Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1666/2023 10.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Məmmədvəlili Nərmin Telman qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı “əmlakın naturada bölgüsü” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia ərizəsində qeyd edilən işin halları:
1. Bakı şəhəri 36-cı Dövlət Notariat Kontorunda bağlanmış 12 iyun 2004-cü il tarixli AN-İ seriyalı ******* nömrəli alğı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanda yerləşən 4 otaqdan ibarət, ümumi sahəsi 142.7 kv.metr, yaşayış sahəsi 67.4 kv.m olan evdən ümumi sahəsi 79.7 kv.m yaşayış sahəsi 36.3 kv.m olan 2 otaqdan ibarət “B” tikilisini iddiaçıya satmışdır. Alğı-satqı müqaviləsinə əsasən iddiaçıya xx.xx.2004-cü il tarixdə FM seriyalı 028646 nömrəli qeydiyyat vəsiqəsi verilmiş və bu barədə 31 saylı reyestr kitabında 4730cu səhifədə 30/16070 nömrə ilə qeydə alınmışdır.
2. Həmin evin yerdə qalan hissəsi cavabdehin mülkiyyətindədir. Evin texniki pasportu fevral 1994-cü ildə tərtib olunmuşdur. Pasportda “B” və “A” tikililəri göstərilmişdir. Qeydiyyat vəsiqəsində iddiaçıya və cavabdehə məxsus tikililər ümumi mülkiyyət kimi qeyd olunmuşdur. Evin üzərində sərəncam vermək istədikdə cavabdehin razılığı tələb olunur, cavabdeh isə iddiaçı ilə razılaşmır.
3. İddiaçıya ayrıca çıxarış verilməsi üçün torpaq sahəsinə baxış keçirilməsi zərurəti yaranmış, DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin əməkdaşları tərəflərin yaşadığı ünvana gəlmiş, lakin torpaq sahəsinə baxış keçirilməsinə cavabdeh tərəfindən şərait yaradılmadığından bölgü sxeminin tərtib edilməsi mümkün olmamışdır.
İddiaçının tələbi:
4. ünvan 3 ünvanında yerləşən “A” və “B” tikililəri üzərində ümumi mülkiyyət hüquqlarına cavabdehin razılığı nəzərə alınmadan xitam verilməsi, “B” tikilidən ibarət daşınmaz əmlakın naturada iddiaçıya aid hissəsinin ayrıca iddiaçının adına dövlət qeydiyyatına alınması barədə qətnamə çıxarılmağını xahiş etmişdir.
5. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ünvan 3 ünvanında yerləşən “A” və “B” tikililərinin yerləşdiyi torpaq sahəsinin bölgü sxeminin müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən tərtib olunmasına maneə törətməməsinin cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ünvan 3 ünvanında yerləşən “A” və “B” tikililərinin naturada bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin etirazı:
7. Cavabdeh tərəfindən ərizəçinin tələbinə qarşı yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır.
İşdə iştirak edən şəxslərin izahatları:
8. Məhkəmə iclasında iştirak edən İddiaçının vəkili və nümayəndəsi Nümayəndə öz izahatında bildirmişdir ki, iddia tələblərini müdafiə edir. Həmçinin, ekspertiza rəyindən də görünür ki, “A” və “B” tikililərinin faktiki olaraq hər birinin ayrı-ayrılıqda giriş-çıxışları olmaqla tərəflər arasında bölünmüş vəziyyətdə olmasında hər-hansı problem yoxdur. Bundan başqa, o, məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
9. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.
İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:
10. AN-İ № ******* saylı, Daşınmaz Əmlakın Alğı-satqı müqaviləsinə əsasən, Satıcı- X2, Azərbaycan Respublikası, Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2004-cü il tarixdə verilmiş 30/1774 nömrəli arayışa əsasən dörd otaqdan ibarət, ümumi sahəsi:142,7 kv.m, yaşayş sahəsi: 67,4 kv.m olan evdən Satıcıya məxsus olan ümumi sahəsi : 79,7 kv.m, yaşayış sahəsi: 36,3 kv.m olan 2 otaqdan ibarət “B” tikilisini və ünvan 3 ünvanda yerləşən yaşayış evini Alıcının-İddiaçı mülkiyyətinə verir.
11. AR Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş №028646 saylı Qeydiyyat vəsiqəsinə əsasən, İddiaçı Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi 9-cu Əhmədli küçəsindəki 4 otaqlı 67,4 kv.m yaşayış sahəsi, 142,4 kv.m ümumi sahəsi torpaq sahəsindən ibarət 23a saylı fərdi yaşayış evini İddiaçı adına 2 otaq, ümumi sahəsi: 79,7 kv.m, yaşayış sahəsi: 36,3 kv.m olan “B” tikilisini, Cavabdeh1 adına həmin ünvanda yerləşən 2 otaqdan ibarət “A” tikilisini qeydiyyatdan keçirmişdir.
12. AR Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş, №028646 saylı Qeydiyyat vəsiqəsinə əsasən, mülkiyyətin qeydiyyatı 31 saylı reyestr kitabında 4730 səhifədə, № 30/16070 nömrədə, xx.xx.2004-cü il tarixində qeydiyyat aparılmışdır.
13. xx.xx.2023-cü il tarixli 10/2099 nömrəli 2(011)-1666/2023 saylı mülki iş üzrə təyin olunmuş eskpert rəyinə əsasən, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin “A” və “B” tikililərinin faktiki olaraq hər birinin ayrı-ayrılıqda giriş-çıxışları olmaqla tərəflər arasında bölünmüş vəziyyətdə olduğunu nəzərə alaraq həmin bölgü qaydasının İnşaat Norma və Qaydalarının 2.08.01.89-un 2.2-ci bəndinin və Məhkəmə Tikinti-X1 Metodlarında göstərilənlərə uyğun olduğu müəyyən olunur.
14. AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktuba əsasən, torpaq sahəsinə baxış keçirilməsi üçün mütəxəssislərə şərait yaradılmadığından bölgü sxeminin tərtib edilməsi mümkün olmamışdır.
15. Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu, torpaq sahəsinin planı və mülki iş materiallarına əlavə edilmiş digər sənədlər.
Tətbiq edilən hüquq:
16. Azərbaycan Respublikasının Konstitusiyası: 13.İ.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29.İ. Hər kəsin mülkiyyət hüququ vardır. 29.İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 29.İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
17. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına dair İ Protokol:
1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir.215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.
221. Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər.
19.Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 117.1. Şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. 117.2. Bu Məcəllənin 117.1-ci maddəsində göstərilən məbləği məhkəmə xərclərindən azad edilmiş tərəf ödəmir və həmin məbləğ dövlət hesabına aid edilir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi:
20. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəfin izahını, əlavə edilmiş sənədləri, nəzərdən keçirib, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir.
21. Belə ki, Beləliklə, məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, mübahisəli ünvan 3 ünvanında yerləşən “A” və “B” tikililəri İddiaçı və Cavabdeh1 mülkiyyətindədir. (§11)
22. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, ünvan 5 ünvanında yerləşən “A” və “B” tikililərinin iddiaçının payına uyğun olaraq naturada ayrılması üçün heç bir maneə yoxdur. Belə ki, xx.xx.2023-cü il tarixli 10/2099 nömrəli 2(011)-1666/2023 saylı mülki iş üzrə təyin olunmuş eskpert rəyinə əsasən, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin “A” və “B” tikililərinin faktiki olaraq hər birinin ayrı-ayrılıqda giriş-çıxışları olmaqla tərəflər arasında bölünmüş vəziyyətdə olduğunu nəzərə alaraq həmin bölgü qaydasının İnşaat Norma və Qaydalarının 2.08.01.89-un 2.2-ci bəndinin və Məhkəmə Tikinti-X1 Metodlarında göstərilənlərə uyğun olduğu müəyyən olunur. (§13)
23. Yuxarıda qeyd edilən qanunvericilik normalarının məzmunundan da görünür ki, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. (MM 213) Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. (MM 220.1.) Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. (MM 220.2.) Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. (MM 220.3.)
24. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, ünvan 5 ünvanında yerləşən mübahisəli evin İddiaçı məxsus olan payının naturada ayrılması texniki cəhətdən mümkün olduğundan, həmçinin də ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün olduğundan, mövcud iddia tələbi təmin edilərək, iddiaçının istifadəsində olan hissə onun payına uyğun olaraq naturada ayrılmalıdır.
Məhkəmə xərcləri:
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi ilə bağlı tələb olmadığından iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Eyni zamanda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin apardığı təqdiqatın dəyəri olan 50 manat Cavabdeh1 tutularaq dövlət büdcəsinə ödənilməlidir.
26. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:
1. İddia təmin edilsin.
2. İddiaçı və Cavabdeh1 paylı mülkiyyətində olan ünvan 6 ünvanında yerləşən “A” və “B” tikililəri naturada bölünsün.
3. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh1 alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin.
4. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Samirə Eyvazova