Məhkəmə qərarları › İş №e-2(011)-1592/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1592/2021

15.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1592/2021 15.03.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “xxxx” ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada subroqasiya qaydasında iddiaçı “xxxx” ASC-nin xeyrinə 580 manat məbləğində ziyanın və ödənilmiş 30.40 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 məxsus **-EE-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz A190” markalı avtonəqliyyat vasitəsi xx xxxxxx 2017-ci il tarixdə “xxxx” ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmışdır. xx xxxxxx 2018-ci il tarixdə Cavabdeh1 idarə etdiyi **-EE-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz A190” markalı avtonəqliyyat vasitəsilə **-OB-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz E200” markalı avtonəqliyyat vasitəsinə yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurmuşdur. Hadisənin səbəbləri aydınlaşdırılarkən müəyyən olunmuşdur ki, Cavabdeh1 avtonəqliyyat vasitəsini etibarnamə olmadan idarə etmişdir. “xxxx” ASC tərəfindən tərtib olunmuş xx xxxxxx 2018ci il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabata əsasən etdiyi **-OB-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz E200” markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 580 manat məbləğində müəyyən edilmişdir. “xxxx” ASC-nin xx xxxxxx 2018-ci il tarixli sığorta aktına əsasən 580 manat məbləğində sığorta ödənişinin zərərçəkən **-OB-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz E200” markalı avtonəqliyyat vasitəsinin təmiri üçün ödənilməsi qərara alınmışdır və köçürmə həyata keçirilmişdir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılıb yekun qərar qəbul edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı ona aid hissədə qəbul edərək təmin edilməsini xahiş etdi. O, 580 manat məbləğində pulun ondan tutulmasına etiraz etmədiyini, lakin pulu hissə-hissə ödəmək iqtidarında olduğunu bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş digər cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, digər cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, “Mercedes Benz A190” markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobil “xxxx” ASC tərəfindən xx xxxxxx 2017-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixədək 5.000 manat sığorta məbləği olmaqla avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası sığorta növü ilə sığortalanmışdır. xx xxxxxx 2018-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh1 idarə etdiyi “Mercedes Benz A190” markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobil “Mercedes Benz E200” markalı, **-OB-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Cavabdeh1 avtomobili etibarnamə olmadan idarə etmiş, o, təqsirli şəxs olaraq inzibati məsuliyyətə cəlb edilmişdir. “xxxx” ASC tərəfindən zərərçəkənin avtomobilinə dəymiş zərərə görə 580 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişi vermiş sığortaçının subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə iclasında müəyyən olundu ki, xx xxxxxx 2018-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi zamanı “Mercedes Benz E200” markalı, **-OB-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi nəticəsində dəymiş zərərə görə iddiaçı tərəfindən həmin avtomobilin təmirinə 580 manat ödənilmişdir. Sığorta hadisəsi baş verərkən Cavabdeh1 təqsiri müəyyən edildiyindən, iddiaçının ona qarşı subroqasiya hüququ yaranmışdır. Eyni zamanda cavabdeh məhkəmə iclasında verdiyi ifadədə borcu etiraf etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 vurulmuş maddi zərərin əvəzini ödəməlidir. Məhkəmə iddia tələbinin Cavabdeh2 pulun tutulması hissəsinə qiymət verərək belə hesab edir ki, iddia tələbi həmin hissədə rədd edilməlidir. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Belə ki, məhkəmə iş materiallarını araşdıraraq belə hesab edir ki, subroqasiya tələbi sığorta ödənişi vermiş sığortaçının vurulmuş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı irəli sürülən tələbidir. Hazırkı işin halları baxımından isə vurulmuş zərərə görə məsuliyyət daşıyan şəxs qanuna müvafiq qaydada təqsiri müəyyən olunmuş Cavabdeh1dur. İş üzrə digər Cavabdeh2 yüksək təhlükə mənbəyinin vurduğu ziyana görə məsuliyyət daşımır. Belə ki, iş materialları ilə müəyyən olunmuşdur ki, Cavabdeh2 xx xxxxxx 2016-cı il tarixdə avtomobili etibarnamə əsasında hazırkı iş üzrə digər Cavabdeh1 vermiş, yüksək təhlükə mənbəyi olan yuxarıda adı çəkilən nəqliyyat vasitəsi onun faktiki sahibliyindən çıxmışdır. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddia tələbinin ödənilmiş 30 manat dövlət rüsumunun və 0.40 qəpik xidmət haqqının da tutulması hissəsinə qiymət verərək hesab edir ki, həmin məbləğ də Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 vurulmuş zərərə görə ödənilmiş 580 manat məbləğində sığorta ödənişi, ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 qəpik xidmət haqqı olmaqla, cəmi 610.40 manat alınaraq iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 vurulmuş zərərə görə 580 (beş yüz səksən) manat məbləğində sığorta ödənişi, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 0.40 qəpik xidmət haqqı olmaqla, cəmi 610.40 (altı yüz on manat qırx qəpik) manat pul vəsaiti alınaraq iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar