Məhkəmə qərarları › İş №e-2(011)-1183/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1183/2023

20.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1183/2023 20.07.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsi və onun dəlilləri: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 29.141 maddi ziyan, hüquqi yardıma görə ödənilmiş 500 manatın, həmçinin 2.000 manat mənəvi ziyanın və məhkəmədə iddia qaldırılmasına görə ödənilmiş 185 manat, cəmi 31.826 manatın tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 03 oktyabr 2022-ci il tarixdə iddiaçı Sabunçu rayonu Pirşağı qəsəbəsi ilə mülkiyyət hüququ üzrə özünə məxsus olan KİA Stinger markalı, **-XO-*** dövlət nömrə nişanlı avtomobili ilə hərəkətdə olarkən sonradan adını bildiyi Cavabdeh3 idarə etdiyi Mercedes Benz S 320 markalı, **-MH-*** dövlət nömrə nişanlı avtomaşınla qəflətən yoluna çıxmış və iddiaçını vurmuşdur. Baş vermiş hadisə zamanı iddiaçı xəsarət almasa da hadisədən bərk qorxmuş və mənəvi sarsıntı keçirtmişdir. Həmin vaxtı iddiaçının avtomobilinə ciddi ziyan dəymişdir. Çünki iddiaçının yoluna çıxan Cavabdeh3 idarə etdiyi Mercedes Benz S 320 markalı avtomaşın iddiaçını vurduqdan sonra idarəetməni itirmiş və maşını daş hasara çırpılmışdır. Hadisədən sonra hadisə yerinə gələn polis əməkdaşları tərəfindən hadisə yeri müayinə olunmaqla hadisə yerinin sxemi çəkilmiş və bu barədə Cavabdeh3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə İXP ******* nömrəli protokol tərtib edilmişdir. Cavabdeh3 Sabunçu rayon Polis İdarəsi DYPŞ-nə verdiyi izahatında göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə sahibi yanında idarə etdiyi avtomobillə Pirşağı qəsəbəsində Qızıl-Qum yaşayış massivində yol ayrıcında yol ver nişanının tələbini pozaraq yol ayrıcına daxil olarkən baş yolda hərəkət edən KİA markalı **-XO-*** dövlət nömrə nişanlı avtomobili görməmiş, həmin vaxtı avtomobil iddiaçının avtomobilinin qabaq sağ hissəsinə dəyərək toqquşmuşdur. Həmin avtomobil idarəetməni itirərək yolun sağ kənarında səkiyə dəyərək daş hasara çırpılmışdır. Hadisə zamanı bədən xəsarəti alan olmamışdır. Lakin iddiaçının yeni aldığı avtomobilinə əsaslı zərər dəymişdir. İddiaçı yol nəqliyyat hadisəsi üzrə dəymiş zərərin müəyyən edilməsi ilə bağlı müstəqil ekspertə də müraciət etmiş və bu barədə rəy tərtib olunmuşdur. Belə ki, müstəqil ekspert təmir üzrə mütəxəssis X1 xx.xx.2022-ci il tarixli, 556 saylı rəyindən görünür ki, Kia Stinger markalı, **- XO-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin zədələnməsi ilə əlaqədar təmirə yararlı və yararsız olan zədələnmiş hissələrin yenisi ilə əvəz edilib təmir olunmasına və usta xərclərinə zəhmət haqqı: 2.450 manat, ehtiyat hissələri: 26.691 manat olmaqla, cəmi 29.141 manat tələb olunur. Daha sonra iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən, məhkəməyə ərizə ilə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 25.370 manat maddi ziyan, hüquqi yardıma görə ödənilmiş 500 manat, həmçinin 2.000 manat mənəvi ziyanın və məhkəmədə iddia qaldırılmasına görə ödənilmiş 185 manat, cəmi 28.055 manat pulun İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. İşin faktiki halları: İşin mübahisə edilməyən halı ondan ibarətdir ki, xx.xx.2022-ci il tarixində saat 17:50də Mercedes Benz S 320 markalı **-MH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilərək, İddiaçı idarə etdiyi KİA Stinger markalı, **-XO-*** dövlət nömrə nişanlı avtomobilə maddi ziyan dəymişdir. İş materiallarında olan Cavabdeh3 tərəfindən Bakı şəhəri Sabunçu RPİ DYPŞ-ə verilən yazılı izahatdan görünür ki, xx.xx.2022-ci il tarixində saat 17:50-də sahibi yanında olaraq idarə etdiyi avtomobillə Pirşağı qəsəbəsində Qızıl-Qum yaşayış massivində yol ayrıcında “yol ver” nişanının tələbini pozaraq yol ayrıcına daxil olarkən baş yolda hərəkət edən KİA markalı **-XO-*** dövlət nömrə nişanlı avtomobili görməmiş, həmin avtomobil onun avtomobilinin qabaq sağ hissəsinə dəyərək toqquşmuşdur. Həmin avtomobil idarəetməni itirərək yolun sağ kənarında səkiyə dəyərək daş hasara çırpılmışdır. Hadisə zamanı bədən xəsarəti alan olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Nəzarət Xidmətinin №556 saylı avtomobilin təmirə yararlı və yararsız olunan hisələrin qiymətləndirilməsinə dair rəydən görünür ki, Kia Stinger markalı, **-XO-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin zədələnməsi ilə əlaqədar təmirə yararlı və yararsız olan zədələnmiş hissələrin yenisi ilə əvəz edilib təmir olunmasına və usta xərclərinə zəhmət haqqı: 2.450 manat, ehtiyat hissələri: 26.691 manat olmaqla, cəmi 29.141 manat tələb olunur. Məhkəmə tərəfindən iş üzrə əmtəəşünaslıq ekspertizası təyin olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 30 may 2023-cü il tarixli rəydən görünür ki, iş materiallarında olan müstəqil ekspert Ə.Əhmədov tərəfindən tərtib edilmiş qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2017-ci il buraxılışlı KİA Stinger markalı, **-XO-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 25.370 manat müəyyən edilir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 21-ci maddəsinə görə hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarı: Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Həmin Qərara əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”: 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Plenum qərarında həmçinin izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.4. İşdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. İşə baxan məhkəmənin mövqeyi: İddiaçı hazırkı iş üzrə cavabdehin hərəkətləri nəticəsində ona maddi və mənəvi ziyan dəyməsinə istinad etmiş, ona dəyən zərərin əvəzində cavabdehdən pul vəsaiti tələb etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıya məxsus avtomobilə yol-nəqliyyat hadisəsi baş verməsi nəticəsində maddi ziyan dəymişdir. Məhkəmə iddia tələbinin cavabdehlərdən maddi və mənəvi ziyanın tutulmasına dair hissəsinə qiymət verərək hesab edir ki, hazırkı işin halları baxımından vurulmuş zərərə görə məsuliyyət daşıyan şəxs qanuna müvafiq qaydada təqsiri müəyyən olunmuş delikt törədən olmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, avtomobilin mülkiyyətçisi olan Cavabdeh1 avtomobili etibarnamə əsasında Cavabdeh2 qanuni sahibliyinə vermişdir. 03 oktyabr 2022-ci il tarixdə Cavabdeh3 Cavabdeh2 yanında olmaqla avtomobili idarə edərkən hadisəni törətmişdir. İş materiallarında görünür ki, Cavabdeh3 təqsiri qanunla müəyyən edilmiş qaydada öz təsdiqini tapmışdır. Beləliklə, delikt törədən şəxsin Cavabdeh3 olması müəyyən olunur. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, hazırkı iş üzrə vurulmuş zərərə görə Cavabdeh3 məsuliyyət daşıyır. Odur ki, iddia tələbi Cavabdeh1 və Cavabdeh2 aid hissədə təmin edilə bilməz. Məhkəmə qeyd olunanlar kontekstində hesab edir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş ziyanın əvəzinin ödənilməsi vəzifəsi Cavabdeh3 öhdəsinə qoyulmalıdır. Məhkəmə iddiaçıya dəymiş ziyanın həcmini müəyyən edərkən iş üzrə təqdim edilmiş ekspert rəyini sübut qismində qəbul edir və iddia tələbinin tam həcmdə, yəni 25.370 manat məbləğində təmin edilməsini qanuni hesab edir. Məhkəmə iddianın mənəvi zərərin tutulması hissəsinə qiymət verərək belə hesab edir ki, həmin hissədə iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iclasında mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, İddiaçı avtomobillə toqquşma nəticəsində qorxmuş, həyəcan və sarsıntı keçirmiş, bu da onun yüksək dərəcəli mənəvi iztirab keçirməsinə səbəb olmuşdur. Aldığı xəsarətlərlə keçirdiyi mənəvi iztirablarla yanaşı, hadisədən dərhal sonra cavabdehin hərəkətləri nəticəsində müxtəlif orqanlara müraciət etməsi onun şüurunda və səhhətində mənfi psixoloji reaksiyaya səbəb olmuşdur. Məhkəmə həmçinin qeyd edir ki, mənəvi ziyanla bağlı gəldiyi nəticə “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında məhkəmələrə verilmiş tövsiyyələrə də uyğundur. Belə ki, Ali Məhkəmənin Plenumunun qeyd olunan Qərarında göstərilmişdir ki, məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. Fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə yuxarıda sadalananlara qiymət verərək, vurulmuş mənəvi ziyana görə cavabdehdən iddiaçının xeyrinə 300 manat mənəvi zərərin tutulmasını ağlabatan hesab edir. Məhkəmə iddia tələbinin 500 manat məbləğində hüquqi yardıma görə ödənilmiş xidmət haqqının tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia həmin hissədə də təmin edilməlidir. Belə ki, iş materiallarında olan qəbzdən görünür ki, 14 dekabr 2022-ci il tarixdə İddiaçı “Ekol” Vəkil Bürosunun hesabına 500 manat məbləğində xidmət haqqı ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, 500 manat xidmət haqqı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə məhkəmə yuxarıda sadalananlara əsasən, belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh3 maddi zərərə görə 25370 manat, mənəvi zərərə görə 300 manat hüquqi yardımla əlaqədar 500 (beş yüz) manat xidmət haqqı məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı 185 manat dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, cavabdehdən 185 manat dövlət rüsumunun 173.70 manatı alınıb iddiaçıya ödənilməli, qalan 11.30 manat isə iddiaçının özünə aid edilməlidir. Eyni zamanda iş üzrə keçirilmiş ekspertiza xərci olan 50 manat cavabdehdən alınıb Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh3 vurulmuş maddi zərərə görə 25.370 (iyirmi beş min üç yüz yetmiş) manat, mənəvi zərərə görə 300 (üç yüz) manat, hüquqi yardımla əlaqədar 500 (beş yüz) manat xidmət haqqı və ödənilmiş 173.70 (yüz yetmiş üç manat yetmiş qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qalan 11.30 (on bir manat otuz qəpik) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. İş üzrə keçirilmiş ekspertiza xərci olan 50 (əlli) manat alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar