Məhkəmə qərarları › İş №e-2(011)-1519/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1519/2025

16.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1519/2025 16.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abbasova Əminə Rauf qızı, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbi barədə iddiaya dair işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçının tələb və dəlilləri: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı cavabdehdən 340 manat pul vəsaiti və dövlət rüsumu üçün ödənilmiş 30 manat, ümumilikdə, 370 manat məbləğində pul vəsaitinin iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə X3 arasında xx.xx.2020-ci il tarixində PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “Mercedes Benz E350” markalı, **-DU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh xx.xx.2021-ci il tarixdə “Mercedes Benz E350” markalı, **-DU- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Binəqədi rayonu ərazisində yol-nəqliyyat hadisəsi törətmiş, “Volkswagen Passat” markalı, **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 340,00 (üç yüz qırx) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Yol-nəqliyyat hadisəsi ilə bağlı Binəqədi RPİ DYPŞ-dən ünvanımıza İnzibati xəta haqqında Qərar daxil olmuş, həmin Qərara əsasən Cavabdeh AR İnzibati Xətalar Məcəlləsinin 327.6-cı və 327.1-ci maddələri ilə təqsirli bilinmiş və hadisə yerindən yayındığı qeyd olunmuşdur. Binəqədi RPİ DYPŞ-nin "xxxx" ASC-yə təqdim etdiyi Arayışa əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək iclasın iştirakı olmadan keçirilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin etirazının dəlilləri Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən iclasın cavabdehin iştirakı olmadan keçirilməsi mümkün hesab etdi. İşin faktiki halları: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin 061-********** saylı, xx.xx.2021-ci il tarixli məktubuna əlavə edilmiş kompüter çıxarışına əsasən, “Mercedes Benz E350” markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı, Ban nömrəsi WDB2110561A820188 təşkil edən nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı dəyişdirilərək **-DU-*** tətbiq edilmişdir. Elektron sənəd formasında rəsmiləşdirilmiş avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsinin xarici təqdimat formasına əsasən X2 məxsus “Mercedes Benz E350” markalı, **-DU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Ban nömrəsi WDB2110561A820188 təşkil edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" ASC tərəfindən 21- 06735/12/AA-5612/21 saylı sığorta aktı ilə icbarı sığorta növü üzrə sığortalanmış X2 məxsus “Mercedes Benz E350” markalı, **-DU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh tərəfindən idarə olunan zaman “Volkswagen Passat” markalı, **-NC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi toqquşmuşdur və nəticədə “Volkswagen Passat” markalı, **-NC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ziyan dəymişdir. Hadisə baş verən zaman Cavabdeh barəsində “Mercedes Benz E350” markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edəndə xx.xx.2021-ci il tarixli, İXP ******* saylı İnzibati xəta haqqında protokol tərtib edilərək, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətdiyini qeyd edilmişdir və xx.xx.2021-ci il tarixli, TP4665066 saylı İnzibati tənbeh vermə haqqında qərar qəbul edilərək, onun tərəfindən yol hərəkəti qaydalarının pozulduğu və hadisə yerindən yayındığı, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədildiyi müəyyən edilmiş, ona münasibətdə 100 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. "xxxx" ASC tərəfindən “Volkswagen Passat” markalı, **-NC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulmuş 340 manat məbləğində maddi ziyan ödənilmişdir. İddianın hüquqi əsası: Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 373. İddia müddətləri 373.1. Ümumi iddia müddəti on il təşkil edir. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. 373.4. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. 373.5. Bu Məcəllənin bu fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir. Maddə 377. İddia müddətinin başlanması 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Maddə 936. Subroqasiya hüququ 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 25. İcbari sığorta üzrə subroqasiya hüququnun yaranmasının əsasları 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.8. Bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda Maddə 63. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə subroqasiya hüququ 63.1. Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, 25-ci maddəsinə əlavə olaraq avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi: Məhkəmə mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, sığorta hadisəsi Cavabdeh qanunazidd hərəkətlərinin nəticəsində baş verdiyindən, cavabdeh hadisə yerindən yayındığından və X1 məxsus olan avtomobilə dəymiş ziyan iddiaçı "xxxx" ASC tərəfindən aradan qaldırıldığından, sonuncunun cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır. Odur ki, iddia təmin edilməli, 340 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq "xxxx" ASC-yə ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh subroqasiya qaydasında 340 (üç yüz qırx) manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsait tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar