Məhkəmə qərarları › İş №e-2(011)-186/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-186/2021

23.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-186/2021 23.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçının nümayəndəsi İddiaçı2 iştirakı ilə, İddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh1 və X1 qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “xxxx” ASC cavabdehlər Cavabdeh1 və X1 qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ödənilmiş 716.63 manat məbləğində sığorta ödənişinin 416.63 manat hissəsini, ödənilmiş 20.40 manat dövlət rüsumu və bank xidməti daxil olmaqla, cəmi 437.03 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçı “xxxx” ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” ASC ilə “xxxx” MMC arasında xx xxx 2019-cu il tarixdə sığorta müqaviləsi bağlanmış və Mİ-010460 nömrəli şəhadətnamə üzrə **-AD-*** dövlət qeydiyyat nişanlı, “Nissan Altima” markalı avtomobil 68.000 manat məbləğində 3 il müddətinə sığortalanmışdır. Sığortalanmış avtomobil xx xxxx 2019-cu il tarixdə Bakı şəhəri Xətai rayonu ərazisində hərəkət edərkən mülkiyyət hüququ Cavabdeh2 məxsus olan etibarnamə əsasında Cavabdeh1 tərəfindən idarə edilən **-CK-*** dövlət qeydiyyat nişanlı, “Nissan Micra” markalı avtomobil ilə toqquşmuş və nəticədə sığortalı avtomobilə zərər dəyərək sığorta hadisəsi baş vermişdir. Hadisə yerinə gəlmiş BŞDYP-nin əməkdaşları tərəfindən tərtib edilmiş İXP ******* saylı inzibati xəta haqqında protokola və TP ******* saylı qərara əsasən, “Nissan Micra” markalı **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh1 yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs kimi tanınmışdır. Tərtib edilən qüsur aktına əsasən avtomobilə dəymiş zərər 1.216 manat məbləğində hesablanmışdır. Sığorta şəhadətnaməsinə əsasən, həmin məbləğdən azadolma 500 manat çıxılaraq qalan 716.63 manat həcmində sığorta ödənişi şirkət tərəfindən “xxxx” MMC-yə ödənilmişdir və bu ödəniş xx xxxxxxxx 2019-cu il tarixli ödəniş tapşırığında öz əksini tapmışdır. Mülkiyyət hüququ əsasında Cavabdeh2 məxsus olan etibarnamə əsasında Cavabdeh1 tərəfindən idarə edilən **-CK-*** dövlət qeydiyyat nişanlı “Nissan Micra” minik markalı avtomobilin sahibliyinin mülki məsuliyyətinin icbari sığortası “xxxx” Sığorta Şirkəti ASC-də sığortalanmışdır. Bu səbəbdən “xxxx” Sığorta Şirkəti ASC tərəfindən “xxxx” ASC-yə 300 manat məbləğində ödəniş edilmişdir. Məhkəmədə iddiaçının nümayəndəsi İddiaçı2 iddia tələbini müdafiə etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdehlər məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, “Nissan Altima” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobil “xxxx” ASC tərəfindən xx xxx 2019-cu il tarixdən xx xxxxx 2022-ci il tarixədək 68.000 manat sığorta məbləği olmaqla kasko sığorta növü ilə sığortalanmışdır. xx xxxx 2019-cu il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh1 idarə etdiyi “Nissan Micra minik” markalı **-CK-*** dövlət nömrə nişanlı avtomobil “Nissan Altima” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Cavabdeh1 təqsirli şəxs olaraq inzibati məsuliyyətə cəlb edilmişdir. “xxxx” ASC tərəfindən zərərçəkənin avtomobilinə dəymiş zərərə görə 716.63 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən xx xxxxxx 2021-ci il tarixdə verilmiş ekspert rəyindən görünür ki, xx xxxxxx 2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla, 2016-cı il buraxılışlı “Chevrolet Cruze” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 788 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişi vermiş sığortaçının subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə iclasında müəyyən olundu ki, xx xxxx 2019-cu il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi zamanı “Nissan Altima” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi nəticəsində dəymiş zərərə görə iddiaçı tərəfindən həmin avtomobilin təmirinə 716.63 manat ödənilmiş, “xxxx” Sığorta Şirkəti ASC tərəfindən “xxxx” ASC-yə 300 manat məbləğində ödəniş edilmişdir. Sığorta hadisəsi baş verərkən Cavabdeh1 təqsiri müəyyən edildiyindən, iddiaçının ona qarşı subroqasiya hüququ yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 vurulmuş maddi zərərin əvəzini ödəməlidir. Məhkəmə iddia tələbinin Cavabdeh2 pulun tutulması hissəsinə qiymət verərək belə hesab edir ki, iddia tələbi həmin hissədə rədd edilməlidir. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Belə ki, məhkəmə iş materiallarını araşdıraraq belə hesab edir ki, subroqasiya tələbi sığorta ödənişi vermiş sığortaçının vurulmuş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı irəli sürülən tələbidir. Hazırkı işin halları baxımından isə vurulmuş zərərə görə məsuliyyət daşıyan şəxs qanuna müvafiq qaydada təqsiri müəyyən olunmuş Cavabdeh1dur. İş üzrə digər Cavabdeh2 yüksək təhlükə mənbəyinin vurduğu ziyana görə məsuliyyət daşımır. Belə ki, iş materialları ilə müəyyən olunmuşdur ki, Cavabdeh2 xx xxxx 2016-cı il tarixdə avtomobili etibarnamə əsasında hazırkı iş üzrə digər Cavabdeh1 vermiş, yüksək təhlükə mənbəyi olan yuxarıda adı çəkilən nəqliyyat vasitəsi onun faktiki sahibliyindən çıxmışdır. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddia tələbinin ödənilmiş 20 manat dövlət rüsumunun və 0.40 qəpik xidmət haqqının da tutulması hissəsinə qiymət verərək hesab edir ki, həmin məbləğ də Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 vurulmuş zərərə görə ödənilmiş 716.63 manat məbləğində sığorta ödənişinin 416.63 manat hissəsi, ödənilmiş 20 manat dövlət rüsumu və 0.40 qəpik xidmət haqqı olmaqla, cəmi 437.03 manat alınaraq iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 vurulmuş zərərə görə 716.63 (yeddi yüz on altı manat altmış üç qəpik) manat məbləğində sığorta ödənişinin 416.63 (dörd yüz on altı manat altmış üç qəpik) manat hissəsi, ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu və 0.40 qəpik xidmət haqqı olmaqla, cəmi 437.03 (dörd yüz otuz yeddi manat üç qəpik) manat pul vəsaiti alınaraq iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar