Məhkəmə qərarları › İş №e-2(011)-1439/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1439/2024

05.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1439/2024 05.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” barədə iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 260,00 (iki yüz altmış) manat sığorta ödənişi məbləğinin və 30,00 (otuz) manat dövlət rüsumunun, cəmi 290,00 (iki yüz doxsan) manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçı "xxxx" ASCnin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC iləCavabdeh arasında xx.xx.2018-ci il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “Hyundai Tucson” markalı, ** SU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh xx.xx.2019-cu il tarixdə “Hyundai Tucson” markalı, ** SU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Bakı şəhəri, Xətai rayonu ərazisində yol-nəqliyyat hadisəsi törətmiş və “Mercedes Benz 230” markalı ** SA *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC 260,00 (iki yüz altmış) manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Yol-nəqliyyat hadisəsi ilə bağlı Xətai RPİ DYPŞ-dən ünvanımızaİ nzibati xəta haqqında Protokol daxil olmuş, həmin Protokola əsasən Cavabdeh AR İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.1-ci maddələri ilə təqsirli bilinmişdir. Həmçinin qeyd olunan Protokolda Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verdiyi vaxt “Hyundai Tucson” markalı, ** SU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini müvafiq etibarnamə olmadan idarə etdiyi qeyd olunmuşdur. Xətai RPİ DYPŞ-nin "xxxx" ASC-yə təqdim etdiyi Arayışa əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlak onu istifadə etməyə, idarə etməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilərkən sığorta hadisəsi baş verdikdə Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı subroqasiya hüququ yaranır. Həmin Qanunun 25.2-ci maddəsində qeyd olunur ki, “bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır”. Qeyd olunanlara əsasən, iddiaçı sözügedən zərərin aradan qaldırılması üçün ödədiyi 260,00 (iki yüz altmış) manat sığorta ödənişi məbləğini cavabdehdən tələb etmək hüququna malikdir. Cəmiyyət tərəfindən Cavabdeh ünvanına xx.xx.2023-cü il tarixli, AS- 23/757 saylı geriyə tələb (subroqasiya) məktubu göndərilsə də müvafiq sığorta ödənişi məbləği bu günədək Cəmiyyətimizə ödənilməmişdir. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, hadisə zamanı idarə etdiyi maşın həyat yoldaşı X5 məxsusdur, maşını idarə edərkən buna dair etibarnaməsi olmamışdır, etibarnamənin müddəti birdiyinə görə avtonəqliyyat vasitəsi etibarnaməsi olmadan idarə edilmişdir. "xxxx" ASC ondan hadisə ilə əlaqədar zərərçəkənə dəymiş zərər üzrə 260 manat məbləğdə sığorta ödənişi tələb edir. İddia tələbini qəbul etmir və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə iddiaçının (nümayəndəsinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, cavabdehin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Ödəniş vərəqəsindən görünür ki, "xxxx" ASC X1 bank hesabına 260 manat ödəniş həyata keçirmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 19-01409/02/AA-964/19 saylı işə dair Sığorta Aktının surətindən görünür ki, xx.xx.2019-cu il tarixində baş vermiş sığorta hadisəsi nəticəsində əmlaka dəymiş zərər 260 manat, sığorta ödənişinin yekun məbləği 260 manat təşkil edir. İş materiallarında olan AD № 026801 saylı Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Hundai Tucson” minik markalı, **-SU-*** qeydiyyat nişanlı avtomobilin sahibi X6r. Avtomobil xx.xx.2018-ci il tarixdən onun adına qeydiyyata alınmışdır. İş materiallarında olan AC № 331431 saylı Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mercedes Benz 230” minik markalı, **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X2r. İş materiallarında olan Avtənəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən təfərrüatları barədə Arayışın surətindən görünür ki, xx.xx.2019-cu il tarixində “Hyundai” markalı, **-SU-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi digər nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Toqquşmada təqsirli olan avtomobil nəqliyyatının mülkiyyətçisi X8, hadisə baş verdiyi anda sürücü Cavabdehdur. Zərər vurulmuş avtomobili idarə edən şəxs X9 olmuşdur. İş materiallarında olan AD 026801 saylı Sürücülük vəsiqəsindən görünür ki, Cavabdeh xx.xx.2013-xx.xx.2023-cü il dövrünü əhatə edən sürücülük vəsiqəsi verilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdehə avtomobillərə vurulmuş zərərə görə ödəniləcək sığorta ödənişinin ondan subroqasiya qaydasında geri tələb olunacağı qeyd edilmişdir. İş materiallarında olan İcbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, sığortaçı "xxxx" ASC ilə sığortalı Cavabdeh arasında “Hyundai Tucson” markalı, **-SU-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin sığorta olunması ilə bağlı xx.xx.2018xx.xx.2019-cu illəri əhatə edən sığorta müqaviləsi bağlanmışdır. Sığorta haqqı 75 manat, yekun sığorta haqqı 63,75 manat, sığorta məbləği - əmlaka vurulan zərərə görə 5000 manat, sağlamlığa vurulan zərərə görə - bir şəxs üçün 5000 manat, bir hadisə üzrə 50000 manat təşkil edir. İş materiallarında olan Hesablama Aktından görünür ki, avtomobilin təmiri üçün tələb olunan ehtiyat hissələrinin qiyməti, cəmi 80,0 manat, xidmət haqqı, cəmi 180,0 manat, ümumi məbləğ 260,0 manat təşkil edir. İş materiallarında olan AP ******* nömrəli İnzibati xəta haqqında Protokoldan və MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında Qərardan görünür ki, Dadaşov X11 Xətalar Məcəlləsinin 327.1 və 332.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməklə barəsində cərimə tətbiq edilmişdir. İş materiallarında olan saylı Bakı ASAN Xidmət Mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 967355 nömrəli Nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh və X3 xx.xx.2014-cü il tarixdə nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra ərə “Dadaşov”, arvada “Dadaşova” soyadı verilmişdir. İş materiallarında olan ********** saylı qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən dövlət rüsumu qismində 30,0 manat ödəniş edilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, “Hyundai Tucson” markalı, **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən xx.xx.2018-xx.xx.2019-cu il tarixədək sığortalanmışdır, Cavabdeh xx.xx.2019-cu il tarixdə həmin avtomobili idarə edərkən X1 idarə etdiyi avtomobillə toqquşmuş, nəticədə sonuncunun avtomobilinə maddi ziyan vurmuşdur, vurulan zərər 260 manat dəyərindədir, yol nəqliyyat hadisəsi baş verərkən Cavabdeh tərəfindən “Hyundai Tucson” markalı, **- SU-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi etibarnamə olmadan idarə edilmişdir, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 327.2-ci və 332.1-ci maddəsinin tələbinə uyğun olaraq inzibati qaydada tədbir görülmüşdür, sığortaçı tərəfindən zərərçəkmiş X7 260 manat məbləğində sığorta ödənişi edilmişdir, “Hyundai Tucson” markalı, **-SU-*** markalı nəqliyyat vasitəsi X5 məxsusdur, xx.xx.2018-ci il tarixdə onun adına qeydiyyata alınmışdır. X8 ilə Cavabdeh rəsmi nikahdadırlar, sığorta predmeti olan nəqliyyat vasitəsi sığortalı və cavabdehin birgə nikah dövründə əldə etdikləri əmlak olmaqla həmin əmlak barədə tərəflər arasında əmlakın hüquqi statusunu müəyyən edən razılaşma mövcud olmamış və tərəflər əmlakdan birgə istifadə etməklə ona sahiblik etmişlər, cavabdeh iddia tələbini qəbul etmir. Bununla belə, Cavabdeh mülki hüquq məsuliyyətinə əsas verən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçı iddia tələbini əsaslandırarkən “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsinə istinad etmişdir. Həmin maddəyə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Halbuki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, yol-nəqliyyat hadisəsi zamanı cavabdehin idarə etdiyi avtomobil onun həyat yoldaşı X4 mülkiyyətində olmaqla onların birgə nikah dövründə əldə etdikləri ümumi birgə əmlakdır. Məhkəmə, “nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır”, “ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir” prezumpsiyası nöqteyi-nəzərindən qeyd edir ki, ər-arvadın Mülki Məcəllənin 225.1-ci və Ailə Məcəlləsinin 32.1-ci maddələrinə müvafiq olaraq nikah dövründə əldə etdikləri nəqliyyat vasitəsinin birgə mülkiyyətçiləri olması avtomobilə dair etibarnamənin tələb edilməsini istisna edir və etibarnamənin tələb edilməsi Ailə və Mülki Məcəllələrinin qeyd olunan maddələri ilə uzlaşmır. Deməli, iddiaçının “icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi” nöqtey-nəzərindən irəli sürdüyü tələb cavabdehə qarşı subroqasiya hüququ yaratmır. Beləliklə məhkəmə hesab edir ki, sığortalanmış əmlak sığortalı ilə cavabdehin ümumi əmlakı olduğundan və bu əmlakla bağlı tərəflərin hər hansı bir razılaşması aşkarlanmadığından qeyd edilən nəqliyyat vasitəsinin idarə edilməsi zamanı cavabdehə hər hansı bir etibarnamənin verilməsi kimi zərurət yaranmamışdır. Çünki istinad edilən əmlak sığortalının olduğu qədər cavabdehin də əmlakıdır və öz mülkiyyətində olan nəqliyyat vasitəsinin idarə edilməsi üçün cavabdehə hər hansı etibarnamə tələb edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəlləsinin 213.1- ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Mülki Məcəlləsinin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.2-ci maddəsinə əsasən, ər-arvadın birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və ya intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.) ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş payla, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmamasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən, ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə isə ər-arvadın rəsmi reyestrdə qeydə alınmalı olmayan ümumi daşınar əmlakı üzərində sərəncam əqdini onlardan biri həyata keçirirsə, bu halda güman edilir ki, o, digərinin razılığı ilə hərəkət edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin İ hissəsinin 1-ci bəndi ilə əlaqəli şəkildə şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 iyul 2023-cü il tarixli Qərarında qeyd olunur ki, etibarnamə konkret subyektə münasibətdə təmsil olunanın iradə və maraqlarının realizə və təmin edilməsi məqsədilə verilir və etibarnamə üzrə təmsilçi təmsil olunanın ifadə etdiyi iradəsinin vasitəçisi qismində çıxış edir. Mövcud qanunvericilikdə etibarnamə məhz əqdlərin bağlanması üçün təmsilçiliklə bağlı münasibətlərin hüquqi tənzimlənməsi vasitəsi kimi nəzərdə tutulduğundan, daşınar əşya olaraq nəqliyyat vasitəsinin mülkiyyətçi olmayan şəxs tərəfindən idarə edilməsi üçün etibarnamənin olması ilə bağlı tələb qanunvericilik qaydasında aradan qaldırılmalıdır. Beləliklə, məhkəmə, iş üzrə təqdim edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçının “260,00 (iki yüz altmış) manat sığorta ödənişi məbləğinin və 30,00 (otuz) manat dövlət rüsumunun, cəmi 290,00 (iki yüz doxsan) manat məbləğində pul vəsaitinin Cavabdeh tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi” barədə iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: "xxxx" ASC-nin “260,00 (iki yüz altmış) manat sığorta ödənişi məbləğinin və 30,00 (otuz) manat dövlət rüsumunun, cəmi 290,00 (iki yüz doxsan) manat məbləğində pul vəsaitinin Cavabdeh tutulub "xxxx" ASC-nin xeyrinə ödənilməsi” barədə iddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçı "xxxx" ASC-nin özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar