Məhkəmə qərarları › İş №e-2(011)-1278/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1278/2023

05.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1278/2023 05.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi ilə Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbi” barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı "xxxx" ASC Cavabdeh oğluna qarşı – Cavabdeh 790 manat məbləğində sığorta ödənişinin əvəzi 30 manat dövlət rüsümu və 0.40 bank xidməti xərcinin iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən idarə olunan ** HY *** dövlət qeydiyyat nişanlı Toyota Prius markalı avtonəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixində "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır. xx.xx.2022-ci il tarixində yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə ** KS *** dövlət qeydiyyat nişanlı X9 markalı avtonəqliyyat vasitəsinə zərər vurulmuşdur. Hadisənin səbəbləri tam təfsilatı ilə aydınlaşdırılarkən müəyyən olunmuşdur ki, cavabdeh yol-nəqliyyat hadisəsi baş verdikdən sonra hadisə yerini tərk etmişdir. Bununla bağlı DYP əməkdaşı tərəfindən TP5066071 saylı inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuş və Cavabdeh inzibati xətalar məcəlləsinin müvafiq maddəsi ilə təqsirləndirilmişdir. "xxxx" ASC tərəfindən tərtib olunmuş zərər dəymiş nəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabata əsasən 790 manat məbləğində zərər müəyyən edilmişdir. "xxxx" ASC-nin sığorta aktlarına əsasən dəymiş zərərin bərpası üçün 790 manat sığorta ödənişinin zərərçəkən şəxsin şəxsi hesabına ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Cavabdehə ödənilmiş məbləğin şirkətin hesabına ödənilməsi barədə bildiriş göndərilmiş lakin cavabdeh tələb olunan məbləği ödəməmişdir Tərəflərin izahatları: İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, mülki işə iştirakları olmadan baxılmasını və iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdri. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbi ilə razılaşmadıqlarını və iddianın əsassız olduğundan təmin edilməməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş: İş materiallarında olan "xxxx" ASC tərəfindən zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirməsinə dair xx.xx.2022-ci il tarixli hesabatdan görünür ki, ** KS *** dövlət qeydiyyat nişanlı X9 markalı nəqliyyat vasitəsinə dəymiş zərər 790 manat təşkil etmişdir İş materiallarında olan xx.xx.2022-ci il tarixli "xxxx" ASC tərəfindən tərtib edilmiş sığorta aktından görünür ki, sığortalanmış ** HY *** dövlət qeydiyyat nişanlı Toyota Prius markalı avtonəqliyyat vasitəsi ilə ** KS *** dövlət qeydiyyat nişanlı X9 markalı avtomobil toqquşmuş və dəymiş zərər 790 manat təşkil etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, "xxxx" ASC tərəfindən X1 hesabına 790 manat ödəniş həyata keçirilmişdir. Xətai DYPŞ-nin xx.xx.2022-cİ il tarixli inzibati xəta haqqında protokolun surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə ** HY *** dövlət qeydiyyat nişanlı Toyota Prius markalı nəqliyyat vasitəsini idarə edən Cavabdeh tərəfindən İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(011)-4109/2023 saylı qərarından görünür ki, Cavabdeh şikayəti təmin edilməmiş, Xətai rayonu X10 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 3(103)-2308/2023 saylı, xx.xx.2023-cü il tarixli, qərarından görünür ki, X5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-4109/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilən xx.xx.2023-cü il tarixli 9/1341 saylı ekspert rəyindən görünür ki, "xxxx" ASC tərəfindən tərtib edilmiş, xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2011-ci il buraxılışlı “X9” markalı ** KS *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 790 manat müəyyən edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilən xx.xx.2023-cü il tarixli 9/5429 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib edilmiş, xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2011-ci il buraxılışlı “X9” markalı ** KS *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 790 manat müəyyən edilir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ********** №-li mədaxil qəbzindən görünür ki, "xxxx" Sığorta Şirkəti ASC tərəfindən məhkəməyə ərizə verilərkən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd edilən Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Yenə həmin Məcəllənin 926.1-ci maddəsinə əsasən, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Göstərilən Məcəllənin 936.1-ci və 936.2-ci maddələrinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Məhkəmənin mövqeyi: Məhkəmə tədqiq edilmiş sübutlara və araşdırılmış iş materiallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə cavabdehin idarə etdiyi ** HY *** dövlət qeydiyyat nişanlı Toyota Prius markalı avtonəqliyyat vasitəsi ilə ** KS *** dövlət qeydiyyat nişanlı X9 markalı avtomobilin toqquşması nəticəsində sonuncuya zərər dəymiş, həmin vaxt cavabdeh yol nişanlarının tələblərinə riayət etməmişdir. Cavabdehə məxsus avtomobil avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalı olduğundan, sığorta şirkəti tərəfindən dəymiş zərər görə zərərçəkənə 790 manat məbləğində sığorta ödənişi edilmişdir. Belə ki, iddiaçının 790 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə subroqasiya qaydasında tutulması barədə iddiası əsaslıdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilən xx.xx.2023-cü il tarixli 9/1341 saylı və xx.xx.2023-cü il tarixli 9/5429 saylı ekspert rəylərindən görünür ki, "xxxx" ASC tərəfindən tərtib edilmiş, xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2011-ci il buraxılışlı “X9” markalı ** KS *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 790 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizalarının rəyləri mülkiprosessual qanunvericiliyin və «Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəylərin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizalarının rəyləri mötəbər sübut kimi qiymətləndirilməlidir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və 790 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə subroqasiya qaydasında tutulmalıdır. Məhkəmə xərcləri: Məhkəmə həmçinin hesab edir ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurulmuşdur. Odur ki, iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 100 (50+50) manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 790 (yeddi yüz doxsan) manat pul vəsaiti və 30 (otuz) manat dövlət rüsumunun əvəzi tutularaq "xxxx" ASC-yə ödənilsin. Ekspertiza tədqiqatlarının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq, dövlət büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar