Məhkəmə qərarları › İş №e-2(011)-1612/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1612/2024

05.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1612/2024 05.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil1, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, Cavabdeh etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə İddiaçı xx.xx.2013-cü il tarixli müqavilə əsasında "xxxx" ASC-nin “Səbail” filialının depozitinə qoyduğu ona məxsus 70000 ABŞ dolları məbləğində pul vəsaitini xx.xx.2013-cü il tarixdə etibarnamə əsasında girov qoymaqla 55000 ABŞ dolları məbləğində onun adına kredit götürməklə külli miqdarda əmlakını ələ keçirib dələduzluq etmiş, bundan başqa xx.xx.2015-ci il tarixli müqavilə əsasında "xxxx" ASC-nin “Səbail” filialının depozitinə qoyduğu ona məxsus, qardaşı oğlu Əliyev X1 adına rəsmiləşdirilmiş 100000 ABŞ dolları məbləğində pul vəsaitinin saxta etibarnamədən istifadə etməklə külli miqdarda əmlakını ələ keçirib dələduzluq etmiş, eləcə də xx.xx.2015ci il tarixli müqavilə əsasında "xxxx" ASC-nin “ABB Premyer” filialının depozitinə qoyduğu ona məxsus, Cavabdeh adına rəsmiləşdirilmiş 100000 ABŞ dolları məbləğində pul vəsaitinin aldatma və etibardan sui-istifadə etməklə talayaraq təkrarən külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. İddiaçı həmin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1240/2017 saylı, xx.xx.2017-ci il tarixli (sərdlik edən F.Qəniyev) hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinmiş 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həbsdə saxlanıldığı 7 ay, 20 gün təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 4 il, 4 ay, 10 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrumetmə cəzası 2 il sınaq müddəti ilə şərti hesab edilmiş, Cavabdeh təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən cinayət işi üzrə icraata həmin hissədə xitam verilmişdir. Qeyd edilən hökmdən verilmiş apellyasiya şikayəti və kassasiya şikayəti təmin edilməmişdir. Bundan sonra İddiaçı "xxxx" ASC ilə aralarında bağlanılmış 06 iyun 2013-cü il tarixli klassik əmanət (depozit) hesabı haqqında müqavilə üzrə 70000 ABŞ dolları məbləğində olan pul vəsaitini və ona hesablanmış 39000 ABŞ dolları məbləğində faiz pulunun qaytarılması üçün "xxxx" ASC-yə müraciət etmiş, bu zaman məlum olmuşdur ki, "xxxx" ASC xx.xx.2013-cü il tarixli klassik əmanət (depozit) hesabı haqqında müqavilə əsasında depozitə qoyduğu 70000 ABŞ dolları məbləğində pul vəsaitini İddiaçı ilə bank arasındakı xx.xx.2013-cü il tarixli, 065 saylı kredit müqaviləsinin (hansı ki, hazırkı iş üzrə Cavabdeh həmin müqavilə üzrə talamada təqsirli bilinib məhkum olunmuşdur) 4-cü bəndinə əsaslanaraq akseptsiz qaydada gecikdirilmiş borc öhdəliyinin icrası adı altında silmişdir. Uzun sürən məhkəmə çəkişmələrindən sonra "xxxx" ASC tərəfindən depozitə qoyulmuş pul vəsaitinin akseptsiz qaydada silinməsi qanuni hesab olunmuş və İddiaçı 70000 ABŞ dolları məbləğində əsas və ona hesablanmış 39000 ABŞ dolları faiz məbləğindən, cəmi 109000 ABŞ dolları pul vəsaitindən məhrum olmuşdur. Beləliklə, cavabdehin cinayətkar qəsdi nəticəsində iddiaçıya maddi zərər vurulmuş, odur ki, vurulan maddi zərər əvəzi onun hesabına ödənilməlidir. İddiaçı göstərilənləri nəzərə alaraq, Cavabdeh 109000 ABŞ dolları məbləğində pulun və iddianın verilməsinı görə ödənilmiş 476 manat dövlət rüsumunun tutularaq, İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil1 iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz edərək, məhkəmədən iddianın əsassız olduğu üçün rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh eyni zamanda bildirmişdir ki, o, onun tərəfindən dəyən ziyanı tam şəkildə ödəmiş, bununla bağlı hökmün və qətnamələrin surətlərini məhkəməyə təqdim etmişdir. Bununla yanaşı cavabdeh bildirmişdir ki, iddiaçının tələb etdiyi məbləğ ona bank tərəfindən tam ödənilmişdir və sonra ona qarşı bank tərəfində iddia qaldırılmış və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə bankın iddiası təmin edilmiş, ondan 191567 manat 45 qəpik məbləğində pul vəsaiti tutulmuşdur. Həmin iş üzrə İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuşdur. Odur ki, iddia əsassızdır. Məhkəmə iş materiallarını tədqiq edib, sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iş materiallarında olan borcverən “Azərbaycan Beynəlxalq Bankının” Sahil filialı ilə borcalan İddiaçı arasında bağlanmış 07 iyun 2013-cü il tarixli 065 №-li kredit müqaviləsinin surətindən görünür ki, borc verən borcalana 55000 ABŞ dolları kredit verməyi öhdəsinə götürür, kredit öhdəliklərinin icrasının təminat üsulu İddiaçı ilə Azərbaycan Beynəlxalq Bankı arasındakı xx.xx.2013-cü il tarixli depozit müqaviləsinə əsasən ABB-də 60 ay müddətinə yerləşdirilmiş 70000 ABŞ dolları məbləğində, depozit çıxış edir. İddiaçı öhdəsinə götürmüşdür ki, borcalan Kredit Müqaviləsinə əsasən öhdəliklərini tam icra etməyincə, Bankın razılığı olamadan depozitdən istifadə edilməyəcəkdir. Kredit müqaviləsinə əsasən ödənilməli olan hər hansı bir məbləğlər borcalan tərəfindən ödənilmədiyi təqdirdə ******************** saylı depozit hesabında olan vəsaiti akseptsis qaydada silinməlidir. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1240/2017 saylı 28 dekabr 2017-ci il tarixli hökmünün surətindən görünür ki, həmin hökmə əsasən, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Cavabdeh həbsdə olduğu 7 ay 20 gün təyin olunmuş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində 4 il 4 ay 10 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Cavabdeh təyin edilmiş azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 2 il sınaq müddəti ilə şərti hesab edilmiş, Cavabdeh üzərinə sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanın məlumatı olmadan daimi yaşayış yerini dəyişməmək vəzifələri qoyulmuş, Cavabdeh davranışı üzərində nəzarəti Bakı şəhəri Xətai rayon İcra şöbəsi tərəfindən həyata keçirilməsi, Cavabdeh təyin edilmiş sınaq müddətinin əvvəlinin məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanması, Cavabdeh barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi, başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, Cavabdeh məhkəmə iclas zalından dərhal həbsdən azad edilməsi, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair hissədə cinayət işi icraata, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş əsasla – cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən xitam verilməsi, Cavabdeh tərəfindən vurulmuş ziyanın ödənilməsi məqsədi ilə "xxxx" ASC-nin Mərkəz filialına müvafiq hesaba yerləşdirilmiş cəmi 70270 manat pul vəsaitinin zərərçəkmiş şəxs İddiaçı verilməsi, depozit hesabına yerləşdirilmiş həmin məbləğin zərərçəkmiş şəxs İddiaçı verilməsinin təmin edilməsinin Nəsimi rayon İcra şöbəsinə həvalə edilməsi, zərərçəkmiş şəxs İddiaçı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun izah edilməsi hökm edilmişdir. Həmin hökmdən müəyyən edilir ki, İddiaçı zərərçəkmiş şəxs qismində iştirak etmiş, məhkəmədə təsdiqini tapan iki dələduzluq cinayəti epizodları üzrə irəli sürülmüş ittihamdakı ziyanın məbləği müvafiq olaraq 42900 manat və 104700 manat təşkil etmişdir. İbtidai istintaq orqanı tərəfindən zərərçəkmiş şəxs İddiaçı təqsirləndirilən şəxs tərəfindən uzun müddət ərzində müxtəlif banklarda olmuş pul vəsaitlərinin, habelə banka qoymaq adı ilə ondan götürülmüş pul vəsaitlərinin, avtomobilin satışından əldə olunmuş pul vəsaitinin də ələ keçirilməsi ilə bağlı ifadələri üzrə ətraflı araşdırma aparılmış, təqsirləndirilən şəxs Cavabdeh tərəfindən İddiaçı adına "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Fizuli filialında depozitə qoyulmuş 120000 ABŞ dolları, «X8» Açıq Səhmdar Cəmiyyətinə depozitə qoymaq adı ilə 20000 ABŞ dolları və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə depozitə qoymaq adı ilə 30000 ABŞ dolları məbləğində pul vəsaitlərinin, eləcə də «Mitsubishi Pajero» markalı **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobilin satılmasından əldə olunan pulun ələ keçirilməsi ilə həmin xüsusatlar təsdiq edilmədiyindən həmin hissələrdə cinayət işi üzrə icraata 19 avqust 2017-ci il tarixli qərarla xitam verilmişdir. İbtidai araşdırma zamanı vurulmuş maddi ziyanın 77330 manatı zərərçəkmiş şəxsə ödənilmişdir. İrəli sürülmüş ittihamda göstərilən və məhkəmə istintaqında təsdiqini tapmış epizodlar üzrə məbləğlər son nəticədə təqsirləndirilən şəxs tərəfindən faktiki etiraf olunmuş və ziyanın qalan hissəsi ödənilməyə cəhd göstərilsə də, zərərçəkmiş şəxs qəbul etmədiyindən qalan bütün məbləğ, yəni 70270 manat pul vəsaiti İddiaçı ödənilməsi məqsədi ilə Nəsimi rayon İcra şöbəsinin "xxxx" ASC-dəki müvafiq hesabına yerləşdirilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6559/2019 saylı 04 sentyabr 2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı (Əliyev X2 və İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “vurulmuş ziyanın ödənilməsi” barədə iddiası təmin edilmiş, 191567 manat 45 qəpik məbləğində pul və 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq, "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 yanvar 2017ci il tarixli 2(006)-466/2017 saylı qətnaməsinə əsasən Əliyeva X4 məxsus olan 100000 ABŞ dolları depozit vəsaitini müqavilə üzrə Əliyev X2 tərəfindən banka depozitə qoyulması səbəbindən sonuncunun iddiasının təmin edilərək, "xxxx" ASC-dən 103500 ABŞ dolları və 3000 manat pulun alınaraq M.S.Əliyevə ödənilməsi qət edilmişdir. Bank tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməyərək, yuxarıda qeyd edilən qətnamə dəyişdirilmədən saxlanılmışdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə tam sübuta yetirilmişdir ki, Cavabdeh analığına məxsus olan sonuncunun qardaşı oğlunun adına depozitə qoymuş olduğu 100000 ABŞ dolları məbləği saxta etibarnamə yolu ilə bankdan çıxarmağa nail olmuş, bundan sonra isə bank həmin vəsaiti Mirismayıl Əliyevə ödənilməsi göstərilsə də, əslində İddiaçı ödəmişdir. Bundan əlavə həmin vəsaitə icra hərəkətləri üçün hesablanmış 7% icra ödənişi də bank tərəfindən Nəsimi rayon İcra və Probasiya şöbəsinin hesabına X5 müxbir hesabından köçürülmüşdür. Nəsimi Rayon Məhkəməsinin yuxarıda qeyd edilən qətnaməsinə əsasən Cavabdeh banka vurmuş olduğu 191567,45 manat maddi zərərin (7% icra ödənişi ilə birlikdə) Bank tərəfindən əmanətçi M.Əliyevə (faktiki olaraq İddiaçı) qaytarması işin mübahisəsiz halı olduğundan, bu günə qədər cavabdeh tərəfindən vurulmuş maddi zərər banka ödənilməmişdir. Həmçinin iş materiallarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6559/2019 saylı 04 sentyabr 2019-cu il tarixli qətnaməsi yuxarı instansiyalarda dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 3966/2020 saylı 20 may 2020-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, hazırkı iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 sentyabr 2019-cu il tarixli, 2(011)-6559/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2579/2019 saylı 25 iyun 2019-cu il tarixli qətnaməsinə əsasən, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “pul” tələbinə dair iddiası qismən təmin edilmiş, "xxxx" ASC tərəfindən 338110284********** saylı depozit hesabından 70122,68 ABŞ dolları məbləğində vəsaitinin akseptsiz qaydada silinməsi əsassız hesab edilmiş, "xxxx" ASC-dən xx.xx.2013-cü il tarixli klassik əmanət (depozit) hesabı haqqında müqaviləyə əsasən 70000 ABŞ dolları məbləğində əsas, 36226,19 ABŞ dolları məbləğində faiz pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. İş materiallarında olan qəbzlərdən görünür ki, Cavabdeh işi üzrə vurulmuş ziyanın ödənilməsi üçün İddiaçı Cavabdeh tərəfindən 27 dekabr 2017-ci il tarixdə 15000 manat, 10270 manat, 15000 manat, 15000 manat, 15000 manat olmaqla, ümumilikdə 70270 manat ödəniş etmişdir. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra bu məcəllənin maddələrinə istinad ediləcək) 21-ci maddəsi müəyyən edir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir.Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur.Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsində öhdəliyin əmələ gəlməsinin əsasları arasında zərərin vurulması nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin subutların mümkünlüyünü müəyyən edən 81-ci maddəsi təsbit edir ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin subutların mümkünlüyünü müəyyən edən 81-ci maddəsi təsbit edir ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Beləliklə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin onun etibarından sui-istifadə etmə və aldatma yolu ilə onun bankda olan depozit əmanətlərini ələ keçirmək yolu dələduzluq etdiyinə və bununla bağlı məhkum edildiyinə əsaslanaraq, cavabdehdən 109000 ABŞ dolları məbləğində pulun tutulmasını tələb etsə də, mülki işdə olan sübutlarla təsdiq edilir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1240/2017 saylı 28 dekabr 2017-ci il tarixli hökmünə əsasən, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsə də, məhkəmədə təsdiqini tapan iki dələduzluq cinayəti epizodları üzrə irəli sürülmüş ittihamdakı ziyanın məbləği müvafiq olaraq 42900 manat və 104700 manat təşkil etmişdir. Həmin hökmlə təsdiq edilir ki, ibtidai araşdırma zamanı vurulmuş maddi ziyanın 77330 manatı İddiaçı ödənilmişdir, ziyanın qalan hissəsi ödənilməyə cəhd göstərilsə də, zərərçəkmiş şəxs qəbul etmədiyindən qalan bütün məbləğ, yəni 70270 manat pul vəsaiti İddiaçı ödənilməsi məqsədi ilə Nəsimi rayon İcra şöbəsinin "xxxx" ASC-dəki müvafiq hesabına yerləşdirilmiş və həmin hökmlə depozit hesabına yerləşdirilmiş həmin məbləğin zərərçəkmiş şəxs İddiaçı verilməsinin təmin edilməsinin Nəsimi rayon İcra şöbəsinə həvalə edilməsi hökm edilmişdir. Bununla yanaşı mülki işdə olan qətnamələrin surətlərində olan sübutlarla təsdiq edilmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 yanvar 2017-ci il tarixli 2(006)-466/2017 saylı qətnaməsinə əsasən Əliyeva X4 məxsus olan 100000 ABŞ dolları depozit vəsaitini müqavilə üzrə Əliyev X2 tərəfindən banka depozitə qoyulması səbəbindən sonuncunun iddiasının təmin edilərək "xxxx" ASC-dən 103500 ABŞ dolları və 3000 manat pulun alınaraq M.S.Əliyevə ödənilməsi qət edilmişdir. Bank tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməyərək yuxarıda qeyd edilən qətnamə dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı (Əliyev X2 və) “vurulmuş ziyanın ödənilməsi” barədə iddiası Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə təmin edilmiş, 191567 manat 45 qəpik məbləğində pul və 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq, "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edildiyi həmin işə baxılarkən bankın əsaslandığı əsas hal ondan ibarət olmuşdur ki, Nəsimi Rayon Məhkəməsinin yuxarıda qeyd edilən qətnaməsinə əsasən Cavabdeh banka vurmuş olduğu 191567,45 manat maddi zərər (7% icra ödənişi ilə birlikdə) Bank tərəfindən əmanətçi M.Əliyevə faktiki olaraq Gülruh Əliyevaya qaytarılmışdır. Beləliklə, iddiaçı cavabdeh tərəfindən dələduzluq cinayəti nəticəsində ona vurulmuş zərərin ödənilməsini tələb etsə də, cavabdeh tərəfindən ona vurulan zərərin tam ödənilməsi təsdiq edildiyindən iddia tələbi sübutlarla təsdiq edilmədiyindən təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə isə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. İddia təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 476 (dörd yüz yetmiş altı) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar