Məhkəmə qərarları › İş №e-2(011)-1211/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1211/2022

03.11.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1211/2022 03.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rəhimli Lalə Elxan qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Vəkil3 Rüfət oğlunun iştirakı ilə İddiaçılar İddiaçı1 və X2 Cavabdeh MMC-nə qarşı “sahibliyə yaradılmış maneənin aradan qaldırılması, hasarın sökülməsi və pul” tələbi barəsində iddiasına dair işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçılar İddiaçı1 və X4 Cavabdeh MMC-nə qarşı – Cavabdeh MMC-dən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış obyektinin giriş-çıxışına yaradılmış maneənin aradan qaldırılması, obyektin ətrafına çəkilmiş dəmir hasarın sökülməsi, ətrafına yığılmış tikinti materiallarının götürülməsi vəzifəsinin cavabdehə həvalə olunması, əldən çıxmış fayda kimi 36000 manat pulun, mənəvi ziyan kimi 10000 manat pulun tutularaq iddiaçılara ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli, 424 saylı sərəncamı ilə ünvan 1 ünvanında müvafiq tikilinin aparılması üçün İddiaçı1 icazə verilmiş, həmin ünvanda qeyri-yaşayış obyekti (ərzaq mağazası) inşa edilmişdir. Sonradan xx.xx.2004-cü il tarixdə İddiaçı1 notarial qaydada təsdiq edilmiş ərizə verərək, Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli, 424 saylı sərəncamına müvafiq dəyişiklik edilməsini, icazənin X2 adına rəsmiləşdirilməsini xahiş etmişdir. Mülqasim Qəhrəmanov 2007-ci ilin əvvəllərində obyektin eskiz layihəsini tərtib etdirmiş, həmin eskiz layihə Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin memarı və təsərrüfat hesablı layihə-smeta bürosu tərəfindən təsdiq edilmişdir. Bundan sonra Mülqasim Qəhrəmanov vergi uçotuna düşərək sahibkar kimi həmin obyektdən istifadə etməyə başlamışdır. Təxminən 3 il bundan öncə ünvan 2 ünvanında yerləşan qeyri-yaşayış sahəsi (ərzaq mağazası) Cavabdeh MMC (“Olympus Park”) tərəfindən hasara alınmış, həmin ünvanda yerləşən məcburi köçkünlərin qaldığı yataqxana tipli binadan onların köçürülmələrinə başlanmışdır. Daha sonra isə söküntü-tikinti işlərinə başlanılmış, özbaşınalıq edilərək ərzaq mağazasından istifadə qadağan olunmuşdur. Bundan sonra dəfələrlə cavabdehin qanunsuz əməllərindən şikayətlər verilmiş, “X8” layihəsini həyata keçirən Cavabdeh MMC-nin rəhbərliyinə müraciət edilsə də, qanunsuz əməllər davam etdirilmişdir. Halhazırda da ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi (ərzaq mağazası) tam olaraq tikinti işləri aparılan sahənin altına düşür, həmin mağazanın dörd bir yanı tikinti materialları ilə əhatələnib, heç bir təhlükəsizlik qaydalarına riayət edilmədən mağazanın üzərində hündür kranlar işləyir. Mağazaya daxil olmaq isə qeyri-mümkündür, mühafizəçilər buna icazə vermir, icazə olsa belə həmin ərazidə hərəkət etmək mümkünsüzdür. Cavabdeh MMC istifadədə olan ərzaq mağazasının həqiqətən də tikinti sahəsində olmasını etiraf etsə də, həmin mağazanın onlar üçün maraqlı olmadığını, yəni mağazanın yerləşdiyi sahədə hər hansı bir yaşayış blokunun inşa edilməyəcəyini, oranın yalnız kompleksin həyətyanı sahəsi kimi olacağını bildirirlər, bu səbəbdən də nə mağazaya görə kompensasiya vermək istəmirlər, nə də yaratdıqları maneəni aradan qaldırmaqda maraqlı deyillər. Halbuki, həmin mağaza gələn gəlirlə bir neçə ailə öz dolanışığını qurmuşdur. Cavabdehlərin qeyd edilən hərəkətləri iddiaçıların maraqlarına toxunur, buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdırlar. İddiaçılar İddiaçı1 və X1 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək məhkəmədən, Cavabdeh MMC-dən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış obyektinin giriş-çıxışına yaradılmış maneənin aradan qaldırılması, obyektin ətrafına çəkilmiş dəmir hasarın sökülməsi, ətrafına yığılmış tikinti materiallarının götürülməsi vəzifəsinin cavabdehə həvalə olunması, maddi ziyan kimi 11000 manat, əldən çıxmış fayda kimi 36000 manat pulun, mənəvi ziyan kimi 10000 manat pulun tutularaq iddiaçılara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçıların nümayəndəsi Vəkil1 məhkəmənin xx.xx.2022-ci il tarixli iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh xx.xx.2022-ci il tarixli məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, lakin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasının mümkün hesab etmişdir. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Milli Arxiv İdarəsinin 16 saylı vəkil bürosunun vəkili Vəkil1 ünvanladığı məktuba əlavə edilmiş Xətai rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.2000-ci il tarixli 424 saylı sərəncamından görünür ki, ünvan 1 ünvanında İddiaçı1 müstəsna hal kimi (3,5x6) metr ölçüdə yüngül konstruksiyadan ibarət məntəqə quraşdırılmasına icazə verilməsi qərara alınmışdır. İş materiallarında olan Milli Arxiv İdarəsinin 16 saylı vəkil bürosunun vəkili Vəkil1 ünvanladığı məktubdan görünür ki, Xətai rayon İH-nin arxiv fondu üzrə xx.xx.2000-ci il tarixli, 424 saylı sərəncamında və 2000-ci ilə dair digər sərəncamlarda vətəndaş İddiaçı1 ayrılmış məntəqənin vətəndaş X2 adına keçməsi barədə heç bir məlumat yoxdur. İş materiallarında olan icraçı Bakı şəhər Ticarət və Xidmət Departamentinin sədri R.Hacıyev ilə sifarişçi X4 arasında bağlanılmış xx.xx.2007-ci il tarixli müqavilənin surətindən görünür ki, sifarişçinin yazılı müraciətinə əsasən icraçı etil (yeyinti) spirtinin, alkoqollu içkilərin və tütün məmulatının satışı fəaliyyətinə xüsusi razılıq verilməsi üçün vacib olan sənədlərin hazırlanması üzrə xidmətlər göstərir. Sifarişçi isə satış fəaliyyətinə xüsusi razılıq alınması üçün nəzərdə tutulmuş sənədləri icraçıya təqdim edir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli №015162 saylı lisenziyadan görünür ki, X6 5 il müddətinə lisenziya verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri. Xətai rayonu, Cavanşir və Sadıqcan küçələrinin kəsişməsi, torpaq sahəsinin üzərində Cavabdeh MMC-nin istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 495 nömrəli qərarı ilə təsdiq edilmiş xx.xx.2021-ci il tarixli № Tİ-54/21 saylı Obyektin Tikintisinə İcazə vərəqindən görünür ki, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Cavabdeh MMC-nə Bakı şəhəri, Xətai rayonu, Cavanşir və Sadıqcan küçələrinin kəsişməsində tikinti işlərinin aparılmasında icazə verilmişdir. İş materiallarında olan məhkəmə tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının xx.xx.2022-ci il tarixli 10/2501 saylı rəyindən görünür ki, Cavabdeh MMC tərəfindən ünvan 1 ünvanında aparılan tikinti işləri nəticəsində ərazi hasarladığından həmin ünvanda yerləşən İddiaçı1 sahibliyində olan qeyri-yaşayış obyektinin giriş-çıxışına maneənin yaradıldığı müəyyən edilir. İddiaçı1 sahibliyində olan qeyri-yaşayış obyektinin giriş-çıxışına maneənin aradan qaldırılması üçün Cavabdeh MMC tərəfindən aparılan tikinti işləri saxlanılmalı və əraziyə çəkilən hasar sökülməlidir. İddiaçı1 sahibliyində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış obyektinə dəymiş ziyanın aradan qaldırılması üçün yerinə yetirilməli təmir-tikinti işlərinin bazar qiymətlərinə uyğun dəyəri təqribən 3916 manat məbləğində müəyyən edilir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı1 ünvan 2 ünvanında Xətai rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli 424 saylı sərəncamına əsasən, müstəsna hal kimi (3,5x6) metr ölçüdə yüngül konstruksiyadan ibarət məntəqə quraşdırılmasına icazə verilmişdir. İddiaçılar İddiaçı1 ilə İddiaçı2 ərarvaddırlar və onlar göstərilən ərazidə tərəflərindən inşa edilmiş obyekti ərzaq mağazası olaraq istifadə etmişlər. Həmçinin Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Cavabdeh MMC-nə Bakı şəhəri, Xətai rayonu, Cavanşir və Sadıqcan küçələrinin kəsişməsində tikinti işlərinin aparılmasına icazə verilmişdir. Məhkəmə tərəfindən qeyd edilən ünvana yerli baxış keçirilmiş və müəyyən edilmişdir ki, Cavabdeh MMC tərəfindən ünvanda aparılan tikinti işləri və ərazinin hasara alınması nəticəsində iddiaçıların sahibliyində olan mağazanın fəaliyyəti dayandırılmış və həmçinin obyektə maddi ziyan dəymişdir. Həmçinin, iş üzrə təyin edilmiş ekspertiza tədqiqatı ilə də müəyyən edilmişdir ki, Cavabdeh MMC tərəfindən ünvan 1 ünvanında aparılan tikinti işləri nəticəsində ərazi hasarladığından həmin ünvanda yerləşən İddiaçı1 sahibliyində olan qeyri-yaşayış obyektinin giriş-çıxışına maneə yaradılılmış və qeyri-yaşayış obyektinin giriş-çıxışına maneənin aradan qaldırılması üçün Cavabdeh MMC tərəfindən aparılan tikinti işləri saxlanılmalı və əraziyə çəkilən hasar sökülməlidir. Göründüyü kimi, İddiaçı1 sahibliyində olan qeyri-yaşayış obyektinin giriş-çıxışına Cavabdeh MMC maneə yaradılılması iş üzrə təyin edilmiş ünvanda yerli müayinə protokolu və həmçinin verilmiş ekspert rəyi ilə sübut olunur. Belə ki, Azərbaycan Republikası MPM-nin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə verilmiş ekspert rəyi ilə razılaşır və onu iş üzrə mötəbər sübut növü kimi qəbul edir. Azərbaycan Republikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Sadalanan xüsusatlara və qanunvericilik normalarının tələblərinə əsasən, məhkəmə hesab edir ki, iddiaçıların birgə sahibliklərində olan qeyri-yaşayış sahəsinin giriş-çıxışına cavabdeh tərəfindən yaradılmış maneələr aradan qaldırılmalı, obyektin ətrafına çəkilmiş dəmir hasarın sökülməli və ətrafına yığılmış tikinti materialları götürülməlidir. Məhkəmə iddianın maddi ziyanın cavabdehdən iddiaçıların xeyrinə tutulması barədə hissəsinə hüquqi qiymət verərək, hesab edir ki, iddia göstərilən hissədə qismən təmin edilməlidir. Belə ki, cavabdehin göstərilən ünvanda apardığı tikinti işləri nəticəsində iddiaçıların qanuni sahibliyində olan qeyri-yaşayış obyektinə maddi zərər dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İddiaçılar dəymiş maddi zərərin məbləğini 11000 manat məbləğində olmasını müəyyən etsələr də, lakin iş üzrə təyin edilmiş ekspert rəyi ilə İddiaçı1 sahibliyində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış obyektinə dəymiş ziyanın aradan qaldırılması üçün yerinə yetirilməli təmir-tikinti işlərinin bazar qiymətlərinə uyğun dəyəri təqribən 3916 manat məbləğində müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia qeyd edilən hissədə qismən təmin edilərək, 3916 manat məbləğində vurulmuş maddi zərərin əvəzi cavabdehdən tutularaq iddiaçılara ödənilməlidir. Məhkəmə iddianın “əldən çıxmış fayda kimi 36000 manat pulun cavabdehdən tutularaq iddiaçılara ödənilməsi” barədə hissəsini araşdıraraq hesab edir ki, iddia göstərilən hissədə sübuta yetirilmədiyindən təmin edilməməlidir. Belə ki, iddiaçılar göstərilən qeyri-yaşayış obyektin fəaliyyətinin dayandırılmasının onlara hansı məbləğdə zərər vura biləcəyini iş üzrə təqdim edilən hər hansı mötəbər sübutla sübuta yetirə bilməmişdirlər. Odur ki, iddia həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...” Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur. Məhkəmə həmçinin iddianın mənəvi ziyanın ödənilməsi barədə hissəsini də araşdıraraq hesab edir ki, iddia göstərilən hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 saylı qərarının 6-cı bəndinə əsasən, iddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin prsedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Hüquqları Məhkəməsinin prsedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçılar onlara mənəvi zərər dəyməsi və dəymiş mənəvi zərərin 10000 manat olması barəsində tələbi üzrə hər hansı sübutu məhkəməyə təqdim etmədiklərindən və onlara mənəvi zərər vurulmasını məhkəmədə sübut etmədiklərindən, habelə onların mənəvi ziyan dəyməsinə dair tələbi məhkəmədə işin hər hansı halı və sübutu ilə sübuta yetirilmədiyindən, mənəvi zərərin ödənilməsinə dair iddia tələbləri də əsassızdır. Odur ki, iddianın mənəvi zərərin ödənilməsinə dair hissəsi də rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələbi baxımından iddia qismən təmin edildiyin məhkəmə xərcinə daxil olan iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 100 manat məbləğində pul vəsaiti Cavabdeh MMC-dən tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış obyektinin giriş-çıxışına yaradılmış maneənin aradan qaldırılması, obyektin ətrafına çəkilmiş dəmir hasarın sökülməsi və obyektin ətrafına yığılmış tikinti materiallarının götürülməsi vəzifəsi Cavabdeh MMC-nə həvalə edilsin. 3916 (üç min doqquz yüz on altı) manat məbləğində vurulmuş maddi ziyanın əvəzi Cavabdeh MMC-dən tutularaq, İddiaçı1 və X3 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatlarının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti Cavabdeh MMC-dən tutularaq, dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Lalə Rəhimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar