Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-172/2023 03.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı (bundan sonra - iddiaçı) vəkili və nümayəndəsi Vəkil1, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının X3 (bundan sonra – cavabdeh) vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçının cavabdehə qarşı pul tələbi barədə ilkin iddiasına, cavabdehin iddiaçıya qarşı maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:
1. Bakı şəhəri, Xətai rayonu, Yeni Əhmədli qəsəbəsi, 829-cu keçid, məhəllə 2980- 81 (hazırkı Vunq Tau küçəsi 15, korpus 1, mənzil 415) ünvanında yerləşən mənzil (bundan sonra - Mənzil) B.Sərdarov adına maşınqayırma zavodu tərəfindən zavod rəhbərliyinin və Həmkarlar Komitəsinin birgə Qərarı ilə xx.xx.1987-ci il tarixdə qəbul edilmi 6 saylı Protokol və 25 saylı order əsasında cavabdehə verilmişdir.
2. İddiaçı Mənzili əvvəllər Ələsgər adlı şəxsə pul ödəyərək qanunla müəyyən qaydada rəsmləşdirmədən almış və təmir etdirirərək uzun müddət qeydiyyatsız orada yaşamışdır.
3. Daha sonra, cavabdehin iddiaçıya qarşı isitifadə hüququna xitam verilməsi, mənzildən çıxarılma və mənzilə köçürmə tələbinə dair iddiası Bakı şəhər Xətai rayon Məhkəməsinin 2(011)-246/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə qismən təmin edilərək, iddiaçının və digər şəxslərin Mənzildən çıxarılmaları, mənzilin boşaldılması, cavabdehin Mənzilə köçürülməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş, icra olunması üçün Bakı şəhər Xətai rayon İcra Şöbəsinə göndərilmiş və qətnamə icra olunmuşdur. Cavabdeh hazırda Mənzildə yaşayır.
4. İlkin və qarşılıqlı iddia ərizəslərinin dəlilləri:
a) İlkin iddia ərizəsinin dəlilləri
5. İddiaçı 2016-2017-ci illər ərzində mübahisəli mənzilin təmir və yaxşılaşdırılmasına çəkdiyi 7000 manat məbləğin cavabdehdən tutulataq onun xeyrinə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. a) İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, 2008-ci il tarixdə özünə maddi vəziyyətinə uyğun münasib ev almaq niyyətilə axtarışlar etmiş və təsadüfən Mənzili rəfiqəsinin yaşadığı yataqxana tipli binada ev elanı görərək, həmin elandakı mobil telefonla əlaqə saxlamış və telefon danışığı zamanı elanı vermiş şəxsin Ələskər adlı şəxs olduğu ona məlum olmuş, o, bu evin dövlət tərəfindən ona təmənnasız verildiyini və evin ona məxsus olmaqla hazırda onu satmaq fikri olduğunu bildirmiş, lakin sənədləşdirmə işinin gələcəkdə həmin binaya xidmət göstərən 118 saylı Xətai Rayon Mənzil-Kommunal İstismar Sahəsi vasitəsilə onun adına rəsmiləşdirəcəyini qeyd etmişdir. Həmçinin, onu da qeyd etmişdir ki, həmin mənzilin kiməsə məxsus olmasına dair hər hansı rəsmi sənəd (order, qərar və s.) yoxdur, bunu binaya xidmət edən Xətai rayonu 118 saylı Mənzil-Kommunal İstismar Sahəsi də təsdiq edə bilər. O, evsiz olduğundan evin satış dəyərini 13500 manata razılaşmışdır. Bundan sonra evin sənədləşdirilməsi üçün onlar birlikdə 118 saylı Xətai Rayon Mənzil İstismar Sahəsinə getmiş, həmin Sahənin müdiriyyəti onları qəbul edərək bildirmişdir ki, sözügedən mənzil gənc mütəxəssislər üçün tikilən yataqxana tipli mənzildir və bu mənzilə dair hər hansı şəxsin adına rəsmi order və qərar mövcud deyil, evdə heç kəs qeydiyyatda yoxdur. Bundan sonra Mənzil-Kommunal Təsərrüfatı Departamentinin rəhbərliyi bu mənzilin sahibi kimi onu qeydiyyata salmaq və adına şəxsi hesab açmaq üçün ondan müəyyən məbləğ pul istəmiş, onun da maddi imkanı olmadığı üçün həmin məbləği verə bilməmiş, bu səbəbdən də mənzil adına rəsmiləşdirilməmiş qalmış və hesab etmişdir ki, bu mənzili istənilən vaxt öz adına rəsmiləşdirəcək. O, mənzili alarkən demək olar ki, yaşayış üçün yararsız bir vəziyyətdə olmuşdur. 2016- 2017-ci illər ərzində təmir və yenidənqurma bərpa işləri aparmış və bu işə təxminən 7000 manat məbləğində maddi xərc çəkmişdir. Bu “Alternativ ekspertiza Markəzi"-nin 22 aprel 2022-ci il tarixli, 44 saylı mütəxəssis rəyi iə də təsdiq olunur. 2021-ci ilin təxminən mart ayında əvvəllər tanımadığı iddiaçı yaşadığı mənzilə gələrək evin order əsasında ona məxsus olduğunu bildirmiş və mənzildən çıxmağını tələb etmişdir. Bir müddət sonra o, evi 20000 manat müqabilində evi ona satmağı təklif etsə də, həmin pulu ödəmək imkanı olmamışdır. Bundan sonra onun mənzildən çıxarılması barədə qətnamə qəbul edilmişdir. Həmin Qətnamə icra olunmuş və hazırda həmin mənzildən çıxarılmışdır və artıq 3 aydan çoxdur ki, cavabdeh həmin mənzili qəbul etmiş və orada aparılmış təmir işlərinə hər hansı etirazını bildirməmişdir.
b) Qarşılıqlı iddia ərizəsinin dəlilləri:
6. Cavabdeh iddiaçıdan 10.000 manat məbləğində dəymiş ziyan və 120 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qarşılıqlı iddia ərizəsilə məhkəməyə müraciət etmişdir.
7. Cavabdeh qarşılıqlı iddia ərizəsində qeyd etmişdir ki, o, Bünyad Sərdarov adına zavodda mühəndis-texnoloq vəzifəsində işləmiş və xx.xx.1987-ci il tarixli 25 saylı orderə əsasən gənc müsabiqədənkənar mütəxəssislər üçün nəzərdə tutulmuş yataqxananın 4-cü mərtəbəsinin 415 saylı otağına köçürülmüşdür, Həmin tarixdən də cavabdeh ailə üzvləri qızı və həyat yoldaşı ilə həmin mənzildə yaşamışlar. 1992-ci ildə qonaq getdikləri bir necə gün ərzində məcburi köçkünlər tərəfindən Mənzil qanunsuz olaraq zəbt edilmişdir. Cavabde müharibə bitdikdən sonra mənzilinin taleyi ilə maraqlanan zaman məlum olmuşdur ki, ona məxsus mənzildə yaşayan məcburi köçkünlər həmin mənzildən çıxmışlar və iddiaçı ona məlum olmayan səbəblərdən qanunsuz olaraq həmin mənzilə köçərək orada yaşamağa başlamışdır. Məhkəmə qətnaməsi mənzilə köçürülmüşdür. İddiaçı 2008- 2022-ci il tarixlərində Mənzildə qanunsuz olaraq yaşamışdır. O isə 14 il öz əmlakından və ondan gələn gəlirlərdən məhrum olmuşdur. Belə ki, cavabddeh 14 il öz bacisınin evində qeydiyyatda olmuşdur. Faktki olaraq isə öz atasına məxsus Saray qəsəbəsi, M.Rəsulzadə küç., ev 37 ünvanında qardaşları və onların ailəsi ilə birgə yaşamışdır. Onun bu 14 il ərzində öz əmlakından məhrum edilməsi, ona həm maddi, həm də mənəvi ziyan vurmuşdur. Əgər cavabdeh 14 il ərzində həmin əmlakdan istifadə edə bilsəydi, o gəlirlər əldə edə bilərdi. Mənzildən istifadə edə bilməməsi isə onu bu gəlirlərdən məhrum etmişdir. Mənzil 14 il ərzində kirayə verilsəydi 168 ay (14x12) ərzində, ayda kirayə haqqı təxminən 200 manat olmaqla 33.600 manat gəlir əldə edə bilərdi.
b) Tərəflərin ilkin və qarşılıqlı iddia ərizələrinə etirazının dəlilləri:
8. İddiaçının nümayəndəsi və vəkili məhkəməyə təqdim etdiyi etirazında qeyd etmişdir cavabdeh sözügedən mənzilə order əsasında hüquq əldə etmiş və onun həmin mənzilə mülkiyyət hüququ qanunvericilikdə nəzərdə tutulmuş qaydada qeydə alınmamış və o, bu hüququ bugünədək qanunla nəzərdə tutulmuş qaydada əldə etməmişdir. Qeyd edilən mənzil yataqxana tipli binada yerləşməklə 118 saylı Xətai Rayon Mənzil Kommunal İstismarı Shəsinin idarəçiliyində olmuş və həmin mənzil üzərində sərəncam vermək hüququ göstərilən mənzilə dair hüquq münasibətləri yaranan zaman qüvvədə olmuş Mənzil Məcəlləsinin tələblərinə uyğun olaraq X7 Sovetlərinin İcrayyə Komitələri, həmin mənzillərin idarəçiliyi və ona nəzarət isə Mənzil İstismar Təşkilatları tərəfindən həyata keçirilir (2009-cü il oktyabırın 1-dək qüvvədə olmuş AR Mənzil Məcəlləsinin 18, 19 və 107ci maddələri). Cavabdeh Dövlət Mənzil Fondunun balansında olan sözügdən mənzil üzərində sərəncam vermək hüququ (satmaq, bağışlamaq və ya kirayə vermək) olmamışdır. Bu səbəbdən də hesab edirik ki, onun qeyd edilən mənzildən kirayə haqqı şəklində ziyan tələb etməsi əsaslı sayıla bilməz. Digər tərəfdən cavabdehə sözügedən mənzildən məhrum olmaqla bağlı ona maddi ziyan dəyməsi barədə iddiaçı tərəfindən hər hansı mötəbər subutlar (onun digər mənzildə kirayədə yaşaması, ona hər hansı formada maddi ziyan dəyməsi və s...) bugünədək məhkəməyə təqdim edilməmişdir. Order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır.
9. Məhkəmə iclasında verilən izahatlar:
10. İddiaçının vəkili və nümayəndəsi məhkəmə baxışı zamanı ilkin iddia ərizəsinə uyğun izahat verərək ilkin iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddia tələbinin isə təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı o mənzili alarkən vicdanlı alıcı olub.
11. Cavabdehin vəkili və nümayəndəsi məhkəmə baxışı zamanı qarşılıqlı iddia ərizəsinə və yazılı etiraza uyğun izahat verərək bildirdi ki, iddiaçı 7 il əvvəl o evi təmir edib və təmir edəndən sonra orada yaşayıb, o təmir artıq köhnəlib. Mənzil cavabdehə köhnə formada verilib. Qeyd edilənlərə əsasən ilkin iddia tələbinin təmin edilməməsini, qarşılıqlı iddia tələbinin isə təmin edilməsini xahiş etdi.
12. Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
13. Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
14. Maddə 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
15. Maddə 152.1 mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
16. Maddə 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir.
17. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
18. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
19. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
21. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
İşə baxan məhkəmənin mövqeyi:
22. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, həm ilkin, həm də qarşılıqlı iddia tələbi qismən təmin edilməlidir.
23. Məhkəmə qeyd edir ki, iddia tələbinə düzgün hüquqi qiymət verilməsi üçün iddianın qanuni əsasının tapılması vacib şərtlərdəndir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa, hüquqi dəyərləndirmə artıq məhkəmə üçün başa çatmalıdır.
24. İş materiallarında olan məhkəmə qətnaməsi ilə işin mübahisəsiz halları kimi müəyyən edilir ki, Mənzil 1987-ci il tarixdə cavabdehin istifadəsinə verilmiş, 1992-ci il tarixdən etibarən cavabdeh Mənzilinə məcburi köçkünlərin yerləşdirilməsi səbəbilə istifadə etməmişdir. Qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə (Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi) əsasən cavabdehin Mənzilə gözlənilən mülkiyyət hüququ olduğundan və iddiaçı Mənzildə heç bir əsas olmadan yaşadığından iddiaçının mənzildən çıxarılması və cavabdehin Mənzilə köçürülməsi qət edilmişdir.
25. Həmçinin, o da işin mübahisəsiz hallarıdır ki, iddiaçı 2008-ci il tarixdən etibarən Mənzildə yaşamış, sonra orada təmir işləri aparmış, nə təmir işləri apararkən, nə də orada yaşayarkən Mənzilin əslində cavabdehin istifadəsində olduğunu bilməmişlər.
26. Bu halda məhkəmə hesab edir ki, nə qədər ki, Mənzilin başqa şəxsə satıldığını bilməyərək iddiaçı tərəfindən orada təmir və yaxşılaşdırma işləri yerinə yetirilmişdir, həmin işlərin yerinə yetirilməsinə çəkilmiş xərci o, Məzilin hazırkı sahibi, cavabdehdən tələb etməkdə haqlıdır.
27. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, vicdanlı sahib olan iddiaçı mənzildə olan əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını aparmış, ayrılması mümkün olmayan yaxşılaşdırmaların, yəni mənzildə apardığı təmirə görə sərf etdiyi xərci cavabdeh tələb etsə də, sonuncu iddiaçıya təmirə görə çəkdiyi məsrəflərin əvəzinin ödəməkdən imtina etmişdir.
28. Məhkəmə hesab edir ki, iddiaçının Mənzilə vicdanlı sahiblik etdiyi müddətdə apardığı yaxşılaşdırmalar (Mənzilin təmiri) əmlaka zərər yetirmədən mümkün olmadığından, cavabdeh isə Mənzilə çəkilmiş təmir xərclərini ödəməkdən imtina etdiyindən, o, həmin xərclərə münasibətdə əsassız varlanmış hesab edilir.
29. Əsassız varlanmanın əsaslarını və hüquqi nəticələrini müəyyən edən Mülki Məcəlləsinin 1091 və 1092-ci maddələrində qeyd edilir ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir (1091,1, 1091.2, 1092.1 və 1092.2-ci maddələr).
30. Beləliklə, məhkəmə şərh edilənlərə əsasən belə nəticəyə gəlir ki, vicdanlı sahib olan iddiaçı Mənzildə təmir işləri aparmaqla bu işlərə öz vəsaitini sərf etdiyindən, heç bir hüquqi əsası olmadan, yəni əsassız varlanmaqla təmir xərclərini iddiaçıya verməkdən imtina etdiyindən Mənzilin təmirinə çəkilmiş xərc cavabdehdən tutularaq iddiaçıya verilməlidir.
31. Lakin məhkəmə hesab edir ki, Mənzilin təmir xərcinə görə tələb edilən pul vəsaiti qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/6648 saylı rəyindən görünür ki, Mənzildə yerinə yetirilmiş yenidənqurma və tikinti-təmir işlərinin təqribi dəyəri 2016-2017-ci illər üçün mövcud olan orta bazar qiymətlərinə uyğun olaraq 5206 manat məbləğdə olduğu müəyyən edilmişdir.
32. Ekspert rəyinin məhkəmə üçün digər sübutlardan üstün hüquqi qüvvəsinin olmamasını qanunvericilik müəyyən etsə də, tərəflər ekspert rəyini təkzib edəcək sübutlarını məhkəməyə təqdim etməmişlər. Ona görə də, məhkəmə ekspert rəyini daha mötəbər sübut hesab edərək belə qənaətə gəlir ki, Mənzilin təmirinə çəkilmiş xərcin əvəzi 5206 manat pul cavabdehdən tutularaq iddiaçıya verilməlidir.
33. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia da qismən təmin edilməlidir.
34. İş materialları ilə müəyyən edilir ki, cavabdehin iddiaçının və digər şəxslərin Mənzildən çıxarılması, mənzilin boşaldılması, mülkiyyət hüququnun tanınmaqla həmin mənzilə köçürülməsi barədə iddiası Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 246/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə qismən təmin edilərək, iddiaçının və digər şəxslərin Mənzildən çıxarılaraq boşaldılması və cavabdehin Mənzilə köçürülməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. İddiaçı isə həmin qətnamə ilə razılaşaraq, apellyasiya şikayəti verməmişdir. Həmçinin, tərəflərin məhkəmə iclasında verdikləri izahatlardan məlum olmuşdur ki, iddiaçı 2022-ci ilin may ayında Mənzildən çıxaraq, cavabdehə təhvil vermişdir.
35. Göründüyü kimi, iş materialları əsasında bu qənaətə gəlmək olur ki, Mənzilin cavabdehə məxsus olması Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş, iddiaçıya da bu hal bəlli olmuş, həmin qətnamə ilə razılaşaraq ondan şikayət verməsə də, Mənzili yalnız qətnamə qəbul edildikdən 4 ay sonra, yəni 2022-ci ilin may ayında cavabdehə təhvil verməklə qətnaməni icra etmişdir. Bununla da, iddiaçı cavabdehin Mənzilində 4 ay müddətində qanunsuz yaşayaraq, ona maddi zərər vurmuşdur.
36. Cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş "xxxx" MMCnin xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, 2022-ci ilin yanvar ayından aprel ayınadək mübahisəli Mənzilin orta aylıq kirayə haqqı 220 manat təşkil edir.
37. Məhkəmə şərh edilənləri nəzərə alaraq hesab edir ki, iddia tələbi cavabdehə dəyən maddi ziyan (əldən çıxmış fayda) hissəsində qismən, yəni 2022-ci ilin fevral, mart, aprel və may ayları üzrə, hər ay 220 manat olmaqla, cəmi 880 manat məbləğində təmin olunmalıdır.
38. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməli, ekspertiza xərci isə iddianın təmin edilməsinə müvafiq qaydada ağlabatan məbləğdə tərəflərə aid edilməlidir.
39. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İlkin iddia qismən təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi 15, korpus 1, 415 saylı mənzilin təmir xərclərinə görə 5206 manat məbləğində pul X1 tutularaq İddiaçı ödənilsin. İlkin iddia tələbi qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia tələbi qismən təmin edilsin. Dəymiş maddi zərər görə 880 manat pul İddiaçı tutularaq X4 ödənilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Ekspertiza xərcinin 20 manat hissəsi İddiaçı, 80 manat hissəsi isə X2 tutularaq dövlət büdcəsinə Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı