaqlarının iki qapısı, sanitar qovşağının qapıları sındırılaraq yerindən çıxarılmışdır. Mənzildə istifadə olunun istilik sistemi hissələri, şkaflar və digər əşyalar dağıdılaraq satılmışdır. Cavabdeh özü tərtib edilmiş aktda qapıları dağıdaraq götürdüyünü etiraf edir. İddiaçı mənzilin həmin vəziyyətini gördükdə daxili sarsıntı keçirmişdir. Bu baxımdan iddiaçıya mənəvi zərər dəymişdir. Mənzildən aparılmış əşyalar və iddiaçıya dəymiş zərər aşağıda öz əksini tapır: 24 ədəd spot işıq (19 ədəd x 12 man, 6 ədəd x 6 man) - cəmi 264 manat, 2 ədəd otaq qapısı (2 x 450 man) - cəmi 900 manat, l ədəd hamam qapısı - 260 manat, l ədəd sanitar qovşağı qapısı - 260 manat, istilik radiatorları (bir otaqda 10 seksiya, ikinci otaqda 16 seksiya) - cəmi 345 manat, 1 ədəd LC 40 kv kondisioner - 485 manat, 1 ədəd “Leqal” markalı televizor - 540 manat, 1 ədəd böyük pəncərə üçün jaluz pərdə - 185 manat, 1 ədəd stolüstü saat - 56 manat, 1 ədəd borusu ilə birlikdə aspirator - 185 manat, 1 ədəd 100 L ariston su qızdırıcı - 380 manat, 1 ədəd adam çəki tərəzisi - 35 manat, 1 ədəd naqilsiz ev telefonu - 65 manat, 1 ədəd hamam otağı üçün güzgülü bahalı materialdan şkaf dəsti - 850 manat, 1 ədəd unitaz - 270 manat, 1 ədəd ayaq yolu smesiteli pistoleti ilə birlikdə - 65 manat, 1 ədəd mətbəx smesiteli - 35 manat, 1 ədəd “maydadır” smesiteli - 50 manat, 1 ədəd saç feni - 65 manat, 1 ədəd 2 ədədli hamam duşu və smesiteli - 120 manat, 6 ədəd təzə (işlənməmiş) pəncərə setkası (nəfəslik) - 180 manat, 1 ədəd mətbəx pəncərisinin jalüz pərdəsi yararsız hala salınıb - 85 manat, 1 ədəd ayaq yolu yelçəkəni və “podvesnoy” tavanı - 200 manat, 1 ədəd seyf qapısının dəstəyi - 85 manat, 1 ədəd 5 mərmər rəfli açıq qəhvəyi rəngli qapılarla balkon şkafı - 850 manat, 1 ədəd “Akvafor” su süzgəci - 30 manat, 1 ədəd iddiaçıya məxsus ev kostyumu - 35 manat, 2 otağın və koridorun divar kağızları – 2.600 manat olmaqla, cəmi 9.138 manat. Bundan əlavə iddiaçıya 2.000 manat dəyətində mənəvi zərər dəymişdir. Tərəflərin izahatları: Məhkəmə araşdırması zamanı iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbinə etiraz edərək onun rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 bildirmişdir ki, o, malyar ustasıdır. İddiaçı onu evi təmir etməsi üçün çağırmışdır. Şahid bildirmişdir ki, həmin evdə divara kağızların və tavana alçipanın vurulması, sanitar qovşağa və hamama kafel vurulması işlərini gördükdən sonra tam təmirli vəziyyətdə evi iddiaçıya təhvil vermiş, zəhmət haqqını və materialın pulunu iddiaçıdan almışdır. O, evdə 2 dəfə təmir işləri görmüşdür. Sonuncu dəfə iddiaçı onu mənzilə çağıranda S.Səlimov evdə radiatorların, tavandan sökülmüş spot işıqlarının, cırılmış divar kağızlarının təmirini həyata keçirmişdir. Həmin vaxt qapılar sökülmüş vəziyyətdə olmuş, qapıların təmiri başqa usta tərəfindən aparılmışdır. İşin faktiki halları: İşin mübahisə edilməyən halı ondan ibarətdir ki, ünvan 1 ünvanında yerləşən yaşayış evi iddiaçıya məxsusdur. İddiaçının oğlu ilə cavabdeh arasında nikah münasibətləri olmuş, onlar nikahda olduqları müddətdə iddiaçıya məxsus Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, ev 37-də yerləşən 35 saylı mənzildə yaşamışlar. Onların nikahı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2145/2020 saylı, 05 iyun 2020-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Bundan sonra İddiaçı məhkəməyə müraciət edərək Cavabdeh həmin mənzilə istifadə hüququnun itirilməsi və yaşayış sahəsindən çıxarılması tələbi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2909/2020 saylı, 12 noyabr 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, ev 37-də yerləşən 35 saylı mənzilə istifadə hüququnun olmaması və sonuncunun 23 iyun 2015-ci il təvəllüdlü övladı X4 ilə birlikdə həmin mənzildən çıxarılması qət edilmişdir. Məhkəmə tərəfindən verilmiş sorğuya əsasən sözügedən qətnamənin icra işinə dair sənədlər məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərdən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2909/2020 saylı, 12 noyabr 2020-ci il tarixli icra vərəqi əsasında icra məmuru tərəfindən 31 yanvar 2022-ci il tarixdə icraata xitam verilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərarda qeyd edilmişdir ki, qərarın icrasını təmin etmək məqsədilə sözügedən mənzilə daxil olunmuş, mənzilin qapısı borclu Cavabdeh tərəfindən açılmışdır. Mənzilə baxış keçirilən zaman müəyyən edilmişdir ki, mənzildəki sanitar qovşağın iki qapısı borclu tərəfindən çıxarılmış, yerinə həmin yerdən balaca iki taxta qapı qoyulmuş, qonaq və yataq otaqlarının qapıları borclu tərəfindən sökülərək çıxarılmışdır. Mənzil, giriş qapısının açarı təqdim olunmaqla boş vəziyyətdə İddiaçı təhvil verilmişdir. İddiaçı cavabdehin həmin mənzildən çıxarılarkən mənzilə ziyan vurduğunu iddia edərək hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, ev 37-də yerləşən 35 saylı mənzilə zərər vurulub-vurulmadığını, əgər vurulmuşsa ziyanın həcmini müəyyən etmək üçün ekspertiza təyin etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 18 aprel 2023-cü il tarixli rəydən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, ev 37-də yerləşən 35 saylı mənzilin otaqlarına giriş qapılarının, mənzilin tavanında yerləşən spot işıqların və sanitar qovşağına aid ləvazimatların sökülməsi nəticəsində həmin evə dəymiş zərərin dəyəri bazar qiymətlərinə uyğun olaraq təqribən 1.950 manat müəyyən edilmişdir. İddiaçı təqdim edilmiş ekspert rəyi ilə razılaşmayaraq təkrar ekspertiza keçirilməsini xahiş etmiş, iş materialları rəy verilməsi üçün əlavə ekspertiza təyin edilmiş və iş materialları ekspertiza mərkəzinə göndərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 22 dekabr 2023-cü il tarixli rəydən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, ev 37-də yerləşən 35 saylı mənzilin otaqlarına aid giriş qapılarının, mənzilin tavanında yerləşən spot işıqların və sanitar qovşağına aid ləvazimatların sökülməsi nəticəsində həmin evə dəymiş zərərin dəyəri bazar qiymətlərinə uyğun olaraq təqribən 2.807 manat müəyyən edilmişdir. İlkin məhkəmə tikinti-texniki ekspertizası ilə əlavə məhkəmə tikinti-texniki ekspertizası nəticələrində yaranan fərqə səbəb ilkin məhkəmə tikinti-texniki ekspertizasında su qızdırıcısının və istilik radiatorlarının nəzərə alınmaması olmuşdur. Cavabdeh iddiaya etiraz mövqeyində olmuşdur. O, məhkəməyə ünvanladığı ərizədə qeyd etmişdir ki, cavabdeh həmin mənzilə gəlin gəldiyi zaman hamam və sanitar qovşağın qapıları sovet dönəmindən qalma taxta qapılar olub, cavabdehin gətirdiyi müasir tipli cehiz əşyaları ilə uyğunluq təşkil etmədiyindən dolayı yeni plastik qapılar gətirib qoymuşdur və evi təhvil verdiyi zaman isə öz plastik qapılarını götürmüşdür, yerinə isə onların taxta qapılarını qoyub getmişdir. Ekspert rəyində qeyd olunan divar kağızları ilə bağlı maddi ziyan cavabdeh tərəfindən deyil, cavabdehlə olan prinsiplərindən dolayı iddiaçının özü tərəfindən qəsdən vurulub. Spot işıqlarla bağlı qeyd etmişdir ki, baxmayaraq ki, tavanda olan 25 ədəd spot işığın hər biri cavabdeh tərəfindən qoyulmşdur, mənzili təhvil verdiyi zaman sadəcə çilçırağı ilə dəst olan 9 ədəd spot işığı götürmüşdür, digər 16 spot işıq iddiaçı tərəfindən sökülüb. Ekspert rəyində qeyd olunan asma tavan və unitazla bağlı maddi ziyan haqqında isə ümumiyyətlə əlaqəsi yoxdur. İddiaçının ərizədə qeyd etdiyi əşyalardan: cehizlik əşyaları olan televizor, aspirator, kondisioner, tərəzi, hamam və balkon mebel dəsti, çilçırağla dəst olan 9 ədəd spot işığı, otaqdan otağa olan 2 ədəd qapını mənzili təhvil verdiyi zaman götürüb aparmışdır və həmin əşyalar cavabdehə məxsus cehizlik əşyaları olub və onları götürüb aparmaq cavabdehin ən təbii haqqıdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 21-ci maddəsinə görə hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququ bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 157.5-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarı: Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Həmin Qərara əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”: 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Plenum qərarında həmçinin izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə baxan məhkəmənin mövqeyi: İddiaçı hazırkı iş üzrə cavabdehin hərəkətləri nəticəsində ona maddi və mənəvi ziyan dəyməsinə istinad etmiş, ona dəyən zərərin əvəzində cavabdehdən pul vəsaiti tələb etmişdir. Məhkəmə araşdırması zamanı cavabdeh iddiaçıya məxsus mənzili iddiaçının oğlu ilə birgə yaşadığı dövrdə təmir etdirdiyini və valideynlərinin vəsaiti hesabına alınmış əşyaları mənzildən çıxarkən götürdüyünü bildirmişdir. İddiaçı tərəf cavabdehlə razılaşmayaraq mənzilin təmirli vəziyyətdə olmasını və cavabdehin təmir edilmiş mənzilə gəlin gəldiyini bildirmişdir. Məhkəmə araşdırması zamanı nə iş materialları ilə, nə də tərəflərin izahatları ilə mənzilin cavabehin valideynlərinin vəsaiti hesabına təmir edilməsi halı aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dinlənilmiş X1 ifadəsi ilə müəyyən olunmuşdur ki, iddiaçı özünə məxsus mənzili təmir etdirmiş, mənzili müəyyən avadanlıqlarla təchiz etmiş və evi, oğlu və gəlininin istifadəsinə vermişdir. İş materiallarında mövcud olan icra məmuru tərəfindən tərtib olunmuş aktdan görünür ki, cavabdeh mənzildən çıxarkən mənzildə mövcud olan və iddia tələbi üzrə tələb olunan qapıları çıxararaq özü ilə aparmış, yerinə köhnə taxta qapılar qoymuşdur. Cavabdeh araşdırma zamanı istinad etdiyi halı sübuta yetirə biləcək hər hansı dəlili məhkəməyə təqdim etməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh evdən çıxarkən özünə məxsus olduğunu iddia etdiyi əşyaları mənzildən çıxararkən mənzilə ziyan vurmuşdur. Cavabdeh etiraz ərizəsində iddiaya qarşı mövqeyini bildirərkən ekspert rəyində öz əksini tapmış əşyaların bir qisminin onun tərəfindən aparılmasını qeyd etmiş və əşyaların cehiz əşya olduğunu bildirmişdir. Lakin məhkəmə hesab edir ki, cavabdeh ərizəsində istinad etdiyi halları təsdiq edəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Mənzildə mövcud olan su qızdırıcısı, sanitar qovşaqda yerləşən unitaz və bu kimi digər avadanlıqlar mövcud olsa da, onlar yararsız vəziyyətdə olmuşdur. Nə qədər ki, iş materialları ilə də təsdiq olunur ki, mənzil cavabdehin istifadəsində olmuşdur, bu avadanlıqların da məhz cavabdeh tərəfindən yararsız vəziyyətə gətirilməsi ağlabatandır. Məhkəmə iddia tələbində əks olunmuş digər əşyalara – 1 ədəd LC 40 kv kondisioner, 1 ədəd “Leqal” markalı televizor, 1 ədəd böyük pəncərə üçün jaluz pərdə, 1 ədəd stolüstü saat, 1 ədəd borusu ilə birlikdə aspirator, 1 ədəd adam çəki tərəzisi, 1 ədəd naqilsiz ev telefonu, 1 ədəd hamam otağı üçün güzgülü bahalı materialdan şkaf dəsti, 1 ədəd ayaq yolu smesiteli pistoleti ilə birlikdə, 1 ədəd mətbəx smesiteli, 1 ədəd “moydadır” smesiteli, 1 ədəd saç feni, 1 ədəd 2 ədədli hamam duşu və smesiteli, 6 ədəd təzə (işlənməmiş) pəncərə setkası (nəfəslik), 1 ədəd ayaq yolu yelçəkəni və “podvesnoy” tavanı, 1 ədəd seyf qapısının dəstəyi, 1 ədəd 5 mərmər rəfli açıq qəhvəyi rəngli qapılarla balkon şkafı, 1 ədəd “Akvafor” su süzgəci, 1 ədəd iddiaçıya məxsus ev kostyumuna münasibətdə qeyd edir ki, iddiaçı bu əşyaların ona məxsus olmasını sübuta yetirəcək hər hansı dəlili məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Hazırkı iş üzrə iddiaçı vindikasiya (özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb etmə) iddiası ilə məhkəməyə müraciət etmişdir. Qüvvədə olan qanunvericiliyə görə vindikasiya iddiasının irəli sürülməsi üçün müəyyən şərtlərin eyni vaxtda olması zəruridir. Bu şərtlərə aiddir-əmlakın mövcud olması; əmlakın mülkiyyətçinin istifadəsindən çıxması; əmlakın mülkiyyətçi olmayan şəxsin qanunsuz istifadəsində olması. Qanunun normasının mənasına görə baxılan iş üzrə iddia tələbinin təmin olunması üçün iddiaçının tələb etdiyi əmlakların mövcudluğu, ona mənsub olduğu və hal-hazırda cavabdehin qanunsuz sahibliyində olduğu sübuta yetirilməlidir. Məhkəmə araşdırması zamanı iddiaçı yuxarıda qeyd edilən əmlakların mövcudluğunu məhkəməyə fotoşəkillər təqdim etməklə sübut etməyə çalışsa da, onların həqiqətən də özünün mülkiyyətində olması, istifadəsindən çıxması və qarşı tərəfin qanunsuz sahibliyində olması ilə bağlı iddiaçı hər hansı mötəbər sübutu məhkəməyə təqdim etmədiyindən məhkəmə iddia tələbinin 1 ədəd LC 40 kv kondisioner, 1 ədəd “Leqal” markalı televizor, 1 ədəd böyük pəncərə üçün jaluz pərdə, 1 ədəd stolüstü saat, 1 ədəd borusu ilə birlikdə aspirator, 1 ədəd adam çəki tərəzisi, 1 ədəd naqilsiz ev telefonu, 1 ədəd hamam otağı üçün güzgülü bahalı materialdan şkaf dəsti, 1 ədəd ayaq yolu smesiteli pistoleti ilə birlikdə, 1 ədəd mətbəx smesiteli, 1 ədəd “maydadır” smesiteli, 1 ədəd saç feni, 1 ədəd 2 ədədli hamam duşu və smesiteli, 6 ədəd təzə (işlənməmiş) pəncərə setkası (nəfəslik), 1 ədəd ayaq yolu yelçəkəni və “podvesnoy” tavanı, 1 ədəd seyf qapısının dəstəyi, 1 ədəd 5 mərmər rəfli açıq qəhvəyi rəngli qapılarla balkon şkafı, 1 ədəd “Akvafor” su süzgəci, 1 ədəd iddiaçıya məxsus ev kostyumuna münasibətdə rədd edilməsi qənaətinə gəlir. Eyni zamanda hazırkı əşyaların gündəlik tələbat əşyaları olması və yenə də mənzilin cavabdehin istifadəsində olması əşyaların da onun cehiz əşyaları olmasını istisna etmir. Məhkəmə 1 ədəd mətbəx pəncərisinin jalüz pərdəsinin yararsız hala salınması ilə bağlı tələb edilən 85 manata münasibətdə qeyd edir ki, iş materiallarında mövcud olan fotoşəkillərdən görünür ki, istinad olunan pərdə əzilmiş vəziyyətdədir. Lakin o pərdənin dəyəri və ya əzilməsi nəticəsində iddiaçıya dəyən zərərin həcmini müəyyən etmək mümkün olmadığından, eyni zamanda pərdənin iddiaçıya və ya cavabdehə aid olmasını da müəyyən etmək mümkün olmadığından, iddia bu hissədə də təmin oluna bilməz. Odur ki, məhkəmə maddi ziyanın tutulması hissəsində evə cavabdehin hərəkətləri nəticəsində ziyan dəymə halını nəzərə alaraq və sonuncu ekspert rəyini əsas götürərək iddianın qismən təmin edilməsini, cavabdehdən iddiaçının xeyrinə 2.807 manat pulun tutulmasını, iddianın qalan hissədə rədd edilməsini qanunauyğun hesab edir. Məhkəmə iddianın mənəvi zərərin tutulması hissəsinə qiymət verərək belə hesab edir ki, həmin hissədə iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iclasında mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, iddiaçının mənzilinə cavabdehin təqsirli hərəkətləri nəticəsində maddi ziyan dəymişdir. Ziyan nəticəsində iddiaçı həyəcan və sarsıntı keçirmiş, bu da onun mənəvi iztirab keçirməsinə, şüurunda və səhhətində mənfi psixoloji reaksiya yaranmasına səbəb olmuşdur. Məhkəmə həmçinin qeyd edir ki, mənəvi ziyanla bağlı gəldiyi nəticə “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında məhkəmələrə verilmiş tövsiyələrə də uyğundur. Belə ki, Ali Məhkəmənin Plenumunun qeyd olunan Qərarında göstərilmişdir ki, məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. Fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə yuxarıda sadalananlara qiymət verərək, vurulmuş mənəvi ziyana görə cavabdehdən iddiaçının xeyrinə 100 manat mənəvi zərərin tutulmasını ağlabatan hesab edir. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən, belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh maddi zərərə görə 2.807 manat, mənəvi zərərə görə 100 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 125 manat dövlət rüsumu ödənilmiş, lakin iddiaçı hazırda 123 manat dövlət rüsumunun ona ödənilməsini tələb etmişdir. Həmçinin, iş materiallarında olan ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, keçirilmiş ekspert tədqiqatlarının dəyəri ümumilikdə 100 manat təşkil edir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, iddia tələbinin təmin edilmiş hissəsinə müvafiq olaraq cavabdehdən 123 manat dövlət rüsumunun 31.98 manatı alınıb iddiaçıya ödənilməli, qalan 91.02 manat isə iddiaçının özünə aid edilməlidir. Eyni zamanda iş üzrə keçirilmiş ekspertiza xərcləri olan 100 manatın 50 manatı İddiaçı, 50 manatı isə Cavabdeh alınıb Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh vurulmuş maddi zərərə görə 2.807 (iki min səkkiz yüz yeddi) manat, mənəvi zərərə görə 100 (bir yüz) manat və ödənilmiş 31.98 (otuz bir manat doxsan səkkiz qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun qalan 91.02 (doxsan bir manat iki qəpik) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. İş üzrə keçirilmiş ekspertiza xərcinin 50 (əlli) manatı İddiaçı, qalan 50 (əlli) manatı Cavabdeh alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar