Məhkəmə qərarları › İş №e-2(011)-1497/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1497/2025

17.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1497/2025 17.03.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbi barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı – cavabdehdən 6.800 manat məbləğində vurulmuş zərər və 88 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 6.888 manat pul məbləğinin alınaraq, iddiaçının hesabına köçürülməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, «X15” markalı, 10–SZ–041 dövlət nömrə nişanlı avtomobil xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə xx.xx.2020-ci il tarixli PXA ********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. 2021-ci il sentyabrın 03-də Cavabdeh idarəetmə hüququ və etibarnamə olmadan idarə etdiyi «X15” markalı, 10–SZ–041dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Pirallahı qəsəbəsində “VAZ 2101” markalı, 62–BC–943 dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Toqquşmanın nəticəsində “VAZ 2101” markalı, 62–BC–943 dövlət nömrə nişanlı avtomobilin sürücüsü X8 aldığı xəsarətlərdən vəfat etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarxili, 1(101)-695 sayl hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə təqsirli bilnmişdir. Başqa sözlə desək, vurulmuş zərərin məhz cavabdehin təqsirli nəticəsində baş verməsi məhkəmənin hökmü ilə müəyyən edilərək, təsdiqini tapmışdır. "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixində verilmiş qiymətləndirmə aktına əsasən hadisə nəticəsində “VAZ 2101” markalı, 62–BC–943 dövlət nömrə nişanlı avtomobilə 1800 manat məbləğində ziyan dəymişdir. İddiaçı xx.xx.2022-ci il tarixində 6800 manat məbləğində sığorta ödənişini zərərçəkmiş şəxsin varisi X1 ödəmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəməyə ərizə ilə müraciət edərək, işə iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumatlandırılmaqla məhkəməyə çağırılsa da, lakin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Odur ki, məhkəmə iddia ərizəsini, işin materiallarını araşdıraraq, hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş PXA 105397 nömrəli sığorta aktının surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı sığortalanmış «X15” markalı **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobil “VAZ 2101” markalı **-BC-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş və nəticədə sonuncu avtomobilə 1.800 manat məbləğində zərər dəymişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş PXA 105398 nömrəli sığorta aktının surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı sığortalanmış «X15” markalı **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobil “VAZ 2101” markalı **-BC-*** dövlət nömrə nişanlı avtomobilin toqquşması nəticəsində sonuncu avtomobilin sürücüsü X8 vəfat etmişdir və zərərçəkənə 5.000 manat məbləğində zərər dəymişdir. Ölən şəxsin vərəsəsi X5 qeyd edilmişdir. İş materiallarında olan “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışın surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə «X15” markalı **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh yol nəqliyyat hadisəsi edərək, “VAZ 2101” markalı **-BC-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş və nəticədə sonuncu avtomobili idarə edən X8 ölmüşdür. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-695/2022 saylı xx.xx.2022-ci il tarixli hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 2 (iki) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Cavabdeh ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının Cavabdeh məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanması, Cavabdeh barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökmünün qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etməyə dair əlavə cəzanın icrasının cəzanı icra edən müəssisə və orqan tərəfindən Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 154.1-ci və 154.3cü maddələrinin tələblərinə müvafiq olaraq həyata keçirilməsi, Cavabdeh 100 (bir yüz) manat məbləğində ekspertiza xərcinin tutularaq dövlət büdcəsinə köçürülməsi, ibtidai istintaq mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 8 saylı vəkil bürosunun hesabına vəkil X2 üçün 72 manat məbləğində pulun köçürülməsi, məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 12 saylı vəkil bürosunun hesabına vəkil X7 üçün 180 manat məbləğində pulun köçürülməsi hökm edilmişdir. Hökmdən həmçinin görünür ki, Cavabdeh nəqliyyat vasitəsini idarəetmə hüququ olmadan avtomobili idarə edərkən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. İş materiallarında olan icbari sığorta müqaviləsinə dair məlumat vərəqindən görünür ki, X6 məxsus «X15” markalı **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC-də əmlaka vurulan zərərə görə 5.000 manat və bir şəxsin sağlamlığına vurulan zərərə görə 5.000 manat məbləğində sığorta olunmuşdur. İş materiallarında olan "xxxx" Şirkətinin qiymətləndirmə aktından görünür ki, 1 “VAZ 2101” markalı **-BC-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərin məbləği 1.800 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan sığorta ödənişinin alınması üçün plastik ödəmə kartının təhvil-təslim aktının surətindən görünür ki, kartlar "xxxx" ASC-dən sığorta ödənişini alması üçün X3 təhvil verilmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı "xxxx" ASC-nin iddiasının əsası kimi istinad etdiyi Cavabdeh tərəfindən idarə olunan iddiaçı ASC-də sığortalanmış «X15” markalı **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin X4 idarə etdiyi “VAZ 2101” markalı **-BC-*** dövlət nömrə nişanlı avtomobillə toqquşması nəticəsində sonuncu avtomobilə zərər dəyməsi və onun sürücüsü Fərman Məmmədovun həyatını itirməsi iş materialları ilə öz təsdiqini tapır. Hadisə ilə bağlı cinayət işi başlanmış və Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-695/2022 saylı xx.xx.2022-ci il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 2 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il müddətinə azadlıqdan məhrum edilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, Cavabdeh avtomobilə idarə edən zaman avtomobilə idarə etmək hüququ olmamışdır. «X15” markalı **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı ASC-də sığortalandığından, “VAZ 2101” markalı **-BC-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş maddi zərər və Fərman Məmmədovun ölümü nəticəsində onun hüquqi varisinə dəymiş maddi zərər iddiaçı "xxxx" ASC tərəfindən aradan qaldırılmış və X3 ümumilikdə 6.800 manat sığorta ödənişi edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Sadalanan xüsusatlara əsasən, məhkəmə hesab edir ki, cavabdeh avtomobili idarə etmək hüququ olmadan idarə edərək, yol-nəqliyyat hadisəsi törətməklə digər şəxsə zərər vurulmasına gətirib çıxaran hərəkətə yol verdiyindən, iddiaçı subroqasiya qaydasında ondan 6.800 manat məbləğində pul vəsaitini tələb etməkdə haqlıdır. Odur ki, məhkəmə hesab edir ki, yol nəqliyyat hadisəsinin baş verməsinə, bununla da zərərin vurulmasına gətirib çıxaran nəqliyyat vasitəsi olan «X15” markalı ** SZ *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh tərəfindən idarə edildiyindən və buna görə də ziyan bilavasitə onun tərəfindən vurulduğundan, bununla da mülki hüquq pozuntusu (delikt) cavabdeh tərəfindən törədildiyindən, vurulmuş 6.800 manat məbləğində iddiaçı tərəfindən zərərçəkənə ödənilmiş ziyan cavabdehdən subroqasiya qaydasında alınaraq iddiaçı "xxxx" ASC-nə ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurulmuşdur. Odur ki, ödənilmiş sığorta ödənişi cavabdehdən alınmaqla yanaşı eyni zamanda, cavabdehdən ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. 6.800 (altı min səkkiz yüz) manat məbləğində pul vəsaiti və 88 (səksən səkkiz) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-nə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar