Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1499/2025 30.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, İddiaçı və onun nümayədəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “cavabdehin binadan çıxarılması, binanın idarəetməsindən kənarlaşdırılması, binaya dair əmlakın, sənədlərin Xətai rayonu Xətai bələdiyyəsinə təhvil verilməsi, vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı Cavabdeh MMC-yə qarşı qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdehin Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, giriş 52, M19 ünvanında yerləşənbinadan çıxarılması və həmin binanın idarəetməsindən kənarlaşdırılması, cavabdeh tərəfindən Binaya dair bütün sənədlərin, açarların və idarəetmə ilə bağlı digər aidiyyəti əmlakın Azərbaycan Respublikası Xətai rayonu Xətai Bələdiyyəsinə təhvil verilməsi, cavabdehdən tutularaq iddiaçıya hüquqi xidmətə görə ödənilmiş 1500 manatın əvəzi və 100 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan məhkəməyə iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən cavabdehin Bakı şəhəri, AZ1121, Xətai rayonu, Gəncə prospekti, ev 48, 48A, 50, 50A, 52, 52A, 54, 54A, 54B, 56, 56A, 56B, 56C, 58, 58A, 58B, 60, 60A, 60B, 60C ünvanında yerləşən binadan çıxarılması və həmin binanın idarəetməsindən kənarlaşdırılması, cavabdeh tərəfindən Binaya dair bütün sənədlərin, açarların və idarəetmə ilə bağlı digər aidiyyəti əmlakın Azərbaycan Respublikası Xətai rayonu Xətai Bələdiyyəsinə təhvil verilməsi, cavabdehdən tutularaq iddiaçıya hüquqi xidmətə görə ödənilmiş 1500 manatın əvəzi və 100 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı (bundan sonra –İddiaçı) Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, giriş 52, M19 ünvanında yerləşən binada (bundan sonra – Bina) mənzil 3-ün mülkiyyətçisidir. Bina qanunsuz olaraq Cavabdeh MMC (bundan sonra – Cavabdeh) tərəfindən idarə olunur. Belə ki, Mənzil Məcəlləsinin 35-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və həmin Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında qəbuledilmiş qərara əsasən çoxmənzilli binada ümumi mülkiyyət obyektləri digər şəxslərin istifadəsinə verilə bilər, bu şərtlə ki, belə qərar vətəndaşların və hüquqi şəxslərin hüquqlarını və qanuni mənafelərini pozmasın. Tərəflərin izahatları: İddiaçının İddiaçı və onun nümayədəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddianı müdaiə edərək, qeyd edilən tarixdə ümumi yığıncağın keçirilməsinin mümkün olmadığını bildirərək, məhkəmədən cavabdehin Bakı şəhəri, AZ1121, Xətai rayonu, Gəncə prospekti, ev 48, 48A, 50, 50A, 52, 52A, 54, 54A, 54B, 56, 56A, 56B, 56C, 58, 58A, 58B, 60, 60A, 60B, 60C ünvanında yerləşən binadan çıxarılması və həmin binanın idarəetməsindən kənarlaşdırılması, cavabdeh tərəfindən Binaya dair bütün sənədlərin, açarların və idarəetmə ilə bağlı digər aidiyyəti əmlakın Azərbaycan Respublikası Xətai rayonu Xətai Bələdiyyəsinə təhvil verilməsi, cavabdehdən tutularaq iddiaçıya hüquqi xidmətə görə ödənilmiş 1500 manatın əvəzi və 100 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Həmçinin bildirmişlər ki, cavabdeh təşkilata məxsus olan maliyyə sənədlərini deyil, məhz binaya dair sənədlərin təqdim edilməsini xahiş edirlər. Hazırda onların binaya dair olan sənədlərdən anlayışları və məlumatları yoxdur. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında izahatında bildirmişdir ki, cavabdeh könüllü olaraq binanın idarə edilməsindən kənara çəkilir. Belə ki, binanın idarə edilməsi cavabdeh təşkilatın kommersiya maraqlarına cavab vermir. Bundan əvvəl komunnal xidmətlərinin göstərilməsi ilə bağlı müvafiq təşkilat arasında problem yox idi. Artıq mübahisələr yaranır. Bu məsələni də sakinlər yaradır. Cavabdeh tərəf olaraq onlar bütün sənədləri vermək məcburiyyətində deyillər. Belə ki, ofisi şəxsi mülkiyyətdədir. Binaya dair açarlar onlar tərəfindən veriləcək ki, özləri şərait yaratsınlar. Bina ilə bağlı nə varsa veriləcək. Lakin iddiada qeyd edilən bütün sənədlərin verilməsi hissəsini qəbul etmirlər. İş materiallarına əlavə edilmiş: Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, AZ1121, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, giriş 52, M19, m3 ünvanında yerləşən mənzil İddiaçı adına xüsusi mülkiyyəti olaraq xx.xx.2021ci il tarixində dövlət reyestrində qeydə alınmışdır. xx.xx.2024-cü il tarixli 100304 nömrəli qəbzdən görünür ki, “Həsənov” vəkil bürosuna 1500 manat məbləğində pul ödənilmişdir. xx.xx.2024-cü il tarixli, ********** saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti və İ.Zülfüqarov küçələri kəsişməsin ünvanında yerləşən çoxmənzilli binaların sahə mülkiyyətçilərinin ümumi yığıncağının xx.xx.2020-ci il tarixli, 01 nömrəli protokol ilə çoxmənzilli binaların saxlanması üzrə xidmətlərin siyahısı, çoxmənzilli binaların sahə mülkiyyətçilərinin və idarəedici təşkilatın hüquq və vəzifələri, çoxmənzilli binaların saxlanması və idarəedilməsi üçün aylıq xitmətlərin tarifləri (haqqları), güzəştlərin tətbiqi və ödənişlərin tutulma qaydası təsdiq edilmişdir. Adıçəkilən protokolun 6-cı bəndindən görünür ki, binanın idarəedici təşkilatı Cavabdeh MMC təyin edilmiş, ödənişlərin yığılması və xidmətlərin göstərilməsi həmin təşkilat tərəfindən həyata keçirilməsi qərara alınmışdır. Adıçəkilən protokolun 8-ci bəndindən görünür ki, sahə mülkiyyətçiləri ilə idarəedici təşkilat arasında müqavilənin bağlanıb-bağlanmasından asılı olmayaraq Mənzil Məcəlləsinin 45.5-ci maddəsinə uyöun olaraq hazırkı qərarın icrası həmin binada bütün sahə mülkiyyətçiləri üçün məcburidir. Çoxmənzilli binaların saxlanması və idarəedilməsi üçün aylıq xidmətlərin tarifləri (haqqları), güzəştlərin tətbiqi və ödənişlərin tutulma qaydalarından görünür ki, xidmət tarifləri Bakı şəhəri, Xətai rayonu, Gəncə pr ilə İ.Zülfüqarov küçələrinin kəsişməsi ünvanında “Xətai Park” Yaşayış Kompleksində istismara icazədən öncə yaşayış sahələrinin mülkiyyətçiləri üçün 1 m2 sahə üçün xidmət haqqı tarifləri 0.17 AZN, istismara icazədən sonra yaşayış sahələrinin müllkiyyətçiləri üçün 1 m2 sahə üçün xidmət haqqı tarifləri 0.35 AZN müəyyən edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mənzil Məcəlləsi Maddə 43.1. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı binanın idarəetmə orqanıdır. Maddə 43.2. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aşağıdakılar aiddir: 43.2.1. çoxmənzilli binanın yenidən qurulması (o cümlədən onun genişləndirilməsi və ya üstünün tikilib artırılması), təsərrüfat tikililərinin və digər bina, tikili və qurğuların inşa edilməsi, çoxmənzilli binanın ümumi əmlakının təmiri haqqında qərar qəbul etmək; 43.2.2. çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsindən istifadə hədləri haqqında, o cümlədən ondan istifadəyə məhdudiyyətlər tətbiq edilməsi haqqında qərar qəbul etmək; 43.2.3. çoxmənzilli binanın ümumi əmlakının istifadəyə verilməsi haqqında qərar qəbul etmək; 43.2.4. çoxmənzilli binanın idarəetmə üsulunu seçmək; 43.2.5. bu Məcəllə ilə çoxmənzilli binanın mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aid edilmiş digər məsələlər. Maddə 44.1. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri bu Məcəllənin 43.2-ci maddəsində göstərilən məsələlərlə bağlı qərar qəbul etmək zərurəti yarandıqda ümumi yığıncaqlarını keçirməlidirlər. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsi müddətləri və qaydası, habelə qəbul edilmiş qərarlar barədə məlumat verilməsi qaydası binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən müəyyən edilir. Maddə 44.2. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı həmin mülkiyyətçilərin birinin təşəbbüsü ilə çağırıla bilər. Maddə 44.3. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı ümumi səslərin əllidən çox faizinə malik olan sahə mülkiyyətçiləri və ya onların nümayəndələri iştirak etdikdə səlahiyyətlidir (yetərsay yaranır). Yetərsay olmadıqda çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsi üçün yenidən ümumi yığıncaq keçirilməlidir. Maddə 44.4. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsinin təşəbbüskarı olan mülkiyyətçi həmin binanın sahə mülkiyyətçilərinə yığıncağın keçirilməsi tarixinə ən azı on gün qalanadək onun keçirilməsi barədə məlumat verməlidir. Göstərilən müddət ərzində çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsi barədə məlumat həmin binanın sahə mülkiyyətçilərinin hər birinə sifarişli məktubla (həmin binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarı ilə bu məlumatın göndərilməsinin digər üsulu müəyyən edilməyibsə) və ya binanın sahə mülkiyyətçilərinin hər birinə imza ilə əlbəəl verilməli və ya binada ümumi yığıncağın qərarı ilə müəyyən edilmiş və bütün sahə mülkiyyətçiləri üçün əl çatan yerdə (yerlərdə) yerləşdirilməlidir. Maddə 44.5. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsi haqqında məlumatda aşağıdakılar göstərilməlidir: 44.5.1. yığıncağın çağırılması təşəbbüsünü irəli sürmüş şəxs barədə məlumat; 44.5.2. yığıncağın keçirilməsi forması (iclas və ya qiyabi səsvermə); 44.5.3. yığıncağın keçiriləcəyi tarix, yer və vaxt, yığıncaq qiyabi səsvermə yolu ilə keçirilirsə, səsverməyə qoyulmuş məsələlər üzrə mülkiyyətçilərin qərarının qəbulunun başa çatması tarixi və bu qərarın verilməli olduğu yer və ya ünvan; 44.5.4. yığıncağın gündəliyi; 44.5.5. yığıncaqda təqdim ediləcək məlumat və (və ya) materiallarla tanış olmaq qaydası və onlarla tanış olmaq yeri və ya ünvanı. Maddə 44.6. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən bu Məcəllənin Xİİİ fəslinə uyğun olaraq mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti yaradıldığı hallarda çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı öz səlahiyyətlərini mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçılarının ümumi yığıncağına verilməsi barədə qərar qəbul edə bilər. Bu halda: 44.6.1. çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncaqları keçirilmir və bu yığıncaqlar yalnız çoxmənzilli binanın sahə mülkiyyətçilərinin səslərinin ümumi sayının yarısından çoxuna malik olan şəxslər tərəfindən çağırıla bilər; 44.6.2. bu Məcəllənin 45.6-cı maddəsinin müddəaları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçılarının ümumi yığıncağı barəsində öz qüvvəsini saxlayır. Maddə 45.1. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin səslərinin ümumi sayının üçdə ikisindən az olmayan səs çoxluğu ilə qəbul edilən bu Məcəllənin 43.2.1- 43.2.3-cü maddələrində nəzərdə tutulmuş qərarlar istisna olmaqla, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səsə qoyulmuş qərarları yığıncaqda iştirak edən ümumi səslərin səs çoxluğu ilə qəbul edilir. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarları həmin binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən müəyyən edilmiş qaydada protokollarla rəsmiləşdirilir. Maddə 45.2. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının gündəliyinə daxil olmayan məsələlər üzrə qərarlar qəbul etmək, habelə yığıncağın gündəliyində dəyişiklik etmək hüququ yoxdur. Maddə 45.3. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında qəbul edilmiş qərar və səsvermənin nəticələri barədə məlumat binanın sahə mülkiyyətçilərinin nəzərinə ümumi yığıncağın keçirilməsinin təşəbbüskarı olan mülkiyyətçi tərəfindən həmin qərarların qəbul edildiyi gündən on gündən gec olmayan müddətdə bu haqda məlumatın binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarı ilə müəyyən edilmiş və binanın bütün sahə mülkiyyətçiləri üçün əl çatan olan sahədə yerləşdirilməklə çatdırılır. Maddə 45.4. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının protokolları və səsə qoyulmuş məsələlər üzrə qəbul edilmiş qərarları həmin yığıncağın qərarı ilə müəyyən edilmiş yerdə və ya ünvanda saxlanılır. Maddə 45.5. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının onun səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə bu Məcəllə ilə müəyyən edilmiş qaydada qəbul etdiyi qərarların icrası həmin binada bütün sahə mülkiyyətçiləri, o cümlədən, səsvermədə iştirak etməyən mülkiyyətçilər üçün məcburidir. Maddə 45.6. Çoxmənzilli binanın sahə mülkiyyətçisi həmin binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının bu Məcəllənin tələbləri pozulmaqla qəbul edilmiş qərarından məhkəməyə o halda şikayət verə bilər ki, o, həmin yığıncaqda iştirak etməmiş olsun və ya belə qərarın qəbul edilməsinin əleyhinə səs vermiş olsun və həmin qərarla onun hüquqları və qanuni mənafeləri pozulmuş olsun. Belə şikayət haqqında məhkəməyə ərizə mülkiyyətçi qərarın qəbul edildiyi barədə bildiyi və bilməli olduğu gündən altı ay müddətində verilə bilər. Maddə 45.7. Əgər çoxmənzilli binada bütün sahələr bir mülkiyyətçiyə məxsusdursa, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aid edilən məsələlər üzrə qərarlar həmin mülkiyyətçi tərəfindən təkbaşına qəbul edilir və yazılı formada rəsmiləşdirilir. Bu halda bu fəslin çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağına hazırlıq, onun çağırılması və keçirilməsi qayda və müddətlərini müəyyənləşdirən müddəaları tətbiq edilmir. Maddə 135.1. Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Maddə 135.2.3. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifələrindən biri mənzil-tikinti kooperativi üzvləri üçün mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan yaranmış hesab edilir. Maddə 136.2. Çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq aşağıdakılardan ibarətdir: Maddə 136.2.1. çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq; 136.2.2. kommunal xidmətlərə görə haqq. Maddə 136.3. Yaşayış binalarının mülkiyyətçiləri müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağladıqları müqavilələrə uyğun olaraq, həmin binaların saxlanması və təmiri üzrə xərcləri çəkir, habelə kommunal xidmətlərə görə haqq ödəyir. Maddə 136.4. Kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. Maddə 137.4. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənzil-tikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər. Maddə 137.7. Bilavasitə mülkiyyətçilər tərəfindən idarə olunan çoxmənzilli binanın yaşayış sahələrinin mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq ödəyirlər. Maddə 137.10. Mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir. Maddə 141.1. Çoxmənzilli binanın idarə edilməsi sakinlərin əlverişli və təhlükəsiz yaşamaq şəraitini, çoxmənzilli binanın ümumi əmlakının lazımi saxlanmasını, həmin əmlakın istifadə edilməsi məsələlərinin həll edilməsini, habelə belə bina sakinlərinə kommunal xidmətlərin göstərilməsini təmin etməlidir. Maddə 141.2. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri binanın aşağıdakı idarə edilməsi üsullarından birini seçməyə borcludur: 141.2.1. binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilmə; 141.2.2. mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilmə; 141.2.3. idarəedici təşkilat tərəfindən idarə edilmə. Maddə 141.3. Çoxmənzilli binanın idarə edilməsi üsulu binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında seçilir və istənilən vaxt onun qərarı əsasında seçilə və ya dəyişdirilə bilər. İdarəetmə üsulunun seçilməsi barədə ümumi yığıncağın qərarı binanın bütün sahə mülkiyyətçiləri üçün məcburidir. 141.4. Çoxmənzilli binanın yerləşdiyi ərazinin bələdiyyəsi çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən altı ay ərzində həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə həmin binanın idarəetmə üsulunun seçilməsi məsələsinin həlli üçün binanın sahə mülkiyyətçilərinin yığıncağını çağırmalıdır. Belə yığıncaqda bu Məcəllənin 141.5-ci maddəsinin müddəaları bələdiyyə tərəfindən sahə mülkiyyətçilərinin nəzərinə çatdırılmalıdır. Maddə 141.5. Bir il ərzində çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə həmin binanın yerləşdiyi ərazinin bələdiyyəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada idarəedici təşkilatın seçilməsi üzrə açıq müsabiqə keçirməlidir, bu şərtlə ki, bu Məcəllənin 141.4-cü maddəsinin tələbləri yerinə yetirilmiş olsun. Belə açıq müsabiqə açıq müsabiqənin nəticələri əsasında bağlanmış çoxmənzilli binanın idarə edilməsi müqaviləsinin qüvvədə olma müddəti başa çatanadək, həmin binanın idarə edilməsi üsulu seçilmədiyi halda da keçirilir. Maddə 141.6. Çoxmənzilli binanın yerləşdiyi ərazinin bələdiyyəsi bu Məcəllənin 141.5-ci maddəsində nəzərdə tutulmuş açıq müsabiqənin keçirildiyi gündən on gün müddətində çoxmənzilli binanın bütün sahə mülkiyyətçilərini açıq müsabiqənin nəticələri və həmin binanın idarə edilməsi müqaviləsinin şərtləri barədə məlumatlandırır. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri bu Məcəllənin 141.5-ci maddəsində nəzərdə tutulmuş açıq müsabiqənin nəticələri əsasında seçilmiş idarəedici təşkilatla bu Məcəllənin 141-1.2-ci maddəsi və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş qaydada həmin binanın idarə edilməsi barədə müqavilə bağlamağa borcludur. Maddə 141.7. Çoxmənzilli binanın yerləşdiyi ərazinin bələdiyyəsi bu Məcəllənin 141.6-cı maddəsində nəzərdə tutulmuş çoxmənzilli binanın idarə edilməsi barədə müqavilənin başa çatmasına bir ay qalmışdan gec olmayaraq həmin binanın idarəetmə üsulunun seçilməsi məsələsinin həlli üçün binanın sahə mülkiyyətçilərinin yığıncağını çağırır, bu şərtlə ki, idarəetmə üsulunun seçilməsi barədə qərar bu Məcəllənin 141.3-cü maddəsinə uyğun olaraq əvvəl qəbul edilməsin. Maddə 141.8. Çoxmənzilli binanın istənilən sahə mülkiyyətçisi bələdiyyə tərəfindən bu Məcəllənin 141.5-ci maddəsinin müddəalarına uyğun olaraq idarəedici təşkilatın seçilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Maddə 141.9. Bu Məcəllənin 141.5-ci maddəsində nəzərdə tutulmuş açıq müsabiqə keçirilmədən çoxmənzilli binanın idarəetmə müqaviləsinin bağlanmasına o şərtlə yol verilir ki, göstərilən müsabiqə qanunvericiliyə uyğun olaraq baş tutmamış hesab edilsin. Maddə 141.10. Çoxmənzilli bina yalnız bir idarəedici təşkilat tərəfindən idarə edilə bilər.. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə tərəfləri dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, hazırkı iddia tələbinin qanuni əsasını Mənzil Məcəlləsinin 141-ci maddəsi təşkil edir. Belə ki həmin maddənin tələblərinə görə çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən altı ay ərzində həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə həmin binanın idarəetmə üsulunun seçilməsi məsələsinin həlli üçün binanın sahə mülkiyyətçilərinin yığıncağı həmin binanın yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən çağırılmalıdır. Bir il ərzində çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə həmin binanın yerləşdiyi ərazinin bələdiyyəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada idarəedici təşkilatın seçilməsi üzrə açıq müsabiqə keçirməlidir. Məhkəmə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti və İ.Zülfüqarov küçələri kəsişməsin ünvanında yerləşən çoxmənzilli binaların sahə mülkiyyətçilərinin ümumi yığıncağı əsasında binanın idarə edilmə üsulunun seçilməsini əsassız sayır. Belə ki, həmin protokoldan görünür ki, ümumi yığıncaqda 9 nəfər sakin iştirak etmişdir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli qərarı ilə 2020-ci il 30 sentyabr saat 00:00-dək Azərbaycan Respublikasının ərazisində tətbiq edilən xüsusi karantin rejimi dövründə məhdudiyyətlər qüvvəsini saxlamışdır. Mənzil Məcəlləsinin 44.3-cü maddəsinə əsasən isə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı ümumi səslərin əllidən çox faizinə malik olan sahə mülkiyyətçiləri və ya onların nümayəndələri iştirak etdikdə səlahiyyətlidir (yetərsay yaranır). Yetərsay olmadıqda çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsi üçün yenidən ümumi yığıncaq keçirilməlidir. Həmin tarixdə ümumi səslərin əllidən çox faizinə malik olan sahə mülkiyyətçilərin bir araya yığılması mümkün olmadığından və yetərsay yaranmadığından ümumi yığıncağın hər hansı qərar qəbul etmək səlahiyyəti olmamışdır. Bu da cavabdehin qanunazidd şəkildə çoxmənzilli binanın idarəçiliyini həyata keçirdiyini göstərir. Bundan başqa məhkəmə iclasında iştirak edən cavabdehin nemayəndəsi və vəkili binanın idarə edilməsindən çəkildiklərini və bunun barəsində məhkəmə qətnaməsinin çıxarılmasını bildirmişdir. Odur ki, iddia tələbləri qeyd edilən hissədə təmin edilməli, Cavabdeh MMC Bakı şəhəri, AZ1121, Xətai rayonu, Gəncə prospekti, ev 48, 48A, 50, 50A, 52, 52A, 54, 54A, 54B, 56, 56A, 56B, 56C, 58, 58A, 58B, 60, 60A, 60B, 60C ünvanında yerləşən binadan çıxarılmalı, həmin binanın idarəetməsindən kənarlaşdırılmalı, onun tərəfindən binaya dair bütün sənədlərin, açarların və idarəetmə ilə bağlı digər aidiyyəti əmlakın Xətai rayonu Xətai Bələdiyyəsinə təhvil verilməlidir. Məhkəmə həmçinin onu da qeyd edir ki, bütün sənədlər və s. deyildikdə, məhz binanın idarə edilməsi ilə bağlı zəruri olan sənədlər, açarlar və digər əmlaklar nəzərdə tutulmalıdır. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsaəsn məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, iddia 100 manat məbləğində dövlət rüsumunun və 1500 manat məbləğində vəkil xidmət haqqının ödənilməsi hissəsində əsaslıdır. Belə ki, cavabdehin hüquqazidd əməli nəticəsində iddiaçı məhkəmədə iddia qaldırmaq üçün hüquqi yardımdan istifadə etmiş və vəkil xərcini ödəmişdir. Bunun nəticəsində ona qeyd edilən zərər də dəymişdir. İddiaçı tərəfindən hüquqi yardım üçün 1500 manat məbləğində haqqən ödənməsi xx.xx.2024-cü il tarixli qəbz ilə öz təsdiqini tapır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh X1” MMC Bakı şəhəri, AZ1121, Xətai rayonu, Gəncə prospekti, ev 48, 48A, 50, 50A, 52, 52A, 54, 54A, 54B, 56, 56A, 56B, 56C, 58, 58A, 58B, 60, 60A, 60B, 60C ünvanında yerləşən binadan çıxarılaraq, həmin binanın idarəetməsindən kənarlaşdırılsın. Cavabdeh X1” MMC tərəfindən binaya dair bütün sənədlər, açarlar və idarəetmə ilə bağlı digər aidiyyəti əmlak Xətai rayonu Xətai Bələdiyyəsinə təhvil verilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 (yüz) manat və hüquqi xidmətə görə ödənilmiş 1500 (min beş yüz) manat məbləğində pul vəsaiti cavabdeh X1” MMC -dən alınaraq İddiaçı ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №e-2(011)-1499/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1499/2025
30.05.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver