Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-128/2023 17.01.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, X2 qızının katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi X1, Cavabdeh1 iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 4.796,27 manat və ödənilmiş dövlət rüsumuna görə 77.70 manat pulun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 14 iyun 2021-ci il tarixdə Cavabdeh1 “BMW 525” markalı, **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı şəhəri, Xətai rayonu, Ukrayna dairəsi ərazisində "xxxx" ASC tərəfindən MV-P 00052-21 nömrəli sığorta şəhadətnaməsi əsasında kasko sığorta növü üzrə sığortalanmış “Volkswagen Passat” markalı, **-OO-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq sığortalı avtomobilə maddi ziyan vurmuşdur. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən “Volkswagen Passat” markalı, **-OO-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəyən zərərə görə 100 manat azadolma məbləği çıxılaraq 9.746 manat sığorta ödənişi həyata keçirilmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi üzrə Bakı şəhər DYPİ-nin İnzibati tənbeh vermə haqqında TP4430844 saylı qərarına əsasən Cavabdeh1 İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Cavabdehin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortası olması səbəbindən "xxxx" ASC tərəfindən subroqasiya tələbi ilə bağlı 4.949,73 manat sığorta ödənişi edilmişdir, yerdə qalan 4.796,27 manat məbləğ isə Cavabdeh1 tərəfindən ödənilməlidir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbinə etiraz edərək onun təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş digər cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, digər cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları: 14 iyun 2021-ci il tarixdə Cavabdeh1 “BMW 525” markalı, **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı şəhəri, Xətai rayonu, Ukrayna dairəsi ərazisində "xxxx" ASC tərəfindən MV-P 00052-21 nömrəli sığorta şəhadətnaməsi əsasında kasko sığorta növü üzrə sığortalanmış “Volkswagen Passat” markalı, **-OO-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq sığortalı avtomobilə maddi ziyan vurmuşdur. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən “Volkswagen Passat” markalı, **-OO-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəyən zərərə görə 100 manat azadolma məbləği çıxılaraq 9746 manat sığorta ödənişi həyata keçirilmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi üzrə Bakı şəhər DYPİ-nin İnzibati tənbeh vermə haqqında TP4430844 saylı qərarına əsasən Cavabdeh1 İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Cavabdehin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortası olması səbəbindən "xxxx" ASC tərəfindən subroqasiya tələbi ilə bağlı 4.949,73 manat sığorta ödənişi edilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişi vermiş sığortaçının subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iclasında müəyyən olundu ki, 14 iyun 2021-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi zamanı “Volkswagen Passat” markalı, **-OO-*** dövlət qeydiyyat nişanlı avtomaşının zədələnməsi nəticəsində dəymiş zərərə görə iddiaçı tərəfindən həmin avtomobilin təmir xərcləri ödənilmiş, sığorta hadisəsi baş verərkən Cavabdeh1 təqsirli bilindiyindən, iddiaçının ona qarşı subroqasiya hüququ yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 vurulmuş maddi zərərin əvəzini ödəməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən 24 noyabr 2022-ci il tarixdə verilmiş ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" ASC-nin 17 iyun 2021ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2020-ci il buraxılışlı “Volkswagen Passat” markalı, **-OO-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə 9.529 manat müəyyən edilmişdir. Məhkəmə dəymiş zərərin miqdarı məsələsini müzakirə edərkən ekspert rəyinə iş üzrə tədqiq edilmiş digər sübutlarla müqayisəli şəkildə qiymət verərək hesab edir ki, hazırkı iş üzrə keçirilmiş ekspert rəyinə əsasən avtomobilə dəymiş zərərin miqdarı 9.529 manat müəyyən edilmişdir. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən avtomobilə dəymiş zərərə görə 9.746 manat sığorta ödənişi həyata keçirilmişdir. Cavabdeh1 “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortası olduğundan "xxxx" ASC tərəfindən 4.949,73 manat sığorta ödənişi edilmişdir. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, ekspert rəyinə əsasən dəymiş zərərin miqdarı 9.529 manat müəyyən edildiyindən və cavabdehin sığortası tərəfindən 4949,73 manat ödəniş edildiyindən, həmin məbləğ dəymiş zərərin miqdarından çıxılmalı (9.529-4.949,73=4.579,27) və yerdə qalan 4.579,27 manat məbləğində sığorta ödənişi Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin digər Cavabdeh2 aid hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi həmin hissədə rədd edilməlidir. Belə ki, məhkəmə iş materiallarını araşdıraraq belə hesab edir ki, subroqasiya tələbi sığorta ödənişi vermiş sığortaçının vurulmuş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı irəli sürülən tələbidir. Hazırkı işin halları baxımından isə vurulmuş zərərə görə məsuliyyət daşıyan şəxs qanuna müvafiq qaydada təqsiri müəyyən olunmuş Cavabdeh1dur. İş üzrə digər Cavabdeh2 yüksək təhlükə mənbəyinin vurduğu ziyana görə məsuliyyət daşımır. Odur ki, məhkəmə belə hesab edir ki, iddia tələbi avtomobilin mülkiyyətçisi olan Cavabdeh2 aid olan hissədə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 77.70 manat dövlət rüsumu ödənilmişdir. İş üzrə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası tərəfindən keçirilmiş ekspertiza xərci 100 manat müəyyən edilmişdir. Məhkəmə iddia tələbinin ödənilmiş 77.70 manat dövlət rüsumunun tutulması hissəsinə qiymət verərək hesab edir ki, cavabdehdən 77.70 manat dövlət rüsumu alınıb iddiaçıya ödənilməlidir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş ekspertiza xərci 100 manatın 95 manat hissəsi cavabdehdən tutularaq, qalan 5 manat hissəsi isə iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 vurulmuş zərərə görə 4579,27 (dörd min beş yüz yetmiş doqquz manat iyirmi yeddi qəpik) manat məbləğində sığorta ödənişi, 77.70 (yetmiş yeddi manat yetmiş qəpik) manat dövlət rüsumu alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilsin. İş üzrə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manatın 95 (doxsan beş) manatı Cavabdeh1, qalan 5 (beş) manatı isə iddiaçı "xxxx" ASC-dən alınıb Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №e-2(011)-128/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-128/2023
17.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver