Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1489/2024 14.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil1, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə Cavabdeh1, ilkin iddia üzrə Cavabdeh2 iştirakı ilə, ilkin iddia üzrə İddiaçı Şirəcəddin oğlunun cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı yaşayış sahəsində istifadə hüququna xitam verilməsi və yaşayış sahəsindən məcburi çıxarılma tələbinə dair ilkin iddiası, qarşılıqlı iddia üzrə Cavabdeh1 cavabdeh İddiaçı qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İlkin iddia tələbi və ilkin iddianın dəlilləri: İlkin iddia üzrə İddiaçı cavabadehər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı mülkiyyət hüququ ilə İddiaçı məxsus olan ünvan 1 ünvanda yerləşən mənzil sahəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 istifadə hüquqlarına xitam verilməsi və cavabdehlərin mənzil sahəsindən çıxarılmaları tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın dəlilləri ondan ibarət olmuşdur ki, ünvan 1 ünvanda olan mənzil mülkiyyət hüququ ilə mənə məxsusdur. Mənzil sahəsi üzərində mülkiyyət hüququm xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən, daşınmaz əmlakın dövlət reyestrində **********56-05101-093008 reyestr nömrəsi ilə qeydə alınmışdır. Mənzil sahəsi üzərində mülkiyyət hüququ vərəsəlik hüququ əsasında yaranmışdır. Belə ki, Bakı şəhəri X12 İcrayyə Komitəsi tərəfindən Bakı şəhəri Priqorodnaya küçəsi 29, 2945-ci kvartal,ev 9, mənzil 51, 6-cı blok, 4-cü mərtəbədə yerləşən 17, 06 kv. metr, 1 otaqlı mənzilin ilkin iddia üzrə iddiaçının atası X4 verilməsinə dair 21 sentyabr 1970-ci ildə 089745 nömrəli order verilmişdir. Həmin tarixdən mənzil sahəsi ilkin iddia üzrə iddiaçının atasına və onun ailə üzvlərinə məxsus olmuşdur. 19 aprel 2019-cu il tarixdə X7 vəfat etmişdir. Onun vəfatından sonra iddiaçı digər vərəsələrin razılığ əsasında mənzil sahəsinə mülkiyyət hüququnu qeydiyyata aldırmışdır. O, 1973-cü il tarixdən həmin mənzildə qeyddiyyata alınmışdır. İndi də özünə məxsus olan mənzil sahəsində qeydiyyatdadır. Faktiki olaraq mənzil sahəsində cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 1996-ci ildən yaşayırlar. 1996-cı ildə X8i evi Cavabdeh1 kirayə verdi. Evdə Cavabdeh1 ailə üzvləri ilə yaşayarkən atası ona bildirmişdir ki, yaşayış sahəsini satır. Atasının məqsədi Keşlədə olan həyətdə ev tikmək idi. Həmin vaxt Cavabdeh1 ilə aralarında danışıqlar oldu ki, mənzil sahəsini Cavabdeh1 satsın. Mənzil sahəsini almaq məqsədi ilə cavabdeh X4 beh pul vermişdi. O da mənzil sahəsinə dair cavabdehə etibarnamə vermişdir. X7 mənzil sahəsini Cavabdeh1 satması üçün üzərinə götürdüyü və alıcının tələb etdiyi bütün şərtləri yerinə yetirdi. Mənzil sahəsinin alqı-satqısını tamamlamaq və rəsmiləşdirmək üçün cavabdehin mənzil sahəsinin dəyərini ödəməsi qalmışdır. Cavabdeh1 mənzil sahəsinə köçdükdən sonra müxtəlif bəhanələr gətirərək mənzil sahəsinin dəyərinin ödənilməsini yubadırdı. Cavabdeh tərəfindən mənzil sahəsinin dəyəri ödənilmədiyindən aralarında alqı-satqı müqaviləsi bağlanmadı. X7 cavabdehdən mənzil sahəsini boşaltmağı tələb etdikdə Z. Misirxanov ona bildirmişdi ki, məcburi köçkünləri torpaqları işğaldan azad olunanadək heç kim yaşadıqları yerdən çıxara bilməyəcək. Cavabdeh Z. Misirxanov və ailə üzvləri məcburi köşkün olduğundan X7 torpaqların işğaldan azad olunmasını gözləmişdir. Artıq torpaqlar işğaldan azad olunduğu üçün iddiaçı cavabdehə xəbərdarlıq etdi ki, mənzil sahəsini boşaltsın. Z. Misirxanov mənzil sahəsini boşaltmayacağını, mənzil sahəsini ona X3 verdiyini bildirdi. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın isə rədd edilməsini xahiş etdi. Qarşılıqlı iddia üzrə iddia tələbi və iddianın dəlilləri: Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 Kazim oğlu cavabdeh İddiaçı qarşı ünvan 1 ünvanda yerləşən mənzil sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın dəlilləri ondan ibarət olmuşdur ki, Cavabdeh1 ailəsi ilə birlikdə 1993-cü ildə Ağdam rayonundan məcburi köçkün düşmüş və Bakı şəhərinə gəlmişdir. Həmin vaxtdan ünvan 1 ünvanda yerləşən mənzildə kirayə qalmışdırlar. 1997-ci ildə mənzilin sahibi X7 ilə mənzilin alqı-satqısı barədə razılığa gəlmişdirlər. Mənzilin dərəi barədə 3200 manat razılaşmışdırlar. Evin sahibi onlaraq 3 illkik baş etibarnamə vermişdir. Həmin məbləğdən onlar 2200 manatı X4 ödəmişdirlər. Razılaşmışdırlar ki, evi adlarına rəsmiləşdirdikdən sonra qalan 1000 manatı da ödəyəcəklər. Həmin vaxtdan mənzilin bütün xərclərini qarşılıqlı iddia üzrə iddiaçı və ailə üzvləri ödəyirlər. O, vaxt mənzildə qeydiyyatda olan İddiaçı və X6 notarial qaydada mənzilin satılmasına etiraz etmədiklərinə dair ərizə vermişdirlər. Həmin vaxt evin sahibi mənzil növbəsində idi və bildirmişdir ki, ev alan kimi bu mənzili alıcıların adına rəsmiləşdirəcəkdir. 2023-cü ilin sentyabr ayında onlar dövlətdən ev aldılar. İddiaçı onlara öz öhdəliklərini xatırlatdı, lakin onlar gözləməyi bildirdilər. Daha sonra isə ondan əlavə ödəniş tələb etdilər və mənzili adına keçirtməkdən imtina etdilər. 1997-ci ildə 3200 manata ondan da yaşı ev almaq olardı. Lakin iddiaçı və ailə sözü gedən evdə xeyrli vaxt yaşadırlarına görə qeyd edilən mənzili seçdilər. Hal-hazırda da qarşılıqlı iddia üzrə iddiaçı ailəsi ilə birlikdə yaşıyorlar. Qarşılıqlı iddia üzrə iddiaçı məhkəmə iclasında qarşılıqlı iddianın məzmununa uyğun izahat verərək məhkəmədən qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi. O, məhkəmə iclasında ilkin iddiaya etiraz edərək məhkəmədən ilkin iddianın rədd edilməsini xahiş etdi. İlkin iddia üzrə Cavabdeh2 ilkin iddiaya dair münasibəti: İlkin iddia üzrə Cavabdeh2 məhkəmə iclasında ilkin iddiaya etiraz edərək məhkəmədən ilkin iddianın rədd edilməsini xahiş etdi. İlkin iddia üzrə cavabdehlər Cavabdeh3 və Cavabdeh4 ilkin iddiaya dair münasibəti: İlkin iddia üzrə cavabdehlər Cavabdeh4 və Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumat verilsə də, onlar heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehlərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdri. İşin halları Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, ev 9, 51 saylı mənzil Bakı şəhəri X12 İcrayyə Komitəsinin qərarına əsasən X4 21 sentyabr 1970-ci ildə 089745 nömrəli order əsasında verilmişdir. X7 xx.xx.2019-cu il tarixində ölmüşdür. Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, ev 9, 51 saylı mənzilə dair mülkiyyət hüququ isə xx.xx.2019-cu il tarixində X2 miras qalan əmlak kimi İş xx.xx.2014-cü il tarixli Qanun üzrə vərəslik haqqında şəhadətnaməyə əsasən İddiaçı adına qeydiyyata alınmışdır. X1 tərəfindən Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, ev 9, 51 saylı mənzillə bağlı Cavabdeh1 1998-ci ildə baş etibarnamə və mənzilin özəlləşdirilməsi üçün etibarnamə verilmişdir. Həmin vaxt İddiaçı Sirəcəddin oğlu tərəfindən mənzildin atası tərəfindən satılmasına etiraz etmədiyinə dair notarial qaydada təsdiq edilmiş etibarnamə verilmişdir. Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin xx.xx.2024-cü il tarixli mətubundan görünür ki, Ağdam şəhərindən məcburi köçkünlər Cavabdeh1, X5, Cavabdeh3 və Cavabdeh4 Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, ev 9, 51 saylı mənzildə müvəqqəti məskunlaşmış, heç biri məcburi köçkünlər üçün inşa edilmiş yeni yaşayış məntəqələrində mənzillə təmin olunmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan SSR Mülki Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan SSR-in 1964-cü il tarixli 11 sentyabr tarixli qanunu ilə təsdiq edilmiş Azərbaycan SSR Mülki Məcəlləsi Maddə 43. Əqdin notariat formasının məcburiliyi və buna riayət edilməməsinin nəticələri. Əqdlərin notarial təsdiqi yalnız qanunda göstərilən hallarda məcburidir. Qanunla tələb olunan notariat formasına əməl edilməməsi (bu Məcəllənin 44-cü maddəsi) əqdin etibarsızlığına səbəb olur. Tərəflərdən biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etməkdən boyun qaçırırsa, əqddə qanunazidd əməl olmadıqda məhkəmə əqdi icra etmiş tərəfin tələbi ilə onu bağlanmış hesab etməyə haqlıdır. Bu halda əqdin notariat tərtibatı tələb olunmur. Maddə 73. Ümumi iddia müddətləri. Hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il, dövlət təşkilatlarının, kolxozların və kooperativ və ictimai təşkilatların kooperativ və sair ictimai təşkilatların bir-birinə olan iddiaları üzrə isə bir il müəyyən edilir. Maddə 78. İddia müddətinin axımının başlanğıcı. İddia müddətinin axımı iddia hüququ əmələ gələn gündən başlanır; iddia hüququ, şəxsin öz hüququnun pozulmasını bildiyi və ya bilməli olduğu gündən əmələ gəlir. 8 iyul 1982--ci il tarixli 979—X nömrəli “Azərbaycan SSR Mənzil məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Sovet Sosialist Respubliksının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mənzil Məcəlləsi” Maddə 51.Yaşayış sahəsini icarə müqaviləsi. Yaşayış sahəsini icarə müqaviləsinin bağlanması Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla—mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən yaşayış sahəsini icarə müqaviləsinə uyğun olaraq istifadə edilir. Yaşayış sahəsini birtipli icarə müqaviləsini, yaşayış sahəsindən istifadə, yaşayış evini və evyanı ərazini saxlamaq qaydalarını Azərbaycan SSR Nazirlər Soveti təsdiq edir. Yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn münasibətlərə müvafiq hallarda SSR İttifaqının və Azərbaycan SSR-in mülki qanunvericiliyi qaydaları da tətbiq edilir. Maddə 54.İcarədarın başqa vətəndaşları ailə üzvləri sifətilə yaşayış sahəsinə köçürmək hüququ İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiqkompensasiya verməsi yolu ilə xitam verilə bilər. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, ilkin və qarşılqlı iddialar aşağıda göstərlənlərə görə rədd edilməlidir. Belə ki, məhkəmə ilkin iddiaya qiymət verərək qeyd edir ki, mülki işin mübahisəsiz halları ondan ibarət olmuşdur ki, ünvan 1 ünvanda yerləşən mənzil sahəsi ilkin iddia üzrə iddiaçının mərhum atası X4 Bakı şəhəri X12 İcrayyə Komitəsinin 21 sentyabr 1970-ci ildə 089745 nömrəli orderi əsasında verilmişdir. Həmin mənzil heç bir vaxt mərhum X3 mülkiyyətində olmamışdır. Daha sonra 1993-cü ildə ilkin iddia üzrə cavabdehlər məlum hadisələrlə əlaqədar Ağdam rayonundan məcburi köçkün düşmüş və Bakı şəhərində yerləşən sözügedən mənzildə məskunlaşmışdırlar. Qeyd edilən şəxslər həmin evə görə ödəniş etməklə X7 və onun ailə üzvlərinin razılığı ilə sözügedən mübahisəli mənzilə köçmüşlər və həmin vaxtdan etibarən mənzildə yaşayırlar. Qeyd edilən halları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, 08 iyul 1982--ci il tarixli 979—X nömrəli “Azərbaycan SSR Mənzil məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Sovet Sosialist Respubliksının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mənzil Məcəlləsi”nin müvafiq maddəsinə əsasən Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 Kazim oğlunun ünvan 1 ünvanda yerləşən mənzil sahəsindən istifadə hüququ yaranmışdır. Belə olan halda, məhkəmə hesab edir ki, qeyd edilən şəxslərin mənzildən istifadə hüququna yalnız müvafiq məbləğdə kompensasiya ödənilməklə xitam verilə bilər. Belə ki, məhkəmə R. Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarına istinadən qeyd edir ki, Mənzil Məcəlləsinin 123-cü maddəsində və ümumiyyətlə bu Məcəllədə yaşayış sahəsindən istifadə hüququna xitamla bağlı kompensasiya verilməsini nəzərdə tutan heç bir hüquq norması mövcud deyildir. Bu halda mübahisənin həllinin hər hansı normaya əsaslanmadan məhkəmənin mülahizəsində saxlanılması mülkiyyətçi və ya istifadəçinin hüquqlarını zərbə altına qoya bilər. Belə vəziyyətdən çıxış yolu tapmaq üçün qüvvədə olan qanunvericilikdə məsələnin qanuni həllini müəyyənləşdirən müvafiq normaya istinad olunması vacibdir.Mülki Məcəllənin 11.1-ci maddəsini nəzərə almaqla yaşayış sahəsindən istifadə hüququnun kompensasiya verilməklə xitamına dair bu Məcəllənin 228.2 maddəsində nəzərdə tutulmuş normanın əvvəllər yaranmış və uzanan xarakter daşıyan münasibətlərə tətbiqinin mümkünlüyünü Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli qərarında əks olunmuş mövqelərinə zidd olmamaqla onları tamamlayır. Beləliklə, ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən mənzil qanunvericiliyində normanın mövcud olmamasına görə iddianın rədd olunması və konkret mübahisənin həllindən faktiki imtina edilməsi yolverilməzdir. Mənzil qanunvericiliyində müəyyən münasibətlərin tənzimlənməməsi, öz əlamətlərinə görə mülki hüququn predmetinə aid mülki münasibətlərin mövcudluğu və mülki qanunvericilikdə oxşar münasibətləri tənzimləyən normanın olması bütövlükdə dövlətin iradəsindən çıxış edərək boşluğun tamamlanması məqsədi ilə qanunun analogiyasının tətbiqi üçün əsas götürülə bilər. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ilkin iddia üzrə cavabdehlərin mübahisəli mənzildən istifadə hüquqlarına yalnız müvafiq ədalətli kompensasiya ödənilməklə xitam verilə bilər, lakin ilkin iddia üzrə iddiaçı bununla bağlı hər hansı təklif irəli sürməmişdir. Belə olan halda, ilkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 ünvan 1 ünvanda yerləşən mənzil sahəsindən istifadə hüququna xitam verilməklə mənzildə çıxarılmalarına dair iddiası əsassız hesab edilərək rədd edilməlidir. Məhkəmə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 İddiaçı qarşı Cavabdeh1 Kazim oğlu ilə İddiaçı ilə ünvan 1 ünvanda yerləşən mənzil sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə qiymət verərək belə qənaətə gəlir ki, qarşılıqlı iddia əsassız olduğuna görə rədd edilməlidir. Belə ki, iddia tələbinin hüquqi əsasını təşkil edən normanın məzmunundan məlum olur ki, hər hansı əqdin bağlanmış hesab edilməsi tələbini irəli sürən şəxs əqdi tam və ya qismən icra etmiş olmalı, əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli, məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı, əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Məhkəmə mülki işin hallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, qarşılıqlı iddia üzrə iddiaçı bağlanmasını iddia etdiyi əqdi qismən icra etmiş olsa belə, əqdin notarial təsdiqənməsi qaydasına riayət edilməməsinin digər tərəfin təqsiri ucbatından baş verdiyi, digər tərəfin əqdin notariat qaydasında təsdiqlənməsindən yayındığı halları məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçı istinad etdiyi halları təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən həmin dövrdə sözügedən yaşayış sahəsi X3 mülkiyyətində olmamışdır və mülkiyyəti hüququ olmayan mənzil sahəsinə dair sərəncam vermək (vəsiyyət etmək, satmaq, bağışlamaq) hüququ olmamışdır. Göstərilənlərlə yanaşı əqdin yazılı formada tərtib edilməsinə dair tələbə də riayət edilməmişdir ki, bu hal son nəticədə əqdin mühüm şərtəri ilə bağlı tərəflərin iradə ifadəsini müəyyən etməyə imkan vermir. Belə olan halda, məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 İddiaçı qarşı Cavabdeh1 Kazim oğlu ilə İddiaçı ilə ünvan 1 ünvanda yerləşən mənzil sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddiası əsassız hesab edilərək rədd edilməlidir. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia eyni zamanda iddia müddəti tətbiq edilməklə də rədd edilməlidir. Belə ki, göründüyü kimi, Cavabdeh1 ilə X7 arasında ünvan 1 ünvanda olan mənzilinin satılması ilə bağlı razılaşma 1997-ci ildə əldə edilmiş, lakin hər hansı formada rəsmiləşdirilməmişdir. Hazırki iddia üzrə iddia müddətinin axımı mübahisəli mənzilin satılması ilə bağlı razılaşmanın əldə edildiyi vaxtdan hesablanmalıdır. Belə ki, elə həmin vaxtdan da qarşılıqlı iddia üzrə iddiaçının mənzildə dair alqı-satqı müqaviləsinin qanunvericiliklə müəyyən edilmiş qaydada rəsmiləşdirilməsini tələb etmək hüququ yaranmışdır. Yəni, müddətin axımı 1997-ci il tarixdən hesablanmalı olduğu halda, iddiaçı pozulmuş hüquqlarının bərpası məqsədilə məhkəməyə xx.xx.2023-cü il tarixində, yəni üç illik iddia müddətini ötürməklə müraciət etmişdir. Bununla da qarşılıqlı iddiaçı tələbi üzrə qanunla müəyyən edilmiş üç illik iddia müddətini ötürdüyündən, mübahisə tərəfi olan cavabdeh isə iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etdiyindən, iş üzrə iddia müddəti tətbiq edilərək, mövcud qarşlıqlı iddia tələbi də rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İlkin iddia ərizəsi üzrə İddiaçı cavabdehər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı mülkiyyət hüququ ilə İddiaçı məxsus olan ünvan 1 ünvanda yerləşən mənzil sahəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 istifadə hüquqlarına xitam verilməsi və cavabdehlərin mənzil sahəsindən çıxarılmaları tələbinə dair iddiası rədd edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı ünvan 1 ünvanda yerləşən mənzil sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbasova Əminə
Məhkəmə qərarları › İş №e-2(011)-1489/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1489/2024
14.06.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver