Məhkəmə qərarları › İş №e-2(011)-1213/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1213/2025

05.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1213/2025 05.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı “hesablanmış borcun silinməsi və tutulmuş pul məbləğinin geri qaytarılması” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh İB-nə qarşı “hesablanmış borcun silinməsi və tutulmuş pul məbləğinin geri qaytarılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ******* nömrəli xx.xx.2024-cü il tarixli aktının ləğv edilərək, cavabdehə ödədiyi məbləğin geri qaytarılması barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının çəkdiyi mənəvi əziyyətlərlə yanaşı maddi sıxıntıları bir o qədər çoxdur. Belə ki, hal-hazırda ailəsi 6 nəfəri məcburi köçkün olmaqla 8 nəfərdən ibarətdir. Maddi vəziyyətləri acınacaqlı olması ona və ailəsinə daha da iztirab verir. Ailənin xərclərini qarşılamaqda çox əziyyət çəkir, o cümlədən kommunal xərcləri güclə ödədiklərinə görə demək olar ki, işıq, su və qazdan çox cüzi miqdarda istifadə edirlər. Bundan başqa, evə gələn qazın təzyiqi də çox aşağı idi. Ona görə də, həmişə ev çox soyuq olurdu və onlar tez-tez xəstələnirdi. Məcburiyyət qarşısında qalıb evə sayğaca bağlı olmayan qaz xətti çəkdi. Daha sonra Cavabdeh İBnin əməkdaşları bunu müəyyən edərək dəymiş ziyanın dəyərini güya sayğacdan kənar qaz xətti çəkdikdən sonra ümumilikdə 907,20 manat məbləğində olduğunu müəyyən etdilər. Cavabdeh İB-nin əməkdaşları ciddi qanun pozuntusuna yol veriblər. Belə ki, təbii X1nın pozulması haqqında ******* nömrəli xx.xx.2024-cü il taixli aktda adının qeyd olunduğu yerin qarşısındakı imza ona məxsus deyil. Belə ki, həmin akt tərtib olunan zaman o xəstəxanada olmuşdur. Həmin aktda nə yazıldığına dair heç bir məlumatı olmayıb. Yalnız evə gəldikdən sonra Cavabdeh İB-nin əməkdaşlarının evə gəldiyindən, qeyd edilən aktı tərtib etdiklərindən xəbər tutmuşdur. İşlə bağlı ətraflı məlumat almaq məqsədilə Cavabdeh İB-nin əməkdaşları ilə əlaqə saxlayaraq, 907,20 manat məbləğinin reallığı əks etdirmədiyini, onların o qədər qaz istifadə etdiklərinin imkansız olduğunu bildirdi. Bunun qarşılığında, əməkdaşlar ona “sən 400 manatı ödə cəriməni ləğv edəcəyik” deyə bildirdilər. Daha sonra onların dediyi edərək iddiaçı 4 aprel 2024-cü il tarixində 400 manatı ödəmişdir və düşünmüşdür ki, cərimə qalan hissədə ləğv ediləcək. Lakin payız aylarında qaz sərfiyyatına görə aylıq ödənişləri ödəyərkən cərimənin ləğv olunmadığını, ödədiyi qaz pulunun cərimə məbləğindən silindiyini və Cavabdeh İB-nin əməkdaşlarının onu aldatdığını gördü. Belə ki, onların aktda göstərilən 907,20 manat məbləğində qazdan istifadə etməkləri mümkün deyil. Çünki onun əvvəlki dövrlərdə istifadə etdiyi qaza görə ödədiyi ödənişlərdən də açıq-aşkar görünür ki, heç vaxt o qədər yüksək həcmdə qaz istifadə edilməmişdir. Ailəsinin ehtiyaclarını qarşılamağa gücü çatmadığı bir vaxtda Cavabdeh İB-nin müəyyən etdiyi dəymiş zərəri qalan hissədə necə ödəyəcəyini heç özü də bilmir. Daha sonra iddiaçı məhkəməyə iddia ərizəsinə dəqiqləşmə verərək, ünvan 1 ünvanına qaz təchizatına görə hesablanmış 907 manat borcun silinməsini və 570 manat ödədiyi pul məbləğinin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia ərizəsinə dəqiqləşmə verərək, ünvan 2 ünvanına cavabdeh təşkilat tərəfindən hesablanmış 907 manat borc məbləğindən onun tərəfindən ödənilmiş 570 manat məbləğinin ona geri qaytarılmasını, qalan 337 manat məbləğinin Cavabdeh tərəfindən silinməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Sual-cavab zamanı o bildirmişdir ki, ünvanında müvəqqəti - təqribi 2-3 gün ərzində kənar xətt vasitəsilə qazdan istifadə edilmişdir. Yaşayış evində 1 ədəd dörd gözlü qaz peçi və 1 ədəd kombi qızdırıcısı vardır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh məhkəmədə nümayəndənin iştirakını təmin etməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdıraraq və tərəfin izahatını dinləyərək, hesab edir ki, borcun silinməsinə dair iddia tələbi qismən əsaslıdır. Buna görə də həmin iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Təbii X1nın pozulması haqqında” xx.xx.2024-cü il tarixli ******* nömrəli aktdan görünür ki, mənzilə baxış keçirilən zaman abonentin sayğacsız təbii qazdan kənar qeyri-qanuni istifadə edib. İş materiallarında olan İddiaçı məxsus **********00000 saylı abonentin saldosundan görünür ki, abonentin 2024-cü ilin aprel ayı üzrə cədvəlin “qalıq və aktlar” bölməsində 907,20 manat borcu mövcud olmuşdur. Göründüyü kimi, cavabdeh təşkilat tərəfindən iddiaçıya məxsus fərdi yaşayış evində itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır və iddiaçıya dəymiş ziyan olaraq 907,20 manat məbləğində borc hesablanmışdır. İddiaçının qaz xəttinə müdaxilə edərək qaz xəttinə kənar xətt vasitəsilə qoşulması işin mübahisəsiz halıdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X1 ilə tənzimlənir. X1 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qanunun 2022-ci ilin 01 may tarixindən qüvvədə olan 13-cü maddəsinin 8- 1-ci hissəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş X1 ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X1”nın 1.3 və 1.4-cü bəndlərinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. Həmin Qaydaların 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Qaydaların 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Qaydaların 4.8-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 6.5-1-ci maddəsinə görə istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır:

1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü;

2. əvvəlki dövrün orta gündəlik qaz sərfi;

3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. Həmin Qaydaların 6.5-2-ci maddəsinə görə istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Həmin Qaydaların 6.5-3-cü maddəsinə görə istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə” 16 oktyabr 2021 -ci il tarixli 13 nömrəli Qərarına əsasən, əhali abonentləri üçün təbii qazın illik istehlak həcminin 1200 m3 (1200 m3 daxil olmaqla) olan hissəsi üçün hər 1 m3-i 0,12 manat, illik istehlak həcminin 1200 m3-dən 2500 m3dək hissəsi üçün 0,20 manat, illik istehlak həcminin 2500 m3-dən çox olan hissəsi üçün isə 0,25 manat qiymət müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə tərəfin izahatını və digər işin hallarını araşdıraraq müəyyən edir ki, iddiaçıya məxsus mənzildə işlədilmiş cıhazların siyahısına 1 ədəd dörd gözlü qaz peçi (PQ-4) və 1 ədəd kombi qızdırıcısı aiddır. Qaz xəttinə kənar qoşulma halında iddiaçının sadaladığı cihazlar üzrə 1 ədəd dörd gözlü qaz peçi üçün 1,2 m3 saatlıq qaz sərfi və 1 ədəd kombi qızdırıcısı üçün 2,6 m3 saatlıq qaz sərfi hesablanmalıdır. Hər iki cıhaz üçün 12 saat orta günlük iş rejimi və 90 gün hesabat müddəti nəzərə alındıqda ümumi qaz sərfiyyatı 4.104 m3 təşkil edir. (12x90x1,2 m3=1.296 m3, 12x90x2,6 m3=2.808 m3). Həmin qaz sərfiyyatına görə ödənilməli məbləğ 724,80 manat təşkil edir (Limitlə bağlı 1.200 m3 üçün 144 manat, qalan sərfiyyat olan 2.904 m3 üçün 0,20 qəpik məbləğindən hesablanmaqla 580,80 manat məbləği, 144 + 580,80 = 724,80 manat). Məhkəmə hesab edir ki, qaz xəttinə kənar qoşulma nəticəsində ödəniləcək məbləğin cavabdeh təşkilat tərəfindən 907,20 manat məbləğində hesablanması düzgün deyildir. Belə ki, istifadə edilən cihazların sərfiyyat göstəriciləri və sair yuxarıda sadalanmış zəruri hallar nəzərə alınmaqla, iddiaçıya 2024-cü ilin aprel ayı üçün hesablanmış ümumi 907,20 manat borcun 724,80 manat hissəsi saxlanılmaqla, qalan borc, yəni 182,40 manat məbləğində borc iddiaçının abonent hesabından silinməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, «ödənilmiş 570 manat geri qaytarılması” barədə iddia tələbləri təmin edilməməlidir. Belə ki, iş materialları ilə hesablanmış 907,20 manat borcun 724,80 manat hissəsi saxlanılmaqla, 182,40 manat hissəsinin silinməli olduğu müəyyən edildiyindən və mübahisəli borcla bağlı tutulmuş pul məbləğinin dəqiq həcmi iş materialları ilə müəyyən edilmədiyindən, iddia tələbləri bu hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi:

İddia qismən təmin edilsin. ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi üzrə (abonent kodu: **********00000) İddiaçı 2024-cü ilin aprel ayı üçün hesablanmış 907,20 (doqquz yüz yeddi manat iyirmi qəpik) manat borc məbləğinin 182,40 (bir yüz səksən iki manat qırx qəpik) manat hissəsi abonentin borc hesabından silinsin. İddia qalan hissədə təmin edilməsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar