Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1150/2022 05.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbi barədə iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı onun tərəfindən ödənilmiş sığorta ödənişinin əvəzi olaraq 730 manat zərər məbləğinin və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki halları ondan ibarətdir ki, “Mercedes Benz E220” minik markalı, ** GE *** dövlət qeydiyyat nişanlı avtomobil (bundan sonra – Sığortalanmış avtomobil) 01.10.2019cu il tarixdən 01.10.2020-ci il tarixədək "xxxx" ASC-də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmışdır. Sığorta müqaviləsi üzrə sığortalı (sığorta müqaviləsinin tərəfi) və avtomobilin mülkiyyətçisi (sahibi) X1r. 12.12.2019-cu il tarixdə sığorta hadisəsi baş vermiş, cavabdeh idarə etdiyi Sığortalanmış avtomobillə yol nəqliyyat hadisəsi törətmiş, nəticədə “Toyota Prius” markalı ** PD *** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan vurmuş və dəymiş zərər 730 manat məbləğində qiymətləndirərək, həmin vəsait faydalanan şəxsin bank hesabına ödənilmişdir. Həmçinin, cavabdeh barəsində 12.12.2019-cu il tarixdə TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar (12.12.2019-cu il tarixli, İXP ******* saylı İnzibati xəta haqqında protokol əsasında) qəbul edilməklə, o, İXM-nin 327.1-ci (yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılması) və 332.1-ci (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsi) maddələrində nəzərdə tutulmuş inzibati xətanı törıtməkdə təqsirli bilinərək, 40 manat məbləğində cərimə olunmuşdur. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində qeyd etmişdir ki, 12.12.2019-cu il tarixdə, saat 21:35 radələrində Bakı şəhəri, Z.Əliyeva küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində cavabdeh idarə etdiyi Sığortalanmış avtomobillə “Toyota Prius” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. 16.01.2020-ci il tarixli ödəniş sənədilə zərərin məbləği olan 730.00 manat iddiaçı tərəfindən zərərçəkmiş şəxs X3 ödənilmişdir. Cavabdeh İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 332.1-ci maddələri ilə təqsirli bilinmişdir. İddiaçının nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh Sığortalanmış avtomobili idarə edərkən sürücülük vəsiqəsi olub lakin, etibarnəməsi olmayıb. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin o, ərizə ilə məhkəməyə müraciət edərək səhhətində yaranan problemlə əlaqədar məhkəmə iclasına gəlməyəcəyini bildirmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iddia ərizəsinin dəlillərini və işə əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia əsassızdır. İddiaçı sığorta ödənişini cavabdeh tərəfindən avtomobili “müvafiq etibarnamə olmadan” idarə etdiyi üçün “İcbari Sığortalar haqqında” Azərbaycan Respulikası qanununun 25.1.3-cü maddəsinə əsasən tələb edir. Məhkəmə hesab edir ki, mübahisənin düzgün hüquqi həlli baxımından İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsində nəzərdə tutulmuş “nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsi” və “İcbari Sığortalar haqqında” Azərbaycan Respulikası qanununun 25.1.3-cü maddəsində nəzərdə tutulmuş “hüququ olmayan şəxs” ifadələrin mahiyyətinin (həmin ifadələrin tətbiqinin hansı məqsəd daşıdığını) aydınlaşdırılması zəruridir. İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsi nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsini inzibati xəta olaraq müəyyən etmişdir. Müddəada nəzərdə tutulmuş “nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsi” ifadəsini aydınlaşdırmaq üçün inzibati xətalar barədə qanunverciliyin vəzifələrinə diqqət yetirmək vacibdir. İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsində deyilir ki, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İnzibati xətalar qanunvericiliyində göstərilən vəzifələrdən irəli gələrək Məcəllənin 332.1-ci maddəsində nəzərdə tutulmuş istisna ilə avtomobilin etibarnamə olmadan idarə edilməsinin inzibati xəta kimi müəyyən edilməsində əsas məqsəd avtomobil sahiblərinin (mülkiyyətçilərinin) hüquqlarının qorunması, baş vermiş konkret xətanın törədilməsində təqsirin müəyyən edilməsi, xətanı törədən şəxsin şəxsiyyətinin dəqiq müəyyən edilməsi və onun inzibati məsuliyyətə cəlb edilməsindən ibarətdir. Bu müddəa ilə tənzimlənən münasibətlər inzibati xətanın əsas iştirakçıları ilə (inzibati xətanı törədən şəxs və zərərçəkmiş şəxs) konkret səlahiyyətli dövlət orqanları arasında olan ictimai münasibətləridir. İnzibati xətanın törədildiyi halda fiziki və hüquqi şəxslər inzibati hüquq münasibətlərinin əsas iştiakçılarına çevrilirlər. İcbari sığorta münasibətləri isə mülki hüquqi münasibətlərdir. Bu münasibətlərin yaranması üçün tərəflər arasında icbari sığorta müqaviləsinin bağlanması isə mütləqdir. Göründüyü kimi, İXM-nin 332.1-ci maddəsi ilə tənzimlənən ictimai münasibətlərin icbari sığorta müqaviləsi ilə tənzimlənən mülki hüquqi münasibətlərə heç bir adiyyəti və icbari sığorta münasibətlərinin subyektlərinin hüquq və mənafələrinin qorunması ilə bağlılığı yoxdur. “İcbari Sığortalar haqqında” Azərbaycan Respulikası Qanunun 25.1.3-cü maddəsində isə qeyd edilir ki, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Göstərilən müddəada subroqasiya hüququnun yaranmasının yeganə dispozitiv şərti sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə “hüququ olmayan şəxs” tərəfindən istismar edilməsini nəzərdə tutur və bu norma 2 növ hüquqi tənzimləmə vasitəsilə bilavasitə sığortaçının mənafelərinin qorunmasına xidmət edir. Bu hüquqi tənzimləmənin biri sığorta şəhadətnaməsində göstərilən əmlakın idarə edilməsi, digəri isə əmlakdan istifadə və onun işlədilməsi, habelə digər qaydada istismar edilməsi ilə əlaqədardır. Hazırkı mübahisə üzrə sığorta predmeti olan əmlaka, yəni nəqliyyat vasitəsinə gəldikdə, göstərilən müddəada “hüququ olmayan şəxs” ifadəsi, sığortaçının mənafeyi baxımından, avtomobili idarə etmək hüququnun olmamasını nəzərdə tutur. Nəqliyyat vasitəsini idarə etmək hüququ şəxsin nəzəri və təcrübi biliklərə yiyələndikdən sonra ona sürücülük vəsiqəsi verilməklə yaranır. Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsin isə yol-nəqliyyat hadisəsi törətməsi (sığorta müqaviləsinin tərəfi olaraq sığorta hadisəsi törtəməsi) riski daha yüksəkdir. Bu mənada, həmin müddəa sığortaçının mənafeyini qoruyaraq, yol-nəqliyyat hadisəsi nəticəsində baş verən sığorta hadisələrinə görə ödənilmiş sığorta ödənişlərinin sonradan geri tələb etmək hüququnun təminatı kimi nəzərdə tutulmuşdur. “İcbari Sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsində nəzərdə tutulan digər hüquqi tənzimləmə isə, ümumilikdə əmlakdan istifadə etməni ehtiva edir. Çünki əmlakın istər işlədilməsi, istəsə də digər qaydada istismar edilməsi istifadədən doğan hərəkətlərdir. Əmlakdan istifadənin əsasları isə Mülki Məcəllənin 152.3-cü maddəsində nəzərdə tutulmuşdur. Həmin müddəaya əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Avtomobildən bu şəkildə istifadə həm icarə müqaviləsi, həm də əvəzsiz istifadə müqaviləsi əsasında həyata keçirilə bilər. Mülki Məcəllədə əvəzsiz istifadə müqaviləsinin mütləq yazılı formada bağlanması qaydası isə nəzərdə tutulmamışdur. Bu mənada, mülkiyyətçisinin razılığının şifahi formada olması da əmlakın istifadə edilməsi üçün kifayət edir. Şərh edilənlər onu deməyə əsas verir ki, “İcbari Sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsinin məqsədləri üçün “hüququ olmayan şəxs” ifadəsi əmlakın qanuni əsaslar olmadan istifadə edilməsini, onun işlədilməsini, habelə digər qaydada istismar edilməsini nəzərdə tutur. Nəzərə almaq lazımdır ki, yuxarıda da şərh edildiyi kimi, amlaka dair kirayə müqaviləsinin və əvəzsiz istifadə müqaviləsinin bağlanması (mülkiyyətçinin razılığının olması) qanuni əsaslar hesab edilir. Mülkiyyətçinin razılığı isə onun iradə ifadəsi hesab edilir və belə iradənin (razılığın), xüsusilə əvəzsiz istifadə müqaviləsində, yazılı olması mütləq deyil. Konkret mübahisəyə gəldikdə isə, mülkiyyətçi tərəfindən (X2) avtomobilin istifadəsi ilə bağlı hər hansı etirazın irəli sürülməməsi (bununla bağlı iddiaçı məhkəməyə heç bir sübut təqdim etməmişdir) onun razılığının olmasını ifadə edir ki, bu da avtomobilin qanuni əsasla istifadə edilməsi, işlədilməsi, yaxud istismar edilməsi barədə qənaətə gəlməyə əsas verir. “İcbari Sığortalar haqqında” Qanunun 13.4-cü maddəsində də göstərilir ki, sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, fərdi qəza və ya mülki məsuliyyət üzrə sığorta təminatı, müvafiq sığorta müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə və hallara şamil olunur. Məhkəmə avtomobilə dair etibarnamənin olmamasına dair iddiaçının dəlilinə münasibətdə qeyd edir ki, mülki hüquq münasibətləri baxımından etibarnamə əmlakı idarə etmək hüququnu deyil, təmsilçiliyi nəzərdə tutur. Mülki Məcəllənin 332.1-ci maddəsinə görə bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. “Təmsil” sözünün mənası isə birinin müvəkkili olmaq, bir işdə onu əvəz etmək, onun adından danışmaq, yaxud birinin mənafeyini, fikrini, görüşünü və s. ifadə etmək deməkdir. Həmçinin, Mülki Məcəllənin 152.8-ci maddəsində də etibarnamənin mahiyyətinə daha dəqiq aydınlıq gətirilərək qeyd edilir ki, mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. Yol hərəkəti münasibətlərində isə avtomobilin idarə edilməsi ilə bağlı təmçsilçiliyin yaranması mümkün deyil. Çünki avtomobili idarə edən şəxs yol hərəkəti iştirakçısına çevrilir və bu münasibətdə başqa şəxsin nümayəndəsi kimi deyil, “sürücü” kimi iştirak edir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 33-cü bəndinə yol hərəkəti iştirakçılarının anlayışı verilib və orada “sürücü”nün nümayəndəsi anlayışı yoxdur. Bu baxımdan məhkəmə belə qənaətə gəlir ki, İXM-nin 332.1-ci maddəsində göstərilən əsaslarla etibarnamənin olmamasının inzibati xəta hesab edilməməsi “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsində göstərilən əmlakı idarə edən və onu istifadə edən şəxslər kimi qəbul edilməsinə əsas vermir, çünki əvvəldə də geniş şərh edildiyi kimi, inzibati qanunvericiliyin tənzimlədiyi ictimai münasibətlərlə mülki qanunverciliyin tənzimlədiyi ictimai münasibətlər bir-birindən fərqlənir. Qanunun 25.1.3-cü maddəsinin məqsədləri baxımından “hüquqi olmayan şəxs” yalnız sürücülük hüququ olmayan şəxsdir, həmçinin nəqliyyat vasitəsini mülkiyyətçinin razılığı olmadan və onun iradəsinə zidd olaraq idarə edən şəxsdir. Bundan başqa, məhkəmə qeyd edir ki, iş materiallarında olan Bakı Şəhəri Dövlət Yol Polisinin 18.12.2019-cu il tarixli Arayışının 1.5-ci bəndində “sürücünün avtonəqliyyat vasitəsini idarə etmək hüququnun olduğu” barədə qeyd aparılmışdır. Mülki Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Beləliklə, şərh edilənlər əsasında məhkəmə belə qənaətə gəlir ki, cavabdeh avtomobili etibarnamə olmadan idarə etmək səlahiyyətinə malik olduğundan onun təqsiri nəticəsində baş vermiş sığorta hadisəsinə görə ödənilmiş sığorta ödənişi “İcbari Sığortalar haqqında” Azərbaycan Respulikası qanununun 25.1.3-cü maddəsinə müvafiq olaraq subroqasiya qaydasında cavabdehdən tələb edilə bilməz. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Pərviz Zamanlı
Məhkəmə qərarları › İş №e-2(011)-1150/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1150/2022
05.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver