Məhkəmə qərarları › İş №e-2(011)-1591/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1591/2022

06.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1591/2022 06.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rəhimli Lalə Elxan qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “sığorta ödənişinin subroqasiya qaydasında ödənilməsi” tələbi barədə iddia tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı – iddiaçının subroqasiya hüququnun olduğunu nəzərə alaraq iddiaçı tərəfindən ödənilmiş sığorta ödənişinin əvəzi olaraq 2500 manat zərər məbləğinin və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixdə, saat 12:00 radələrində Bakı şəhəri, Nobel prospekti ilə N.Rəfiyev küçəsinin kəsişməsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində, Cavabdeh idarə etdiyi “Vaz 21074” markalı, ** KL *** dövlət qeydiyyat nişanlı avtomobil, “Mercedes Benz 220” markalı, ** SR *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. “Vaz 21074” markalı, ** KL *** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinə qədər PXA ********** saylı icbari sığorta şəhadətnaməsi ilə sığortalamışdır. xx.xx.2020-ci il tarixli ödəniş sənədindən görünür ki, zərərin məbləği olaraq 2500 manat iddiaçı tərəfinfən zərərçəkmiş şəxs X1 hesabına ödənilmişdir. Bakı şəhəri DYPİ-nin YNH-nin təfərrüatları barədə arayışdan göründüyü kimi, Cavabdeh İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddələri ilə təqsirli biinmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumatlandırılmaqla məhkəməyə çağırılsa da, lakin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki iş üzrə iddiaçının nümayəndəsi və vəkilinin izahatını və təqdim edilmiş sübutları təhlil edərək belə qənaətə gəlir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş sığorta aktının surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı “Mercedes Benz 220” markalı, ** SR *** dövlət qeydiyyat nişanlı avtomobilə 2500 manat məbləğində zərər dəymişdir. İş materiallarında olan sığortaçı "xxxx" ASC ilə sığortalı X3 arasında bağlanmış müqavilənin surətindən görünür ki, X2 məxsus “Vaz 21074” markalı, ** KL *** dövlət qeydiyyat nişanlı avtomobil sığortaçı tərəfindən sığortalanmışdır. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən göründüyü kimi, iddia tələblərini “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.1.3-cü maddəsi ilə əsaslandırır. Məhkəmə araşdırılması zamanı isə iddiaçının tələblərini əsaslandırdığı hallar öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə iddiaçının subroqasiya hüququ ilə bağlı qeyd edir ki, iddiaçının cavabdehə qarşı subroqasiya hüququ yaranmamışdır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsində göstərilən “hüququ olmayan şəxs” ifadəsi nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsi nəzərdə tutur. Belə ki, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs avtomobilin idarə edilməsi ilə bağlı nəzəri və təcrübi biliklərə malik olmur. Belə şəxsin avtomobili idarə etməsi sığorta hadisəsinin baş verməsi riskini artırır. Sığorta hadisəsi baş verdikdə isə sığortaçı sığorta ödənişi verməli olur və son nəticədə sığortaçının əsaslı mənafeləri pozulmuş olur. Göründüyü kimi, qanunverici sığotaçının əsaslı mənafeyinin müdafiəsini təmin etmək üçün belə bir normanı qanuna daxil etmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 13.4-cü maddəsinə əsasən sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, fərdi qəza və ya mülki məsuliyyət üzrə sığorta təminatı, müvafiq sığorta müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə, hallara şamil olunur. Bu baxımdan məhkəmə hesab edir ki, sözügedən maddədə “qanuni əsaslar” dedikdə etibarnamə yox, avtomobili idarə etmək hüququnu verən sürücülük vəsiqəsi başa düşülür. Odur ki, şəxsin avtomobili etibarnamə olmadan idarə etməsi, onun avtomobili idarə etmək hüququnun olmaması kimi qəbul edilməməmlidir. Belə ki, avtomobili idarə etmək hüququ olmayan şəxs tərəfindən idarə edilməsinə görə məsuliyyəti inzibati xətalar qanunverciliyi müəyyən etmişdir. Bu məsuliyyəti müəyyən etməkdə inzibati xətalar qanunverciliyinin iki məqsədi vardır: birincisi, avtomobil mülkiyyətçilərinin mənafeyi müdafiə olunsun və başqa şəxslər mülkiyyətçinin iradəsi olmadan avtomobilə sahiblənə bilməsinlər; ikincisi, yol hərəkəti sahəsində hüquqpozmalara qarşı mübarizə imkanları gücləndirilsin, yəni qayda pozuntusu zamanı avtomobili idarə edən şəxsin (sürücünün) şəxsiyyətinin müəyyən edilməsi və məsuliyyətə cəlb olunması mümkün olsun. Göründüyü kimi, bu normanın sığortaçıların mənafeyinin qorunması ilə bağlı məqsədi yoxdur. Göstərilən xüsusatlara əsasən, məhkəmə hesab edir ki, Cavabdeh “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.1.3-cü maddəsində göstərilən “hüququ olmayan şəxs” hesab edilmir və bu səbəbdən də iddiaçının cavabdehə qarşı subroqasiya hüququ yaranmamışdır. Odur ki, iddia əsassızdır və təmin edilməməlidir. Məhkəmə eyni zamanda iddianın 45 manat dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi də rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissəsinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia isə rədd edilməli olduğundan, məhkəmə xərci olan 45 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Buna görə də iddianın dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsi də rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı - iddiaçının subroqasiya hüququnun olduğunu nəzərə alaraq iddiaçı tərəfindən ödənilmiş sığorta ödənişinin əvəzi olaraq 2500 manat zərər məbləğinin və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Lalə Rəhimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar