Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-172/2024 15.01.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Abbasov Eldar Sabir oğlunun 2015-ci il tarixdən İddiaçı oğluna məxsus 28 000 manat pul vəsaitini qanunsuz saxladığına görə həmin vəsaitin məbləğindən 18043,2 (on səkkiz min qırx üç manat iyirmi qəpik) manat faizə görə pul vəsaitinin Cavabdeh İddiaçı xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək bildirdi ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5774/2022 nömrəli qətnaməsi ilə “Cavabdeh məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 26 kv.metr olan qeyriyaşayış sahəsinin açarları ilə birlikdə ilkin iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı alınaraq Cavabdeh qaytarılması, Cavabdeh 28 000 (iyirmi səkkiz min) manat pul vəsaitinin alınaraq İddiaçı verilməsi” qət edilmişdir. Sözü gedən qətnamə xx.xx.2023-cü il tarixdə qanuni qüvvəsini almış, xx.xx.2023-cü il tarixdə icraya yönəldilmişdir. Cavabdeh xx.xx.2015-ci il tarixdə Bakı şəhəri 18 saylı Notariat Kontorunda ərizə yazıb imzalayaraq “özünə məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 26 kv.metr olan qeyri-yaşayış sahəsini İddiaçı satdığını, İddiaçı həmin qeyri-yaşayış sahəsinə görə 20 000 ABŞ Dolları pul vəsaiti aldığını, gələcəkdə həmin qeyri-yaşayış sahəsi ilə bağlı İddiaçı qarşı hər hansı bir tələbinin olmayacağını bildirmişdir”. Sözü gedən əmlak bankda ipoteka ilə yüklü edildiyi üçün əmlakın Notariat Kontorunda “daşınmaz əmlakın alqı-satqı müqaviləsi” baş tutmamış və əmlak DƏDRX-də İddiaçı adına qeydiyyata alınmamışdır. Bundan istifadə edən cavabdeh iddiaçını aldatmış və qeyriyaşayış sahəsini ona verməkdən boyun qaçırmış, aldığı pul vəsaitini isə geri qaytarmamışdır. Həmin vaxtdan tərəflər arasında məhkəmə mübahisələri başlamış, son olaraq Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5774/2022 nömrəli qətnaməsi ilə Cavabdeh 28 000 (iyirmi səkkiz min) manat pul vəsaitinin alınaraq İddiaçı verilməsi barədə qərar qəbul edilmişdir. Cavabdeh 2015-ci il tarixdən iddiaçıya məxsus pul vəsaitini qanunsuz saxlamaqla, qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmışdır, icra məmuru da deyir ki, heç bir ödəniş etməyib. 28000 manat məbləğin ödənilməsi borc müqaviləsi ilə bağlıdır, həmin borc isə bu günə qədər qaytarılmamışdır, həmin məbləğin indeksasiyası aparılmalıdır. Cavabdeh qanunsuz hərəkətlərinə görə həmin vəsaitin məbləğindən faizlər ödəməlidir. İddiaçıya ödənilməli olan, lakin ödənilməyən vəsaitin məbləğindən ödənilməli olan faizlər bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Bank uçot dərəcəsini AR Mərkəzi Bankı müəyyən edir. Belə ki, iddiaçıya məxsus 28 000 manat pul vəsaitini cavabdeh 2015-ci ilin sonu, 2016-cı ilin əvvəlindən özündə saxlamış və indiyə qədər qaytarmaqdan imtina edir. Ona görə də həmin vəsaitə faizlər 2016-cı ildən bugünə qədər hesablanmalıdır. Mərkəzi Bankın 2016-cı ildən müəyyən etdiyi bank uçot dərəcəsi illər üzrə aşağıdakı kimidir: 2016-cı il = 8.70%; 2017-ci il = 15%; 2018-ci il = 10.94%; 2019-cu il = 8.38%; 2020-ci il = 6.90%; 2021-ci il = 6.90%; 2022-ci il = 7.62%. Beləliklə, cavabdeh iddiaçıya məxsus 28 000 manat pul vəsaitinin məbləğindən 18043,2 manat faizə görə pul vəsaitini iddiaçıya ödəməlidir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, iddia tələbini qəbul etmir, belə ki, İddiaçı 2019-cu ilin sonlarından obyekti arenda olaraq götürüb və deyib ki, neçə il işlədəcəksə ayda 600 manat onun borcundan çıxacaq, lakin sonra gah işlədə bilməmiş, gah bağlamışdır, gah obyekti sökərək talan qoymuşdur, iddiaçı tərəf cavabdeh tərəfi çox incidir, maddi olaraq çox ziyan vurubdur. Eyni zamanda onun səhhətinə belə ziyan dəyib. İddiaçı ondan elə bil məbləğ istəyir ki, o, İddiaçı görə həmin məbləğin on qatını itiribdir. Ora onun özünündür. Ora əvvəl kafe olub, sonra mağaza, sonra şirniyyat yeri kimi fəaliyyət göstərib. Müştəri gəlir obyekti almağa o iddiaçıya deyir ki, həbsi götür satım obyekti iddiaçı isə razı olmur. Bunun əsas səbəbi odur ki, iddiaçı 28 minə qarşılıq olaraq 200 minlik obyekti mənimsəmək istəyir, bunu bütün qəsəbə bilir. O, sadəcə qurbana çevrilib. İddiaçı qoymur ora satılsın ki, məsələ bağlansın, obyekti 150 minə istəyirlər. İcra məmuru da icazə vermir ora satılsın. O, borcunu yox obyekti istəyir. O, razıdır ki, ora satılsın iddiaçının pulu verilsin, qalan pul da onlara qalsın. Sonda Cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə, ididaçının nümayəndəsi-vəkilinin və cavabdehin izahatlarını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən edilməlidir. Belə ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5774/2022 saylı xx.xx.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, Cavabdeh məxsus ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 26 kv.metr olan qeyri-yaşayış sahəsi açarları ilə birlikdə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı alınaraq ona qaytarılmalı, Cavabdeh 28)000 (iyirmi səkkiz min) manat alınaraq İddiaçı verilməlidir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon İcra şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə qəbul edilmiş icraata başlamaq haqqında qərardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5774/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata başlanmış, Cavabdeh tələbi könüllü icra etməsi üçün 10 gün müddətində vaxt verilməsi barədə “tələbin könüllü icrası haqqında” bildiriş göndərilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/6453 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin stat.gov.az rəsmi internet səhifəsindən alınan məlumatlara əsasən hazırki ekspertiza tədqiqatı ilə ekspert qarşısında qoyulmuş sual üzrə 28000 manat pul məbləğinin 21 .11 ,2022-ci ildən xx.xx.2023-cü il tarixinə qədər olan dövr ərzində əsas vəsaitlərin dəyərinin vaxtında qaytarılmamasına görə istehlak qiymətləri indeksi 103,2%, dərəcəsi nəzərə alınmaqla (yəni qiymətlərin səviyyəsi 3,2 faiz artmışdır,) 28000,0 manat məbləğin indeksasiya edilərək 28896,0 (28000,0 x 103,2%) manat təşkil etməsi müəyyən edilir. Həmin Rəyə əlavə edilmiş ekspert xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ********** saylı Qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən 144 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5774/2022 saylı xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən, Cavabdeh 28000 (iyirmi səkkiz min) manat alınaraq İddiaçı verilməlidir, qətnamə icraya yönəldilmiş, Xətai rayon İcra şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilməklə icra sənədi üzrə icraata başlanmışdır, icra şöbəsi tərəfindən müvafiq tədbirlər görülmüş, cavabdehə icraata başlamaq haqqında qərarın surəti, tələbin könüllü icrası barədə bildiriş məktubları göndərilmişdir, bununla belə cavabdeh qətnamə üzrə pul öhdəliyini icra etməmişdir, ödənilməli 28000 manat məbləğin hesablanmış cari dəyəri məhkəməyə müraciət edildiyi xx.xx.2023-cü il tarixinə 896,00 manat artaraq 28896,00 manat təşkil etmişdir. Bununla belə, cavabdehin mülki-hüquqi məsuliyyətini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya məxsus 28000 manat pul vəsaitini qanunsuz saxlamaqla qaytarmaqdan boyun qaçırması – gecikdirməsi, sonuncunun hazırkı tələblə məhkəməyə müraciət etməsi üçün hüquqi əsas yaratmışdır. Məhkəmə, pul öhdəliyinin icra edilməməsinə görə cavabdehdən tutulmalı olan faiz borcun məbləğini müəyyən edərkən xx.xx.2023-cü il tarixli 9/6453 saylı ekspert rəyinə iş üzrə tədqiq edilmiş digər sübutlarla yanaşı qiymət verərək hesab edir ki, həmin rəy sübut kimi qəbul edilməli, ödənilməli 28000 manat məbləğin hesablanmış cari dəyəri müəyyən olunarkən ekspertin gəldiyini nəticə nəzərə alınmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixinə 896,00 manat artım nəzərə alınmaqla 28000 manat məbləğində pul vəsaitinin hesablanmış cari dəyəri (ekvivalenti) 28896,00 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 449.2-ci maddəsinə əsasən, bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən, əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 9 iyul 2009-cu il tarixli Qərarında qeyd edilir ki, MM-in 449.1-ci maddəsinə əsasən faydalanmağa görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər. Şərh olunan maddənin mənasına görə, bu maliyyə sanksiyası pul öhdəliyi üzrə yalnız borc məbləğinə hesablanır və bu halda, həmin məbləğin üstünə gəlmiş faiz məbləği nəzərə alınmır. Beləliklə məhkəmə, iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən 896 manat tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə isə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, cavabdehin dövlət rüsumunu ödəməkdən azad edilməsi halları məhkəmə tərəfindən müəyyən olunmadığından məhkəmə xərcləri iddianın təmin edilmiş hissəsinə mütənasib hissədə cavabdehə aid edilməli, təmin edilmiş iddia qiymətinin (896) 1000 manatadək olması nəzərə alınmaqla, cavabdehdən 30 manat dövlət rüsumu alınaraq iddiaçıya, ekspertiza xərci kimi 100 manat alınaraq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115-ci maddəsinə görə ekspertizanın keçirilməsi ilə bağlı çəkilən xərc məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmin Qanunun 8.1.1-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 896 (səkkiz yüz doxsan altı) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat alınaraq İddiaçı ödənilsin. Cavabdeh məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat tutularaq Məhkəmə Ekspertiza Mərkəzinə (Büdcə təsnifat kodu:142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı X1, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, Hesab:AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-172/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-172/2024
15.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver