Məhkəmə qərarları › İş №e-2(011)-1566/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1566/2020

10.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1566/2020 10.09.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, Cavabdehin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxxxxxxxxxx” ASC-nin Cavabdeh qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair iddiasıüzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “xxxxxxxxxxxx” ASC Cavabdeh qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh subroqasiya qaydasında iddiaçı “xxxxxxxxxxxx” ASC-nin xeyrinə dəymiş ziyana görə 427,16 manat sığorta ödənişinin, ödənilmiş 20,40 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən idarə olunan **-FN-*** dövlət qeydiyyat nişanlı, “Ford Fiesta” markalı avtonəqliyyat vasitəsi ilə xx xxxxx 2019-cu il tarixində “xxxxxxxxxxxx” ASC tərəfindən “avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış **-JH-*** dövlət qeydiyyat nişanlı “İveco Crealis” markalı avtonəqliyyat vasitəsinə yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsilə əlaqədar DYP əməkdaşları tərəfindən MN ******* saylı inzibati tənbeh verilmə haqqında qərar tərtib olunmuş və cavabdeh AR İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat cərimə edilmişdir. Hadisə araşdırılarkən müəyyən olunmuşdur ki, cavabdehin idarə etdiyi avtonəqliyyat vasitəsinin icbari sığortası olmamışdır. “xxxxxxxx” MMC tərəfindən verilmiş zərər aktına əsasən **-JH-*** dövlət qeydiyyat nişanlı “İveco Crealis” markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 427,16 manat müəyyən edilmişdir. “xxxxxxxxxxxx” ASC-nin xx xxxxxx 2019-cu il tarixli sığorta aktına əsasən “xxxxxxxxxxxx” ASC tərəfindən dəymiş ziyana görə 427,16 manat məbləğində sığorta ödənişinin “xxxxxxxx” MMC-nin hesabına ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılıb yekun qərar qəbul edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin etibarnamə üzrə nümayəndəsi X2 iddia tələbinə etiraz edərək onun təmin olunmamasını xahiş etdi. İş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Nadir Məhərrəmov cavabdehin atasıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 69.1-1-ci maddəsinə əsasən, fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil ola bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 19.3-cü maddəsinə əsasən, yaxın qohumlara babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər, nəvələr aiddirlər. Məhkəmə cavabdehin etibarnamə üzrə nümayəndəsinin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, “İveco Crealis” markalı, **-JH-*** dövlət qeydiyyat nişanlı avtomobil “xxxxxxxxxxxx” ASC tərəfindən xx xxxxx 2018-ci il tarixdən xx xxx 2019-cu il tarixinədək 264.191,55 manat sığorta məbləği olmaqla avtonəqliyyat vasitələrinin tam sığortası növü ilə sığortalanmışdır. Cavabdeh idarə etdiyi “Ford Fiesta” markalı **-FN-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə xx xxxxx 2019-cu il tarixdə yolnəqliyyat hadisəsi törətmiş və nəticəsində “İveco Crealis” markalı, **-JH-*** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan dəymişdir. Cavabdeh təqsirli şəxs olaraq inzibati cərimə edilmişdir. “xxxxxxxxxxxx” ASC tərəfindən zərərçəkənin avtomobilinə dəymiş zərərə görə 427,16 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Cavabdeh idarə etdiyi avtonəqliyyat vasitəsinin icbari sığortası olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişi vermiş sığortaçının subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə iclasında müəyyən olundu ki, xx xxxxx 2019-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı **-JH-*** dövlət qeydiyyat nişanlı, “İveco Crealis” markalı avtomaşının zədələnməsi nəticəsində dəymiş zərərə görə iddiaçı tərəfindən həmin avtomobilin təmir xərcləri ödənilmiş, sığorta hadisəsi baş verərkən Cavabdeh təqsirli bilindiyindən, iddiaçının ona qarşı subroqasiya hüququ yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh vurulmuş maddi zərərin əvəzini ödəməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən xx xxxx 2020-ci il tarixdə verilmiş ekspert rəyindən görünür ki, “xxxxxxxx” MMC tərəfindən təqdim edilmiş xx xxxxx 2019-cu il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı, “İveco Crealis” markalı, **-JH- *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə 350 manat müəyyən edilmişdir. Məhkəmə dəymiş zərərin miqdarı məsələsini müzakirə edərkən ekspert rəyinə iş üzrə tədqiq edilmiş digər sübutlarla müqayisəli şəkildə qiymət verərək hesab edir ki, həmin rəy mötəbər sübut kimi qəbul edilməli, cavabdehdən “xxxxxxxxxxxx” ASC-nin xeyrinə 350 manat məbləğində sığorta ödənişi tutulmalıdır. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 20,40 manat dövlət rüsumu ödənilmişdir. İş üzrə keçirilmiş ekspertiza xərci 100 manat müəyyən edilmişdir. Məhkəmə iddia tələbinin ödənilmiş 20,40 manat dövlət rüsumunun tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, cavabdehdən 16.20 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməli, 3.80 manat rüsum iddiaçının özünə aid edilməlidir. Keçirilmiş ekspertiza xərci 81 manat cavabdehdən tutularaq, qalan 19 manat ekspertiza xərci isə iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh vurulmuş zərərə görə 350 manat məbləğində sığorta ödənişi, ödənilmiş 16,20 manat dövlət rüsumu, cəmi 366,20 manat alınaraq iddiaçı “xxxxxxxxxxxx” ASC-yə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh vurulmuş zərərə görə 350 (üç yüz əlli) manat məbləğində sığorta ödənişi, 16.20 (on altı manat iyirmi qəpik) manat dövlət rüsumu, cəmi 366,20 (üç yüz altmış altı manat iyirmi qəpik) manat alınaraq iddiaçı “xxxxxxxxxxxx” ASC-yə ödənilsin. 3.80 (üç manat səksən qəpik) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 81 (səksən bir) manat Cavabdeh, 19 (on doqquz) manat isə iddiaçı “xxxxxxxxxxxx” ASC-dən alınıb Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar