Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1813/2025 30.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı – cavabdehdən 1.600 manat borc məbləğinin, 320 manat vəkilə ödənilmiş xidmət haqqının və 40 manat dövlət rüsumu olmaqla, cəmi 1.960 manat pul vəsaitinin tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı 2022-ci ilin aprel ayında “İnstagram” sosial şəbəkə platformasında psixoloji təlimlər keçirilməsi ilə bağlı səhifəyə rast gəlmişdir, həmin səhifənin sahibi Dilbər Padovkina - “dilbersadiyeva” adlı İnstagram istifadəçisinə “Theta Healing” proseduru üçün müraciət etmişdir. Müraciətin nəticəsi olaraq online söhbət olmuş, Cavabdeh hər seans üçün 80 manat (səksən manat) məbləği iddiaçıdan istəmişdir. Beləliklə, İddiaçı cavabdehin təlim seansları keçəcəyi vədinə inanaraq Yasamal rayonu, Mətbuat prospektində yerləşən ofisdə özünü orada təlimçi kimi təqdim edən Pudovkina Dilbər adlı şəxsin onu psixoloji dərslər keçmək, konsultasiya etmək adı ilə 1600 manat (min altı yüz manat) – 20 seans ödənişini nağd şəkildə ödəmişdir. Xeyli müddət keçməsinə və seansların tam ödənişi iddiaçı tərəfindən ödənilməsinə baxmayaraq, müxtəlif səbəblərlə cavabdeh seansları razılaşdırılmış miqdarda tam şəkildə yekunlaşdırmamış, razılaşdırılmış öhdəliklərini yerinə yetirməmişdir. İddiaçı ödənişini geri istədikdə cavabdeh qaytaracağını bildirmişdir (bunla bağlı əsaslar whatsApp yazışmaları və səs yazılarında açıq-aydın qeyd olunmuşdur, iş materialına əlavə edilmişdir). Lakin dəfələrlə müxtəlif bəhanələr gətirərək ödənişi ödəməmiş, vaxtı uzatmışdır. Daha sonra isə iddiaçının heç bir zəng və mesajına baxmamış, sosial şəbəkələrdən bloklamışdır. Son yazışmada isə borcu geri qaytarmayacağını sərt şəkildə ifadə edərək açıq-aşkar bəyan etmişdir. Beləliklə, Cavabdeh İddiaçı 1600 manat (min altı yüz manat) borcu vardır. Bundan əlavə, iddiaçı tərəfindən vəkil xidmətləri üçün 320 manat (üç yüz iyirmi manat) xidmət haqqı və 40 manat (qırx manat) məhkəmə rüsumu ödənilmişdir. İddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələblərini müdafiə edərək iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş edir. Əlavə sual-cavab zamanı o bildirmişdir ki, İddiaçı cavabdeh Dilbər Padovkina (Cavabdeh) “Theta Healing” proseduru üçün müraciət etmişdir. Bu xidmət ondan ibarətdir ki, seanslar zamanı cavabdeh iddiaçı ilə psixoloji seanslar keçirməli, onunla uşaqlıq travmaları və sair bu kimi psixoloji dəstək xarakterli görüşlər aparmalı, ona psixoloji dəstək göstərməli idi. İddiaçının cavabdehin bu sahədə ixtisaslı mütəxəssis olub-olmaması barədə məlumatı olmamışdır. O, seanslara yazılaraq 20 seans ödənişini qabaqcadan birdəfəlik şəkildə cavabdehin Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospektində yerləşən ofisində nağd şəkildə ödəmişdir. Ona buna dair hər hansı ödəniş qəbzi verilməmişdir. Ödəniş etməsinə baxmayaraq, cavabdeh onunla hər hansı seans keçməmişdir. O, dəfələrlə müxtəlif bəhanələr gətirərək ödənişi qaytarmamışdır. Daha sonra isə onu telefonda blok etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbləri təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). 752.1-ci maddəsinə görə podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. 753.2-ci maddəsinə əsasən əgər müqavilədə nəzərdə tutulan iş həcminin yerinə yetirilməsi üçün muzdun əsasları müqavilə bağlandıqdan sonra sifarişçinin sərəncamları əsasında dəyişmişdirsə, onda dəyərin artması və ya azalması nəzərə alınmaqla yeni qiymət razılaşdırılmalıdır. 753.3-cü maddəsinə əsasən əgər sifarişçi müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb edirsə, podratçının həmin işləri yerinə yetirməyə görə ayrıca muzd almaq hüququ vardır. Əgər sifarişçi əlavə işlərin yalnız ayrıca muzd müqabilində yerinə yetirilə biləcəyini qəbul etmirsə, podratçı ayrıca muzd almaq hüququ barəsində işə başlamazdan əvvəl məlumat verməlidir. 753.4-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutulmayan və sifarişçi tərəfindən yerinə yetirilməsi tələb edilməyən işlər ödənilmir. Tələb edildikdə podratçı belə işlərin nəticələrini aradan qaldırmalıdır. Əgər o bunu ağlabatan müddət ərzində etməzsə, sifarişçi onları podratçının hesabına aradan qaldıra bilər. Bundan başqa, podratçı bütün digər zərər üçün sifarişçi qarşısında məsuliyyət daşıyır. 755-ci maddəsinə əsasən, podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur. 756.1-ci maddəsinə görə əgər sifarişçi yerinə yetirilmiş işi qəbul etməzsə, podratçı yerinə yetirilməmiş işin haqqını və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Sifarişçi işin yerinə yetirilməsi üçün zəruri hərəkətləri icra etmədiyi halda da zərərin əvəzini ödəməyə borcludur. 756.2-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi miqdarı bir tərəfdən gecikdirmənin müddətindən və muzdun miqdarından asılı olaraq, digər tərəfdən isə, əgər sifarişçi müddəti pozmasaydı, podratçının öz iş qüvvəsindən başqa şəkildə istifadə etməsi nəticəsində ala biləcəyindən asılı olaraq müəyyənləşdirilir. 759.1-ci maddəsinə əsasən, sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. 763.1-ci maddəsinə əsasən, əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. 764.1-ci maddəsinə əsasən, əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, iddia tələblərindən görünür, iddiaçı özünün xeyrinə psixoloji xidmətlərin göstərilməsi sahəsində müəyyən işlərin görülməsini cavabdehə tapşırmışdır və bu məqsədlə ona 1.600 manat ödəniş etmişdir. İddiaçı cavabdeh tərəfindən şifahi əqd əsasında razılaşdırılmış işlərin (xidmətlərin) icra olunmadığını iddia edərək, ödənişin geri qaytarılmasını tələb edir. Belə ki, iş materiallarına iddiaçı tərəfindən əlavə edilmiş mesajlardan görünür ki, İddiaçı ilə +**********16 nömrəli abonentin arasında aşağıdakı məzmunda yazışma baş tutmuşdur: ....13.01.22 09:43:12 +**********16: “Bazar günü saat 10da sizi gözləyirəm”.... ....22.01.22 22:03:15 İddiaçı: “Sabah seher gelmeyecem deyesen demişdiz fevralda başlayacaqsiz seanslara”..... .....30.03.22 11:51:29 +**********16: “1aprel sizə hansı saat uyğundur?”.... .....22.05.22 00:09:54 +**********16: “siz universitete çox asan qəbul olacaqsız?”..... .....22.05.22 00:10:25 +**********16: “Balamın canı üçün”... .....22.05.22 00:10:25 +**********16: “O kadar net”...... ..... 23.07.22 00:03:26 İddiaçı: “Axaminiz xeyir, Dilber xanim. Men size akses üçün ödeniş etmişdim. Ödenişi geri istesem ayib olmaz???” 23.07.22 00:04:03 “Salam xeyir ayıb olmaz”.... 15.01.23 06:53:20 İddiaçı: “Gereckden utaniram amma odenisi hesab gondersem ora ata bilersiz?”.... 15.01.23 06:53:20 İddiaçı: “Gereckden utaniram amma odenisi hesab gondersem ora ata bilersiz?”, “Nece vaxtdir yazmaq istemirdim dusunurdum uygun olmazsiz qaytarmaq ucun indi ise yazmaq geldi icimden yeqin siz de hazirsiz deye bele hiss etdim”... 04.04.23 16:20:29 +**********16: “Salam sorry unutmuwam” 19.09.23 18:04:05 İddiaçı: “Mumkun olsa odenisi qaytarmaqla bagli yazmisdim”..... İş materiallarına iddiaçı tərəfindən əlavə edilmiş whatsapp tətbiqi üzərindən yazışmanın ekran şəkillərindən görünür ki, “Dilbar Pudovkina” adlı abonentə “zehmet olmasa mene olan pul borcunuzu 1600 azn gerti qaytarın. Yoxsa aidiyyəti qurumlara müraciət etməli olacağam” yazısına “Buyurun” cavablı mesaj göndərilmişdir. İş materiallarını araşdıraraq məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilən sübutlar irəli sürülmüş iddia tələbinin əsaslılığını təsdiq etmir və iş materialları ilə tərəflərin bağladığı şifahi xidmət müqavilə üzrə öhdəliklərin pozulması və ya lazımi qaydada icra edilməməsi faktları öz təsdiqini tapmır. Məhkəmə qeyd edir ki, iş materialları ilə tərəflərin arasında bağlanılmış şifahi əqdin bütün şərtlərini müəyyən etmək mümkün deyildir. Bundan başqa cavabdehin şifahi əqd əsasında öz üzərinə götürdüyü öhdəliklərin dəqiq həcmi və ya onların lazımi qaydada icra olunub-olunmaması da iş materialları ilə sübuta yetirilmir. Sübut etmə yükü daşıyan iddiaçı tərəfindən qeyd olunan sübutlar təqdim edilməmişdir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. İş materiallarındakı sübutlar qüsurlu xidmətlərin göstərilməsi və ya xidmətlərin göstərilməsindən qanunsuz imtina olunması ilə bağlı cavabdehdən məhkəmə qaydasında pul məbləğlərinin tutulması üçün yetərli olmadığından, iddia tələbləri və iddianın verilməsi ilə bağlı maddi xərclərin tutulması barədə tələblər təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iddia tələbləri təmin edilmədiyindən iş üzrə ödənilmiş dövlət rüsumu və hüquqi yardımla bağlı xərclər iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı 1.600 (bir min altı yüz) manat məbləğində pul məbləğinin, 320 (üç yüz iyirmi) manat hüquqi yardımla bağlı çəkilmiş xərclərin və 40 (qırx) manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi təmin edilməsin. Dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №e-2(011)-1813/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1813/2025
30.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver