Məhkəmə qərarları › İş №e-2(011)-14/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-14/2025

12.05.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-14/2025 12.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, Cavabdeh və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh, X6, X18 və X7 qarşı “maneənin aradan qaldırılması və pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı cavabdehlər Cavabdeh, X6, X18 və X7 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən Bakı şəhəri, Xətai rayonu, ünvan 1 binanın yaxınlığında yerləşən, Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti 454 nömrəli, xx.xx.2013-cü il tarixli Sərəncamına əsasən ona məxsus olan 3 mərtəbəli qeyri-yaşayış sahəsinin və ünvan 2 23-cü binanın qarşısında, azyaşlı uşaqların baxçasının 3-5 metr yaxınlığında yerləşən X8 cavabdehlər Cavabdeh, X4, X15 və X5 hesabına boşaldılması və cavabdehlərin qanunsuz sahibliyindən geri alınaraq onun sahibliyinə qaytarılması və həmin qeyri-yaşayış sahələrinə istifadə və sahibliklə bağlı cavabdehlər tərəfindən olan maneələrin aradan qaldırılması, Bakı şəhəri, Xətai rayonu, ünvan 1 binanın yaxınlığında yerləşən qeyriyaşayış sahəsinin və ünvan 2 23-cü binanın qarşısında, azyaşlı uşaqların baxçasının 3-5 metr yaxınlığında yerləşən X8 2019-cu ilin dekabr ayından 2023-ci ilin fevral ayına qədər icarəyə verilməsindən əldə olunmuş 380 000 (üç yüz səksən min) manat pul vəsaitinin, həmçinin 2023-cü ilin fevral ayından etibarən Bakı şəhəri, Xətai rayonu, ünvan 1 binanın yaxınlığında yerləşən qeyri-yaşayış sahəsinin və ünvan 2 23-cü binanın qarşısında, azyaşlı uşaqların baxçasının 3-5 metr yaxınlığında yerləşən X8 cavabdehlər Cavabdeh, X4, X15 və X5 qanunsuz sahibliyindən geri alındığı vaxta qədər aylıq icarə haqlarının cəmi məbləği müştərək qaydada cavabdehlər Cavabdeh, X2, X12 və X3 alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1975-ci ildə Xocalı şəhərində anadan olmuşdur. Ailəlidir. 3 övladı var. Həyat yoldaşı X1 döyüşçüdür. 1-ci Qarabağ Veteranıdır. 2ci qrup əlildir. Xocalı rayonundan olan məcburi köçkündürlər. Tərəflər ailəlikcə 1999-cu ildə Rusiya Federasiyasına Həştərxana getmişlər. Orada uzun illərdir ki, əkinçiliklə məşğul olmuşlar. Maddi imkanları daha böyük idi. Mütəmadi olaraq hər il Azərbaycana gəlibgedirdilər. Azərbaycana müxtəlif vaxtlarda hissə-hissə 800.000 ABŞ dollar gətirmişlər. Bunu demək kifayət edər ki, Azərbaycanda tək iddiaçının adına 939 dövlət nömrə nişanlı Land Qruzer markalı avtomobil, qaynının adına “Nissan Teana ” markalı avtomobil almışlar. Tərəflər gələcəkdə uşaqları ilə Azərbaycana qayıtmaq, Rusiya Federasiyasında qazandığı pulları Vətəni Azərbaycanda sərmayə qoyub qeyri-yaşayış obyekti inşa etmək, iş yeri açmaqla qazanc götürmək niyyətindədirlər. Bakı şəhəri, Xətai rayonu, ünvan 4 binanın yaxınlığında, içərisində 75 kv.metr tikili olan torpaq sahəsini görüb bəyənmişlər. Orada layihəyə əsasən müasir üslubda obyekt tikməyə qərar vermişlər. Odur ki, İddiaçı Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə müraciət etmiş və onun müraciətinə də əsasən Xətai rayon İcra Hakimiyyəti 454 nömrəli, xx.xx.2013-cü il tarixli Sərəncamı ilə ünvan 1 binanın yaxınlığında mövcud 75 kv.m ölçüdə məntəqənin (tikilinin) iddiaçının adına sənədləşdirilməsini və təqdim etdiyi layihəyə əsasən sökülüb müasir üslabda yenidən tikilməsinə icazə verilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş ”Gentechs MMC”-nin Bakı şəhəri, Xətai rayonu, ünvan 4 binanın yaxınlığındakı qeyri-yaşayış obyektinə dair “Mühəndis qurguları Elektrik işıqlandırma, yangın siqnalizasiyası İşçi layihəsindən, həmçinin Su saygacının quraşdırılması ilə baglı AZƏRSU-nun xx.xx.2014-cü il tarixli Aktından, Su təhcizatı və kanalizasiya şəbəkələrinə qoşulma işlərinin icrası barədə xx.xx.2014-cü il tarixli Razılaşmadan və İstilik təhcizatı üçün 05.102016-cı il tarixli Texniki şərtdən də görünür ki, obyektin sifarişçisi və sahibi iddiaçıdır. Bu obyektin faktiki ölçüsü 520 kv.metr təşkil edir. Xocalı rayonundan olan, Daxili İşlər Nazirliyində Polis əməkdaşı işləyən həmkəndlisi, həm də qardaşı Cəlilin yaxın dostu Cavabdeh 2013-cü ildə söhbət zamanı həyat yoldaşı X9 dedi -“ Polisdə işləyir, Azərbaycanda “əli-qolu olduqca genişdir”, pul sizdən, mən də sizə krişalıq edim Bakıda sizin adınıza obyekt tikilməsinə köməklik edim, nəzarət edim”. İddiaçı da ailəlikcə onun həmkəndli olduğuna və Polis orqanlarında işləməyinə görə ona tam şəkildə inanmış və etibar edərək 2013-cü ildən başlayaraq 2018ci ilədək hissə-hissə xırda məbləğlər də daxil olmaqla ümumilikdə Cavabdeh obyekt tikintisi üçün 360.000 (üç yüz altmış min) ABŞ dolları məbləğində pulu təqdim eləmişdir. Həyat yoldaşı X16 böyük məbləğdə ilk olaraq 2013-cü ilin avqust ayında Cavabdeh 118.000 ABŞ dolları və 180.000 ABŞ dolları vermişdi. 939 dövlət nömrə nişanlı Land Qruzer markalı avtomobilinin satışından əldə olunan 69.500 dollar pul məbləğini və Nissan Teana avtomobilin satışından əldə olunan 10.000 manat pulu da obyektlərin tikintisi üçün Cavabdeh vermişlər. Zirzəmi sahəsi ilə 3 mərtəbəli Obyekt tikildi və fəaliyyət göstərməyə başlamışdır. Avtomobillərinin satışından əldə olunan pul vəsaiti nəzərə alınarsa həyat yoldaşı X19 rayonu ünvan 4 binanın yaxınlığındakı həmin obyektin-qeyri-yaşayış sahəsinin tikinti-təmir işlərini aparmaq üçün cəmi 439.5000 manat pul vəsaitini Cavabdeh vermişlər. Cavabdeh ilə əvvəlcədən öz aramızda razılaşmışlar ki, Xətai rayonu ünvan 1 ünvandakı 3 mərtəbəli obyektimin aylıq icarə pulları ilə ünvan 2 23-cü binanın qarşısında, iddiaçının adına X10 inşa etsin, həmin tapşırıqları icra etməsi ilə əlaqədar Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində 34 ünvanında yerləşən obyektdən və Xətai rayonu Neapol küçəsi 23-cü binanın qarşısındakı X10 aylıq icarə haqlarından gələn gəlirin 1/3 hissəsi Cavabdeh, qalan 2/3 hissəsi də əri ilə iddiaçıya aid olsun. Obyektlərin icarə pulundan 1/3 hissəsini Cavabdeh verməyə həm də ona görə razılaşmışlar ki, Xətai rayonu Neapol küçəsi 23-cü binanın yaxınlığındakı sahədə əvvəllər qaraj, sabun sexi və avtoyuma kimi istifadə etdikləri obyektlərin yanında iddiaçının adına obyekt X10 inşa etsin, həm də Cavabdeh dediyinə görə 2011-ci ildə 2 nəfərin ölümünə səbəb olmuş avto-qəza hadisəsi törətməsi ilə əlaqədar yaranmış borcunu bağlaya bilsin, həbs olunmasın, polisdən-işdən çıxarılmasın. Odur ki, əri Hikmətlə uzun illər ərzində Cavabdeh obyektlərdən əldə olunan aylıq icarə haqlarını tələb etməmişlər. Ailəlikcə hər il yay-payız aylarında Azərbaycana gələndə Cavabdeh deyirdi ki, obyektlər tərəfə getməyək, Rusiyada yaşadıqlarını, iş adamı olduqlarını, onlarda pul olduğunu bilirlər və bilsələr ki, gəlmişik, müxtəlif vasitə ilə həbs edib pullarını alacaqlar. Digər cavabdehlər də belə söyləyirdilər. Bu minvalla da cavabdehlər vaxt uzadırmış. Cavabdehlər təxminən 9 ildir ki, obyektlərindən əldə edilən təxminən 5.000 manat aylıq icarə pullarını mənimsəyib, iddiaçıya həmin pulları ödəməkdən yayınmışlar. Qeyri-yaşayış sahələrinin iddiaçının adına sənələşdirilməsi üçün Cavabdeh xx.xx.2014-cü il tarixdə Bakı şəhəri 18 saylı Notariat Ofisində etibarnamə də vermişdir. Əri ilə iddiaçının tapşırığı ilə Cavabdeh iddiaçının obyektinin aylıq icarə pulları ilə ünvan 2 23-cü binanın qarşısında, azyaşlı uşaq baxçasının 3-5 metr yaxınlığında əvvəllər qaraj, sabun sexi və avtoyuma kimi istifadə etdikləri obyeklərin yanında X17 inşa etdi və bu gün də həmin restoran və ünvan 4 binanın yaxınlığındakı 3 mərtəbəli obyekt cavabdehlərin qanunsuz sahibliyində fəaliyyət göstərir. Xətai rayonu Neapol küçəsi 23-cü binanın yaxınlığındakı qarajların cavabdehlərdən X4 və Cavabdeh adına sənədləşdirilməsinə dair Xətai rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2007-ci il tarixli və xx.xx.2007-ci il tarixli Sərəncamlarından Çıxarışların surətini məhkəməyə təqdim edir. Son vaxtlar Cavabdeh obyektin tikintisi üçün ona verdikləri 360.000 (üç yüz altmış min) ABŞ dolları məbləğindəki nağd pulun, iddiaçının avtomobillərinin satışından əldə etdiyi pulun və iddiaçının qeyri-yaşayış obyektlərindən hər ay təqribən əldə olunan 5000 manat aylıq icarə pullarını hara, nə qədər sərf elədiyi barədə hesabat verməsini, həmçinin mübahisənin predmetini təşkiledən qeyri-yaşayış sahələrinə mülkiyyət hüquqlarımı təsdiq edən çıxarış verilməsini, obyektlərini əri ilə iddiaçıya təhvil verilməsini tələb edəndə o, bu gün, gələn həftə verərəm deməklə, xərclər barədə qeydiyyat apardığı dəftəri tapa bilmir, onu tapıb hesabat verəcək, obyektləri mülkiyyətinə keçirmək üçün sənədlər toplamağa başlayır və sair müxtəlif bəhanələr gətirməklə işin əsil mahiyyətindən uzaqlaşır, vaxt uzadır, obyektləri, onlara aid olan sənədləri iddiaçıya təhvil verməməklə obyektlərin aylıq icarə haqlarını ailə üzvləri ilə mənimsəyirdi. Odur ki, Cavabdeh verdiyi etibarnaməni onu xəbərdar etməklə ləğv etmişdir. Obyektlərin, onlara aid olan sənədlərin geri qaytarılması üçün Piriyev Vəkil Bağman oğluna etibarnamə vermişdir. Obyektləri, onlara aid olan sənədləri geri qaytarması ilə bağlı tərəfindən Cavabdeh şifahi və rəsmi xəbərdarlıqlarlar edilmiş, bildirişlər verilmişdir. Cavabdehlər isə həmin tələblərə əməl etmir, mübahisənin predmetini təşkil edən obyektlərdən istifadəyə, onlara sahiblik etməyə də maneələr yaradırlar. X23 rayonu ünvan 4 ünvandakı qeyri-yaşayış obyektinə aldığı ofis mebellərini və diyər əşyaları ünvan 2 23-cü binanın qarşısında, azyaşlı uşaqların baxçasının 3-5 metr yaxınlığındakı X11 aparıb orada istifadə edirlər. Cavabdeh ona verdiyi etibarnamənin qüvvədə oldugu müddətdə mübahisə predmetini təşkil edən qeyri-yaşayış sahələrini iddiaçının mülkiyyətinə rəsmiləşdirilməsindən yayınmış, əri ilə iddiaçının pul vəsaiti ilə inşa edilərək fəaliyyət göstərən obyektləri iddiaçı tərəfindən etibarnamə ləğv etdirildikdən sonra isə özünün və yaxınları olan cavabdeh X4 və X5 mülkiyyətinə keçirməyə, bununla “aradan çıxmağa” cəhd etmiş və bu məqsədlə də sənədləşmə işlərinə start vermişdir. Cavabdehlərin sözü gedən obyektləri öz yaxınlarının adına özgəninkiləşdirmək niyyətində olduğu aşkar bəllidir. Bu hal məhkəməyə təqdim edilmiş, Bakı şəhəri, Xətai rayonu, ünvan 4 binanın yaxınlığındakı qeyri-yaşayış obyektinə dair X4, X5 adına sənədləşdirilmiş memarlıq planlaşdırma bölməsinin layihələri ilə bir daha təsdiq olunur. Bundan başqa, cavabdehlər iddiaçıya məxsus mübahisəli qeyri-yaşayış binasını ələ keçirmək üçün iddiaçıya məxsus mübahisəli binaya çəkilmiş tikinti və təmir xərcinin bazar dəyərinin guya 601.507 manat təşkil etməsi barədə "xxxx" MMC qiymətləndirmə şirkətindəki tanışından xx.xx.2022-ci il tarixli qiymətləndirmə hesabatı əldə edərək Daşınmaz Əmlakın Reyestr Xidmətinə qarşı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 34 ünvanında yerləşən ümumi sahəsi 480,8 kvm. olan qeyri-yaşayış sahəsinə tikintiyə onun mülkiyyət hüququnun tanınması və buna dair çıxarışın (şəhadətnamənin) verilməsi vəzifəsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Reyestr Xidmətinə həvalə edilməsi barədə Bakı şəhər Xətai rayon Məhkəməsinə iddia ərizəsi vermiş və belə dəlil irəli sürmüşdür ki, iddiaçının adına qeyri-yaşayış sahəsi inşa edib icarəyə verib sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə əri Hikmət Quliyev ona 2013-cü ildə 180 min ABŞ dolları borc pul göndərmiş, bu pulun müqabilində təminat kimi sənədləşdirməni iddiaçının adına etmiş və digərlərindən də borc pullar almaqla obyektin tikintisini başa çatdırmışdır. Yəni obyekti borc pullar müqabilində özü üçün inşa etdiyini uydurmaqla reyestr xidmətindən mülkiyyət hüququ barədə çıxarış almaq niyyətində olmuşdur. Ağlabatan mühakimənin nəticəsi olmayan belə bir iddia tələbinə görə ifşa olunacağından ehtiyatlanaraq xx.xx.2022-ci il tarixdə iddia tələbinin dəyişdirilməsi barədə ərizə verib iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin tikintisi və əlavə xərclərlə əlaqədar özünə yalançı şahidlər tutmaq yolu ilə guya xərclədiyi cəmi 600.000 manat pulun iddiaçıdan alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hansı ki, Cavabdeh obyektin tikintisi üçün iddiaçının ona verdiyi külli miqdar pulun az bir hissəsini mübahisəli obyektin tikinti-təmir işlərinə sərf etmişdir. İş üzrə məhkəmə-əmtəəşünaslıq və məhkəmə tikintitexniki ekspertizası təyin etməklə həmin halın müəyyən edilməsini iş üzrə obyektiv nəticəyə gəlinməsi üçün zəruri hesab edir. Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində 34 ünvanında yerləşən obyektlərin 2014-cü ildən fəaliyyət göstərdiyi, cavabdehlərin deməsinə görə obyektlərin aylıq 5000 manata icarəyə verildiyi nəzərə alınarsa və Xətai rayonu Neapol küçəsi 23-cü binanın qarşısında, azyaşlı uşaqların baxçasının 3-5 metr yaxınlığındakı sahədəki X11 çəkilmiş xərclərin təxminən 300.000-350.000 məbləğində oldugu, həmin obyektlərin də aylıq icarə haqqları minimum 5000 manat olduğu halda 2019-cu ilin dekabr ayından hazırkı vaxta qədər – 3 il 2 aydır ki, obyektlərin hər birindən əldə edilən təxminən 5000 manat aylıq icarə pullarını, cəmi (38 ay x 10000 manat) 380 000 manatını mənimsəyib, iddiaçıya həmin pul vəsaitini ödəməkdən yayınır, iddiaçının əmlakı hesabına varlanırlar. 380 000 manat pul vəsaiti cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya verilməlidir. Son zamanlar artıq Cavabdeh ilə münasibətləri gərginləşib. Buna səbəb isə Cavabdeh deyir ki, əgər ki, siz məndən obyekti, obyektin səbədlərini və ya aylıq icarə pullarını tələb etsəniz pul verəcəm tanış adamına sizi və övladlarınızı öldürtürəcəm. İddiaçını öldürəcəyi ilə təhdit edir, onlara hədə-qorxular gəlir. Polis mayoru Cavabdeh vəzifə və səlahiyyətlərindən sui-istifadə edərək iddiaçının ailəsinə qarşı elədiyi qanunsuz və özbaşına hərəkətləri barəsində qanuni tədbir görülməsi, iddiaçının obyektlərinin boşaldılması, obyektin sənədlərinin və aylıq icarə pullarının alınıb verilməsinə köməklik göstərilməsi üçün aidiyyatı orqanlara da müraciətlər edilmişdir. Hazırkı halda mübahisəli qeyri-yaşayış obyekti üzərində cavabdehin heç bir hüquqverici sənədləri olmadığından onun tərəfindən iddiaçının məruz qaldığı məhrumetmə qanunsuz hesab edilməlidir. İnsanı əmlakından qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsi Azərbaycan Respublikası Konstitusiyası ilə bütün şəxslərə qadağan edilir. Mübahisə predmetini təşkil edən qeyri-yaşayış sahələri əri ilə iddiaçının pul vəsaiti hesabına tikilib-təmir edilmiş, bu qeyri-yaşayış sahəsi olan obyektlər dövlət idarələri tərəfindən su, işıq, qaz, telefonla təchiz edilmişdir. Həmin obyektlərin qanuni sahibi iddiaçıdır. Ona görə də həmin qeyri-yaşayış sahəsi olan obyektlər üzərində iddiaçıların hüquqlarının əmlak hüquqları kimi qiymətləndirilməsi, məsələyə məhz bu konteksdən yanaşılması əsaslı olardı. Tərəflərin izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı (onun vəkili) məhkəməyə gəlməmiş, işə onların iştirakı olmadan baxılması barədə hər hansı vəsatət təqdim edilməmişdir. Məhkəmə iclasında Cavabdeh və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını tələb etmişlər. Vəkil izahat verərək iddia tələbini qəbul etmədiyini bildirmiş və iddianın rədd edilməsini xahiş etmişdir. İddia təmin ediləcəyi təqdirdə onun Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-268/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə eyni vaxtda icra edilməsini xahiş etmişdir. Digər cavabdehlər X6, X18 və X7 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişlər. İşin faktiki halları: İddiaçı "xxxx" ASC tərəfindən 05 oktyabr 2016-cı il tarixdə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 34 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair istilik təchizatı üçün texniki şərt verilmişdir. İş materiallarında olan etibarnamənin surətindən görünür ki, İddiaçı Cavabdeh adından əqdlər bağlamaq, sənədlər almaq, vermək, işlər görmək, əmlakı və ya pulu almaq hüququ ilə icra vərəqəsini təqdim etmək, məhkəmədə işlər aparmaq, tapşırığın icrası ilə əlaqədar hərəkətlər etməyi etibar etmiş, etibarnamə xx.xx.2064-cü il tarixədək verilmişdir. Xətai Rayon İcra Hakimiyyəti Başçısının 07 iyun 2007-ci il tarixli 306 saylı sərəncamından çıxarışın surətindən görünür ki, Neapol küçəsində 23 saylı binanın həyətində tikilmiş mövcud 24 kv.m ölçüdə qaraj X4 adına rəsmiləşdirilmişdir. Xətai Rayon İcra Hakimiyyəti Başçısının 23 iyul 2007-ci il tarixli 423 saylı sərəncamından çıxarışın surətindən görünür ki, Neapol küçəsində 23 saylı binanın həyətində tikilmiş mövcud 24 kv.m ölçüdə qaraj Cavabdeh adına rəsmiləşdirilmişdir. Xətai Rayon İcra Hakimiyyəti Başçısının 12 oktyabr 2016-cı il tarixli 327 saylı sərəncamından çıxarışın surətindən görünür ki, Neapol küçəsində 23 saylı binanın qarşısında yerləşən 91 kv.m ölçüdə məntəqə X5 adına rəsmiləşdirilmişdir. Xətai Rayon İcra Hakimiyyəti Başçısının 27 dekabr 2013-cü il tarixli 454 saylı sərəncamından çıxarışın surətindən görünür ki, ünvan 1 binanın yaxınlığında yerləşən 75 kv.m ölçüdə məntəqə İddiaçı adına rəsmiləşdirilmişdir. Cavabdeh İddiaçı qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(011)-107/2023 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, İddiaçı 600.000 manat pulun alınaraq Cavabdeh ödənilməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(103)-268/2024 saylı qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 107/2023 saylı iş üzrə 01 mart 2023-cü il tarixli qətnaməsi ləğv olunmuş və iş üzrə yeni qətnamə çıxarılmış, Cavabdeh İddiaçı qarşı "pulun ödənilməsi" tələbi qismən təmin edilmiş, İddiaçı 349.094 (üç yüz qırx doqquz min doxsan dörd) manatın alınaraq Cavabdeh verilməsi, Cavabdeh iddia tələbinin qalan hissədə təmin olunmaması, ekspertiza tədqiqatının dəyəri olan 200 manatın 100 (yüz) manatının Cavabdeh, 100 (yüz) manatının İddiaçı alınıb Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı kasssiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-778/2025 saylı xx.xx.2025-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(103)-268/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçının vəkili Vəkil1 sorğusuna cavab olaraq Xətai Rayon İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, sifarişçisi Cavabdeh adına olan 2013-cü və 2014-cü illərdə ünvan 1 binanın yaxınlığında yerləşən məntəqələrin eskiz layihələri Rayon İcra Hakimiyyəti tərəfindən razılaşdırılmamış və bu məntəqələrin verilməsinə dair əsas olan sənədlər barədə Rayon İcra Hakimiyyətinə məlumat qeydə alınmamışdır. "xxxx" ASC tərəfindən təqdim edilmiş məktubdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 34 ünvanında İddiaçı ilə su və kanalizasiya təchizatından istifadəyə görə xx.xx.2004-cü il tarixdə 19203103 saylı müqavilə (abonent kodu: 084411) bağlanmış, xx.xx.2014-cü il tarixində Alfasu markalı 49770157 nömrəli su sayğacı quraşdırılmış və müxtəlif vaxtlarda müxtəlif həcmdə su sərf edilmişdir. İddiaçının vəkilinin vəsatəti əsasında məhkəmə iş üzrə kompleks (tikinti-texniki və əmtəəşünaslıq) ekspertizası təyin etmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 iyun 2024-cü il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri Xətai rayonu ünvan 1 binanın yaxınlığında yerləşən 2 mərtəbəli qeyri-yaşayış sahəsinin eskiz lahiyəsi üzrə ümumi və ayrılıqda hər mərtəbə üzrə sahəsi aşağıdakı kimi müəyyən olunur: Bakı şəhəri, Xətai rayonu, ünvan 1 binanın yaxınlığında İddiaçı adına qeyri-yaşayış obyektinin tikintisinə dair memarlıq-planlaşdırma bölməsi hazırlanmışdır. Layihə sənədlərinə əsasən qeyri-yaşayış sahəsinin tikinti altı sahəsi 30,0 kv.m. (5,0x6,0m), 1 mərtəbəli olmaqla daxili sahəsi 25.76 (4.6x5.6m) kv.m. təşkil etdiyi; Bakı şəhəri, Xətai rayonu, ünvan 1 binanın yaxınlığında Cavabdeh sifarişi əsasında qeyri-yaşayış sahəsinin (məntəqənin) eskiz layihəsi hazırlanmışdır. Layihə sənədlərinə əsasən qeyri-yaşayış sahəsinin ümumi sahəsi 49,28 kv.m., o, cümlədən 1-ci mərtəbəsinin sahəsi 18.9 kv.m. (4.2x4.5m), ikinci mərtəbənin sahəsi 30.38 kv.m. (4.9x6.2m) təşkil etdiyi müəyyən olunur. Bakı şəhəri Xətai rayonu ünvan 1 binanın yaxınlığında yerləşən 2 mərtəbəli qeyri-yaşayış sahəsinin faktiki ümumi sahəsi 395.25 kv.m. təşkil etdiyi müəyyən olunur. Tikililərin sərhədləri, faktiki ölçüləri və ayrılıqda hər mərtəbə üzrə sahəsi yuxarıda ətraflı göstərilmişdir. ünvan 2 23-cü binanın qarşısında yerləşən qeyri-yaşayış sahəsi olan X8 "Google Earth" proqramının ortofoto (aerokosmik çəkilişlər “Google Earth” proqramı vasitəsi ilə) görüntüləri əsasında 2008-ci il tarixdən tikinti olduğu müəyyən olunmuşdur. Lakin “Google Earth” proqramı vasitəsi ilə əlavə tikinti işlərinin aparılmasını və eləcə də sahəsini dəqiqliklə müəyyən etmək mümkün olmadığından, həmçinin aparılmış tikinti işlərinin hansı müddətdə aparılmasının müəyyən olunmasına dair metodika olmadığından, X8 nə vaxt inşa edilməsini və sonuncu bərpa işləri hansı dövrü əhatə etməsini və həmin təmir bərpa işlərinə nə qədər vəsait sərf edilməsini müəyyən etmək mümkün olmamışdır. Ekspertiza təyini haqqında qərardadda qeyd edilən, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 34 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin və ona oxşar şəraitli sahələrin aylıq icarə haqqının 2023-cü il tarixə orta bazar qiyməti təxminən 4500,00 manat müəyyən edilir. Tələb və təklifdən, həmçinin tərəflərin qarşılıqlı razılaşmasından asılı olaraq müəyyən edilmiş qiymətdə qismən dəyişiklik olması istisna edilmir. 2019-cu il tarixlərə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 34 ünvanında və bu ünvana yaxın (uyğun) ərazidə yerləşən qeyri-yaşayış sahəsinin icarə haqqının məbləği barədə məlumat əldə etmək mümkün olmadı. Qeyd edilir ki, həmin dövrdə Mərkəzdə bu barədə tədqiqata aparılmadığından baza məlumatlar mövcud deyil. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-14/2025 saylı 12 may 2025-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh, X6, X18 və X7 qarşı “maneənin aradan qaldırılması və pul” tələbinə dair e-2(011)-14/2025 saylı mülki iş üzrə iddia tələbinin Bakı şəhəri, Xətai rayonu, ünvan 1 binanın yaxınlığında yerləşən qeyri-yaşayış sahəsinin 2019cu ilin dekabr ayından 2023-ci ilin fevral ayına qədər icarəyə verilməsindən əldə olunmuş 380 000 (üç yüz səksən min) manat pul vəsaitinin müştərək qaydada cavabdehlər Cavabdeh, X2, X12 və X3 alınaraq iddiaçıya verilməsi hissəsində icraata xitam verilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: 13-cü maddənin İ bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddənin İ bəndinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını araşdırıraq, izahatları dinləyərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iddia tələbinin cavabdehdən Bakı şəhəri, Xətai rayonu, ünvan 1 binanın yaxınlığında yerləşən, Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti 454 nömrəli, xx.xx.2013-cü il tarixli Sərəncamına əsasən ona məxsus olan 3 mərtəbəli qeyri-yaşayış sahəsinin cavabdehlərin qanunsuz sahibliyindən geri alınaraq onun sahibliyinə qaytarılması və həmin qeyri-yaşayış sahələrinə istifadə və sahibliklə bağlı cavabdehlər tərəfindən olan maneələrin aradan qaldırılması hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə əsaslıdır. Belə ki, iş materiallarından görünür ki, həmin qeyri-yaşayış sahəsi sərəncam əsasında iddiaçıya məxsusdur. Lakin hal-hazırda cavabdehin sahibliyi və istifadəsindədir. Odur ki, cavabdehin əmlkaın sahibliyində saxlanması üçün hər hansı qanuni əsas mövcud olmadığından, iddia bu hissədə təmin edilərək əmlak iddiaçının sahibliyinə geri qaytarılmalı, Cavabdeh və onun ailə üzvləri olan digər cavabdehlərin əmlakdan iddiaçının istifadəsinə yaradılan maneələr aradan qaldırılaraq əmlak cavabdehlərin hesabına boşaldılıb iddiaçıya təhvil verilməlidir. Məhkəmə iddia tələbinin ünvan 2 23-cü binanın qarşısında, azyaşlı uşaqların baxçasının 3-5 metr yaxınlığında yerləşən X8 cavabdehlər Cavabdeh, X4, X15 və X5 hesabına boşaldılması və cavabdehlərin qanunsuz sahibliyindən geri alınaraq onun sahibliyinə qaytarılması hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə əsassızdır. Belə ki, iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməsi üçün qanuni əsasının olduğunu aşkar etmək mümkün olmamışdır. Belə ki, iddiaçı əmlakın ona məxsus olmasını bildirsə də buna dəlalət edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Odur ki, iddia bu hissədə rədd edilməlidir. Məhkəmə iddia tələbinin Bakı şəhəri, Xətai rayonu, ünvan 1 binanın yaxınlığında yerləşən qeyri-yaşayış sahəsinin və ünvan 2 23-cü binanın qarşısında, azyaşlı uşaqların baxçasının 3-5 metr yaxınlığında yerləşən X8 2019-cu ilin dekabr ayından 2023-ci ilin fevral ayına qədər icarəyə verilməsindən əldə olunmuş 380 000 (üç yüz səksən min) manat pul vəsaitinin müştərək qaydada cavabdehlər Cavabdeh, X2, X12 və X3 alınaraq iddiaçıya verilməsi hissəsinə münasibətdə qeyd edir ki, Bakı şəhəri, Xətai rayonu, ünvan 1 binanın yaxınlığında yerləşən qeyri-yaşayış sahəsinə münasibətdə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(103)-268/2024 saylı qətnaməsi ilə əmlakın kirayəsindən əldə edilən məbləğ nəzərə alınaraq iddiaçıdan cavabdehin xeyrinə vəsait tutulmuşdur (....tikintisinə və təmirinə 582 583 manat sərf edilmiş obyektin inşası üçün iddiaçının xərclədiyi məbləğin 375 761 manat (582 583 – 206 822) olduğu qəbul edilməli, obyekti icarəyə verməsindən əldə etdiyini bildirdiyi 40 000 manatın 1/3 hissəsinin (13 333 manat) ona zəhmət haqqı kimi ödəniləcəyinin razılaşdırıldığı (cavabdehin bildirməsinə görə) nəzərə alınaraq, 349 094 manat (375 761 – 26 667) cavabdehdən onun xeyrinə tutulmalıdır...). Odur ki, istinad olunan məsələyə təkrar qiymət verilməsini məhkəmə qanuni hesab etməyərək iddia tələbinə 12 may 2025-ci il tarixli qərardadla bu hissədə xitam verilmişdir. ünvan 2 23-cü binanın qarşısında, azyaşlı uşaqların baxçasının 3-5 metr yaxınlığında yerləşən X11 münasibətdə isə yuxarıda qeyd olunan əsaslandırmaya əsasən iddia bu hissədə də təmin edilə bilməz. Məhkəmə iddia tələbinin 2023-cü ilin fevral ayından etibarən Bakı şəhəri, Xətai rayonu, ünvan 1 binanın yaxınlığında yerləşən qeyri-yaşayış sahəsinin və ünvan 2 23-cü binanın qarşısında, azyaşlı uşaqların baxçasının 3-5 metr yaxınlığında yerləşən X8 cavabdehlər Cavabdeh, X4, X15 və X5 qanunsuz sahibliyindən geri alındığı vaxta qədər aylıq icarə haqlarının cəmi məbləği müştərək qaydada cavabdehlər Cavabdeh, X2, X12 və X3 alınaraq iddiaçıya verilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə qeyri-müəyyən olduğundan təmin edilə bilməz. Belə ki, müddət konkret olaraq göstərilmədiyindən, hansı obyektə görə hansı vəsaitin cavabdehlərdən alınması qeyd edilmədiyindən iddia bu hissədə rədd edilməlidir. Yuxarıda istinad olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri, Xətai rayonu, ünvan 1 binanın yaxınlığında yerləşən, Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti 454 nömrəli, xx.xx.2013-cü il tarixli Sərəncamına əsasən iddiaçıya məxsus olan 3 mərtəbəli qeyri-yaşayış sahəsi cavabdehlər Cavabdeh, X4, X15 və X5 hesabına boşaldılmalı və cavabdehlərin qanunsuz sahibliyindən geri alınaraq iddiaçının sahibliyinə qaytarılmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. Eyni zamanda məhkəmə cavabdehin vəkilinin hazırkı qətnamənin Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-268/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə eyni vaxtda icra edilməsinə dair yazılı vəsatətinə münasibətdə hesab edir ki, hazırkı vəsatətin təmin edilməsi qanunauyğun olmadığından vəsatət rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarından görünür ki, İddiaçı Xocalı rayonundan məcburi köçkündür və o, qanunla dövlət rüsumunun ödənilməsindən azaddır. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertiza xərci 100 manat təşkil edir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, cavabdehdən 100 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməli, eyni zamanda ekspert tədqiqatının dəyərini təşkil edən 100 manat İddiaçı alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin Dövlət xəzinədarlığı Agentliyindəki hesabına ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, ünvan 1 binanın yaxınlığında yerləşən, Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti 454 nömrəli, xx.xx.2013-cü il tarixli Sərəncamına əsasən iddiaçı İddiaçı məxsus olan 3 mərtəbəli qeyri-yaşayış sahəsi cavabdehlər Cavabdeh, X4, X15 və X5 hesabına boşaldılsın və cavabdehlərin qanunsuz sahibliyindən geri alınaraq İddiaçı sahibliyinə qaytarılsın. İddia tələbi qalan hissədə rədd edilsin. Dövlət rüsumunun əvəzi olaraq 100 (bir yüz) manat pul Cavabdeh alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə, iş üzrə keçirilmiş ekspertiza xərci olan olan 100 (bir yüz) manat İddiaçı alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin Dövlət xəzinədarlığı Agentliyindəki hesabına (VÖEN: **********, Hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar